Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev konkret faktlarla Paşinyanın bütün iddialarını darmadağın etdi

Prezident İlham Əliyev konkret faktlarla Paşinyanın bütün iddialarını darmadağın etdi

18.02.2020 [09:49]

Prezident İlham Əliyev: Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu, tarixi həqiqətdir və beynəlxalq hüququn normalarına əsaslanır
Xəbər verildiyi kimi, fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirildi. Müzakirələr zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlər canlı yayımda dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Qeyd edək ki, Ermənistanın əvvəlki rəhbərliyi həmin günə qədər münaqişənin həlli ilə bağlı beynəlxalq birliyə mesajların ötürülməsi üçün yaradılan imkanları qiymətləndirməyib, bu imkanlardan yayınıb, hətta Davos Forumu çərçivəsində təşkil olunan müzakirələrdə iştirakını təxirə salıb. Bunun əsas səbəbi odur ki, Ermənistan işğalçı dövlətdir, mövqeyi çox zəifdir və onu əsaslandırmaq üçün ciddi arqumentlərə malik deyil.
Prezident İlham Əliyev Azərbaycanın prinsipial mövqeyini, tarixi faktlar və reallıqları qətiyyətlə ifadə etdi
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Prezident İlham Əliyev Paşinyana tarix dərsi keçdi. Dövlətimizin başçısı Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini, işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə apardığını, o cümlədən Xocalı soyqırımını törətdiyini, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu, ölkəmizin ərazi bütövlüyünün bütün beynəlxalq ictimaiyyət tərəfindən tanındığını, ermənilərin işğal olunmuş torpaqlarımızda bütün azərbaycanlıları etnik təmizləməyə məruz qoyduqlarını, onların işğal altındakı torpaqlarda mədəni irsimizi məhv etdiklərini, Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsi olmadığını bir daha qətiyyətlə ifadə etdi. “Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu, tarixi həqiqətdir və beynəlxalq hüququn normalarına əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Dağlıq Qarabağ bizim ölkənin ayrılmaz tərkib hissəsidir”, - deyən dövlətimizin başçısı mühüm tarixi faktları diqqətə çatdırdı. Münaqişənin tənzimlənməsinin beynəlxalq hüquqi aspektlərinə toxunan Prezident İlham Əliyev vurğuladı: “Beynəlxalq hüquq məsələsinə gəlincə, yenə deməliyəm ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələrin tələbləri hələ də yerinə yetirilməyib. Ona görə də sülh danışıqları nəticəsində əldə ediləcək istənilən həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün saxlanılmasını təmin etməlidir”.
Bu məqamda qeyd etmək yerinə düşər ki, Azərbaycanın xarici siyasət kursunun ən mühüm strateji prioriteti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllidir. Ölkəmiz bu istiqamətdə qətiyyətli mövqeyini və çoxşaxəli fəaliyyətini davam etdirir. Azərbaycanın qəti və birmənalı - konkret mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz həllini tapmalıdır. Çünki Dağlıq Qarabağ həm tarixi, həm də məhz hüquqi baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Nəticə etibarilə, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Ermənistanın məqsədli şəkildə ərazi bütövlüyünün toxunulmazlığı məsələsini gözardı edərək “xalqların öz müqəddəratını təyin etməsi” prinsipini irəli sürməsi isə manipulyasiyadan başqa bir şey deyil. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!”
Bütövlükdə, yuxarıda bəhs olunan müzakirələrdən aydın göründü ki, Dağlıq Qarabağın tarixi, müxtəlif dövrlərdə bu ərazilərin mənsubluğu ilə bağlı həqiqətlər Ermənistan üçün çox ağır mövzudur. Prezident İlham Əliyevin Dağlıq Qarabağın Azərbaycana məxsus olması ilə bağlı söylədiyi tarixi həqiqətlər qarşısında Paşinyanın eramızdan əvvəlki dövrə mücərrəd və dolayı ekskursu isə auditoriyanı çaşdırmaq cəhdindən başqa bir şey deyildi. Əgər Paşinyan, həqiqətən də, Dağlıq Qarabağın ermənilərə məxsus olduğunu təsbit edən hər hansı bir fakta, sənədə malik olsaydı, mütləq şəkildə bunu açıqlayardı.
Nikol Paşinyan tarixi həqiqətlər və beynəlxalq hüququn tələbləri qarşısında çıxılmaz vəziyyətə düşdü
Beləliklə, Paşinyan Prezident İlham Əliyev tərəfindən səsləndirilən tarixi həqiqətlər və təqdim edilən faktlar qarşısında aciz durumda qaldı. Bu kontekstdə bir sıra məqamlara toxunmaq məqsədəmüvafiq olar. Əvvəla, Prezident İlham Əliyevin Dağlıq Qarabağın Azərbaycana məxsus olması və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyinə dair təqdim etdiyi hüquqi bazanın qarşısında Paşinyan tutarlı heç bir arqument nümayiş etdirə bilmədi, o, hüquqi cəhətdən əsaslandırılmış fakt ortaya qoymadı. Beləliklə, Dağlıq Qarabağın hüquqi cəhətdən Azərbaycana məxsus olması reallığı bütün dünyaya bir daha nümayiş etdirildi.
Ermənistanın baş nazirinin növbəti uğursuz cəhdi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin mahiyyətini təhrif etməyə çalışmaq oldu. Amma bu cür səylər, şübhəsiz ki, iflasa məhkumdur və əsassız iddialardan ibarət olduğu üçün heç bir nəticə verə bilməz. Digər tərəfdən, beynəlxalq birlik Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə əlaqədar Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul ediblər. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərinin toxunulmazlığına dəstək ifadə edilib. Elə müzakirələr zamanı Prezident İlham Əliyev BMT başda olmaqla dünyanın aparıcı beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrdən danışdı və faktlar əsasında göstərdi ki, beynəlxalq birlik işğal faktını pisləyir, Azərbaycanın ərazi bütövlüyünü və ədalətli mövqeyini dəstəkləyir.
Bunlarla yanaşı, Ermənistanın baş naziri reallıq hissini itirərək 1921-ci ildə Bolşevik partiyasının Qafqaz Bürosunun Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması barədə qərarını guya təkzib etməyə çalışdı. “Çünki Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın... yox, üzr istəyirəm, Ermənistanın tərkib hissəsi olmasına qərar verdi”, - deyən Paşinyan çaşması ilə təkcə yalan danışdığını göstərmədi, həm də elə ilk dəqiqələrdən Prezident İlham Əliyevin təcrübəsi, təzyiqi qarşısında çətin vəziyyətə düşdüyünü və buna görə də çaşdığını göstərdi.
Bunlarla yanaşı, Paşinyan dəfələrlə özü özünü təkzib etdi, bir tərəfdən Dağlıq Qarabağın münaqişə tərəfi olduğunu, özünün silahlı qüvvələrə malik olduğunu deyən Ermənistanın baş naziri digər tərəfdən də öz oğlu da daxil olmaqla Ermənistan vətəndaşlarının Dağlıq Qarabağda hərbi xidmət keçdiyini etiraf etdi. Bu ölkənin müdafiə nazirliyinin Azərbaycan əsgərinin ölümünü inkar etdiyi halda, baş nazirin bunu etiraf etməsi açıq şəkildə göstərdi ki, Ermənistan münaqişənin həllində maraqlı deyil. Bütün bu və digər məqamlar N.Paşinyanın aciz durumunu - çıxılmaz vəziyyətdə olduğunu aşkar nümayiş etdirmiş oldu. Hətta erməni mediası Paşinyanın uğursuz çıxışını lağ və tənqid obyektinə çevirdi.
Nəticə etibarilə, bəhs olunan müzakirələr göstərdi ki, Prezident İlham Əliyev Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu həm tarixi, həm beynəlxalq hüquq, həm də beynəlxalq birliyin mövqeyi kontekstində dünya ictimaiyyətinə çatdırdı, Ermənistanın baş naziri bu reallığa qarşı heç bir əks-arqument ortaya qoya bilmədi. Bir sözlə, Prezident İlham Əliyev faktlarla, məntiqlə Paşinyanın bütün iddialarını darmadağın etdi.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 554 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31