Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Altıncı çağırış Milli Məclis çoxpartiyalılıq prinsipi əsasında formalaşıb

Altıncı çağırış Milli Məclis çoxpartiyalılıq prinsipi əsasında formalaşıb

12.03.2020 [09:38]

Prezident İlham Əliyev: Hesab edirəm ki, siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olacaqdır və olmalıdır
Xəbər verildiyi kimi, martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. İclasda Prezident İlham Əliyev çıxış edib, Milli Məclisin Sədri və Sədrin müavinləri, parlament komitələrinin sədrləri seçilib, eyni zamanda, komitə sədrlərinin müavinləri təsdiq olunub.
Sirr deyil ki, altıncı çağırış Milli Məclisə seçkilər müstəqil respublikamızın siyasi tarixində əlamətdar hadisə kimi yadda qaldı. O baxımdan ki, seçkilərin şəffaflığı, Azərbaycan xalqının iradəsini ifadə etməsi ölkəmizin demokratik dövlət kimi müsbət imicini möhkəmləndirən mühüm amillərdən biri kimi çıxış etdi. Eyni zamanda, sözügedən parlament seçkiləri Azərbaycanın dayanıqlı inkişafına xidmət edən islahatlara mühüm dəstək olmaqla yanaşı, qanunvericilik orqanının milli maraqlar əsasında səmərəli fəaliyyətinin təmin olunmasına əhəmiyyətli töhfədir.
Parlament seçkiləri demokratik keçirilib, səsvermənin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirib
Ümumiyyətlə, cari il fevralın 9-da Milli Məclisə keçirilən seçkilərin şəffaflığı və rəqabətliliyi ilə səciyyəvi olması ayrıca qeyd edilməlidir. Xüsusilə də, fərqli siyasi dünyagörüşünə malik qüvvələrin, siyasi partiyaların prosesdə iştirak etməsi, siyasi mövqeyindən asılı olmayaraq, bütün namizədlərə bərabər şəraitin yaradılması və digər çoxsaylı amillər seçkinin obyektiv keçirilməsi üçün lazım olan ilkin şəraiti yaratmışdı. Seçkiöncəsi mühiti müşahidə edən müxtəlif beynəlxalq təşkilatlar da yaradılmış şəraitdən razı qaldıqlarını bildirmişdilər. Bunlarla yanaşı, mövcud demokratik və plüralist şərait fonunda seçki marafonunda rekord sayda namizədin iştirak etməsi də parlament seçkilərinin ölkəmizin siyasi həyatında mühüm hadisə olduğunu və prosesə böyük ictimai marağı bariz şəkildə əks etdirirdi. Beləliklə, Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun qaydada keçirilməsi üçün bütün tədbirlər həyata keçirilmişdi və bu, seçkilərin azad, demokratik və şəffaf şəkildə baş tutmasını təmin edən fundamental amillərdən biri oldu. Beynəlxalq müşahidəçilərin rəylərində də seçkilərin yüksək səviyyədə təşkil olunduğu, bütövlükdə seçki prosesinin şəffaf, demokratik və rəqabətlilik prinsipi şəraitində, Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə keçirildiyi əksini tapdı. Ekspertlər, müşahidəçilər azad və demokratik şəkildə baş tutan seçkilərin beynəlxalq normalarına uyğun olduğunu və vətəndaşların iradəsini əks etdirdiyini bildirdilər. Yeri gəlmişkən, yuxarıda bəhs olunan iclasda çıxış edən Prezident İlham Əliyev fevralın 9-da keçirilmiş parlament seçkilərinin ölkəmizin həyatında önəmli hadisə olduğunu vurğulayaraq qeyd edib ki, hər bir seçkilər önəmli hadisədir, bu seçkilərin xüsusiyyəti ondan ibarət idi ki, o, növbədənkənar seçkilər idi: “Bu seçkilərin fevral ayında keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdir. Hesab edirəm ki, seçki prosesi uğurla keçdi və bu dəfə seçkilərə çox böyük maraq göstərilmişdir. Bunun əyani sübutu odur ki, bu seçkilərdə 1300-dən çox namizəd iştirak etmişdir. Əlbəttə ki, bu namizədlər fəal iş apararaq öz fikirlərini, baxışlarını, ideyalarını seçicilərə azad şəkildə çatdıra bilmişlər. Bütün namizədlər üçün bərabər şərait yaradılmışdır, heç bir ayrı-seçkiliyə yol verilməmişdir. 1300-dən çox namizədin olması, əslində, seçkilərə onlar tərəfindən göstərilən etimadın təzahürüdür. Hesab edirəm ki, bütövlükdə seçki prosesi həm uğurla keçmişdir, həm də seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirmişdir. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan xalqı bu seçkilərdən məmnun qalmışdır və seçkilərdən sonra müşahidə olunan hadisələr bunu bir daha göstərir”.
Dövlətimizin başçısı “Seçkidən sonrakı proseslər bir daha onu göstərir ki, bizim əsas niyyətimiz ondan ibarət idi ki, Azərbaycan xalqı öz seçki hüququndan azad şəkildə istifadə etsin, bəyəndiyi namizədə səs versin, beləliklə, öz fikrini və öz siyasi iradəsini ifadə etsin. Bütövlükdə biz buna nail olmuşuq və seçkilərdən sonra artıq müşahidə olunan mənzərə onu göstərir ki, Azərbaycan xalqı seçkilərin nəticələri ilə razılaşıb. Bizim üçün əsas məsələ bundan ibarətdir”, - deyə bildirib.
Milli Məclis ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcək
Bir məqamı da xüsusi olaraq vurğulamaq gərəkdir. Belə ki, altıncı çağırış Milli Məclis çoxpartiyalılıq prinsipi əsasında formalaşıb. Digər tərəfdən, yenilənmə həm mövcud parlamentin tərkibində, həm də ali qanunvericilik orqanının rəhbərliyində - spiker və onun müavinləri, komitə sədrlərinin formalaşması prinsipində də özünü göstərir. Əlamətdar haldır ki, müstəqil Azərbaycan parlamentinin tarixində ilk dəfə olaraq qadın parlamentin sədri seçildi. Həmçinin, ilk dəfə olaraq parlament rəhbərliyi çoxpartiyalılıq prinsipi əsasında formalaşdı. Altıncı çağırış Milli Məclisin rəhbərliyində həm bitərəflər, həm də azlıqda olan partiyaların nümayəndələri təmsil olunurlar. Eyni zamanda, bitərəflər və azlıqda olan partiyaların nümayəndələri Milli Məclisin daimi komitələrinə də sədr seçiliblər. Ayrı-ayrı partiyaların nümayəndələrinin Milli Məclisin rəhbərliyi və parlamentin komitələrinin rəhbərliyində təmsil olunması siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətlərin sağlam zəmində inkişaf etdirilməsi məqsədi daşıyır.
Ümumiyyətlə, parlamentin bugünkü tərkibi aydın göstərir ki, Milli Məclisin yenilənməsinə həqiqətən də böyük zərurət var idi. Və parlamentin yeni tərkibi onu deməyə əsas verir ki, Milli Məclis ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcək. Yeri gəlmişkən, Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı bu məqamlara toxunaraq “Bir sözlə, seçkilər bir daha bizim siyasi xəttimizin xalq tərəfindən yüksək qiymətə layiq olduğunu göstərdi. Hesab edirəm ki, seçkilərdən sonrakı proseslər müsbət istiqamətdə inkişaf edəcək. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Bu, çox müsbət əlamətdir. Hesab edirəm ki, siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olacaqdır və olmalıdır. Bütün siyasi qüvvələr seçkilərdə iştirak etmişlər. Sadəcə olaraq, özünü müxalifət adlandıran marginal qruplaşma seçkiləri sanki boykot etmişdir. Bu da gülməlidir. Çünki Azərbaycan xalqı bu rüsvayçı qurumu çoxdan boykot edib və 27 ildir ki, onlar tarixin zibilxanasındadırlar. Belə olan halda boykot elan etmək həm gülməlidir, həm də təəccüblüdür”, - deyə bildirib.
Dövlətimizin başçısı bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşdığını, bunun demokratiyanın inkişafında önəmli addım olduğunu bildirib: “Beləliklə, bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və hesab edirəm ki, bu, demokratiyanın inkişafında önəmli addımdır. Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini qazanıb. Təbii ki, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə sözü kifayət qədər qiymətlidir və təsirlidir. Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar bu gün səhər mənim tapşırığımla yığışmışlar və önəmli qərarlar qəbul etmişlər. Mənim tövsiyəm o olmuşdur ki, partiyaların nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunsunlar. Bu günə qədər belə bir hal olmamışdır. Keçən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Ancaq mən hesab edirəm ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var. Əlbəttə, hesab edirəm ki, Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə bu sahədə də çox düzgün addım atır”.
Şübhəsiz ki, altıncı çağırış Milli Məclis Azərbaycanın tərəqqisinə, həyata keçirilən çoxşaxəli islahatlara mühüm töhfələr verəcək. Təbii ki, bunun üçün qarşıda duran strateji əhəmiyyətli vəzifələrin reallaşdırılması istiqamətində sistemli, ardıcıl və məqsədyönlü fəaliyyət göstərmək lazımdır. İlk növbədə qanunlar qəbul olunarkən iqtisadi inkişafın dərinləşdirilməsi, milli dəyərlərin qorunması, informasiya təhlükəsizliyi, sosial siyasət və gənclər siyasəti xüsusi olaraq nəzərə alınmalıdır. Eyni zamanda, deputatlar seçicilərlə daim təmasda olmalı, onların problemləri ilə maraqlanmalıdırlar. Milli Məclis üzvlərinin beynəlxalq qurumlarda Azərbaycan həqiqətlərini daha geniş şəkildə təbliğ etmələri də strateji zərurət qismində çıxış edir. Çünki Azərbaycan reallıqlarının, o cümlədən Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə dolğun surətdə çatdırılması, eləcə də erməni yalanlarının ifşası istiqamətində fəaliyyətin davam etdirilməsi, ölkəmizin beynəxalq təşkilatlarda uğurlu təmsilçiliyinə mühüm töhfə verilməsi və digər strateji istiqamətlər milli maraqların qorunması baxımından mühüm əhəmiyyətə malikdir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 570 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31