Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda pandemiya şəraitində həssas qruplardan olan insanların sosial müdafiəsi diqqət mərkəzində saxlanılır

Azərbaycanda pandemiya şəraitində həssas qruplardan olan insanların sosial müdafiəsi diqqət mərkəzində saxlanılır

23.04.2020 [11:31]

Prezident İlham Əliyev: Həssas təbəqənin qorunması, hesab edirəm ki, indiki şəraitdə ən vacib məsələdir

 

Azərbaycanda pandemiyaya qarşı mübarizə çərçivəsində reallaşdırılan tədbirlərin böyük bir qismi sosial sferanı əhatə edir. Belə ki, respublikamızda Prezident İlham Əliyeviniyasi iradəsinə uyğun olaraq insanların sağlamlığını, sosial müdafiəsini təmin etmək, iş yerlərini, əməkhaqlarını qorumaq məqsədilə operativ tədbirlər görülür. Paytaxt Bakıda və bölgələrdə xəstəliyə yoluxma hallarının dəqiq müəyyənləşdirilməsi məqsədilə 20-dək müasir laboratoriya quraşdırılıb. Respublikamızda qısa müddətdə tibbi maska istehsalı qaydaya salınıb. Ölkənin 20 ən yaxşı xəstəxanası, o cümlədən də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bir qədər bundan əvvəl açılışı keçirilən “Yeni klinika” koronavirusa yoluxan xəstələrin müalicəsinə cəlb olunub. Eyni zamanda, ölkə ərazisində daha 10 xəstəxananın inşasına başlanılıb.

 

Ümumiyyətlə, respublikamızda pandemiyaya qarşı mübarizə çərçivəsində reallaşdırılan sosial məzmunlu tədbirlərin miqyası kifayət qədər genişdir. Dövlət bu məqsədlə böyük həcmlərdə maliyyə vəsaiti ayırır. 17 apreldə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü işlər aparılır. Ölkəmizdə 1 milyon 629 min işçinin, o cümlədən dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib. Prezident İlham Əliyev bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə keçirdiyi videobağlantı formatında iclasdakı çıxışında indiki şəraitdə dövlət siyasətində sosial sferanın prioritet olduğunu bir daha nəzərə çatdıraraq vurğulayıb: “Bizim üçün prioritet məsələ, - mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm, - insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir”.

 

Ölkədə qısa müddətdə 290 min nəfərə birdəfəlik ödəmənin verilməsi təmin edilib

 

Sosial dövlət olan Azərbaycanda ədalətli resurs bölgüsü həyata keçirilir və qayğıya ehtiyacı olan bütün insanlar müvafiq dəstək proqramlarından bəhrələnirlər. Respublikamız həyatımıza bir sıra çətinliklər gətirən pandemiya şəraitində də özünün bu siyasətinə sadiqlik nümayiş etdirir. Prezident İlham Əliyev ölkədə pandemiya şəraitində həssas qruplardan olan insanların sosial müdafiəsini ən mühüm məsələlərdən biri kimi qarşıya qoyub. Dövlət başçısı Onun Sədrliyi ilə keçirilən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə söylədiyi nitqində bununla bağlı qəti mövqeyini bildirərək deyib: “Həssas təbəqənin qorunması, hesab edirəm ki, indiki şəraitdə ən vacib məsələdir. Biz onlara sahib çıxmalıyıq, onlara dəstək verməliyik, onlara kömək göstərməliyik”.

 

Respublikamızda pandemiya şəraitində digər istiqamətlərdə olduğu kimi, əhalinin həssas qruplarının sosial müdafiəsinin təmin edilməsi məqsədilə reallaşdırılan tədbirlərin də əhatə dairəsi kifayət qədər genişdir. Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 mln. manat ehtiyatı əhaliyə sosial ödənişlərin davamlılığının təmin edilməsinə yönəldilib. Məlumat üçün bildirək ki, bu ödənişləri (pensiya, müavinət, təqaüd və s.) 2,3 milyon şəxs alır. 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb. Bu tədbir 14 min nəfəri əhatə edir və bunun üçün 2.6 milyon manat ayrılıb. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi nəzərdə tutulub. İl ərzində bu məqsədlə tələb olunan vəsait 40 milyon manatdır.

 

Yuxarıda bəhs olunan iclasda Prezident İlham Əliyevin irəli sürdüyü yeni təşəbbüs həssas qruplardan olan insanların sosial müdafiəsinin təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır. Məlum olduğu kimi, ilkin mərhələdə 200 min insana dövlət tərəfindən 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdu. Prezident İlham Əliyev vəziyyəti nəzərə alaraq dövlətdən birdəfəlik ödəmə alacaq vətəndaşların sayını 600 minə çatdırmağı təklif edib. “Mən hesab edirəm ki, ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək üçün bu kateqoriyaya aid olan insanların sayını biz 600 minə çatdırmalıyıq. Yəni, 200 min əvəzinə, 600 min insana dövlət iki ay ərzində hər ay 190 manat vəsait verməlidir. Bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda, koronavirusla bağlı işini itirən və qeyri-formal məşğulluqla məşğul olan insanlardır. Onların da problemlərini dövlət öz üzərinə götürür”, - deyə dövlətimizin başçısı vurğulayıb.

 

Hazırda müvafiq kateqoriyadan olan insanlara birdəfəlik ödəmələrin verilməsi intensiv şəkildə davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata əsasən, qısa müddətdə 290 min nəfərə birdəfəlik ödəniş edilib və bunun üçün köçürülən maliyyə vəsaitinin məbləği 55,1 milyon manata çatıb. Aprel ayı üzrə ödənişlərin bu ayın sonu – gələn ayın əvvəllərində yekunlaşdırılması təmin olunacaq. Hazırda hər bir ödəniş edilən şəxsin telefon nömrəsinə bu barədə SMS göndərilir.

 

Pandemiya şəraitində həssas qruplardan olan insanların sosial müdafiəsinin təmin edilməsinə hesablanan dəstək tədbirlərindən biri də ünvanlı dövlət sosial yardımının verilməsi müddətinin uzadılması və təyinatının sadələşdirilməsi ilə bağlıdır. Xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb. Bunun üçün əlavə 3 milyon manat ayrılıb. Qeyd edək ki, aprelin 1-dən ünvanlı sosial yarıdımı alanların sayı 10 min ailə artıb. Ümumilikdə 80 min ailənin 330 min üzvü ünvanlı sosial yardım proqramı ilə əhatə olunur. Hər ailəyə düşən yardımın məbləği 222 manatdır.

 

Pandemiya şəraitində tənha ahıllara və əlillərə evlərində göstərilən sosial xidmətlərin əhatə dairəsi genişləndirilir

 

Respublikamızda pandemiya şəraitində həmçinin yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri aparılır. Bütövlükdə ölkəmizdə 15 mindən çox  tənha yaşlıya sosial xidmətlər göstərilir. Eyni zamanda, hazırda 9 sosial xidmət müəssisəsində 1000-dən çox şəxs stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur.

 

Əlilliyi olan şəxslər də pandemiya şəraitində diqqətdən kənarda qalmırlar. Bu günlərdə xüsusi rejimli  karantin müddətində gücləndirilmiş rejimdə səyyar xidmətlərini davam etdirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzinin kollektivi tərəfindən Bakı, Sumqayıt  şəhərləri və Abşeron rayonu üzrə 184 nəfər əlilliyi olan şəxsə 333 reabilitasiya vasitəsi yaşadıqları ünvanlara aparılaraq təqdim edilib. Əlilliyi olan şəxslər müraciətlərinə əsasən ehtiyac duyduqları əlil arabası, dördayaqlı dayaq vasitəsi, qoltuqaltı və dirsəkaltı ağac, əsa və s. reabilitasiya vasitələri ilə təmin olunublar.

 

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən evlərində sosial xidmətlə təmin olunan 15 000-dən çox tənha yaşlıya və tənha əlilliyi olan şəxsə sosial tərəfdaşlar tərəfindən ərzaq yardımları davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, aprel ayında həmin kateqoriyadan olan insanlara Bakıda və bölgələrdə ümumilikdə  25 mindən çox ərzaq payı verilib. Ərzaq yardımları sosial xidmətçilər və könüllülərlə birgə onların evlərinə aparılaraq təqdim edilib. Vurğulamaq yerinə düşər ki, Heydər Əliyev Fondunun sosial layihələrindən biri olan valideyn himayəsindən məhrum gənclərin mənzillərlə təmin olunduğu “Məzun evi”  də sosial dəstək tədbirləri ilə əhatə olunur. Pandemiya ilə əlaqədar olaraq keçirilən sosial aksiyalara qoşulan SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi “Məzun evi”nin sakinlərinə ərzaq yardımı edib. Təşkilat mənzillə təmin olunmuş 365 gəncə ərzaq paylayıb.

 

Ümumiyyətlə, respublikamızda pandemiya şəraitində ahıl tənhalara və əlillərə, həssas qruplardan olan digər insanlara hərtərəfli qayğı göstərən dövlət və özəl qurumların sayı kifayət qədər çoxdur. Bütövlükdə, Azərbaycan cəmiyyəti bu prosesdə iştirak edir, desək, əsil həqiqəti ifadə etmiş olarıq. Prezident İlham Əliyev Onun Sədrliyi ilə keçirilən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə söylədiyi nitqində Azərbaycan cəmiyyətinin, ələlxüsus da sahibkarların bu çətin günlərdə həssas qruplardan olan insanlara qayğı göstərmələrini alqışladığını nəzərə çatdıraraq “Biznes dairələri öz təşəbbüsləri ilə imkansız adamlara kömək göstərirlər və mən bunu alqışlayıram. Bu, biznesin sosial məsuliyyətinin təzahürüdür. Kimin nəyə gücü, imkanı çatırsa kimsəsiz insanlara, ahıl insanlara, həssas təbəqədən olan insanlara kömək göstərin. Əlbəttə ki, dövlət öz üzərinə bu funksiyanı götürüb, bunu edir və edəcək. Ancaq biznes dairələrinin bu şəraitdə bu işlərə qoşulması və ayrı-ayrı insanların öz təşəbbüsü ilə ehtiyacı olan insanların yanında olması məni hədsiz sevindirir, onlara öz təşəkkürümü bildirmək istəyirəm”, - deyə vurğulayıb.

 

Pandemiya şəraitində dövlət və özəl qurumlar tərəfindən davamlı olaraq həyata keçirilən sosial aksiyalar həssas qruplardan olan vətəndaşların rifahına dəstək olmaqla yanaşı, həm də xalqımıza xas yüksək mənəvi dəyərləri əks etdirir. İmkansıza, çətinə düşən insana əl tutmaq xalqımızın tarix boyu yaşatdığı və nəsildən-nəsilə ötürdüyü gözəl ənənələrdən biridir. Cəmiyyətimizin, xalqımızın pandemiya şəraitində də özünün nəcib, xeyirxah dəyərlərini nümayiş etdirməsi, həmrəylik göstərməsi ölkəmizin yaranmış vəziyyətdən daha az itkilərlə çıxmasına kömək olacaq.

 

Mübariz ABDULLAYEV

 
Paylaş:
Baxılıb: 361 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31