Azərbaycan koronavirusa qarşı effektiv mübarizə sahəsində nümunəvi ölkədir
07.05.2020 [10:28]
Prezident İlham Əliyev: Pandemiya dövründə bizim üçün prioritet məsələ insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsidir
Hazırda koronavirus pandemiyası ilə mübarizə dünyanın bu xəstəliyin yayıldığı 200-dən çox ölkəsinin gündəliyinin əsas məsələsinə çevrilib. Pandemiyaya qarşı həm qlobal, həm də milli səviyyələrdə ciddi mübarizə aparılır. Bu gün dünyada koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz düşdükdə Azərbaycanın adı birincilər cərgəsində çəkilir. Ölkəmizdə koronavirusa qarşı aparılan mübarizə effektiv nəticələrinə görə beynəlxalq səviyyədə təqdir olunur. Həmçinin pandemiya şəraitində sosial-iqtisadi sferada həyata keçirilən tədbirlər dünyanın aparıcı maliyyə-iqtisadi qurumları, o cümlədən Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən yüksək qiymətləndirilir. Yeri gəlmişkən, Azərbaycanın pandemiyaya qarşı mübarizədə nümunəvi yanaşma sərgiləməsinə Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilənZirvə görüşündə də xüsusi diqqət çəkilib. Bəhs olunan Zirvə görüşündə söylədiyi nitqində bu xüsusda fikirlərini nəzərə çatdıran dövlətimizin başçısı deyib: “Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru tərəfindən martın 23-də mənə ünvanlanmış məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmişdir. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir”.
Azərbaycan dövləti koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün vaxtında çevik və zəruri qabaqlayıcı tədbirlər həyata keçirib
Azərbaycanın dünyada koronavirus pandemiyasına qarşı effektiv mübarizə aparan nümunəvi ölkə kimi qiymətləndirilməsi heç də təsadüfi deyildir. Azərbaycan dövləti ölkəmizdə yeni növ koronavirus infeksiyasına yoluxma faktı qeydə alınan ilk gündən etibarən bu məsələyə həssas yanaşma sərgiləyir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün vaxtında çevik və zəruri qabaqlayıcı tədbirlər həyata keçirmişdir.
Respublikamızda pandemiya şəraitində insanların sağlamlığının qorunması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımların miqyası daha böyükdür. Bütövlükdə, Azərbaycan dövləti pandemiya şəraitində də öz vətəndaşlarının yanında olmaq, onların qayğısına qalmaq nümunəsi göstərir. Ölkəmizdə aparılan siyasətin prioritetləri məhz vətəndaşların rifahı və mənafeyi ilə bağlıdır. Dövlətimizin başçısı bəhs olunan Zirvə görüşündə ölkəmizin prinsipial mövqeyinə bir daha diqqət çəkərək “Pandemiya dövründə bizim üçün prioritet məsələ insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsidir”, - deyə vurğulayıb.
Respublikamızda pandemiyaya qarşı mübarizə çərçivəsində aparılan siyasətdə insanların həyatının və sağlamlığının qorunması əsas məqsəd kimi çıxış edir. Prezident İlham Əliyev bir neçə dəfə bəyan edib ki, biz pandemiyanın iqtisadiyyatda və digər sahələrdə yaratdığı çətinlikləri bir qədər tez, bir qədər gec aradan qaldıra bilərik, ancaq indiki mərhələdə maksimum dərəcədə insanların sağlamlıqlarını qorumağa çalışmalıyıq.
Bu məqamda vurğulamaq yerinə düşər ki, ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq insanların sağlamlığının qorunmasına hesablanan genişmiqyaslı səhiyyə tədbirləri həyata keçirilir. Qeyd edək ki, ölkəmizin güclü və müasir səhiyyə infrastrukturu pandemiyaya qarşı mübarizənin səmərəli şəkildə aparılmasına geniş imkanlar yaradır. Məlum olduğu kimi, son 16 ildə Azərbaycanda müasir səhiyyə infrastrukturunun yaradılması diqqət mərkəzində saxlanılıb. Bəhs olunan dövrdə bütün ölkə üzrə böyük həcmlərdə dövlət investisiya qoyuluşu hesabına 750-dən çox səhiyyə müəssisəsi tikilib və yaxud əsaslı şəkildə yenidən qurulub. Təkcə 2020-ci ilin əvvəlindən Prezident İlham Əliyev respublikamızın ayrı-ayrı bölgələrində yüksək standartlar səviyyəsində qurulan bir neçə xəstəxananın, eləcə də paytaxtımızda “Yeni klinika”nın açılışına qatılıb.
Hazırda pandemiyaya qarşı mübarizədə həm paytaxtda, həm də regionlarda yaradılmış səhiyyə infrastrukturundan geniş istifadə olunur. Zirvə görüşündə pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirilən səhiyyə tədbirləri barədə danışan Prezident İlham Əliyev “Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən artıq xəstəxana ayrılmışdır. Virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibb avadanlığı və ləvazimatlar Azərbaycana gətirilmişdir. Testlərin aparılması üçün ölkədə 23 laboratoriya fəaliyyət göstərir. İndiyə kimi ölkə üzrə 160 mindən artıq test keçirilmişdir”, - deyə bildirib.
Ölkəmizdə qısa müddətdə tibbi maska istehsalı üzrə müvafiq müəssisənin qurulması da pandemiyaya qarşı mübarizənin səmərəliliyini artırmaq baxımından mühüm əhəmiyyət daşıyır. Sumqayıt Kimya Sənaye Parkında yaradılan bu müəssisə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal etmək gücündədir. Bununla yanaşı, respublikamızda pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində həmçinin 10 modul tipli xəstəxananın tikintisinə başlanılıb. Hər birinin çarpayı sayı 200 olacaq yeni xəstəxanalar həm dövlət tərəfindən ayrılan vəsait, həm də özəl sektor təmsilçilərinin investisiyaları hesabına inşa olunur. Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla bu məqsədlə 14,8 milyon manat vəsait ayrılıb. Dövlət başçısının 9 aprel 2020-ci il tarixində “Koronavirus pandemiyasına qarşı Azərbaycan Respublikasında həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsait ayrılması haqqında” Sərəncamla isə sənəddə qeyd olunan məqsədlərdən ötrü İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat vəsait ayrılıb. Koronavirus pandemiyasına qarşı mübarizədə fədakarlıq göstərən həkimlərə də hərtərəfli dövlət qayğsı göstərilir. Koronavirus xəstələrinə xidmətə cəlb olunan həkimlərin maaşı 3, 4 və 5 misli məbləğində artırılıb.
Göründüyü kimi, ölkəmizdə pandemiya şəraitində insanların sağlamlığını və həyatını qorumaq üçün bütün resurslardan istifadə olunur. Eyni zamanda, respublikamız məsuliyyətli və humanist siyasət aparan dövlət kimi bu sahədə öz təcrübəsini digər ölkələrlə də bölüşməyə hazırdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan koronavirus xəstələrinin müalicəsi sahəsində öz təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə əməkdaşlığa hazırdır”.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində reallaşdırılan məqsədyönlü tədbirlər ardıcıl xarakter daşıyır
Hazırda meydana çıxan əsas çağırışlardan biri insanların sosial müdafiəsi ilə bağlıdır. Respublikamızda dövlətin pandemiyaya qarşı mübarizə çərçivəsində reallaşdırdığı tədbirlərin böyük bir qismi sosial sferanı əhatə edir. Xüsusilə, dövlət pandemiyadan zərər çəkən sahələrdə çalışanların, iş yerlərini itirən insanların, aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsinə hərtərəfli dəstək verir.
Ölkəmizdə pandemiya şəraitinin yaratdığı çətinliklər nəzərə alınaraq ünvanlı sosial yardımla təmin olunan ailələrin sayı artırılıb. Bu gün ölkəmizdə 330 mindən çox aztəminatlı vətəndaş ünvanlı sosial yardım proqramı ilə əhatə olunub. Prezident İlham Əliyev pandemiya şəraitində ödənişli ictimai işlərə cəlb olunan vətəndaşların sayının 90 minə çatdırılması ilə bağlı tapşırıq verib və hazırda bu tapşırığın yerinə yetirilməsi istiqamətində intensiv iş aparılır. Artıq respublikamızda işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərə yaşayış minimumu səviyyəsində (190 manat) birdəfəlik ödəmə verilməsinə başlanıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə birdəfəlik ödəmə alacaq vətəndaşların sayı 200 mindən 600 minədək artırılıb. Pandemiya şəraitində xüsusi həssas təbəqələrin sosial müdafiəsi də diqqət mərkəzində saxlanılır. Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 milyon manat ehtiyatı əhaliyə sosial ödənişlərin davamlılığının təmin edilməsinə yönəldilib. Məlumat üçün bildirək ki, bu ödənişləri 2,3 milyon şəxs alır.
Ümumiyyətlə, ölkədə pandemiyaya qarşı mübarizə çərçivəsində reallaşdırılan sosial xarakterli tədbirlərin miqyası kifayət qədər genişdir. Təqdirəlayiq haldır ki, dövlət müxtəlif proqramlar vasitəsilə əhalinin məşğulluğuna və sosial rifaha güclü şəkildə dəstək verir. Respublikamızda pandemiya şəraitində həyata keçirilən dəstək proqramlarının geniş əhatəsini diqqətə çatdıran Prezident İlham Əliyev bildirib: “Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3.5 milyard manatdan artıq və ya 2 milyard dollardan çox sosial-iqtisadi dəstək paketi qəbul olunmuşdur.
Ümumilikdə, dövlət sektoru üzrə 900 mindən çox işçinin əməkhaqqı tam həcmdə saxlanılmaqla, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa yaşayış minimumuna uyğun olaraq iki ay ərzində vəsait ödənilir”.
Dövlətin həyata keçirdiyi tədbirlər vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir
Yuxarıda sadalanan faktlar bir daha təsdiqləyir ki, Azərbaycanın həyata keçirdiyi siyasət sosialyönümlüdür və bu siyasətin mərkəzində, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, vətəndaşların maraqları dayanır. Bu isə, təbii ki, ölkəmizdə vətəndaş məmnunluğunu artırır. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev “Ümumiyyətlə, dövlətin həyata keçirdiyi tədbirlərə vətəndaşlarımız tərəfindən çox yüksək qiymət verilir”, - deyə vurğulayıb.
Yeri gəlmişkən, bu günlərdə Azərbaycan Prezidentinə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları daxil olur. İctimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri tərəfindən yazılan həmin məktublarda ölkəmizdə təhlükəli pandemiyanın geniş miqyasda yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması, onların sosial müdafiəsinin təmin edilməsi məqsədilə görülən tədbirlərə, nəzərdə tutulan işlərə böyük həcmlərdə vəsait ayrılmasına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq ifadə olunur.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

