Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Modul tipli xəstəxanaların istifadəyə verilməsi Azərbaycanın pandemiyaya qarşı mübarizədə imkanlarını daha da artırır

Modul tipli xəstəxanaların istifadəyə verilməsi Azərbaycanın pandemiyaya qarşı mübarizədə imkanlarını daha da artırır

08.07.2020 [09:28]

Prezident İlham Əliyev: Bu xəstəxanaların tez bir zamanda inşa edilməsi onu göstərir ki, biz hətta seytnot vəziyyətdə lazımi addımları ata bilərik
Ölkəmizin pandemiyaya qarşı mübarizə gündəliyində səhiyyə tədbirləri xüsusi yer tutur. O cümlədən respublikamızda pandemiya şəraitində səhiyyə infrastrukturunun daha da möhkəmləndirilməsi istiqamətində zəruri addımlar atılır ki, burada da əsas məqsəd COVİD-19-a yoluxan bütün xəstələrə məhz xəstəxana şəraitində tibbi xidmət göstərilməsini təmin etməkdən ibarətdir. Yeri gəlmişkən, iyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər. Tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına verdiyi müsahibədə respublikamızda pandemiya ilə mübarizə çərçivəsində reallaşdırılan tədbirlərin geniş spektiri barədə məlumat verərək bir sıra zəruri məsələlərə diqqət çəkib. “Nəzərə alsaq ki, COVID xəstələrinin sayı artmaqdadır, bizə əlavə çarpayılar lazımdır və bu istiqamətdə işlər aparılır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Respublika ərazisində əlavə on modul tipli xəstəxananın tikintisi nəzərdə tutulur
Sosial dövlət olan Azərbaycanda pandemiya şəraitində insanların sağlamlığının qorunması üçün ölkənin səhiyyə sistemi təhlükəli xəstəliklə mübarizəyə səfərbər edilib. Belə ki, respublikanın ən yaxşı xəstəxanaları COVİD-19-a yoluxan xəstələrin müayinə və müalicəsinə cəlb ounub. Koronavirusa yoluxmuş xəstələrin müalicəsinə cəlb olunan xəstəxanalar sırasında bir qədər bundan əvvəl Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilən “Yeni klinika” da var. Bu müasir klinika məhz pandemiya ilə mübarizə çərçivəsində operativ şəkildə hazırlanaraq yeni növ koronavirus xəstələrinin ixtiyarına verilib. Hazırda burada 350 xəstə müalicə alır.
Gələcəkdə “Yeni klinika”da çarpayıların sayının 700-750-yə çatdırılması nəzərdə tutulur. Ölkənin ən müasir xəstəxanasının pandemiya ilə mübarizəyə cəlb olunması Azərbaycan dövlətinin indiki şəraitdə əhalinin sağlamlığına necə böyük önəm verdiyini təsdiqləyir. Vurğulamaq yerinə düşər ki, hazırda respublikamızda yeni növ koronavirus infeksiyasına yoluxmuş pasientlərin müalicəsi əsasən xəstəxana şəraitində təmin edilir. Ölkədə ehtiyac yaranacağı təqdirdə 5 mindən çox xəstənin yerləşdirilməsi üçün potensial mövcuddur. Bütövlükdə, respublikamızda pandemiyaya qarşı mübarizə çərçivəsində reallaşdırılan səhiyyə tədbirlərinin miqyası kifayət qədər genişdir.
Məlumdur ki, pandemiyaya qarşı mübarizənin səmərəliliyinin artırılmasında düzgün diaqnostika vacib amildir. Qısa müddətdə paytaxt Bakıda və regionlarda 30-a yaxın müasir laboratoriya təşkil olunub. Prezident İlham Əliyev bəhs olunan müsahibəsində yaxın vaxtlarda ölkəmizdə laboratoriyaların sayının daha da artırılacağı barədə məlumat verərək bildirib: “Əlbəttə, biz pandemiyanın ilk günlərindən çox önəmli addımlar atdıq. Fevral ayında bizim cəmi altı laboratoriyamız var idi. Hazırda bu laboratoriyaların sayı 29-a çatıb və 15 yeni laboratoriya sifariş edilib, yoldadır, gələcək və laboratoriyaların sayı 44-ə çatacaqdır. Bu, bizə imkan verəcək ki, daha çox test aparaq. Onu da bildirməliyəm ki, bu günə qədər 500 mindən çox test aparılıb və adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təqribən 40-cı yerdədir”.
Əlbəttə, respublikamızda zamanında Prezident İlham Əliyevin ciddi səyləri sayəsində milli səhiyə sistemimiz yüksək inkişaf səviyyəsinə çatdırılmasaydı, indiki pandemiya dövründə COVİD-19-a yoluxan xəstələrin müayinə və müalicəsinin xəstəxana şəraitində təmin edilməsindən heç söhbət açmaq belə mümkün olmazdı. Respublikamızda son 16 ildə səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülüb. Bəhs olunan dövrdə ölkə ərazisində müasir tibb müəssisələrinin yaradılması ilə bağlı statistika kifayət qədər zəngindir. Belə ki, son 16 ildə respublikamızda təxminən 750 tibb müəssisəsi tikilib və yaxud yenidən qurulub. Diqqətəlayiq haldır ki, yeni yaradılan səhiyyə müəssisələrinin bir çoxu respublikanın bölgələrinin payına düşür. Prezident İlham Əliyev ölkəmizin səhiyyə sisteminin yüksək səviyyədə inkişaf etdirilməsinin bugünkü pandemiya şəraitində böyük önəm daşıdığına diqqət çəkərək vurğulayıb: “Ümumiyyətlə, hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. Onu da bildirməliyəm ki, bu xəstəxanaların 36-sı mənim sərəncamımla son müddət ərzində inşa edilibdir. Təsəvvür etmək çətin deyil ki, əgər bu xəstəxanalar tikilməsəydi, indi biz hansı problemlərlə üzləşə bilərdik. Beləliklə, bu gün bizim hələ ki, kifayət qədər boş çarpayılarımız var. Ancaq biz hər bir vəziyyətə hazır olmalıyıq”.
Azərbaycanda pandemiya ilə mübarizə çərçivəsində qarşıya qoyulan əsas vəzifələrdən biri ondan ibarətdir ki, ölkənin səhiyyə infrastrukturu ən kritik vəziyyətə, o cümlədən də xəstə sayının artmasına hazır olsun. Bu məqsədlə respublika ərazisində 10 modul tipli xəstəxananın inşasına başlanılıb. Belə xəstəxanalar həm dövlət, həm də özəl sektorun investisiyaları hesabına inşa olunur. Pandemiya şəraitində modul tipli xəstəxanaların inşasını yüksək dəyərləndirən Prezident İlham Əliyev bildirib ki, təqribən iki ay ərzində biz 2 mindən çox xəstəni yerləşdirə biləcəyik. Beləliklə, xəstəliklə mübarizədə bizim əlavə imkanlarımız olacaqdır. “Modul tipli 5 xəstəxana artıq fəaliyyətdədir. Bu xəstəxanaların tez bir zamanda inşa edilməsi onu göstərir ki, biz hətta seytnot vəziyyətdə lazımi addımları ata bilərik. Bildiyiniz kimi, heç bir ölkə bu pandemiyaya hazır deyildi. Bizim mövcud çarpayıların sayı adi rejimə hesablanmışdı. Ona görə modul tipli xəstəxanaların tikintisi zəruri idi və biz bunu etdik. Bildiyiniz kimi, ikisi Bakıda, biri Sumqayıtda, biri Gəncədə, biri Abşeron rayonunda artıq fəaliyyətdədir və beşinin də tikintisi gedir. Hesab edirdik ki, on xəstəxana bizə kifayət edəcək. Ancaq görürük ki, əlavə xəstəxanalara ehtiyac olacaq. Ona görə mən bu yaxınlarda göstəriş verdim ki, əlavə on modul tipli xəstəxana sifariş olunsun, onların yerləri müəyyən edilsin və biz ən kritik vəziyyətə hazır olmalıyıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Xatırladaq ki, Xətai rayonunda istifadəyə verilən Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalı 10 korpusdan ibarətdir və burada 800 xəstəni qəbul etmək üçün hər cür imkan var. Modul tipli hospitalda yaradılan şərait müalicə işi ilə yanaşı, laborator müayinələri də qısa müddətə və keyfiyyətlə aparmağa imkan verir. Bir ay-ay yarım ərzində istifadəyə veriləcək daha bir modul tipli xəstəxana isə 1300 yerlik olacaq.
Ölkədə məhdudlaşdırıcı tədbirlərin görülməsi ilə bağlı addımlar vəziyyətə uyğun şəkildə atılır
Məlumdur ki, yeni növ koronavirus infeksiyası qısa müddətdə sərhədləri aşaraq dünyanın 200-dən çox ölkəsinə yayılıb və böyük çətinliklər yaradıb. Artıq ayrı-ayrı dövlətlər pandemiya səbəbindən getdikcə artan xərclərini qarşılamaqda çətinlik çəkdiklərini açıq şəkildə bildirirlər. Verilən məlumatlara əsasən, dünyanın təxminən 150 ölkəsi kömək üçün Dünya Bankına, Beynəlxalq Valyuta Fonduna müraciət ünvanlayıb. Ümumiyyətlə, heç bir ölkə tam şəkildə özünü pandemiyanın fəsadlarından sığortalanmış hesab edə bilməz.
Təsadüfi deyildir ki, bu gün pandemiyadan ən çox əziyyət çəkən ölkələr inkişaf etmiş ölkələrdir. Azərbaycanla əhalisi eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 mindir, ölənlərin sayı isə 10 min. İndiki şəraitdə Azərbaycanın vəziyyətinə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Bizə gəldikdə, bəri başdan bütün qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyəti nəzarətdə saxlaya bildik və bu gün də vəziyyət nəzarət altındadır”.
Məlum olduğu kimi, hazırda dünyada bir çox ölkələr yenidən məhdudlaşdırıcı tədbirlərə qayıdırlar. Bu baxımdan, Azərbaycan da istisna deyildir. Paytaxt Bakı da daxil olmaqla ölkənin bir sıra yaşayış məntəqələrində yenidən sərt karantin rejiminin tətbiqinə başlanılıb. Buna respublikamızda yumşalma tədbirlərindən sonra infeksiyaya yoluxma sayının artması səbəb olub.
Məhdudlaşdırıcı tədbirləri gücləndirməkdə əsas məqsədin insanların sağlamlığını və həyatını qorumaq olduğunu nəzərə çatdıran Prezident İlham Əliyev “Biz, əlbəttə, bütün addımları atanda vəziyyəti dərindən təhlil edirik. Məhdudlaşdırıcı tədbirlər tətbiq olunanda, əlbəttə ki, mütəxəssislərlə, həkimlərlə məsləhətləşmələr aparılır. Yəni biz bu işi kortəbii aparmırıq, ölçülüb-biçilmiş addımlar atırıq. Bu addımların əsas məqsədi insanlarımızı, onların sağlamlığını, həyatını bu xəstəlikdən qorumaqdır. Pandemiya dövründə bütün imkanlarımız səfərbər olunmalıdır ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək”, - deyə bildirib.
Bu gün respublikamızda sərt karantin rejiminin qüvvədə qalması vacibdir. Mütəxəssislərin də bildirdikləri kimi, məhdudlaşdırıcı tədbirlərin görülməsi COVİD-19-a yoluxma zəncirinin qırılması, onun yayılma arealının daraldılması baxımından böyük əhəmiyyət daşıyır. Burada, əlbəttə ki, vətəndaşların üzərinə böyük məsuliyyət düşür. Ayrı-ayrı vətəndaşların pandemiyanı ciddiyə almamalarının və sosial təcriq qaydalarına əməl etməməmələrinin məntiqini başa düşmək olmur. Əgər biz mümkün qədər tez bir zamanda ənənəvi həyatımıza qayıtmaq istəyiriksə, pandemiya ilə mübarizədə vətəndaş məsuliyyətimizi artırmalı və müəyyənləşdirilən tədbirlərin həyata keçirilməsində dövlətimizin yanında olmalıyıq.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 397 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31