Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Vətən müharibəsində parlaq qələbə qazandı, ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu

Azərbaycan Vətən müharibəsində parlaq qələbə qazandı, ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu

14.11.2020 [00:13]

Prezident İlham Əliyev: Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır

Silahlı Qüvvələrimizin düşmənin cəbhə xəttində törətdiyi növbəti genişmiqyaslı təxribata cavab olaraq sentyabrın 27-də başladığı və noyabrın 10-dək davam edən Vətən müharibəsi Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə başa çatdı. 45 günlük müharibədə Ordumuz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında düşmənə layiqli dərs verdi, qısa müddətdə 300-ə yaxın kəndi, 5 şəhəri, 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri geri qaytardı. Tarixi şəhərimiz, hər birimiz üçün əziz olan Şuşa işğaldan azad olundu. Ermənistanın döyüşlərdə darmadağın edilən ordusu artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin hər gün yeni zəfərlər qazanması, işğalçı Ermənistanın hərbi birləşmələrinin isə sarsıdıcı məğlubiyyətə uğraması üç onillik ərzində davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində yeni reallıqlar yaratdı. Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidentinin, Ermənistan Respublikasının baş nazirinin və Rusiya Federasiyasının Prezidentinin imzaladıqları bəyanat da Silahlı Qüvvələrimizin zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun hazırlanıb və Ermənistanın kapitulyasiya aktıdır. Sənədə əsasən, Azərbaycan azad etdiyi bütün mövqeləri saxlayır. Eyni zamanda, noyabrın 15-i Ağdam, 20-si Kəlbəcər, dekabrın 1-i isə Laçın qan tökülmədən azad edilir. Beləliklə, xalqımızın istəyi, haqlı tələbi yerinə yetirilib. Prezident İlham Əliyev xalqa müraciətində Ordumuzun Vətən müharibəsində qazandığı parlaq qələbədən böyük qürur hissi ilə bəhs edib. “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir. Bundan da böyük xoşbəxtlik ola bilərmi!”, - deyən dövlətimizin başçısı vurğulayıb: “Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır”.

Azərbaycan öz torpaqlarını bütün xarici təzyiqlərə sinə gərərək işğaldan azad etdi

Azərbaycan Vətən müharibəsində böyük qələbəni asanlıqla qazanmayıb. Məlum olduğu kimi, düşmən üç onillik ərzində işğal altındakı ərazilərimizdə istehkamlar qurmuşdu. Silahlı Qüvvələrimiz bu istehkamları mərdliklə yardı, döyüşlərin davam etdiyi 45 gün ərzində doğma torpaqlarımız əsgər və zabitlərimizin qanı ilə suvarıldı.

Lakin Vətən müharibəsində Azərbaycan yalnız ön cəbhədə döyüşlər aparmırdı, həm də xaricdən, işğalçı dövlətin havadarlarından gələn təzyiqləri dəf etmək məcburiyyətində idi. Qlobal məsələlərlə bir-birinə qarşı daim antoqonist mövqe tutan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, maraqlıdır ki, Qarabağ məsələsində eyni mövqedən çıxış edirdilər. Onlar bu mövqeləri ilə əslində Azərbaycanı işğalın nəticələri ilə barışmağa, xalqımızın iradəsini sındırmağa və ölkəmizin ərazisində ətraf 7 rayon daxil olmaqla Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaradılmasına dəstək verirdilər.

Danışıqlar prosesi açıq-aşkar imitasiya edilirdi və mahiyyət etibarilə “for long occupation”a (uzun müddətli işğala) hesablanmışdı. Müxtəlif sayda rayonların gah əvvəl, gah sonra qaytarılmasının uzun müddət müzakirə mövzusuna çevrilməsi ilə “baş altına yastıq qoyulmasına” çalışılırdı. Azərbaycan uzun illər ərzində dünya ictimaiyyətini ədalətli olmağa, BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların qərar və qətnamələrinin icra olunmasına çağırsa da, 30 ilə yaxın müddətdə ölkəmizin haqq səsi qulaqardına vuruldu. Bunun əksinə olaraq həmsədrlər “münaqişənin hərb yolu ilə həll variantı yoxdu”, “münaqişə ancaq sülh yolu ilə həll oluna bilər” kimi bəyanatlar verirdilər. ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti və regiona səfərləri isə daha çox qeydiyyat xarakteri daşıyırdı.

Vətən müharibəsinin davam etdiyi günlərdə də ölkəmizə qarşı xarici təzyiqlər səngimədi. Ermənistanın ardıcıl təxribatlarını dayandırmaq üçün Azərbaycanın sentyabrın 27-dən etibarən həyata keçirdiyi əks-hücum əməliyyatlarından narahat olan vasitəçilər, xüsusilə Fransa ciddi-cəhdlə bu prosesi dayandırmağa çalışdı. Prezident Makronun Rusiya, ABŞ rəhbərliyi ilə təmasları, ardıcıl Azərbaycan Prezidentinə zənglər etməsinin məqsədi də Ermənistanı iflasdan tam qurtarmaq idi. Təsadüfi deyil ki, sonda Fransa XİN-i öz simasını tam ifşa edərək açıq ermənipərəst bəyanat da yaydı. Prezident İlham Əliyev bəhs olunan müraciətində Vətən müharibəsinin getdiyi günlərdə ölkəmizə qarşı yönələn xarici təzyiqlərdən bəhs edərək vurğulayıb: “Oradan deyirlər dayanın, buradan deyirlər dayanın. Yaxşı, bizim torpaqlarımızı işğal edəndə niyə bunlara “dayanın!” deyən olmadı? Bizim torpağımızı 30 il əsarət altında saxlayan Ermənistana nə üçün “buradan çıx get!” deyən olmadı! Bu, nədir? Yaxşı, biz indi öz gücümüzə güvənərək bu torpaqları şəhid verə-verə, qan tökə-tökə azad edirik, bizə “dayanın” deyirsən, ona de ki, çıx. Demir. Bizə deyir dayan. Dedim dayanmayacağam mən. Heç kim məni dayandıra bilməz və dedim tələb edirəm səndən Paşinyan, şəxsən özün, sənin xarici işlər nazirin, nə bilim o biri, bu biri yox, şəxsən özün öhdəlik götürməlisən, tarix verməlisən nə vaxt rədd olursan bizim torpaqlarımızdan. Bax bu bəyanatda o öhdəlik var. Məcbur edirik onu, məcbur etdik, zorla məcbur etdik, başına vura-vura məcbur etdik, bütün bəd əməllərinə görə, o donuzları bizim məscidlərimizdə saxladığına görə. Bizim məscidlərimizdə donuz saxlayan özü donuzdur. İndi bu sənəddə öhdəlik var. Dekabrın 1-nə qədər rədd olacaq qalan işğal edilmiş torpaqlardan”.

Azərbaycanın Vətən müharibəsini qələbə ilə başa vurması Fransanın Qarabağda yeni müstəmləkə dövlət əldə etmək cəhdlərini puça çıxartdı. Bu ölkənin sülhməramlı qismində Qarabağa gəlməsinə respublikamız imkan vermədi. Açıq deyək ki, Azərbaycanda da Ukraynaya, Gürcüstana münasibətdə tətbiq edilən ssenariləri işə salmaq cəhdləri var idi. Azərbaycan Prezidenti diplomatik səriştəsi, liderlik keyfiyyətləri, Rusiya ilə qurduğu yüksəksəviyyəli münasibətlər nəticəsində bu planları da pozmağa nail oldu. Fransadan və digər ölkələrdən Ermənistana silah daşınması ilə əlaqədar çoxsaylı faktlar var idi. Ancaq müxtəlif kanallarla bütün siyasi təzyiqlərə və Ermənistana olan hərbi yardımlara baxmayaraq, Azərbaycan Prezidentinin məharəti sayəsində ölkəmizin diktə etdiyi şərtlərlə münaqişənin ədalətli həlli mümkün oldu.

Azərbaycanda güclü xalq-iqtidar birliyi qələbəni təmin edən çox mühüm amildir

Vətən müharibəsində qazanılan parlaq qələbə, işğalçı Ermənistanın tam şəkildə kapitulyasiyaya uğradılması azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Əlbəttə, müharibənin qələbə ilə başa çatmasını şərtləndirən bir sıra fundamental amilləri sadalamaq mümkündür. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.

Vətən müharibəsindəki parlaq qələbəmizin mənbəyində dayanan əsas amillərdən biri isə cəmiyyətimizin monolitliyi və həmrəyliyidir. Ölkəmizdəki güclü Prezident-xalq-ordu vəhdəti xarici təzyiqləri dəf etməyə və müharibəni qələbə ilə başa çatdırmağa imkan verdi. Məlum olduğu kimi, döyüş meydanında acı məğlubiyyətlə üzləşən Ermənistan ordusu bunun əvəzini mülkü infrastrukturu, şəhər və kəndlərimizi atəşə tutmaqla çıxmağa çalışırdı. Qarşı tərəf düz üç dəfə razılaşdırılmış humanitar atəşkəs rejimini pozdu. Döyüş bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Ağcabədi və digər yaşayış məntəqələrimiz ağır artilleriyanın hədəfinə çevrildi. Tərtər İkinci Dünya müharibəsi dövründə dağılmış Stalinqrad şəhərini xatırladır. Bütövlükdə, müharibənin davam etdiyi günlərdə ayrı-ayrı yaşayış məntəqələrimizə yüzlərlə mərmi düşüb, nəticədə 90-dan çox dinc sakin həyatını itirib, təxminən 400 insan yaralanıb. Ancaq bütün bunlar xalqımızın iradəsini sındıra bilməyib. Təsadüfi deyildir ki, düşmən atəşinə tuş gələn şəhər və kəndlərimizin sakinləri öz doğma ev-eşiklərini tərk etməyiblər. Xalqımızın şücaətinə, vətənpərvərliyinə diqqət çəkən Prezident İlham Əliyev “Ermənilər qaçıb getdilər. Onların “yenilməz” ordusu məhv oldu, fərarilik başladı, xunta başçısı Dağlıq Qarabağda əmr verdi ki, kim oradan qaçacaq, o, məsuliyyətə cəlb olunacaq. Bizdə BİR nəfər fərari oldumu? Olmadı! Bir nəfər də olmadı! Budur Azərbaycan xalqı! Mülki vətəndaşlar, evi dağılıb, malı batıb, yaxın insanını itirib, yenə də deyir ki, “Vətən sağ olsun”. Ancaq irəli, irəli! Mənə yazılan məktublarda deyilir, Ali Baş Komandan, irəli! Dəstəkləyirik səni, get irəli, dayanma və getmişəm, dayanmamışam”, - deyə bildirib.

Başqa bir önəmli cəhət ondan ibarətdir ki, ölkəmizdə fəaliyyət göstərən əksər siyasi partiyalar, vətəndaş cəmiyyəti təsisatları da Vətən müharibəsində Prezidentin, Ali Baş Komandanın yanında olduqlarını bildirdilər. Müharibənin elə ilk günlərində 50 partiya birgə bəyanat imzalayaraq Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində siyasi baxışlarındakı fərqi kənara qoyduqlarını və Ali Baş Komandanı dəstəklədiklərini bildirdilər. Şuşa şəhəri işğaldan azad edildikdə müxtəlif partiyaların təmsilçiləri Ali Baş Komandana bu zəfər münasibətilə təbrik ünvanladılar. Bütövlükdə, cəmiyyətin monolitliyi, həmrəyliyi Azərbaycanın milli gücünü daha da artırdı, böyük qələbəmizin təmin olunmasına əlavə impuls verdi. Heç bir şübhə yoxdur ki, Azərbaycan xalqı bundan sonra da öz Liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmləndirəcək, yumruq kimi Prezidentimizin ətrafında birləşəcək.

Mübariz ABDULLAYEV

 
Paylaş:
Baxılıb: 541 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

YAP xəbərləri

Analitik

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31