Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin payız sessiyası başa çatıb

Milli Məclisin payız sessiyası başa çatıb

31.12.2020 [10:14]

Sessiya ərzində parlamentin 19 iclası keçirilib, 86 qanun və qərar qəbul edilib
Dekabrın 30-da Milli Məclisin payız sessiyasının son iclası keçirilib. Parlamentin Sədri Sahibə Qafarova iclası açaraq gündəlik haqqında məlumat verib. Qeyd olunub ki, gündəliyə 7 məsələ daxil edilib və gündəliyin ilk 4 məsələsi üçüncü oxunuşda təqdim olunan qanun layihələridir. Birinci və ikinci məsələlər mahiyyətcə bir-birinə bağlıdır. Birinci məsələ “Müflisləşmə və iflas haqqında” Qanunda dəyişiklik edilməsi barədə, ikinci məsələ isə “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihələridir.
İclasda hər iki məsələni İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli təqdim edib. Bildirilib ki, hər iki sənəd barədə birinci və ikinci oxunuşlarda ətraflı məlumat verilib. Bu layihələrlə bağlı komitəyə heç bir irad və təklif daxil olmayıb.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
“Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” digər Qanun layihəsini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili nəzərə çatdırıb. Bildirilib ki, Məcəlləyə ediləcək dəyişiklik “Vergi ödəməkdən azad edilmə” maddəsinə iki yeni maddənin əlavə olunması ilə bağlıdır. Birinci və ikinci oxunuşdan sonra keçən müddət ərzində qanunun mətninə hər hansı bir dəyişiklik daxil olmayıb.
Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Sonra komitə sədri Tahir Mirkişili “Dövlət borcu haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihə ilə bağlı məlumatı diqqətə çatdırıb. Qeyd edilib ki, qanun layihəsi Təminat Fondu ilə dövlət büdcəsi arasında qarşılıqlı köçürmələrin mexanizmini özündə əks etdirir. Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Sonra Milli Məclisin Sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin beşinci məsələsi “Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Qanun layihəsidir. Spiker qeyd edib ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununa uyğun olaraq, qanun layihəsi bir oxunuşda qəbul ediləcək.
“Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Qanun layihəsini Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təqdim edib. Komitə sədri qeyd edib ki, bu gün bizim Əfqanıstanla əlaqələrimiz çox vacib və əhəmiyyətlidir.
Müzakirələr zamanı komitə sədri Siyavuş Novruzov, deputatlardan Fəzail Ağamalı, Qüdrət Həsənquliyev, Aydın Mirzəzadə, Musa Qasımlı, Aqil Abbas, Məlahət İbrahimqızı çıxış edərək Azərbaycanla Əfqanıstan arasında sıx dostluq münasibətlərinin olduğunu, hər zaman bir-birini dəstəklədiklərini bildiriblər.
Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.
Sonra gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı dinlənilib. Məlumatı təqdim edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışının əvvəlində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə edilən böyük Zəfər münasibəti ilə deputatları və xalqımızı ürəkdən təbrik edib.
Bahar Muradova öz məruzəsində qeyd edib ki, Azərbaycanda uğurlu dövlət gender siyasəti həyata keçirilir. Azərbaycanda qadın-kişi bərabərliyinin sosial-mədəni əsasları xalqımızın etnik və milli dəyərlərinə, adət-ənənəsinə söykənir. Bildirilib ki, cinsi mənsubiyyətinə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla gender bərabərliyinin təmin edilməsini nəzərdə tutan “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunmasından keçən müddət ərzində bu məsələyə dövlət idarəçiliyində diqqət artırılıb, gender mədəniyyətinin təbliği sahəsində maarifləndirmə və məlumatlandırma tədbirləri geniş vüsət alıb.
Diqqətə çatdırılıb ki, ölkədə məşğulluğun, xüsusilə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, gender bərabərliyinin qorunması istiqamətində Dövlət Komitəsi öz üzərinə düşən vəzifələri aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq şəraitində həyata keçirib. Komitə öz fəaliyyətində, həmçinin BMT-nin CEDAW komitəsində 2015-ci ildə ölkəmizin beşinci dövri məruzəsinin dinlənilməsi nəticəsində 17 məsələyə dair qəbul edilmış rəy və tövsiyələrin, o cümlədən, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini və digər beynəlxalq təşkilatların çağırışlarını nəzərə alıb. Sənəddə əks olunan statistik göstəricilər Dövlət Statistika Komitəsinin və digər orqanların məlumatlarına, habelə Dövlət Komitəsinin qeyri-hökumət və beynəlxalq təşkilatlarla birgə həyata keçirdiyi araşdırmaların nəticələrinə əsaslanıb.
Qeyd edilib ki, ötən dövrdə normativ hüquqi bazanın təkmilləşdirilməsi və müasir tələblərə uyğunlaşdırılması üçün müvafiq işlər görülüb. Hər iki cins üçün de-yure bərabərliyin de-fakto təmin edilməsi üçün bir sıra mexanizmlər yaradılıb. İnstitusional mexanizmlər sırasında, ilk növbədə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini, onun tabeliyində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərini, gender məsələləri üzrə məsul şəxsləri, gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarını, Qadın Resurs Mərkəzlərini, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsini göstərmək olar.
Gender bərabərliyinin təmin edilməsində dövlətin vəzifələrinin yerinə yetirilməsi sahəsində həyata keçirilən tədbirlər barədə danışan komitə sədri qeyd edib ki, bütün demokratik cəmiyyətlərdə olduğu kimi Azərbaycanda da dövlət cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin yolverilməzliyini təmin etmək üçün tədbirlər görür.
Dövlət Komitəsi tərəfindən aparılan araşdırmaların və daxil olan vətəndaş müraciətlərinin təhlili göstərir ki, əmək hüquqlarının təmin edilməsində cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə yol verilməsi ilə bağlı ən geniş yayılmış hallar özəl sektorda hamilə və himayəsində azyaşlı uşağı olan analarla əmək müqaviləsinə xitam verilməsi, işə qəbul zamanı əks cinsin nümayəndələrinə üstünlüyün verilməsi, işləyən analar üçün nəzərdə tutulmuş güzəştlərin nəzərə alınması ilə bağlı olub.
Qız uşaqlarının erkən evliliyə məcbur edilməsi məsələsinə toxunan komitə sədri bildirib ki, son illər ölkə Prezidenti cənab İlham Əliyevin uşaq və yeniyetmələrin inkişafına dair yeritdiyi siyasət, imzaladığı bir sıra Fərman və sərəncamlar, hazırlanmış Dövlət proqramları və fəaliyyət planlarında nəzərdə tutulan vəzifələrin icrası nəticəsində Azərbaycan gəncliyi hərtərəfli qayğı və diqqətlə əhatə olunub, bu sahədə nəzərə çarpan uğurlar əldə edilib.
Məruzədə bildirilib ki, gender bərabərliyinin təmin edilməsində dövlətin əsas vəzifələrindən biri dövlətin idarə olunmasında və qərarlar qəbul edilməsində bir cinsin üstünlüyünə yol verilməməsidir. Göstərilən səylər nəticəsində irəliləyişlər əldə olunub, qadınların təmsilçiliyi, ilk növbədə, qanunvericilik orqanında nəzərə çarpacaq dərəcə artıb. Milli Məclisin deputatları içərisində qadınların təmsilçiliyi 2005-ci ildə 13 nəfərdən 2020-ci ildə 22 nəfərədək artıb. Komitə sədrlərindən 2-si, Komitə sədrinin müavinləri içərisində isə 4-ü qadındır. Milli Məclisin Sədri qadın seçilib.
Komitə sədri qeyd edib ki, icra hakimiyyəti orqanlarında da təmsilçilik qadınlar üçün yaxşılaşmışdır. 2017-ci ildə ölkənin ali icra hakimiyyəti orqanlarında Azərbaycan qadınları Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunmasından sonra tarixdə ilk dəfə ən yüksək səviyyədə təmsil olunublar. O cümlədən, 1 nazir, 3 səfir və 1 konsul qadın təyin olunub. Hazırda yerli icra hakimiyyətlərində 1 başçı, 76 nəfər icra hakimiyyəti başçısının müavini qadındır. Eyni zamanda, məhkəmə hakimiyyəti, yerli özünüidarəetmə orqanlarında da artım müşahidə olunmaqdadır.
Bahar Muradova öz çıxışında bəzi statistik rəqəmləri də diqqətə çatdırıb. Qeyd edilib ki, ölkədə 5 milyon iqtisadi fəal əhalinin 48,7 faizi və ya 2,5 milyonu qadın, 51,3 faiz və ya 2,6 milyon nəfəri kişidir. 2,1 milyon qeyri-fəal əhalinin 1,4 milyon nəfəri qadın (65,8 faiz), 733 min nəfəri isə kişidir (34,2 faiz). İqtisadi fəaliyyət növləri üzrə qadınların orta aylıq əmək haqqı 335 manat, kişilərin 663 manatdır. İşsiz əhali arasında qadınların payı yüksək olsa da, işsizlik statusu alan kişilərin sayı çoxdur. İşsiz əhalinin yaş qrupları və cins üzrə bölgüsündə də qadınlar 42,6 faiz təşkil etməklə kişilərdən (57,4 faiz) geri qalır.
Çıxışının sonunda Bahar Muradova gender bərabərliyinin təmin edilməsi sahəsində boşluqların aradan qaldırılması və ölkəmizin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsinin vacibliyini bildirərək təkliflərini diqqətə çatdırıb.
Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova öz nitqində Milli Məclisin Sədri Sahibə Qafarovanın uzun müddət AŞPA-nın aidiyyəti qurumuna rəhbərlik etdiyini, gender məsələləri ilə bağlı çıxışlarını, tövsiyələrini, habelə Azərbaycan həqiqətlərinin yüksək səviyyədə geniş ictimaiyyətə çatdırdığını bildirib. Qeyd edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına onun rəhbərlik etdiyi parlament komitəsində baxılıb. Diqqətə çatdırılıb ki, bütün dünya ölkələri qarşısında dayanan əsas məqsədlərdən biri cəmiyyətin inkişafında qadınların daha səmərəli fəaliyyəti üçün bərabər imkanların yaradılmasıdır. Bu tendensiya Azərbaycanın da həyata keçirdiyi siyasətə uyğundur.
Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan imkanların daha da genişləndirilməsi bu gün Prezident İlham Əliyevin dövlət siyasətində də müəyyən etdiyi prioritet istiqamətlərdən olduğunu vurğulayan komitə sədri bu sahədə ölkəmizdə həyata keçirilən təqdirəlayiq işlərdən bəhs edib.
Müzakirələr zamanı Milli Məclis Sədrinin müavinləri Fəzail İbrahimli, Adil Əliyev, komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, deputatlardan Məlahət İbrahimqızı, Nurlan Həsənov, Razi Nurullayev, Qüdrət Həsənquliyev, Etibar Əliyev, Fəzail Ağamalı gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı barədə fikirlərini açıqlayıblar, rəy və təkliflərini səsləndiriblər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova səsləndirilən fikirlərə münasibət bildirib.
İclasda gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı nəzərə alınıb.
Sonra Spiker Sahibə Qafarova bildirib ki, hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Milli Məclis dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımıza və həmvətənlərimizə müraciət qəbul edir. Gündəliyin sonuncu, 7-ci məsələsi məhz Milli Məclisin müraciəti haqqındadır.
Plenar iclasda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətini deputat Elnur Allahverdiyev səsləndirib.
Müraciət səsə qoyularaq qəbul olunub.
Gündəlikdəki məsələlərin müzakirəsi başa çatdıqdan sonra Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, payız sessiyasının son iclasıdır. Sədr sessiya dövründə görülmüş işlər haqqında qısa məlumat verərək bildirib ki, Milli Məclisin payız sessiyasında 19 iclas keçirilib, 86 qanun və qərar qəbul edilib.
Milli Məclis Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirib. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətini parlament səviyyəsində dəstəkləmək üçün zəruri işlər həyata keçirilib.
Sədr diqqətə çatdırıb ki, Milli Məclisin payız sessiyasının mühüm bir dövrü Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xalqımızın apardığı Vətən müharibəsi ilə eyni vaxta təsadüf edib. Qarabağın qurtuluşu uğrunda aparılan bu Vətən müharibəsində Azərbaycan parlamenti də qəlbən döyüş meydanlarında oldu. Ancaq bizim əsas mübarizə vasitəmiz parlament diplomatiyası idi. Erməni faşizminin iç üzünü və çirkin mahiyyətini ifşa etmək üçün lazım olan bütün tədbirlər görüldü.
Milli Məclisin əməkdaşlıq etdiyi ölkələrin parlamentlərinə və beynəlxalq parlament təşkilatlarına Milli Məclisin Sədri, müvafiq komitə və dostluq qruplarının rəhbərləri tərəfindən 500-ə qədər məktub göndərilib. Eyni zamanda, Milli Məclisin Sədri və deputatlarımız yerli və xarici kütləvi informasiya vasitələrində müntəzəm çıxışlar edib, xarici ölkələrdəki həmkarları ilə onlayn görüşlər keçirib və telefon danışıqları aparıb, xalqımızın haqq işinə beynəlxalq dəstəyi təmin etmək üçün hər bir imkandan istifadə ediblər.
Vətən müharibəsində əldə edilmiş böyük Qələbə münasibətilə Milli Məclis ayrıca bir iclas keçirərək, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına Müraciət qəbul edib.
Milli Məclisin Sədri çıxışında qeyd edib ki, dövlətimizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə möhtərəm Prezidentimizin Fərmanı ilə yaradılmış “YAŞAT” fonduna Milli Məclisin deputatları, Aparatın və İşlər İdarəsinin əməkdaşları tərəfindən 182 min manat vəsait köçürülüb.
Sədr diqqətə çatdırıb ki, 1 ilə yaxındır ki, bütün dünya, o cümlədən Azərbaycan pandemiya şəraitində yaşayır. Yeni reallıq Milli Məclisin fəaliyyətinə öz təsirini göstərsə də, iş ahəngini qoruyub saxlamaq mümkün olub. Komitə və komissiyaların iclasları videokonfrans formatında keçirilib.
Pandemiya şəraitinə baxmayaraq, parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində işlər davam etdirilib. Milli Məclisin Sədri və deputatlarımız bir sıra beynəlxalq təşkilatların videokonfrans formatında keçirilən toplantılarında iştirak və çıxış ediblər.
Sədr çıxışına yekun vuraraq bildirib ki, Milli Məclis payız sessiyasını və ümumiyyətlə, 2020-ci ili uğurla başa çatdırır. Spiker deputatlara səmərəli fəaliyyətlərinə görə təşəkkür edib. Qeyd edib ki, qarşıdan bizim gözəl bayramlarımız gəlir. Xalqımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni ili qeyd edəcəkdir.
Sədr bayramlar münasibətilə deputatlara, media nümayəndələrinə təbriklərini çatdırıb və möhtərəm Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlanmasını təklif edib. Spiker Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişaf etməsi, xalqımızın rifahının yüksəlməsi naminə dəyərli fəaliyyətlərində onlara yeni-yeni nailiyyətlər arzulayıb.
Milli Məclisin payız sessiyası Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 535 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

YAP xəbərləri

Analitik

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31