Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Fransadan növbəti təxribatçı addım

Fransadan növbəti təxribatçı addım

15.12.2023 [10:22]

Bakı Təşəbbüs Qrupunun BMT-nin Cenevrə ofisində təşkil etdiyi “Neokolonializm: insan hüquqları, sülh və təhlükəsizlik” konfransının iştirakçılarına problemlər yaradılıb

Kolonializm  bir ölkənin suverenliyinin başqa bir dövlət tərəfindən bu və ya digər formada məhdudlaşdırılması və sərvətlərinin talanmasıdır. XX əsrin əvvəllərindən etibarən dünyada müstəmləkəçilik əleyhinə mübarizə başlayıb. Birinci Dünya müharibəsindən sonra bu hərəkat daha da genişlənib, o cümlədən Asiyada, Şimali Afrikada, Yaxın Şərqdə milli-azadlıq hərəkatı geniş miqyas alıb. Lakin ayrı-ayrı güc mərkəzlərinin səyləri ilə müstəmləkəçiliyə qarşı mübarizə cilovlanıb. Düzdür, ənənəvi müstəmləkəçilikdə müəyyən forma dəyişikliklər edilib, bununla belə, metropoliya dövlətləri tərəfindən  mahiyyət saxlanılıb. Hazırda isə “yeni kolonializm” termini meydana çıxıb.

Kolonializm siyasətinin fəsadlarını müxtəlif aspektlərdən dəyərləndirmək mümkündür. Mənfi nəticələr yalnız asılı ölkələrin suverenliyinin məhdudlaşmasında, yeraltı və yerüstü sərvətlərinin talanmasında müşahidə edilmir. Fundamental insan hüquqlarının tapdanması müasir dövr müstəmləkəçiliyinin  ən ağır təzahürüdür. Təzad bundan ibarətdir ki, müstəmləkəçi Qərb ölkələri demokratiyanı və insan hüquqlarının qorunmasını özlərinin fundamental prinsipləri kimi bəyan ediblər. Ancaq həmin ölkələr, Afrikada, Yaxın Şərqdə, Latın Amerikasında neokolonializmi davam etdirməklə insan hüquq və azadlıqlarına, ümumiyyətlə, məhəl qoymurlar.

Neokolonializm siyasətində Fransa ən pis nümunə ortaya qoyur. Hazırda 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətini davam etdirir. Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Fransanın fəal surətdə məşğul olduğu qul ticarəti insanlığın ən utancverici səhifələrindən biridir. Milyonlarla afrikalı bu ölkənin qul siyasətinin qurbanı olub.

Bir sözlə, özünü demokratiyanın beşiyi hesab etməsinə baxmayaraq, neokolonializm siyasəti həyata keçirən Fransa kimi ölkələr uzun illərdir beynəlxalq hüququn hamılıqla qəbul edilmiş ümumbəşəri prinsiplərinə hörmətsizlik nümayiş etdirərək insan hüquqlarını kobud şəkildə pozmaqda, xalqlar arasında barışın əldə olunmasına, sülh və əmin-amanlıq mühitinin yaranmasına mane olmaqda davam edir. BMT Baş Assambleyası tərəfindən 75 il əvvəl qəbul edilmiş və mütərəqqi müddəaların əhəmiyyətinə görə hələ də təməl sənədi hesab olunan Ümumdünya İnsan Hüquqları Bəyannaməsi irqindən, cinsindən, dilindən, dinindən, mənşəyindən və siyasi əqidəsindən asılı olmayaraq, bütün insanların bərabərliyinin təminini özündə ehtiva edir. Ümumbəşəri xarakterə malik olan həmin sənədin 4-cü maddəsinə əsasən heç kəs kölə və ya asılı vəziyyətdə saxlanıla bilməz, quldarlıq və qul ticarəti bütün formalarda qadağan edilir. Bu il bu sənədin qəbul olunmasının 75 illiyinin qeyd olunduğu müasir dövrdə hələ də dünyada müstəmləkə siyasəti ilə məşğul olan ölkələrin mövcud olması təəssüf doğurur.

Bu məsələdə Azərbaycanın mövqeyi birmənalıdır. Ölkəmiz kolonializimin bütün təzahürlərini pisləyir və insan hüquq və azadlıqlarının qorunmasına böyük önəm verir. Fransa müstəmləkəçiliyinə qarşı yaradılan Bakı Təşəbbüs Qrupu qısa zaman kəsiyində mühüm işləri ilə seçilib. Ötən dövrdə hətta BMT müstəvisində bir sıra sənədləri yayan, Fransanın neokolonialist simasını ifşa edən Qrupun təşkilatçılığı ilə həm ölkəmizdə, həm də xaricdə bir sıra tədbirlər keçirilir.

Bundan narahat olan Fransa isə həmin tədbirlərə maneçilik törətməyə çalışır. Belə ki, insan hüquqlarının müdafiəsi ilə məşğul olan “CAGE” adlı QHT rəhbəri, Böyük Britaniya vətəndaşı Muhammad Rabbani Fransanın tələbi ilə Bakı Təşəbbüs Qrupunun BMT-nin Cenevrə ofisində təşkil etdiyi “Neokolonializm: insan hüquqları, sülh və təhlükəsizlik” konfransına buraxılmayıb. Bu barədə Muhammad Rabbani “X” platformasındakı paylaşımında qeyd edib: “Artıq 6 saatdır ki, mən Cenevrə hava limanına enmişəm. Hələ də saxlanılıram və bu mənim BMT-nin Baş Qərargahındakı konfransda çıxış etməyimə mane olur. Sərhəd polisləri peşəkarlar olsalar da mənim kimi çaşqın vəziyyətdədirlər”. Məlumata görə, konfransda iştirak etmək məqsədilə Cenevrəyə gələn M.Rabbaninin tədbirə qatılmasına imkan verməmək üçün Fransa tərəfi İsveçrəyə təzyiq göstərib. Nəticədə, Fransa tərəfinin təzyiqləri qarşısında İsveçrə polisi QHT sədrini sərhəddə saxlayıb. Hüquq müdafiəçisinin vəkilinin haqlı tələblərinə baxmayaraq, İsveçrə polisi onu buraxmaqdan imtina edir. “QHT-lərin, xüsusilə də bu cür beynəlxalq forumlarda birləşmək azadlığını məhdudlaşdırmaq tamamilə qəbuledilməzdir. Bu, sadəcə, müdaxilə deyil, dövlət strukturlarının tənqidi səsləri boğmaq və özünü hesabatlılıq səylərindən qorumaq məqsədilə dağıtma taktikasıdır”, - Rabbani deyib.

Xatırladaq ki, bu, Fransanın söz və fikir azadlığının boğulması səylərinə dair son günlərdə yol verilən tək hal deyil. Fransa bir müddət öncə Yeni Kaledoniya xalqının azadlıq mübarizəsini dünyaya çatdırmaq məqsədilə əraziyə gedən AZƏRTAC-ın müxbirini hava limanında saxlayaraq ölkəyə buraxmayıb. Makron Administrasiyası daha sonra mətbuat vasitəsilə AZƏRTAC müxbirlərinə qarşı qarayaxma kampaniyasına başlayıb. Bütün bunlar isə Fransanın öz müstəmləkəçi siyasətini davam etdirmək və bu müstəmləkəçiliyə qarşı mübarizə aparan ölkə və cəmiyyətlərin fəaliyyətinin qarşısını almaq niyyətinin göstəriciləridir.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 571 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31