Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bir illik tarixin işığında...

Bir illik tarixin işığında...

31.12.2023 [10:10]

2023-cü ilin siyasi hədəfləri, milli prioritetləri

Azərbaycan dövlətinin yürütdüyü xarici siyasət kursu açıq, şəffaf, çoxvektorlu olmaqla qarşılıqlı maraqlara əsaslanır. Arxada qoyduğumuz 2023-cü il xarici siyasətimiz üçün olduqca mühüm nəticələrlə, uğurlarla yadda qaldı. Seçilən hədəflər, bəyan olunan prioritetlər, xüsusilə milli maraqlar, dövlət mənafeyi hər addımda qorundu -  bunu faktlar və arqumentlər də təsdiqləyir...

Yeni iqtisadi konfiqurasiya - Azərbaycan regionun təminatçısı rolunda...

Asiya ilə Avropanın “təbii körpüsü” adlandırılan, sivilizasiyaların, Şərq və Qərb mədəniyyətlərinin qovşağı sayılan Azərbaycan 2023-cü ildə də yeni iqtisadi nizamın yaşadığımız region üçün spesifikləşdirilməsinə çalışdı. Azərbaycan istər təşəbbüskarı olduğu, istərsə də iştirakçı kimi təmsil olunduğu qlobal layihələrin ilk növbədə Cənubi Qafqaz regionunu əhatə etməsi, bölgəyə dividendlər qazandırması faktoruna fokuslandı. Azərbaycanın yürütdüyü siyasət və yaratdığı reallıqlar xüsusi ştrixləri ilə seçilir:

- Azərbaycan mühüm bir regionda təhlükəsizliyin əsas qarantı kimi çıxış edir;

- Ölkəmiz bütün dünya üçün şəffaf və əlverişli sərmayə mühiti yaradır;

- Şərq ilə Qərb arasında iqtisadi körpü rolunda çıxış edir;

Ötən il ərzində aparılan siyasətin mərkəzində isə yenə də ortaq maraqlar dayandı - xüsusilə yeni iqtisadi konfiqurasiyanın geocoğrafi sərhədlərində təmsil etdiyimiz bölgənin xüsusi çəkisini artırmaq istiqmətində  səylər olduqca diqqət çəkən idi:

- Orta Asiya-Cənubi Qafqaz-Kiçik Asiya iqtisadi məkanını dünyanın cazibə orbitinə salaraq yeni iqtisadi nizamda mühüm yerini müəyyənləşdirdi;

- Avropanın enerji təminatında əsaslı yer tutduğunu yeni strateji xəttlər, xüsusilə “yaşıl enerji strategiyası” vasitəsi ilə formatladı;

- Öz növbəsində Şərqin yeni enerji layihələrində fəal iştirakçı qismində çıxışını genişlənirdi;

- Dünyanın ən mühüm iqtisadi aortasına çevrilmək perspektivi daşıyan Şərq-Qərb tranzitinin ən əsas dayanacaqlarından biri statusunu qazandı. Azərbaycan yeni geosiyasi çağırışların ticarət, iqtisadi əlaqələrə yaratdığı risklərin aradan qaldırılmasında başlıca çıxış yollarından biri kimi nəzərdən keçirilən qlobal nəqliyyat şəbəkəsinin şaxələndirilməsində mühüm rol oynamaqda davam etdi - bunun üçün isə regionada mütləq və davamlı sülhə ehtiyac duyulur.

Neokolonializmə qarşı mübarizə - beynəlxalq səylər birləşdirilir...

Təbii ki, xarici siyasət prioritetlərimizin ön sırasında yer alan sülh məsələsi 2023-cü ildə də aktuallığını qorudu. Belə ki, ilin əvvəlində Azərbaycan sülh prosesi ilə bağlı addımlara önəm verdiyini bəyan etsə də, Ermənistanın qeyri-konstruktiv mövqeyi, eyni zamanda, Fransa və digər havadarlarının “səyi” prosesin uğurla nəticələnməsinə mane oldu. Ümumiyyətlə, 2023-cü ilə nəzər saldıqda Fransanın Cənubi Qafqaz siyasəti adı altında ermənipərəst xəttini daha da gücləndirdiyinin şahidi olduq. İlboyu fərqli məsələlər üzərindən Azərbaycana qarşqı beynəlxalq təzyiq kampaniyası təşkil etməyə çalışan Fransanın bütün hallarda əli boşda qaldı-hətta daimi üzvü olduğu BMT TŞ müstəvisində belə Azərbaycana bir neçə dəfə açıq şəkildə məğlub oldu.

Digər mühüm məqam isə Qoşulmama Hərəkatının sədri qismində yeni çağırışlarla müşayiət olunan qlobal təşəbbüslərimiz oldu. Birinci növbədə 2023-cü il ərzində Azərbaycan Fransanın yürütdüyü neokolonializm siyasətinə qarşı beynəlxalq mübarizənin təşkilində lokomotiv rolunu oynadı - bəllidir ki, Qoşulmama Hərəkatına uğurla rəhbərlik edən Azərbaycan daima dünyada artan neokolonizm meyillərinə qarşı çıxışlar edir, bəzi ölkələrin əsarətində qalmış müstəmləkələrin öz azadlıqlarına qovuşması uğrunda səyləri birləşdirir. Bu ilin mayında Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, təəssüf ki, bu gün biz neokolonializm meylinin artdığını müşahidə edirik: “Tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməlidir”.

İyul ayında isə Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna həsr olunan tədbirdə iştirakçılar Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu yaradılmasına dair razılığa gəldilər. Fransanın dənizaşırı ərazilərinin təmsilçiləri ilə əməkdaşlığın dərinləşdirilməsi məqsədilə 2023-cü il sentyabrın 22-də Birləşmiş Millətlər Təşkilatının qərargahında Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil edilmiş “Dekolonizasiya: Sakit İnqilab” adlı konfrans çərçivəsində aparılmış müzakirələr neo-kolonialist siyasətə qarşı mübarizənin əhəmiyyətini göstərdi.

Terror cəhdi - Azərbaycanın qətiyyəti və diqqəti...

Təbii ki, ilin əvvəlində ən yadda qalan hadisələrdən biri də İran İslam Respublikasının paytaxtı Tehranda yerləşən səfirliyimizə edilən terror hücumu ilə yadda qaldı. Qonşuları ilə hər zaman yüksəksəviyyəli əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə xüsusi həssaslıqla yanaşan Azərbaycan dövləti məsələni diqqətdə saxladı. Qısa zamanda bu xain terror hücumunda əli olan şəxs saxlanıldı və mühakimə edildi. Azərbaycan dövlətinin qətiyyəti ilə məsələ ilə bağlı hüquqi prosedur tezləşdirildi.

SPECA-nın Bakı zirvəsi - yeni iqtisadi nizamın geocoğrafi sərhədləri...  

Digər mühüm məqam isə BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı - SPECA-nın 25-ci ildönümünün  Azərbaycanda qeyd edilməsi oldu. Həmin günlər ərzində paytaxtımızda SPECA həftəsi keçirildi. Noyabrın 24-də isə SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü baş tutdu. Sammitdə Proqramın üzvü olan ölkələrin prezidentləri və digər yüksək səviyyəli rəsmilər iştirak etdilər.

Proseslərin intensivliyi, Azərbaycanın uğurlu xarici siyasət kursu Mərkəzi Asiya ilə qarşılıqlı inteqrasiya prosesinə komleks şəkildə yanaşmanı ortaya qoydu - artıq əlaqələr bu və ya digər şəkildə vahid müstəvidə inkişaf etmir, tam əksinə əlaqələr çoxtərəfli, şaxələndiril?iş və genişləndirilmiş şəkildə sürət qazanır:

- Azərbaycanın timsalında Cənubi Qafqaz Mərkəzi Asiya ilə vahid geosiyasi məkan anlamını gerçəkləşdirir;

- Əlaqələr həm də vahid geoiqtisadi əhəmiyyəti özündə əks etdirir. İqtisadi maraqların uzlaşması gələcək münasibətlərin çərçivəsini daha da genişləndirir;

- Azərbaycanın yaratdığı iqtsadi-siyasi reallıqlar regionları bir-biri ilə yaxınlaşdırmaqla kifayətlənmir, artıq vahid mədəni məkana çevirir. Çoxşaxəli əlaqələr fərqli maraqlar, o cümlədən mədəni-humanitar maraqlar üzərindən uzlaşdırılır.

Və bütün bunlar göz önünə alınaraq Xəzər hövzəsinin Şərq-Qərb sahili arasındakı intensiv əlaqələr yeni iqtisadi məkan anlayışını göz önündə canlandırır. 2023-cü ilin ən yaddaqalan məqamlarından biri kimi SPECA zirvəsi xarici siyasətimizin ən mühüm uğurlarından birinə çevrildi.

Astronavtika Konqresi - Bakı uğurlu ev sahibidir...

Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi də Azərbaycanın yürütdüyü uğurlu xarici siyasət kursuna verildən dəyərin və etimadın göstəricisi kimi 2023-cü ilin tarixinə həkk olundu. Beş gün davam edən Konqresin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi. Qeyd edək ki, Bakı Konqresində 100-dən artıq ölkədən 5 mindən çox nümayəndənin iştirakı da beynəlxalq səviyyədə tədbirə verilən önəmin göstəricisi idi. Tədbirdə ümumilikdə 95 ölkədən 3600-dən çox elmi məqalə təqdim olunmuşdu ki, bu göstərici ilə Bakı Konqresi Paris (2022), Vaşinqton (2019) və Bremen (2018) tədbirləri ilə birgə indiyədək keçirilən bütün konqresləri geridə qoydu. Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan beynəlxalq konqresin ötən 50 ildə ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz mənzərə yaradırdı.

Fəal iştirakçı - İkitərəli və çoxtərəli əlaqələr inkişaf etdirildi...

Azərbaycan 2023-cü ildə üzvü olduğu və rəhbərlik etdiyi təşkilatların fəal iştirakçısı kimi uğurlu fəaliyyəti ilə seçildi. Türk Dövlətləri Təşkilatı ilə əlaqələr xüsusilə genişləndirilir. Sentyabrın 7-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci iclası keçirildi. Noyabr ayında Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley zirvə görüşündə uğurla təmsil olundu.

Eyni zamanda, ilə ərzində Qoşulmama Hərəkatının fərqli strukturlarının Bakıda müxtəlif yüksəksəviyyəli görüşləri də reallaşıb ki, Bakı bu tədbirlərə uğurlu ev sahibliyi edib.

Ötən il ərzində ölkəmiz ikitərəli əlaqələrin inkişafın ada xüsüsi diqqət ayırdı - Prezident İlham Əliyevin çoxsaylı xarici səfərləri dövlətimizin iqtisadi əlaqələrinin arealının və keyfiyyətinin daha da genişlənməsinə mühüm zəmin yaratdı. Avropanın enerji təhlükəsizliyi çərəivəisndə atılan addımlar, aparılan danışıqlar Azərbaycanın dünya üçün əhəmiyyətini bir daha gözlər önünə sərdi...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 593 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31