Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Gözləntilərin əksinə olaraq…

Gözləntilərin əksinə olaraq…

16.01.2024 [12:07]

Mübariz ABDULLAYEV

Qərəzli məlumatlara əsaslanan hesabat

Xəbər verildiyi kimi, Avropa Şurasının insan hüquqları üzrə komissarı 16-23 oktyabr 2023-cü il tarixlərində Ermənistan və Azərbaycana baş tutan səfəri ilə bağlı hesabatını/müşahidələrini yayıb. Bu səfər Ermənistanın təxminən 30 illik zaman kəsiyini əhatə edən işğalının kədərli nəticələrinin və Azərbaycanın yaratdığı yeni reallıqların dəyərləndirilərək obyektiv şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından böyük önəm daşıyırdı. Bununla belə, səfərlə bağlı hazırlanan hesabatda bir sıra subyektiv, natamam və şəffaflıqdan uzaq olan məqamlar da yer alıb ki, bunlar da ciddi suallar doğurur. Yeri gəlmişkən, Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Şurasının insan hüquqları üzrə komissarının bəhs olunan hesabatını/müşahidələrini şərh edib.

30 ildə qarşısı alınan səfər

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllinə daim ədalətli və konstruktiv yanaşma sərgiləyən Azərbaycan Ermənistanın havadarlarının dəstəyi ilə ötən əsrin doxsanıncı illərinin əvvəllərindən başlayaraq respublikamıza qarşı həyata keçirdiyi işğalın kədərli nəticələrini – zəbt olunmuş ərazilərdə ölçüyəgəlməz dağıntılar törədilməsini, buradakı Azərbaycan xalqına məxsus tarixi mədəni-dini irsin məhv edilməsini, qeyri-qanuni iqtisadi fəaliyyət və məskunlaşdırma aparılması kimi faktları daim beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa çalışırdı. Ölkəmiz həmçinin beynəlxalq təşkilatların, o cümlədən də Avropa Şurasının insan hüquqları üzrə komissiyasının missiyalarını mütəmadi qaydada regiona səfərə gəlməyə və burada müşahidələr aparmağa dəvət edirdi. Lakin işğalçı Ermənistan və onun havadarları Azərbaycanın zəbt olunmuş ərazilərində həyata keçirilən misli görünməmiş urbisid və ekosid siyasətini beynəlxalq ictimaiyyətdən gizlətmək məqsədilə buna imkan vermirdilər. Gözlənilən və zəruri olan səfərlərin baş tutmamasının digər səbəbi isə ayrı-ayrı beynəlxalq təşkilatların laqeydliyi və selektiv yanaşmaları idi. Beləliklə, ərazilərimizin Ermənistan tərəfindən işğalı səbəbindən son 30 ildə qarşısı alınmış bu səfər Azərbaycanın Qarabağ bölgəsinə insan hüquqları üzrə onilliklər ərzində baş tutan ilk missiya idi. Eyni zamanda, ölkəmizin dəvəti və razılığı ilə həyata keçirilmiş sözügedən səfər Azərbaycan hökumətinin beynəlxalq insan hüquqları institutlarına münasibətdə şəffaflığının və əməkdaşlığının göstəricisidir.

Əsassız iddialar heçə endirilib

Beynəlxalq qurumlar hər nə qədər Ermənistanın BMT-nin müvafiq qətnamələrinə məhəl qoymadan işğalı 30 il ərzində davam etdirməsinə selektiv və ikili standartlar prizmasından yanaşsalar da, reallığı tam şəkildə ört-basdır edə bilmirlər. Bunu təqdim olunan hesabatın ayrı-ayrı məqamlarından da görmək mümkündür. XİN-in şərhində bildirildiyi kimi, bütövlükdə, hesabatda 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın suveren ərazilərində mülki ərazilərə münasibətdə ciddi ehtiyat tədbirləri görülməklə silahlı qüvvələr tərəfindən həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində qondarma “etnik təmizləmə” və ya “məcburi köçkünlük” ilə bağlı əsassız iddialar heçə endirilib. Belə ki, komissarın bölgəyə səfəri və apardığı müşahidələr onu göstərib ki, Azərbaycan hakimiyyəti tərəfindən heç bir güc tətbiq olunmadan Qarabağ bölgəsini tərk etmək yerli ermənilərin öz könüllü qərarları olub. Azərbaycan hökuməti xüsusən terrorla mübarizə tədbirlərindən sonra geri qayıtmaq hüququnun və digər insan hüquqlarının təmin edilməsi məqsədilə  bir sıra konkret addımlar atır. Sənəddə yerli erməni sakinlərin reinteqrasiyası məsələsinə və bu proses çərçivəsində nəzərdə tutulan tədbirlərə Azərbaycanın müsbət niyyəti və yanaşması vurğulanır.

Postmüharibə dövründə qalib Azərbaycan işğaldan azad olunmuş ərazilərdə vaxt itirmədən quruculuq-bərpa işlərinə start verib. Həmin ərazilərə Böyük Qayıdışın təmin olunması respublikamızın beş mühüm prioritetindən biri kimi müəyyənləşdirilib. Güclü və məsuliyyətli dövlət olan Azərbaycan Böyük Qayıdışı qısa müddətdə və layiqli şəkildə təmin etmək əzmindədir. Bununla belə, quruculuq və bərpa işlərinin lazımı sürətlə aparılmasına ərazilərin 30 il ərzində ermənilər tərəfindən məqsədli şəkildə minalanması mane olur. Ən ağlasığmaz yerlərdə basdırılan minaların aşkarlanması və zərərsizləşdirilməsi böyük vəsait və vaxt tələb edir. Komissarın hesabatında münaqişənin və Ermənistan tərəfindən işğalın xarabalığa çevrilmiş mülki infrastruktura uzunmüddətli təsirləri, azərbaycanlı məcburi köçkünlərin azad edilmiş rayonlara təhlükəsiz və ləyaqətlə qayıtmaq hüququnun təmin edilməsi məqsədilə aparılan minatəmizləmə və yenidənqurma işləri öz əksini tapıb. XİN-in şərhində vurğulandığı kimi, bundan əlavə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kütləvi şəkildə minalarla çirklənmə üzrə kəskin problem və bunun ərazilərin reabilitasiyasına, eləcə də keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtma prosesinə qarşı yaratdığı əngəllər, habelə onların sağlamlığı və həyatı üçün ciddi risklər hesabatda vurğulanır. Bu məqsədlə, komissar Azərbaycan hökumətinin geri qayıtma prosesini asanlaşdırmaq üçün atdığı addımları alqışlayır. Bu kontekstdə, Ermənistanın indiyədək təqdim etdiyi minalanmış ərazilər üzrə xəritələrin dəqiqlik dərəcəsinin (cəmi 25%) hesabatda göstərilməsi xüsusilə qeyd olunmalıdır. Əslində, Ermənistan regionda təcavüzkar siyasətini həyata keçirmək və torpaqlarımızin işğalını davam etdirmək məqsədilə Azərbaycanın suveren ərazilərində qəsdən kütləvi şəkildə minaların yerləşdirilməsi ilə məşğul olub.

Fundamental reallıqları həqiqi mənada əks etdirməyən sənəd

Qeyd olunan müsbət məqamlarla yanaşı, onu da vurğulayaq ki, 30 ildən sonra ilk dəfə baş tutan səfərin nəticəsində hazırlanan hesabatda fundamental reallıqlar həqiqi mənada əksini tapmayıb. Burada bir sıra mühüm faktlara diqqət çəkilməməsi dərin təəssüf doğurur. Halbuki hesabata salınmayan fundanmental reallıqlar vəziyyətin gerçək mənzərəsi, işğalın miqyası və nəticələri barədə daha dolğun təsəvvürlərin yaranması və dəyərləndirilməsi üçün çox vacibdir. Ermənistanın Azərbaycana qarşı təcavüzü sistemli şəkildə etnik təmizləmə aktlarına, hərbi cinayətlərə və yüz minlərlə azərbaycanlının, o cümlədən həssas vəziyyətdə olan uşaqların, qocaların və qadınların məcburi köçkünə çevrilməsinə səbəb olduğu məlumdur. Ermənistanın təcavüzü on minlərlə uşağı əsas insan hüquqlarından, o cümlədən yaşamaq, təhsil, təhlükəsizlik, müdafiə və sağlamlıq hüququndan ciddi şəkildə məhrum edib. Azərbaycan tərəfi regionda iki xalq arasında düşmənçiliyə səbəb olan belə dəlillərin komissarın müşahidələrində layiqincə işıqlandırılacağına ümid bəsləyirdi. Azərbaycan hesab edir ki, nəticələr Avropa Şurasının insan hüquqları üzrə komissarının səfəri zamanı birbaşa müşahidələrinə deyil, ilk növbədə, digər natamam və qərəzli mənbələrdən əldə edilən məlumatlara əsaslanır. Azərbaycan XİN-in şərhində xüsusi olaraq vurğulanıb:  “Komissar Beynəlxalq Ədalət Məhkəməsinin 2021-ci il dekabr tarixli qərarına istinad edərkən, Azərbaycana qarşı irqi nifrət və ayrı-seçkiliyin qızışdırılmasının və təşviqinin qarşısının alınması istiqamətində Ermənistandan tələb olunan müvəqqəti tədbirin göstərilməsi faktını nəzərdən qaçırır. Azərbaycan tərəfi təəssüf edir ki, komissarın Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımından sağ çıxan şəxslərlə, o cümlədən müasir Ermənistanda öz yurd-yuvalarından qovulmuş Qərbi Azərbaycan İcmasının üzvləri ilə keçirdiyi görüşlər hesabatda öz əksini tapmayıb. Bu, komissarın səfərinin dəqiq təsvirini, habelə hesabatın əhatə etmək məqsədi daşıdığı insan hüquqları, o cümlədən geri qayıtmaq hüququ məsələlərinə daha əhatəli yanaşmanı təmin edərdi. Bu, uzunsürən münaqişə nəticəsində ölkə daxilində və ya sərhəd aşmasından asılı olmayaraq köçkün düşmüş bütün şəxslərin öz evlərinə və ya daimi yaşayış yerlərinə qayıtmaq hüququ olduğu barədə fikirlərin komissarın müşahidələrində qeyd olunduğu nəzərə alınaraq xüsusi əhəmiyyət kəsb edir”.

Yuxarıda qeyd etdiyimiz kimi, səfər Azərbaycanın dəvəti və razılığı əsasında baş tutub. Azərbaycan komissarın tərəfsizliyə, qərəzsizliyə, bərabərliyə və bütün insan hüquqlarının universallığına əsaslanan müşahidələr aparacağını gözləyərək onu ölkəmizə səfərə dəvət edib. Lakin gözləntilər özünü tam şəkildə doğrultmayıb. Şərhdə də bildirldiyi kimi, səfərin nəticələrinə baxdıqda, komissarın müşahidələrində tam ədalətlilik və qərəzsizlik olmadığını Azərbaycan vurğulayır. Komissar məsələləri situasiyaya hərtərəfli baxışı nəzərdən qaçıran dar və yeganə perspektivə yönəldir.

Qondarma “blokada”ya istinad təəssüf doğurur

Hesabatda reallıqdan tamamilə uzaq olan və Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən də tanınmayan Laçın yolunun qondarma “blokada”sına istinadların yer alması təəssüf doğurur. Müşahidələr Laçın-Xankəndi yolunda mülki əhalinin etirazlarının, daha sonra isə Azərbaycan-Ermənistan sərhədində sərhəd-keçid məntəqəsinin yaradılmasına səbəb olan faktları göstərməyiblər. Azərbaycan tərəfi, Ermənistanın son üç il ərzində 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı və beynəlxalq hüququ kobud şəkildə pozaraq Azərbaycan ərazisində on min nəfərdən çox qeyri-qanuni silahlı birləşmələrin saxlanılması və dövriyyəsi, minaların qanunsuz ötürülməsi daxil olmaqla Laçın yolundan müxtəlif qanunsuz məqsədlər üçün geniş və sistematik şəkildə sui-istifadə olunması ilə bağlı dəfələrlə əsaslandırılmış sübutlar təqdim edib. Bu hərəkətlər Azərbaycan tərəfinin çoxsaylı mülki və hərbi itkilər verməsi ilə nəticələnib.

Sözügedən qanunsuz hərəkətlərə və Ermənistanın öhdəliklərini yerinə yetirməməsinə cavab olaraq 2023-cü il aprelin 23-də Azərbaycan tərəfindən sərhəd-buraxılış məntəqəsinin yaradılmasına gəlincə, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq Laçın yoluna tam nəzarət etmək üçün öz suveren hüququndan istifadə edib və bu, Ermənistanın iddialarının yekdilliklə rədd olunduğu Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli qərarında da öz əksini tapıb.

Paylaş:
Baxılıb: 535 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31