Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Nazirlərin Berlin görüşü...

Nazirlərin Berlin görüşü...

01.03.2024 [10:30]

Sülh sazişi layihəsinin müzakirəsində bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu vurğulanıb

Azərbaycan Cənubi Qafqazda sülhün təmin olunmasında maraqlıdır. İkinci Qarabağ müharibəsində qalib gəlməsinə baxmayaraq, dövlətimiz Ermənistanla münasibətlərin normallaşdırılmasında maraqlı olduğunu bəyan edib. Çünki müharibə dövrü tarixin arxivində qalmalı, Cənubi Qafqaz sülh və əməkdaşlıq məkanına çevrilməlidir. Məlumdur ki, Azərbaycan sülh sazişi imzalamaq üçün qarşı tərəfə beş bənddən ibarət təkliflərini təqdim edib. Bu  baza prinsiplərində ilk olaraq dövlətlərin bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması əks olunub. İkincisi, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. Üçüncüsü, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dördüncüsü, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulmasıdır. Beşinci bənd isə nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasından ibarətdir. İki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Beləliklə, rəsmi Bakının sülh sazişinin imzalanması üçün təklifləri aydındır və bu təkliflər beynəlxalq hüquq normalarına əsaslanır.

Ötən dövr ərzində bir sıra beynəlxalq aktorlar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində vasitəçilik təşəbbüsləri ilə çıxış edib. Azərbaycan tərəfsiz və həqiqətən də sülhə xidmət edən beynəlxalq vasitəçiliyi hər zaman dəstəkləyib. Lakin dövlətimiz ötən ilin sentyabrında Qarabağda erməni separatizminə son qoyduqdan və suverenliyini tam bərpa etdikdən sonra bəzi Qərb dairələri açıq-aşkar ermənipərəst mövqe nümayiş etdirdilər. Bu səbəbdən, rəsmi Bakı həmin dairələrin vasitəçilik təşəbbüsübünü qəbulolunmaz hesab edir.

Müəyyən fasilədən sonra Almaniyanın təşəbbüsü ilə Berlində tərəflər arasında sülh sazişi üzrə müzakirələrin növbəti raundu keçirilib. Bu məqsədlə   Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 28-29 fevral tarixlərində Berlində səfərdə olub. Səfər zamanı Ceyhun Bayramov əvvəlcə almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb. Görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyi, eləcə də Azərbaycan ilə Ermənistan arasında normallaşma və sülh prosesinin hazırkı vəziyyəti, həmçinin perspektivləri müzakirə olunub.

Annalena Berbok iki ölkə arasında münasibətlərin əhəmiyyətini vurğulayıb, ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb.

Ceyhun Bayramov Azərbaycan ilə Almaniya arasında son dövrlər dinamik xarakter daşıması ilə seçilən təmasların məmnunluq doğurduğunu, xüsusilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ali səviyyədə aparılan müzakirələrin əhəmiyyətini vurğulayıb. Almaniyanın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışıqların təşkilində göstərdiyi dəstəyə və təşəbbüsə görə təşəkkür ifadə edilib.

Nazir ölkəmizin normallaşma və sülh gündəliyinin irəlilədilməsində qərarlı olduğunu bildirib. Buna baxmayaraq, 5 aya yaxın sürən sabitliyin Ermənistan tərəfindən pozulmasının sülh prosesinə zərbə vurmaq məqsədi daşıdığını diqqətə çatdırıb. Bununla yanaşı, Ermənistanın Konstitusiyasında və qanunvericiliyində, siyasi və hüquqi proseslərdə ölkəmizə qarşı irəli sürülən ərazi iddialarını, qeyri-konstruktiv mövqe və ritorikasını davam etdirməsinin qəbuledilməz olduğu vurğulanıb. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dünən Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan XİN başçılarının görüşü barədə məlumat yayıb.  Məlumatda bildirilir ki, fevralın 28-29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Almaniyanın paytaxtı Berlin şəhərində danışıqlar aparılıb. Nazirlər və onların heyətləri arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəaları üzrə mövqelər müzakirə edilib. Bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu vurğulanıb.

“Səfər çərçivəsində, nazirlər Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə də görüşüblər. Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə Almaniya tərəfinə minnətdarlığını bildirib”,-deyə məlumatda vurğulanır.

Beləliklə, sülh üçün daha bir görüş keçirildi. Almaniyanın ev sahibliyi etdiyi görüşün sülhün əldə olunmasına töhfə verib-verməyəcəyini isə zaman göstərəcək.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 566 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31