Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bir nöqtədə cəmləşən iki qurum...

Bir nöqtədə cəmləşən iki qurum...

03.04.2024 [11:00]

“Sərhəddə sakitlikdir” mesajı reallığı təhrif edir

Mübariz ABDULLAYEV

Son vaxtlarda Azərbaycanla Ermənistan arasında başlayan sülhyaratma prosesində heç də xoş olmayan, əslində ,münasibətlərin tənzimlənməsinə, davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına təhdidlər yarada biləcək yeni gəlişmələr müşahidə edilir. Burada Ermənistanın və onun havadarlarının manipulyativ səciyyə daşıyan koordinasiyalı yanaşmalarını və fəaliyyətlərini xüsusi qeyd edə bilərik. Ermənistan sülhyaratma prosesində dağıdıcı rol oynasa da, müxtəlif formatlarda danışıqlara qoşulmağa, vasitəçilik etməyə çalışan dövlətlər və ayrı-ayrı beynəlxalq təşkilatlar bunu görməzdən gəlirlər və reallığın təhrif olunmuş formada təqdimatına can atırlar. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin növbəti brifinqdə səsləndirdiyi fikirlər buna ən son nümunədir.

Ondan Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan hərbçiləri tərəfindən iki ölkə sərhədində artilleriya sistemləri və digər ağır silah növlərinin yerləşdirilməsi faktlarını qeydə alan bəyanatına münasibət bildirilməsi xahiş olunub. ABŞ Dövlət Departamentinin rəsmisinin cavabı isə bir növ “başın altına yastıq qoyulması” zərb-məsəlini yada salır. O, Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının yaydığı bəyanatı əsas tutmaqla bildirib ki, Ermənistan-Azərbaycan sərhədində sakitlikdir, bu bəyanatlara baxmayaraq, (Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanatlar nəzərdə tutulur - red.), qoşunların və ya artilleriyanın qeyri-adi hərəkəti müşahidə olunmur. “Biz sərhəddə ritorikanın və düşmənçiliyin artmasına qarşı xəbərdarlıq edirik və xəbərdarlıq edəcəyik. Biz bütün insanların hüquqlarına hörmət edilən regionda ədalətli və ləyaqətli sülh üçün şəraitin yaradılmasına çağırmaqda davam edirik. Və siz bu kürsüdən məndən eşitdiyiniz kimi, bir çox hallarda davamlı sülhə nail olmağın yeganə yolu danışıqlardan keçir”, - deyə ABŞ diplomatı vurğulayıb.

Ünvan səhv salınanda... və yaxud yenə də bədnam bərabərlik işarəsi

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin sərhəddəki sabitliklə bağlı dediklərini alqışlayardıq. Ancaq onun ifadə etdiyi fikirlər səmimi olsaydı və real vəziyyəti düzgün əks etdirsəydi. Təəssüf ki, belə deyil. Cənubi Qafqazda  sabitliyin olmasını kim istəməz? Deyə bilərik ki, region otuz il ərzində yaşanan müharibə təhdidlərindən yorulub. Bəs bu təhdidlər haradan qaynaqlanırdı? Cavab birmənalıdır: Ermənistanın işğalçılıq siyasətindən, güc tətbiqi ilə Azərbaycan ərazilərini işğal altına almasından və BMT-nin məlum qətnamələrinə məhəl qoymamasından. Həmin dövrdə Millerin təmsil etdiyi dövlət keçmiş münaqişənin sülh yolu ilə nizamlanması məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri idi. Ancaq üç onillik ərzində ABŞ kimi supergüc dövlət digər həmsədrlərlə birlikdə Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının pozulmasının qarşısını ala bilmədi. Ala bilmədi, yoxsa bunu istəmədi? Əlbəttə ki, istəmədi. İşğalçı dövlətin cəzalandırılmaması, onunla işğala məruz qalan tərəf arasında bərabərlik işarəsi qoyulması  həmişə iddialardan çıxış edən, bir növ “beynəlxalq jandarm” rolunu alan həmsədr dövlətlər üçün çox utanverici idi. Bu qara ləkə onların üzərində əbədi olaraq qalacaq. Ötən dövrün təcrübəsi təsdiqləyir ki, həmsədrlik etmiş dövlətlər ədalətli vasitəçilər olmayıblar və bundan sonra da buna mənəvi haqları çatmır.

Qayıdaq Millerin yeni açıqlamasına. Onun açıqlamasına yenə də eyni əhval-ruhiyyə və  oxşar ritorika hakimdir. Açıq-aydın görünür ki, ABŞ rəsmisi səmimiyyətdən çox uzaqdır. O, məqsədli şəkildə ünvanı səhv salır və yenə də tərəflər arasında bədnam bərabərlik işarəsi qoymağa çalışır.

Səmimilikdən uzaq olan bəyanatlar

ABŞ diplomatı bildirir ki, Vaşinqton “həm Ermənistana, həm də Azərbaycana eskalasiyanın heç kimin maraqlarına cavab vermədiyini başa salmağa davam edəcək”. Belə “müdriklik” göstərməyə bir hacət var idimi? Axı müharibənin, eskalasiyanın dağıntılara, qan-qadaya, ölüm-itimə yol açdığını hamı anlayır, dərk edir. Belə olan halda Vaşinqtonun adəti üzrə  başqalarına ağıl öyrətməyə çalışmasına,  bəlli həqiqətlərin izahını vermək üçün izafi əziyyətlərə qatlaşmasına  ehtiyac yoxdur. Bundansa Millerin dövləti adından həqiqətləri dilə gətirməsi, faktların üstünə getməsi regionun gələcək təhlükəsizliyi üçün daha faydalı olardı.

 Eskalasiyanı kim yaradır və bu kimin maraqlarına cavab verir? Xatırladaq ki, ABŞ diplomatının Aİ missiyasının hesabatına istinadən verdiyi “sərhəddə sakitlikdir” bəyanatı ilə eyni məzmunlu açıqlamanı bundan əvvəl Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar vermişdi. Xatırladaq ki, sonuncu da fikirlərini Aİ missiyasının hesabatı ilə əsaslandırmışdı.

Bu paralellər müəyyən qənaətlərə yol açır. İlk növbədə o qənaət hasil olur ki, həm ABŞ, həm də Aİ bəhs olunan missiyanın funksionallığını qabartmaqla onun regionda mövcudluğuna hüquqi-siyasi əsaslar formalaşdırmağa çalışırlar. Xatırladaq ki,  Avropa İttifaqının “mülki” missiyası 2022-ci ilin oktyabrında 2 aylıq müddətdə regiona gəlib. Ancaq missiya elə ilk gündən Praqada Azərbaycanla əldə olunmuş razılaşmalara zidd fəaliyyət göstərib. Belə ki, Aİ və Ermənistan birtərəfli qaydada missiyanın regionda qalma müddətini uzadıblar. Regionda cəmi iki ay ərzində qalmalı olan missiya hələ də oradan çıxmağa tələsmir. 2023-cü ilin dekabrında Avropa İttifaqı Xarici İşlər Şurası Ermənistan-Azərbaycan sərhədində yerləşdirilən “mülki missiyasını gücləndirmək məqsədilə” oradakı əməkdaşların sayını 138-dən 209 nəfərə artırmaq barədə qərar verib. Başqa bir mühüm məqama da diqqət çəkək: Aİ mülki missiya adı altında Ermənistana əslində ayrı-ayrı Avropa ölkələrinin keçmiş hərbçilərini, xüsusi xidmət orqanlarının əməkdaşlarını və s. yerləşdirib.

Belə bir yarımhərbi missiyanın Ermənistanda mövcudluğunun, Azərbaycan tərəfini və digər qonşu dövlətlərin ərazilərini daimi müşahidələr altında saxlamasının sülhə və sabitliyə xidmət etdiyini düşünmək sadəlöhvlük olardı. Yeri gəlmişkən, artıq “mülki” missiyanın region dövlətləri barədə kəşfiyyat məlumatları toplayaraq onları ötürmələrinə dair rəsmi məlumatlar da yayılıb. Aİ-nin bu məlumatları təkzib etməməsi suallar doğurur. Belə olan halda M.Millerin və T.Klaarın sərhədlərdəki sabitliklə bağlı verdikləri bəyanatlarda Aİ missiyasının hesabatına istinad etmələri səmimilikdən çox uzaq görünür.

Eskalasiyanın artmasında yer alan qüvvələr

M.Millerin, T.Klaarın və onların istinad etdikləri Aİ missiyasının “nikbinliyinin” isə hər hansı bir əsası yoxdur. Aydın şəkildə görünür ki, “mülki” missiyanın regiona gəlməsinə “yaşıl işıq” yandıran məğlub Ermənistan qalib Azərbaycanın çox can atdığı sülhə təhdidlər yaratmaqda davam edir və manipulyativ davranışlarla tənzimləmə prosesinə davamlı əngəllər yaradır. Burada “sərhəddə sakitlikdir” deyən missiya katalizator rolunda çıxış edir, desək, əsl həqiqəti ifadə etmiş olarıq. 2024-cü ilin əvvəlindən bəri şərti sərhədlərdə baş vermiş hadisələri xatırlayaq: Məsələn, şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində atəşkəs məhz missiyanın yerləşdiyi Ermənistan tərəfindən pozuldu. Həmin təxribat zamanı Ermənistan tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycanın Sərhəd Qoşunlarının əsgəri yaralandı. Azərbaycan isə bu silahlı təxribata “Qisas” əməliyyatı ilə cavab verdi və atəş açılan postu tamam dağıtdı. Ardınca,  Ermənistandan Azərbaycana keçmək istəyən Çex Respublikasının vətəndaşı saxlanıldı. Hadisənin detalları və təfərrüatları tam açıqlanmasa da, analitiklər həmin vətəndaşın hansısa bir formada Aİ-nin missiyası ilə bağlı olduğunu iddia edirlər.

Son günlərdə şərti sərhədlərdən yenə də həyəcanlı xəbərlər gəlir. Azərbaycan Müdafiə Nazirliyi tərəfindən yayılan rəsmi məlumatda bildirilir ki, şərti sərhədboyu Ermənistanın qoşunlarını cəmləşdirməsi və hücum xarakterli dayaq məntəqələrini qurması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələrini yaratması, fortifikasiya qurğularını inşa etməsi bölmələrimizin sərəncamında olan xüsusi texniki vasitələr və vizual müşahidə ilə qeydə alınıb. Yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında Ermənistan silahlı qüvvələrinin artilleriya sistemləri, digər hücum silahları və ağır atəş vasitələri yerləşdirilir. Ermənistanın şərti sərhədlər boyunca qoşunlar yığdığı videogörüntülərlə də təsdiqlənib. Düzdür, həmin görüntülər mətbuatda yayıldıqdan sonra Ermənistanın müvafiq qurumları bunun izahını verməyə çalışdılar. Guya hərbi texnikanın müşahidə edilən hərəkətliliyi gənc sürücülərin təlim məqsədi daşıyır. Bu yalanla həqiqəti gizlətmək əsla mümkün deyil. Gənc sürücülər hərbi avtomobillərin idarə edilməsi ilə bağlı təlimləri xüsusi poliqonlarda keçməlidirlər. Əgər sürücü gənc və təcrübəsizdirsə, o, ağır hərbi texnika yüklənmiş qoşqulu avtomobilləri sərt dağ keçidlərində necə idarə edə bilər? Son olaraq aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu və digər faktlar regiondakı son gərgin durum barədə konkret təsəvvür yaradır.  Bütün bunlara rəğmən, Aİ missiyasının, M.Millerin, T.Klaarın və digərlərinin “sərhəddə sakitlikdir” bəyanatı vermələri çirkin məqsədlərə xidmət edir. Eskalasiyanı kimlərin yaratdığı və bunun hansı dairələrin   maraqlarına cavab verdiyi ortadadır...

Paylaş:
Baxılıb: 625 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31