Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanda uğurlu pensiya islahatları həyata keçirilir

Azərbaycanda uğurlu pensiya islahatları həyata keçirilir

16.03.2016 [09:51]

Ölkəmizdə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır
Azərbaycanda uğurla həyata keçirilən sosial siyasət həyatımızın bütün sahələrinə öz müsbət təsirini göstərməkdədir. Reallaşdırılmış və yaxın gələcəkdə yerinə yetiriləcək tədbirlər respublikada əhalinin sosial vəziyyətinin getdikcə yaxşılaşması üçün əsaslı zəmin yaradır. Ümumilikdə, mütərəqqi sosial siyasət həyata keçirən Azərbaycanda vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Vətəndaşlara qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir. Eyni zamanda, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, maaşların, pensiyaların artırılması, yeni sosial obyektlərin tikintisi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meyilləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verir. İqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər ölkədə iqtisadi sabitliyi təmin etməklə bərabər, əhalinin sosial müdafiəsini gücləndirmək üçün möhkəm zəmin yaradıb. Ölkəmizdə təqaüdçülərin sosial müdafiəsinin gücləndirilməsi, məcburi köçkünlərə qayğının artırılması da əsas məsələlərdən biridir. Sosial siyasətin başlıca göstəricilərindən biri də uğurlu pensiya islahatları, əhalinin pensiya təminatıdır. Azərbaycanın pensiya sistemi iqtisadi həyatın pensiyaçıların sosial müdafiəsi ilə uzlaşdırılmasını təmin edir. Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, qlobal böhran beynəlxalq aləmdə, bütün ölkələrin sosial-iqtisadi durumunda özünü bir sıra mənfi tendensiyalarla büruzə verir. Dünya bazarında neftin qiymətinin 4 dəfəyə qədər aşağı düşməsi artıq 2 aydır ki, Azərbaycan manatını da devalvasiyaya uğratmışdır. Onun sözlərinə görə, bu proses və onun nəticələri ötən qısa müddət ərzində dövlət başçısı İlham Əliyev tərəfindən nəzarətə götürüldü və sosial müdafiə yönümlü ardıcıl, sistemli tədbirlər həyata keçirilməyə başladı: “Möhtərəm Prezidentimizin çıxışlarında qarşıda duran yaxın və gələcək antikrizis, postneft dövrü vəzifələrinin əsas istiqamətləri müəyyənləşdirildi. Başlıca məqsəd Azərbaycan vətəndaşının sosial müdafiəsinin gücləndirilməsi, əmək tutumlu iş yerlərinin yaradılması, bank-kredit, maliyyə-investisiya sisteminin təkmilləşdirilməsi, hüquqi bazanın bugünkü reallıqlara uyğunlaşdırılması və digərləridir. 2016-cı ilin dövlət büdcəsinə də dəyişikliklər edildi. Büdcənin sosial müdafiə və təminat xərcləri büdcə cədvəlində 43 faizdən çox artıb. İqtisadi təsnifat üzrə bölmədə əsas artım “Təqaüdlər və sosial müavinətlər” bölməsində nəzərdə tutulub. Belə ki, təqaüdlərin və sosial müavinətlərin maliyyələşdirilməsi ilə bağlı xərclərin məbləği yenidən baxılma prosesində 211,5 mln. manat artırılaraq 2 mlrd. manata yaxın nəzərdə tutulub”.
Komitə sədrinin sözlərinə görə, ölkənin icmal büdcəsinin, bütöv maliyyə qanunu toplusunun böyük bir hissəsi də DSMF-nin payına düşür: “Məhz bu büdcənin maddələrinə yenidən baxılması daha böyük həssaslıq və diqqət tələb edir. Qeyd olunmalıdır ki, DSMF-nin düzəliş edilmiş büdcəsinin mədaxil və məxaric hissəsi 3 mlrd. 307 mln. 360 min manat təşkil edir. Bu da əvvəl nəzərdə tutulmuş büdcədən 228 mln. 789 min manat çoxdur. Artımın əsasən 146 mln. manatını və ya 63.8 faizini dövlət büdcəsindən ayırmalar təşkil edir. Eyni zamanda, DSMF-nin kollektivinin, yerlərdə olan bölmələrinin sığorta yığımını artırmaq istiqamətində atdıqları prinsipial və ardıcıl addımlar da bu büdcənin mədaxil hissəsinin artırılmasında müsbət rol oynayacaqdır. Qeyd edilənlər onu göstərir ki, pensiyanın baza hissəsini müəyyənləşdirən ölkə rəhbəri bu fərqi də balanslaşdırıb və kəsirin böyük bir hissəsini dövlət büdcəsindən ayırmağı məqsədəmüvafiq hesab edib. DSMF-nin büdcəsinin artım hissəsi özünü əsasən əhaliyə əmək pensiyalarının ödənilməsində, uşaqlarla bağlı müavinətlərdə və əmək qabiliyyətinin müvəqqəti itirilməsi bəndlərində təsbit edib”.
H.Rəcəblinin fikrincə, görülən bütün bu işlər əhalinin pensiya təminatının daha da yaxşılaşdırılmasına xidmət edir. O deyib ki, sığorta-pensiya islahatlarının uğurla davam edirilməsi, müvafiq proqramların icra olunması əhalinin pensiya təminatını daha da gücləndirəcək.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev bildirib ki, Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı yeni konsepsiyanın hazırlanması, yeni baxışların tətbiq olunması, modern pensiya təminatının həyata keçirilməsi 2001-ci il 17 iyul tarixində Ulu öndərin imzaladığı “Azərbaycan Respublikasında pensiya islahatları konsepsiyası” haqqında Sərəncamdan başlanıb. Onun sözlərinə görə, məhz bu Sərəncam Azərbaycanda pensiya təminatının təyin olunmasının və ödənilməsinin yeni bir modeli, artıq sosial sığortaya əsaslanan modelinin tətbiq olunmasına hüquqi əsaslar yaratdı. Millət vəkili deyib ki, sığorta sisteminə əsaslanan pensiya sisteminin qurulmasının da əsas mahiyyəti ondan ibarət idi ki, hər bir işləyən şəxs, eyni zamanda, işlədiyi dövrdə özünün pensiya kapitalını da özü formalaşdırmalıdır: “Bu sistemə keçidin əsasını Azərbaycanda pensiya islahatları konsepsiyası haqqında Prezident Sərəncamı qoydu. Bunun ardınca isə daha bir Fərman imzalandı və həmin Fərman Azərbaycanda pensiya sisteminin təkmilləşdirilməsi haqqında idi. Bununla bağlı olaraq pensiya sistemində yeni qaydaların tətbiqinə 2005-ci ildə başlanıldı. 2005-ci ildə bu sahə ilə bağlı üç mühüm qanun qəbul olundu. Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə həmin qanunlar 2006-cı ilin yanvar ayından qüvvəyə mindi. Bunlar “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” və “Fərdi uçot haqqında” qanunlardır. Məhz bu qanunların qüvvəyə minməsi ölkəmizdə pensiya islahatlarının modern şəkildə həyata keçirilməsini təmin etdi və Azərbaycanda çox uğurlu və mütərəqqi bir pensiya sistemi quruldu. Görülən işlərin nəticəsi olaraq pensiyaların ödənilməsində şəffaflıq, ünvanlılıq təmin olundu, hər kəsin pensiyasını özünün hesablayacağı bir baza sistemi yarandı. Artıq Azərbaycanda pensiyaların ödənilməsi plastik kartlar vasitəsilə həyata keçirilir ki, bu da ödəmələrdə şəffaflığın təmin olunmasında böyük rol oynayır. Aparılan islahatlar nəticəsində pensiyaların ödənilməsində və təminatında, o cümlədən məbləğində çox böyük uğurlar əldə olundu”.
M.Quliyev hesab edir ki, DSMF ötən dövr ərzində üzərinə düşən işin öhdəsindən uğurla gəlməyi bacarıb: “DSMF-nin apardığı islahatların uğurundan danışarkən təkcə onu demək kifayətdir ki, hazırda bir çox aparıcı dövlətlər bizim təcrübəmizi öyrənməyə çalışırlar. DSMF-nin apardığı struktur, konseptual islahatlar bir sıra ölkələr tərəfindən model təcrübə kimi öyrənilir. DSMF-də elektron idarəetmə də uğurla tətbiq olunur”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə bildirib ki, pensiya islahatları Azərbaycanda sosial sahədə kifayət qədər vacib məsələlərdəndir. Bu səbəbdən də, pensiya islahatları ilə bağlı xüsusi konsepsiya qəbul olunub. Onun sözlərinə görə, konsepsiya daxilində pensiyaların verilməsi sisteminin təkmilləşdirilməsi, o cümlədən pensiyalarla bağlı yığımların strukturunun dəyişdirilməsi, pensiyanın baza hissəsinin ləğv edilməsi və buna uyğun olaraq yığımların vətəndaşın ödənişləri hesabına həyata keçirilməsi nəzərdə tutulur. “Ümumi pensiya islahatlarında yanaşma ondan ibarətdir ki, vətəndaş daha çox sosial ödəniş edəcəksə, pensiyası da çox olacaq. Az sosial ödəniş etdikdə isə nisbətən az olacaq. Əgər əvvəllər ödənişlərin 50 faizi yığımlara, 50 faizi cari xərclərin ödənilməsinə gedirdisə, indi bu sistem dəyişəcək. 100 faiz yığımlara gedəcək. Bu da pensiyaların baza hissəsinin ləğv edilməsinə gətirib çıxaracaq. Bu isə vətəndaşın ödədiyi məbləği tam olaraq əldə etməsinə imkan verəcək” - deyən iqtisadçı-ekspert əlavə edib ki, özəl pensiya fondlarının yaradılması mexanizminin sürətləndirilməsi daha yaxşı nəticələr əldə etməyə imkan verəcək. “Vətəndaş özəl pensiya fondlarını seçib ödəniş etməklə gələcəkdə daha çox pensiya almaq imkanlarına malik olacaq. Eyni zamanda, bütövlükdə bu sektora daha çox vəsait cəlb ediləcək və bu vəsaitlərin də qiymətli kağızlar bazarına daxil olması təmin ediləcək. Nəticədə həmin vəsaitdən istifadə etməklə gəlir əldə etmək mümkün olacaq” - deyə V.Bayramov vurğulayıb.
Nardar BAYRAMLI
Yazı Dövlət Sosial Müdafiə
Fondu tərəfindən “Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi xüsusi diqqət mərkəzindədir” mövzusunda keçirilən
müsabiqəyə təqdim olunur

Paylaş:
Baxılıb: 814 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31