XALQIN ELÇİSİNİN “ŞƏRƏF”İ
25.11.2017 [00:18]
Məlum olduğu kimi, noyabrın 24-də Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Milli Məclisin deputatı Madər Musayev “Şərəf” ordeni ilə təltif olunub.
Qeyd edək ki, Madər Musayev 1947-ci il noyabrın 26-da Bakının Binəqədi kəndində anadan olub. İlk dəfə 1990-cı ildə 12-ci çağırış Azərbaycan Respublikası Ali Sovetinə deputat seçilib. 10 saylı Binəqədi seçki dairəsindən seçicilər 1995, 2000, 2005, 2010, 2015-ci illərdə də məhz ona səs veriblər. Çox maraqlı həmsöhbətdir.
O, 70 yaşını qeyd edir. Əlamətdar yubileyinin iki böyük hədiyyəsi var. Biri Allahın hədiyyəsidir, bu günlərdə “nəticə”si dünyaya gəlib. Prezident İlham Əliyev isə onu “Şərəf” ordeni ilə təltif edib, 60 yaşında isə “Şöhrət” ordeninə layiq görmüşdü. “Böyük sevincdir: Allahın nəzəri, dövlət başçısının diqqəti. Bu hissləri gərək insan özü yaşasın, onda bilər necədir...”, - deyir.
Zahirən heç dəyişməyib. Kabineti də, elə əvvəlki kimi, çox sadədir. Başının üstündə, divarda Ulu öndər Heydər Əliyevin portreti asılıb. Özündən sol tərəfdə “Quran” ayəsi yazılan böyük bir suvenir də diqqətimi çəkir. Stolunun üstündə bayrağımız, ədalət ilahəsi, fırlanan qlobus və s. var. Divarboyu rəflərin üstündə isə Prezident İlham Əliyevin Heydər Əliyevlə, Mehriban xanım Əliyeva ilə şəkilləri düzülüb.
- Bu şəkilləri də özünüz seçmisiniz?
- Əlbəttə, hamısını bir-bir seçmişəm...
- Parlament seçkilərində də şəklinizi heç hara vurmursunuz...
- Mən öz kəndimdən seçilirəm. Durum kənd boyu şəkillərimi asım ki, bu, mənəm? Hamı tanıyır, kim olduğumu hamısı gözəl bilir, gündə bir yerdəyik də. Kənddən çıxmamışam ki. Heç çıxmaram da. İndi deyim, deputat olmasam, kənddən gedərəm? Yox, yenə kənddə qalaram, yenə gördüyüm işləri görərəm. Ulu babalarım burada yaşayıb, mən də burada doğulmuşam, burada tanınmışam...
- Amma hər dəfə prezident seçkilərində təbliğatla məşğul olursunuz, Bakı kəndlərini gəzirsiniz...
- Əvvəla onu deyim ki, Prezident İlham Əliyevin bu 14 ildə gördüyü işlər təkcə xalqın yox, dünyanın gözündədir. Ən böyük təbliğat elə həmin işlərdir. Əlavə təbliğata heç ehtiyac yoxdur. Digər tərəfdən Bakı camaatını yaxşı tanıyıram, ona görə prezident seçkilərində onlarla görüşürəm. Bakı kəndlərində böyük-kiçiyə hörmət var, ağsaqqala, ağbirçəyə hörmət qalıb, ağsaqqal sözü qarşısında söz deyilməz. Camaatımızın bir-birinə xətir-hörməti var, xeyirdə-şərdə birliyi var. Özü də, bu, təkcə Binəqədidə yox, Bakının bütün kəndlərində belədir... İndi 5-10 nəfər gözügötürməyən də var. Əqrəb kimi sancmaq onların xislətidir. Əqrəb ədavətə görə sancmır ki, xisləti odur. Paxıllıq, qəlplik, gözügötürməzlik, babal yumaq, ondan buna, bundan ona yalan demək, ara qarışdırmaq, intriqa yaratmaq... Məcbur deyillər ki, bunu etməyə, amma xislətlərindən əl çəkmirlər. Köhnə vaxtlarda belə şey olanda deyirdilər, başqa millət edir, indi ki başqa millət yoxdur, özümüzük də...
- Deyirlər, Hacı Madər parlamentdə danışmır...
- Həmişə deyirəm, Milli Məclisdə o qədər yaxşı danışanlar var ki, ləzzətlə qulaq asıram onlara - Fəzail İbrahimliyə, Siyavuş Novruzova və digər adlarını çəkmədiyim deputatlara. Gərək elə hamı danışsın, qoy biri də qulaq assın da (gülür)...
- Gələn il ölkəmizdə prezident seçkiləridir...
- Nə qədər sağam, cənab İlham Əliyevin təbliğatı ilə məşğul olacağam. Hər zaman Prezidentimin dostuyam, vətəndaşıyam, əsgəriyəm...
- Ulu öndər Heydər Əliyev necə qalıb yadınızda?
- Allah rəhmət eləsin, Ulu öndər Heydər Əliyev əvəzolunmaz tarixi şəxsiyyət, müasir Azərbaycan dövlətinin banisidir. Onun səhrada dövlət yaratmağı, səhrada ha, səhrada heç nə yoxdur... Səhrada dövlət yaradardı, bu, Onun üçün asan olardı, nəinki 93-də gəlib burada bu dövləti qurmaq. Bu, elə-belə deyil. “Cəbhə” vaxtı insanlar görürdülər, bərbər icra başçısıdır, traktorçu polis rəisidir, deyirdi, elə mən də olaram. İndi, Allaha şükür, biz bilirik ki, ola bilməz. Heydər Əliyev dahi idi. O, dövlət üçün yaranmışdı, elə bil, Allah-Təala Onu dövlət üçün yaratmışdı. Gör nətərdi ki, Onu istəməyənlər, Onu özünə düşmən sayanlar da indi etiraf edirlər ki, Heydər Əliyev tamam başqa adam idi...
- “Ədalət ilahəsi”, qlobus... deyəsən, hədiyyədir?
- “Ədalət ilahəsi”ni bir hüquqşünas dostum bağışlayıb. Dedi, çox adamın otağında olmaqdansa, sənin otağında olsun, çünki sən ədalətli adamsan. O deyir ha, bəlkə də (gülür)... Qaldı, o fırlanan qlobus, dünyadır da, fırlanır. Rəhmətlik Bəxtiyar deyirdi ey, Bəxtiyar Vahabzadə, axı dünya fırlanır...
- Neçə ildir Milli Məclisdəsiniz?
- 28 il... Vallah, ora gələndə elə bilirəm evimə gəlirəm. Milli Məclis doğma evimdir...
- Lazım olanda özünüzü necə təqdim edirsiniz?
- Madər... Atamın qoyduğu adla. Telefonla zəng edəndə də heç vaxt deməmişəm, Hacı Madərdir, deputatdır və s. Sadəcə, Madərdir, deyirəm. Rəsmi yerlərdə tanıyırlar ki, millət vəkiliyəm. Hacılıq da öz yerində. Allaha şükürlər olsun, hər ikisini verib mənə, bu, hər adama qismət olmur ha... 6 dəfə bir dairədən seçilmək, bu, bilirsiz də, necə çətindir. Tək birində ikinci tura qalmışam, 90-cı ildə, Sabit Bağırovla. O vaxt cəbhəçilərin vaxtı idi... Bu illərdə heç bir yerlim öz namizədliyini verməyib. İndi 70 yaşım var, 30 il bundan qabaq 70 yaşım yox idi ki. Bu, mənim üçün böyük hörmətdir, bunu heç vaxt yaddan çıxarmıram. Həmişə deyirəm, bir adam bir adamı, lap min adamı bir dəfə aldada bilər, lakin kütləni heç vaxt aldada bilməz. Mənim eyni ərazidən deputat seçilməyim insanlarla həqiqət üzərində qurulan münasibətimdir. Hər halda, bir neçə dəfə eyni dairədən təkrar seçilmişəmsə, demək, insanların mənə etimadı, inamı var. Tutaq ki, birinci 5 ildə öz camaatımı aldadıb deputat seçildim, sonra deməzlərmi, indi nə üzlə namizədliyini verirsən? İndiyədək bizim dairədən bir nəfər də olsun Milli Məclisin, Prezident Aparatının qarşısına şikayətə getməyib...
- Həyatda ən əsas nədir sizin üçün?
- Adım... Ağlım kəsəndən adıma görə yaşamışam. Adımı heç nəyə dəyişmərəm. Qədim türklərdə bir məsəl var, deyir, mən hər şeydən keçərəm başıma görə, ancaq adıma görə başımdan da keçərəm. İnsan gərək adını qorusun. Allah xatirinə, adının üstünə ad qoymasın. Çünki övladın üçün nəsə qoyarsan, onu beş də edə bilər, heç də. Dünya malı gəldi-gedərdir, ad qalandır. Qoy övladların, nəvələrin həmişə ürəklə desinlər ki, filankəsin oğluyam, filankəsin nəvəsiyəm və bunu eşidənlərin də üzündə təbəssüm görsünlər...
- Heç bir partiyada yoxsunuz...
- 1988-də Kommunist Partiyasına üzv oldum, ayağım düşdü, iki il sonra partiya dağıldı (gülür). İndi heç bir partiyanın üzvü deyiləm, amma YAP-ın dostuyam. YAP Heydər Əliyevin şah əsərlərindən biridir. Bu yaxınlarda YAP-ın 25 illik yubileyi oldu. Prezident İlham Əliyevin çıxışına baxdınız?.. Bilirsiz, başqa cür də ola bilməz, elə danışmalıdır. O, Heydər Əliyevin övladıdır, “Heydər Əliyev Akademiyası”nı qurtarıb, Heydər Əliyevi görüb evinin içində...
- Xaricə çox getmirsiniz, təyyarəyə də minmirsiniz. Türkiyəni isə çox sevirsiniz. Bakı-Tbilisi-Qars dəmir yolu açıldı. Bilirəm ki, ən çox sevinənlərdən biri sizsiniz...
- İnanın, çox sevinirəm, dövlətimiz, Prezidentimiz, ölkəmiz, xalqımız üçün. Bu böyük layihə Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəyə çevrilib, Allah Ondan razı olsun. Hə, ölkədən kənara az çıxıram. İran parlamenti ilə dostluq qrupunun üzvüyəm, bir-iki dəfə İranda olmuşam, Rusiyaya çox getmişəm. Təyyarəyə yenə minmirəm, elə bircə dəfə Məkkəyə getdiyimdir. Onda da yol açıldı, nə deyib getməyəydim, deyəydim, təyyarədən qorxuram? Bizdən yaşlılar həmişə arzusunda olublar Məkkəyə getməyin. İlk qrup bizimki oldu. Mənə qalsa, lap piyada gedərəm, heç təyyarəyə minmərəm. Ümumiyyətlə, mən yuxarıdan baxa bilmirəm, bəlkə də, o yaxşı şeydir ki, insanlara yuxarıdan baxmıram... Bakı-Tbilisi-Qars dəmir yolu açıldı, şükür Allaha, mən də bu yaşda gedib dünyanı gəzərəm, qismət olsa...
- Tolerant adamsız?
- Elə uşaqlıqdan tolerantam, mənim üçün dünyada dinindən, dilindən, məzhəbindən asılı olmayaraq bir yaxşı, bir də pis var. Yoxsa, bu, filan yerdəndir, filan millətdir. Bir millətdən başqa, bəllidir o millət... Köhnə kişilər deyirdilər ki, atamı öldürənə pis deyə bilmərəm, deyərəm, düşmənimdir. Bəlkə, atam elə bir iş görüb ki, belə də olmalıydı. Bacarsam, qanımı alaram, ancaq ona pis demərəm... İndi Allahdan gizli deyilsə, bunun hamısını deyirəm. Qardaşın qardaşa, atanın övlada, oğulun anasına xəyanət etdiyini görə-görə necə deyə bilərəm, filankəs mənim yerlimdir? Həmişə çalışıram insanları bir-biri ilə mehriban edim. Bakıda, demək olar ki, yerliçilik qalmayıb, 80 faiz gedib, qız verib, qız alıblar, qaynayıb-qarışıblar. İndi görürəm, hər yerdən adam var, hamısı da elə mehribandır ki. Bir dəfə, iki dəfə, insanlar öyrəşirlər bir-birinə. Bunu deyirəm və sözümün arxasında da dururam, dövlətin əli çiynində olmasa, heç bir Madər, heç bir məmur, nə bilim, hörmətli ağsaqqal heç nə edə bilməz. Əgər bir adam dövlətə çəp baxsa, o, nə hörmətli olar, nə də ağsaqqal, heç kim ola bilməz. Çünki göydə Allahdır, yerdə dövlət, dövlət başçısı...
- Qafqazın ən böyük məscidi, Heydər məscidi də sizin rayondadır, Binəqədidə...
- Bu məscidin bizim rayonda tikilməsi böyük etimaddır, Allah Prezidentimizdən razı olsun. Hər gün bu məscidi görəndə sevinirəm. Ölkədə ilk vəhdət namazı da burada qılındı. Azərbaycan artıq dünyada tolerantlıq örnəyidir...
- Kənddə nə dəyişib?
- Kəndimiz də çox dəyişib. Rəsmi 50 min əhali var, amma təqribən 70 min insan yaşayır kəndimizdə. Təzə yollar çəkilib, yeraltı keçid tikilib, yüz yaşlı Mədəniyyət evi üçün gözəl bina tikilib. 182 saylı məktəbdə 4 mindən çox şagird oxuyur. Cənab Prezidentin köməkliyi ilə indi Binəqədi poliklinikasının həyətində təzə bir məktəb də tikilir, orada yer çox idi... Biləcəri qəsəbəsi də əvvəlki deyil, çox abadlaşıb. Keçid tikilib, yollara asfalt salınıb, istilik sistemi yaxşılaşdırılıb və s. Mən bundan sonra da dövlətim, xalqım üçün bacardığımı edəcəm, gördüyüm hər işi borcum bilirəm. Bəzən seçicilər hansısa nazir səviyyəsində problemin həllini istəyirlər. Belə olanda onları həmin istiqamətə yönəldirik. Amma Allah şahiddir ki, imkanım, səlahiyyətim çatan qədər hər kəsə kömək edirəm. Kəndimizdə qaçqın-köçkün də çoxdur, bu insanlara arxa olmaq lazımdır. Onların ən böyük sınıqlığı odur ki, ata-babalarının qəbrini, elini-obasını qoyub gəliblər...
- Mehriban xanım Əliyeva da Birinci vitse-prezident statusunda ilk görüşlərini məhz qaçqın və məcburi köçkünlərlə keçirdi...
- İnanın, mən bu görüşləri çox təqdir edirəm. Mehriban xanım xalqımızın doğmasıdır. Bir mən yox, ailəmizdə də onun gördüyü işlərə heyranlıqla baxırlar. Xeyirxahlığı qanından, genindən gəlir, atasından, babalarından gəlir. Heydər Əliyev kimi şəxsiyyətin gəlini olub. Rəhmətlik Heydər Əliyev vəzifə sahiblərinə, imkanlılara dönə-dönə tapşırırdı ki, gedin qaçqın-köçkünlərin yaşayışı ilə maraqlanın, görün necə yaşayırlar, hansı problemləri var, kömək edin. Heydər Əliyev qaçqın və məcburi köçkünləri çadırların caynağından aldı, sonra da oğlu. İndi Mehriban xanım da onların çox qayğısına qalır...
- Valideynləriniz deputat olduğunuz günləri gördülərmi?
- Allaha şükürlər olsun ki, gördülər, Həccə getməyimi də gördülər. Amma, inanın, yadıma gəlmir, atam bir dəfə məni tərifləsin, əzizləsin, canıma and içsin, belə şey yox idi. Heç o da yadımda deyil ki, Məkkədən gələndə məni öpdü, ya yox?..
- Bəs siz övladlarınıza, nəvələrinizə istəyinizi bildirirsiniz?
- Qətiyyən... Hələ oğlanlarımla, kürəkənimlə əl verib görüşdüyüm, onları öpdüyüm olmayıb. Nəvələrim də, bir bizə gələndə sevinirəm, bir də gedəndə (gülür). Hamısını çox istəyirəm ey, onlardan ötrü canımdan keçərəm, amma mən də atam kimi istəyimi üzə vura bilmirəm, ürəyimdə istəyirəm...
- 70 yaşın ən böyük hədiyyəsini Allah “nəticə” payı, Prezident İlham Əliyev isə “Şərəf” ordeni ilə verdi sizə...
- Allah arzusunda olanlara qismət eləsin, bu hissləri gərək insan özü yaşasın, onda bilər necədir. Allahımdan çox razıyam. Allah istəyəni, məncə, dövlət də, dövlət başçısı da, insanlar da istəyir. “Şərəf” ordeni böyük qiymətdir, Prezident İlham Əliyev 60 yaşımda “Şöhrət” ordeni vermişdi mənə. Bu, o deməkdir ki, cənab Prezidentin diqqətindəyəm. 10 milyon əhalimiz var, bu boyda daxili, xarici siyasət, bu boyda işlər... Bu işlərin içərisində məni də yada salıb, məni, ailəmizi sevindirib, vallah, söz tapmıram. Allah da Onu sevindirsin, dövləti, ailəsi, övladları, nəvələri tərəfindən... Prezident bir qələm versə də, onu ömrümün sonunadək saxlayaram, övladlarıma da vəsiyyət edərəm ki, siz də özünüzdən sonra gələnlərə verin, Prezident İlham Əliyevin yadigarıdır... Qaldı ki, “nəticə”, o da insanın həyatının nəticəsidir. Kənddə yaşlı qadınlar dua edərdilər ki, ay oğul, Allah sənə nəvə-nəticə qismət eləsin...
- Nəticənizin adını da özünüz qoydunuz?
- Hə, Zeynəbxanım... Ailədə uşaqların hamısının adını mən qoymuşam. Bəzən deyirəm, ata-anaları cavandır, bəlkə, arzuları var, özləri qoysunlar, sonra görürəm, yox ey, hamı məni gözləyir...
- Yenə uşaqlarla bir həyətdə yaşayırsınız?
- Hamımız bir həyətdəyik, bu, böyük sevincdir. Keçmişdə deyərdilər ki, qardaş qardaşa xəbər göndərməz, qardaş qardaşın səsinə gələr...
- “Artıq kim olduğumu sübut etmişəm, həyatım alınıb” deyirsiniz, demək, Allahın nəzəri olub üstünüzdə...
- Hökmən... Bunu izah etməyə ehtiyac yoxdur. Allahımdan çox razıyam. Bilirsən, hər nəslin bir yük aparanı var. Bunu Allah edir ki, qalanlara böyüklük etsin. Böyük olmaq çətindir, asan deyil, kənardan yaxşı görünür... Amma inanın, ömrümün hər günündə uşaqlığımı yada salıram. Heç uşaqlığım olmayıb ha... Evin tək oğlu idim, atam birinci qrup müharibə əlili, anam birinci qrup əlil, bacılarım da məndən balaca idilər. Mənsə həmişə yükün altında, ora-bura qaçmışam. Əvvəlcə xırda-para biznesə başladım. Yay tətilində satıcı şagirdi işlədim. Sonra satıcı, mağaza müdiri oldum. Moskva Kooperativ İnstitutunu oxudum. Sovet hökumətinin asan-kəsən vaxtlarında ticarətdə işlədim, bir tənqidim olmadı, əksinə, “Ticarət əlaçısı” aldım, bu, ən yüksək mükafat idi, hər adama vermirdilər. Bugünkü firavanlığıma, xoşbəxtliyimə, “həyatımın alınmağına” görə həm də o balaca, o qoçaq, o zəhmətkeş, o qayğılı uşağa borcluyam. Amma Allahın nəzəri həmişə o uşağın üstündə olub. 1990-cı ildə heç ağlıma gəlməzdi ki, deputat seçilərəm. Sovet dövründə mağaza müdiri nəydi, deputat nəydi. Kəndimizin ağsaqqalları məscidə yığışıb qərara gəliblər ki, namizədliyimi versinlər. Bu da Allahın işidir, yoxsa istəyirsən, Harvardı qurtar, xeyri yoxdur, bu, insan işi deyil, Allahın nəzəri olmalıdır adamın üstündə. Şükür olsun, mənim üstümdə hər zaman Allahın nəzəri olub...
- Maşallah, özünüz heç dəyişməmisiz. Bəs həyatda nəyi dəyişmək istərdiniz?
- Mən dəyişməyi sevmirəm, özü də heç nəyi. Nə əqidəmi, nə sədaqətimi, nə dostlarımı, heç nəyi... Heç Milli Məclisdə yerimi də dəyişməmişəm. 25 ildir İmamverdi İsmayılovla “parta yoldaşı”yam. Kimsə başqası ilə əyləşə bilər ey, qəbahət yoxdur. Amma mən ürəyimə salıram ki, bax, İmamverdi ilə otururdum, indi niyə başqası ilə oturmalıyam? Hərdən dostlarımla zarafat edəndə də deyirəm ki, mən heç nəyi dəyişmirəm. Nə maşının, nə telefonun nömrəsini, nə də dostlarımı. Heç kənddən də ayrıla bilmirəm. Qışı var, qarı var, iş şəhərdədir, hər gün gedib-gəlmək, amma kəndə öyrəşmişəm... Kimsə yenilik sevir, yenilik xatirinə yenilik edir, mən də beləyəm...
- Milli-mənəvi dəyərlərin aşınmasından həmişə gileylənirsiniz. Milli Məclisdə bununla bağlı qanun hazırlanırmı?
- Bu, yaralı yerimdir, vallah... Məsəlçün, bu gün evlənib, sabah boşanırlar. Gör, nə qədər boşanma var? Bu qədər boşanma olar? Deyirlər, zəmanə belədir, razı deyiləm, zəmanə elə həminkidir də. Amma kəndlərdə, nisbətən azdır... Bəzi verilişlər də bu meyilli insanlara kömək edir. Birində deyir, atanın sözünə bax, digər verilişdə deyir, yox, böyümüsən, taleyin öz əlindədir. Bu, uşaq oyunudur? Ailə Allahın əmanətidir. Nəsə alanda sənə heç sənəd verirlər? Yox... Ailə quranda isə mütləq kəbin kağızı verirlər. Əgər bir adam Allahın əmanətini saxlaya bilmirsə, dövlətin əmanətini necə saxlaya bilər? Bəlkə, bir az sərt deyirəm, amma düz başa düşsünlər, elə asan deyirlər ki, ayrıldım, boşandım... Nə deməkdir bu? Bütün nəsil, el-oba bir-biri ilə düşmən olur, ata-ana zülm çəkir... Böyük mövzudur ey, mənə qalsa, çox sərt qanun tələb edərəm. Siz də qanun deyirsiz, bu, elə qanundur da, millət vəkili deyir, siz də yazırsız. Özü də, milli-mənəvi dəyərlər qanunla tənzimlənmir, bunlar cəmiyyətin yazılmamış qanunlarıdır. Kişi kişi olmalı, ailəsinin təəssübünü çəkməli, ailəsini dolandırmalıdır, qadın da həyat yoldaşını, ailəsini fikirləşməlidir...
- Millət vəkillərindən də çox şey umurlar....
- Kənardan asan görünür. Görürsən, futbol oynayırlar, azarkeşlər qışqırır ki, topu burdan vur, ordan vur. Vurmaq çətindir ey... İndi deyirlər, mən deputat olsam, belə edərdim, elə edərdim. Mən deputatam da, de mənə, mən də edim...
- 70 yaşın ovqatı necədir? Yaşın artması insana necə təsir edir?
- Vallah, yaşınla düzgün rəftar eləsən, hər yaşın öz gözəlliyi var. Adam var, deyir, ad günüm yaxınlaşdıqca, fikirləşirəm ki, bir il də qocaldım. Mən, əksinə, Allaha şükür edirəm ki, bunu da gördüm, hər saniyəmə şükür edirəm. Amma yaşlandıqca adamın məsuliyyəti də artır, daha 5 il əvvəlki hərəkəti etmək olmaz. Keçmişdə o təhsilsiz analarımız uşağa tərbiyə verəndə Aristoteldən, Sokratdan, Ruzveltdən, nə bilim, Çörçilldən danışmırdılar ki. Deyirdilər, ay oğlum, bunu eləmə, eyibdir, onu eləmə, günahdır. İndi bu iki söz əvəz olunub “noolar”... Bəzən görürsən, yaşlı insandır, özünü cavan kimi, yaxud, əksinə, cavandır, özünü yaşlı insan kimi aparır. Həmişə yaşıdlarıma deyirəm ki, cavanların yanında ehtiyatlı olun. Üzümüzə demirlər, amma bizdən uzaqlaşan kimi deyirlər ki, filankəs budur...
- Ağdamda, Şuşada olmusunuz?
- Çox... Təkcə Laçında, Kəlbəcərdə olmamışam, bilmirəm niyə? Bu saat icazə versələr, yenə gedərəm. Bu yaşımda, bu mövqeyimdə hər şeyə hazıram, təki torpaqlarımızı xilas edək. Bütün Azərbaycan Qarabağa getmək istəyir. İndi sən ağdamlısan, bizdən bir köynək yaxınsan ora, bizdən çox istəyirsən getməyi... Qarabağ məsələsi məni də çox sıxır, hər bir azərbaycanlını sıxır, lap pisini də sıxır. Allahın köməyi, Prezidentimizin səyi ilə bu problem də həll edilər. İnanın, hamıdan çox istəyən də elə Prezidentdir. Çox çalışır, hamımız görürük də, elə bir tədbir olmur ki, Qarabağdan danışmasın...
- Yeni yaşınızın arzuları nədir?
- Allah, Peyğəmbəri xatirinə, ölkəmizi, xalqımızı, Prezidentimizi qorusun, dövlətimizi möhkəm eləsin, bu mənəvi əzabdan da qurtarsın bizi. Bəzi beynəlxalq təşkilatlar bizə nəyisə diktə eləməsinlər. Müstəqil ölkəyik, dövlətimiz, bayrağımız, Prezidentimiz, parlamentimiz, qanunlarımız, mentalitetimiz var, özümüz bilərik neynirik, neynəmirik. Biz onlara dəymirik ki, onların bizimlə nə işi var? Bizim qanunlar Fransada keçməz ki? Fransanınkı da bizdə keçməz... Biz, məsəlçün, ev tikiriksə, öz iqlimimizə uyğun tikməliyik də. Göyçayın Bığır kəndindəki nar Xaçmazda bitmir, lap calaq etsən də. Ordubadın limonunu Bakıya gətir, Bakının zəfəranını da apar Ordubada, bitməyəcək... Bir də arzu edirəm, Allah ağlımızı başımızdan almasın, heç kimin pulu ağlından çox olmasın, Allah şeytana lənət eləsin ki, insanları çaşdırmasın...
- Yaşamağa dəyər, Madər müəllim, yaşamaq lazımdır, arzu edirəm, 80 illik yubileyinizdə görüşək...
- Çox sağ olun... Qismət İlahidən...
FİRUZƏ NADİR
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

