Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycançılıq müstəqil Azərbaycan dövlətinin əsas ideyasıdır

Azərbaycançılıq müstəqil Azərbaycan dövlətinin əsas ideyasıdır

01.03.2018 [10:05]

Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən qaynaqlanan azərbaycançılığın təbliği milli dövlətçiliyin gücləndirilməsində mühüm rol oynayır
Hər bir milli dövlətin təməlində dayanan milli ideya cəmiyyətin inkişaf xüsusiyyətlərini və istiqamətini müəyyən edən başlıca amillərdən biri kimi çıxış edir. Rasional milli ideyanın əhəmiyyəti müasir dövrdə dünyanın bir sıra regionlarında siyasi, dini, məzhəb, etnik, mədəni zəmində baş verən konfliktlər nəticəsində daxili sabitliyin pozulması, vətəndaş qarşıdurmalarının yaşanmasında özünü aydın göstərir. Məhz belə bir vaxtda sabit inkişaf edən Azərbaycan özünün milli birlik modeli ilə daha çox diqqəti cəlb edir.
Azərbaycançılıq ideyasını milli birlik simvoluna çevirən tarixi şərtlər
Məlumdur ki, müstəqilliyin əldə edilməsi ilə Azərbaycanda siyasi-iqtisadi və ideoloji sferalarda baş verən kəskin dəyişikliklər situasiyaya özünəməxsus reaksiya verən cəmiyyətdə milli enerjinin idarə olunmasını, dövlətin və xalqın mənafeyi naminə ideoloji həmrəyliyin yaradılmasını tələb edirdi. 1991-1993-cü illərin təcrübəsi göstərdi ki, cəmiyyəti birləşdirən, eləcə də dövlətin siyasi, iqtisadi, mənəvi inkişafı üçün milli mənafeyə xidmət edən ideoloji əsaslar olmadıqda cəmiyyətdaxili konfliktlərin yaranması və genişlənməsi üçün əlverişli şərait yaranır. İdeoloji boşluğun yarandığı belə mühitdə çox vaxt maraqlı xarici qüvvələrin əli ilə cəmiyyətə yad, zərərli ideologiyaların şüurlara nüfuz etdirilməsi və milli enerjinin manipulyasiyası təhlükəsi meydana çıxır.
Məhz ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan cəmiyyətində belə bir ideoloji boşluq yaranmışdı. Məlum olduğu kimi, müstəqilliyin qazanılması ilə respublikada kommunizm ideologiyasından imtina edildi, lakin onun əvəzində ölkənin ən təlatümlü günlərində cəmiyyəti vahid bir orqanizm kimi bütöv saxlaya biləcək, təhlükəli tendensiyalara qarşı sipər olacaq konkret ideya irəli sürülmədi. Bunun məntiqi nəticəsi kimi, həmin dövrdə Azərbaycan cəmiyyətində yaranan ideoloji boşluq ölkəni dini-ideoloji poliqona çevirmək təhlükəsi ilə üz-üzə qoydu.
Beləliklə, Azərbaycanda ictimai münasibətlərdə müşahidə olunan deqradasiya, mənəvi aşınmanın qarşısını ala biləcək, cəmiyyətdə etno-dini birliyi bərpa edə biləcək milli ideologiyaya ehtiyac var idi. Məhz belə bir çətin və məsuliyyətli dövrdə xalqın tələbi ilə ölkə rəhbərliyinə gələn Ümummilli lider Heydər Əliyev ilk növbədə diqqəti dövlətçiliyin qorunub saxlanmasında böyük əhəmiyyətə malik olan milli birliyin yaradılması və yeni cəmiyyət quruculuğu prosesinə yönəltdi. Bu məsələdə ideoloji faktorun rolunu düzgün dəyərləndirən Ulu öndər azərbaycançılıq məfkurəsini cəmiyyətdəki bütün etnosların və konfessiyaların maraqlarını ödəyəcək, ideoloji yarğanlara bölünmüş Azərbaycan cəmiyyətini birləşdirəcək ideya-siyasi struktur kimi irəli sürdü.
Əlbəttə, azərbaycançılığın ideya əsasları olan tarixi yaddaşın, milli adət-ənənələrin, Ana dilinin qorunması, milli şüurun oyadılması və s. məqamlar XIX əsrin sonu - XX əsrin əvəllərində milli maarifçilik hərəkatının nümayəndələri - H.B.Zərdabi, A.Bakıxanov, M.F.Axundov, C.Məmmədquluzadə, N.Vəzirov, N.Nərimanov, Ö.F.Nemanzadə və dövrün başqa ziyalılarının əsərlərində, publisistik yazılarında irəli sürülüb. Lakin ilk dəfə olaraq məhz Ümummilli lider Heydər Əliyev bu ideyanı tam dolğun konsepsiya şəklinə salaraq onu yeni çalarlarla zənginləşdirdi. Azərbaycançılıq ideologiyası dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir azərbaycanlını vahid amal, ideya və Vətən ətrafında birləşdirir. Azərbaycançılığı təbliğ etməkdə Ulu öndərin məqsədi yaşadığı məkandan asılı olmayaraq, hər bir azərbaycanlıya, soydaşımıza vətənpərvərlik hissini, tarixi torpaqlarımıza, dilimizə, mədəni irsimizə, dövlət rəmzlərimizə məhəbbət aşılamaq idi.
Azərbaycançılığı dövlət siyasətinin əsas ideya bazasına çevirən Ulu öndər Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının Birinci Qurultayındakı çıxışında onun əsas mahiyyətini soydaşlarımızın diqqətinə çatdırıb: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.
Ulu öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” sözləri isə azərbaycançılığın təməl şüarına çevrilib.
Azərbaycançılığın dövlət siyasəti səviyyəsinə yüksəldilməsini göstərən ən bariz cəhət bu ideologiyanın bərabərlik, humanizm kimi əsas prinsiplərinin Konstitusiyanın müddəalarında öz əksini tapmasıdır.
Azərbaycançılığın təbliği milli birliyin və dövlətçiliyin gücləndirilməsində mühüm faktordur
Azərbaycandakı milli birlik mühitinin formalaşması cəmiyyətin bütün kəsimlərinin mənafeyini ifadə edən, həmçinin hər bir Azərbaycan vətəndaşını, azərbaycanlını öz ölkəsi, vətəni ətrafında birləşdirən azərbaycançılıq ideyasının təbliği və real ictimai-siyasi münasibətlər sferasında tətbiqi sayəsində mümkün olub.
Azərbaycançılıq ideyasının təbliği ən müxtəlif sferalarda və fasiləsiz olaraq aparılır. Ümummilli lider Heydər Əliyevin təkmil ideologiya şəklinə saldığı azərbaycançılıq konsepsiyasına sadiq qalan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda milli birlik özünü qabarıq formada göstərir. Azərbaycan dilinin, mədəniyyətinin qorunmasına, xalqımızın zəngin tarixinin öyrənilməsinə xidmət edən dövlət siyasəti, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün hər il müxtəlif səviyyələrdə təntənə ilə qeyd olunması, 2001-ci ildə əsası qoyulan və 2016-cı il 3-4 iyun tarixlərində dördüncüsü keçirilən Dünya Azərbaycanlılarının qurultayları hər bir soydaşımızı müstəqil Azərbaycan Respublikasının ətrafında sıx birləşdirərək, milli maraqları müdafiəyə təşviq edir.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli Sərəncamı, eləcə də ölkə başçısı tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi və bununla əlaqədar dövlət və ictimaiyyət səviyyəsində müxtəlif səpkili silsilə tədbirlərin keçirilməsi də azərbaycançılıq ideologiyasının təbliği baxımından böyük əhəmiyyət daşıyır.
Bununla yanaşı, məktəblərdə uşaqlara dövlət rəmzləri, ölkənin zəngin tarixi, mədəni irsi öyrədilir, vətənə məhəbbət hissi aşılanır. Həmçinin Azərbaycan xalqının qədim tarixinin, mədəniyyətinin, mədəni-mənəvi irsinin müasir auditoriyaya çatdırılmasında kütləvi informasiya vasitələrinin üzərinə götürdüyü vəzifə azərbaycançılıq ideologiyasının təbliğində mühüm əhəmiyyətə malikdir.
Görülən işlərin nəticəsi olaraq, bu gün azərbaycançılıq ideologiyası cəmiyyətimizdə harmoniya və sabitliyin, sağlam ictimai münasibətlərin möhkəm əsasını təşkil edir.
Azərbaycançılıq prinsipləri xalqımızın milli-mənəvi dəyərlərindən qaynaqlanır
Şübhə yoxdur ki, bu gün cəmiyyətimizdə mənəvi-psixoloji sabitliyin möhkəmlənməsinin əsas səbəbi dövlətin istər daxili, istərsə də xarici siyasətində azərbaycançılıq prinsiplərinə sadiq qalmasıdır. Bu isə Azərbaycanda müasir cəmiyyət quruculuğu prosesinin uğurla həyata keçirilməsində əsas faktorlardan biri kimi çıxış edir.
Azərbaycançılıq respublikamızda müxtəlif xalqların, konfessiyaların nümayəndələrinin ötən yüzilliklərdə olduğu kimi, birgə qarşılıqlı anlaşma və harmoniya şəraitində yaşamasına və ölkənin gələcəyi naminə birgə çalışmasına da zəmin yaradır. Azərbaycançılıq ideyasının multikulturalizm prinsipi ilə ahəngdar uzlaşması və buna xidmət edən dövlət siyasəti böyük önəm və maraq kəsb edir. Qeyd etdiyimiz kimi, Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərə, dinlərə mənsub olan insanların mehriban şəraitdə birgə yaşadığı məkan olub. Azərbaycan dini, irqi, etnik, mədəni ayrı-seçkiliyin olmadığı bir ölkədir. Əhalisinin böyük hissəsinin İslam dininə etiqad etdiyi Azərbaycan toplumu müxtəlif konfessiyalar və etnik qruplar arasında qarşılıqlı anlaşma, sülhsevərlik, tolerantlıq kimi insani dəyərlərə sahibdir. Azərbaycan xalqının kökündən, milli-mənəvi dəyərlərindən irəli gələn xoşgörü və tolerantlıq əsrlər keçsə də, dəyişməyərək, müasir cəmiyyətimizin ayrılmaz xarakterik xüsusiyyətinə çevrilib. Təqdirəlayiq haldır ki, müstəqil Azərbaycan Respublikasının konstitusion əsasları xalqımızın əsrlərdən gələn bu kimi yüksək mənəvi dəyərlərinə söykənir. Azərbaycan Konstitusiyasının və digər qanunlarının müddəaları da ölkəmizdəki tolerant mühiti hüquqi baxımdan əsaslandırır. Hər bir kəs hüquqi, dünyəvi, unitar dövlət olan Azərbaycanda başqalarının hüquqlarına xələl gətirmədən öz etiqadına və adət-ənənələrinə sadiq qalmaq imkanına sahibdir.
Bunlar onu göstərir ki, Azərbaycanda həyata keçirilən dövlət quruculuğu prosesində milli dəyərlər, xalqın mədəni-psixoloji xüsusiyyətləri hər zaman nəzərə alınır. Məhz buna görə də dövlət siyasəti səviyyəsinə qaldırılan azərbaycançılıq ideologiyası müasir demokratiyanın təməlində dayanan vətəndaşlıq, dünyəvilik, qanunun aliliyi prinsipləri ilə xalqımızın milli-mədəni irsindən irəli gələn tolerantlıq, çoxmədəniyyətlilik, vətənpərvərlik, ədalət, milli birlik kimi dəyərlərin birləşməsinin uğurlu formulu kimi özünü göstərir. Bu səbəbdən də qonşu regionlarda dini, etnik zəmində yaşanan təlatümlər fonunda Azərbaycan “sabitlik adası” kimi öz yolunda irəliləməkdə davam edir.
Beləliklə, əminliklə söyləyə bilərik ki, harada olmasından asılı olmayaraq, soydaşlarımız böyük həmrəyliyə nail olaraq yüksək milli şüur səviyyəsi nümayiş etdirirlər. Bu gün hər bir azərbaycanlı həmrəyliyin və milli birliyin önəmini dərk edir və bunu xalqımızın gələcəyə doğru inamla addımlamasında zəngin sərvət kimi əziz tutur. Məhz bu ideoloji əsasla hər bir çətinliyin öhdəsindən gəlmək, Azərbaycanın davamlı inkişafını təmin etmək və daha böyük uğurlar əldə etmək mümkündür.
Aqşin ŞAHİNOĞLU
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Paylaş:
Baxılıb: 547 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31