Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Prezident İlham Əliyev tərəfindən Azərbaycanda təhsilə xüsusi diqqət və qayğı göstərilir

Prezident İlham Əliyev tərəfindən Azərbaycanda təhsilə xüsusi diqqət və qayğı göstərilir

08.10.2009 [09:40]

Həyata keçirilən islahatlar nəticəsində təhsilimiz günü-gündən inkişaf edir
ötən saylarımızda məlumat verdiyimiz kimi “Yeni Azərbaycan” qəzeti “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin qaliblərini redaksiyamıza dəvət etmək, onlarla bağlı mütəmadi repotajlar hazırlamaq və bu yolla Prezident İlham Əliyev tərəfindən mükafatlandırılan təhsil işçilərini ictimaiyyətə tanıtmaq niyyətindədir. Bu istiqamətdə hazırladığımız növbəti yazımızda “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibləri sırasında olan 20 saylı məktəb-liseyin direktoru Ələkbər Qocayev, 3 saylı məktəbin direktoru Nizami Novruzov, Natiq Tağıyev adına 212 saylı orta məktəbin direktoru Qurban Həsənov və Abdulla Şaiq adına 54 saylı məktəbin direktoru Sahibə Abbasovanın müsabiqə haqqında fikirlərini təqdim edirik.
“Təqdimat mərhələsində keçirdiyim həyəcanı hələ heç bir kürsüdə hiss etməmişəm”
Əkbər Qocayev 20 saylı məktəb-liseyin direktoru, “Əməkdar müəllim”dir. Əkbər müəllim deyir ki, ötən il məktəbin rəhbərliyinə yeni təyin olunduğu üçün bu təhsil ocağının müsabiqəyə qatılmasına cəsarət etməyib: “çünki məktəbdə müsabiqədə qalib gəlməyimizə mane ola biləcək bir sıra problemlər vardı. Lakin ötən bir il ərzində bu problemlərin böyük qismini həll etdik. Artıq məktəbimizin sənədlərini müsabiqəyə təqdim etməyə özümüzü hazır hesab edirdik”.
Ə.Qocayevin sözlərinə görə, onlara müsabiqədə iştiraka cəsarət verən digər amillər də olub: “Onu da deyim ki, 20 saylı orta məktəb əvvəllər nümunəvi təhsil ocaqlarından olub, yəni burada böyük təhsilvermə ənənəsi var. Yaxşı kadr bazası nəinki məktəbi dirçəltməyə, hətta yeniliklər etməyə imkan verir. Bilirsiniz ki, ölkə Prezidentinin Sərəncamı ilə binamız yenicə təmirdən çıxıb. Ən müasir şərait qurulub. Bu amillər bizə qələbəyə ümid etməyə tam əsas verirdi. Bütün bunları nəzərə alaraq sənədlərimizi müsabiqəyə təqdim etdik və 5 şkalalı göstərici üzrə 3.6 bal qazandıq”.
Direktor deyir ki, daha yüksək bal toplamağa maneə yaradan bəzi amillər olub: “Məsələn, məktəbimizdə müəllim-şagird sıxlığı vardı. Bu amil müsabiqədə göstəricilərimizə təsir etdi. Qeyd edim ki, artıq müəyyən qədər seyrəltmə aparmışıq. Digər tərəfdən müsabiqədə iştirak etdiyimiz vaxt internet şəbəkəsinə də qoşulmamışdıq. Yüksək bal toplamağımıza mane olan bu çatışmazlığı isə “Elektron məktəb” layihəsi çərçivəsində aradan qaldırdıq”.
Əkbər Qocayev deyir ki, sonuncu mərhələ onun üçün daha həyəcanlı olub: “Ən son-təqdimat mərhələsində keçirdiyim həyəcanı hələ heç bir kürsüdə hiss etməmişəm. Təsəvvür edin ki, dizlərim əsirdi. Təqdimatı tətbiqinə yeni başlanan məsələlər üzərində qurdum. Kurikulum və İKT-nin tətbiqində müşahidə edilən problemlər və nailiyyətlərdən danışdım, təkliflərimi verdim. Sonunda məktəbimiz də qaliblər arasında oldu. Bir məqamı da qeyd etmək istəyirəm. Mükafat olaraq veriləcək vəsait rəhbərlik etdiyim məktəbdə maddi-texniki bazanın möhkəmləndirilməsinə sərf olunacaq”.
“çalışırıq ki, Prezidentin təhsil sahəsinə ayırdığı diqqətə layiq olaq”
Nizami Novruzov Bakı şəhər 3 saylı məktəbin direktorudur. Rəhbərlik etdiyi müəssisədə 1500 nəfər şagirdin təhsil aldığını deyən Nizami müəllim mümkün qədər ən müasir yeniliyi tətbiq etməyə çalışdıqlarını bildirib: “Prezident İlham Əliyev tərəfindən Azərbaycanda təhsilə xüsusi diqqət və qayğı göstərilir. Həyata keçirilən islahatlar nəticəsində təhsilimiz günü-gündən inkişaf edir. Bu islahatlar eyni zamanda müəllimlərimizi də həvəsləndirir. Biz dövlət başçısına öz təşəkkürümüzü bildirir və çalışırıq ki, Prezidentin təhsil sahəsinə ayırdığı diqqətə layiq olaq”.
Nizami müəllim onu da deyir ki, “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi kimi onlara veriləcək pul vəsaitini bəzi problemlərin həlli istiqamətində xərcləyəcəklər.
“İslahatların həyata keçirilməsi Azərbaycan təhsilinin, ölkə məktəblərinin gələcəyini təmin edir”
Qurban Həsənov Bakı şəhəri Natiq Tağıyev adına 212 saylı orta ümumtəhsil məktəbinin direktorudur. “Qabaqcıl maarif xadimi”, “Zərdabi” adına mükafatın laureatı olan Qurban müəllim öncə təhsillə bağlı həyata keçirilən islahatlardan razılığını ifadə etdi: “Bu islahatların həyata keçirilməsi Azərbaycan təhsilinin, ölkə məktəblərinin gələcəyini təmin edir. Buna görə mən Prezident İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Bu, təhsilin uğurlu gələcəyinə hesablanan əməli addımdır. Bu addımların hər birinin arxasında məktəblərin inkişafı, müasirləşməsi və ən yüksək tələblər səviyyəsinə qalxması dayanıb”.
Q.Həsənovun sözlərinə görə, istənilən məktəb bu müsabiqəyə şagirdləri, müəllimləri, texniki avadanlığı, hətta səliqə-səhmanı ilə birgə qatılır və qalib olmaq üçün bunlar kompleks şəkildə nəzərə alınır: “Bizim məktəb də kompleks şəkildə komissiyanın qarşısına çıxdı və qalib oldu. Məktəbimizin ötənilki məzunlarının 60 faizi artıq ali məktəb tələbəsidir. Bu, məktəbdə verilən təhsilin səviyyəsinin göstəricisidir. Təbii ki, bu bizim göstərə biləcəyimiz ən yüksək nəticə deyil. çatışmazlıqlarımız da var və mükafat olaraq bizə veriləcək vəsaiti həmin çatışmazlıqların aradan qaldırılmasına sərf edəcəyik”.
“Müsabiqədə qələbə qazanmaq çətin olmasa da, həyəcanlı idi”
Sahibə Abbasova Abdulla Şaiq adına 54 saylı məktəbin direktorudur. Onun sözlərinə görə, müsabiqədə qələbə qazanmaq çətin olmasa da, həyəcanlı idi: “Rəhbərlik etdiyim məktəb həmişə sayılıb-seçilən olub və burada direktor olduğum iki il ərzində mənə qədər əldə edilən uğurlardan da yararlandım. Doğrusu, bu uğurlarla, məktəbimizin indiyə qədər qazandığı nailiyyətlərlə qalib gəlmək çətin olmadı. Ancaq həyəcan bütün proses boyu məni tərk etmədi. Bəlkə də sıradan bir məktəbin direktoru olsaydım, bu qədər həyəcanlanmazdım. Məktəbimizin nüfuzlu, öz sözünü demiş olması qələbəni asanlaşdırdığı kimi, məsuliyyətimi də artırırdı”.
Sahibə xanım deyir ki, onun üçün ən həyəcanlı anlar təqdimat zamanı olub: “Bu da səbəbsiz deyildi. Təqdimatdan uğursuz çıxmaq məktəbin keçmişinin, nailiyyətlərinin üstündən xətt çəkmək olardı. Bu, məsələnin mənəvi tərəfidir. Danışmaq, vaxtında sözünü bitirmək tələbi ilə yanaşı, nazirin sözümü kəsəcəyi narahatlığı isə müsabiqənin şərtlərindən irəli gələn həyəcan idi və bu amil gərginliyimi daha da artırırdı. Bu həyəcandan sonra nazir Misir Mərdanovun təqdimatımı 10 balla dəyərləndirməsi mənim üçün artıq ən yüksək nəticə, ən böyük qiymət idi. İnanın ki, komissiyanın digər üzvlərinin çıxışımı hansı balla qiymətləndirməsi ilə heç maraqlanmadım. Prezidentin Sərəncamında məktəbimizin adının qeyd olunması nəinki bir müəllim kimi, məktəb rəhbəri kimi fəaliyyətimdə ən yüksək zirvə oldu”.
S.Abbasova deyir ki, rəhbərlik etdiyi məktəbin builki məzunlarının 60 faizi ali məktəblərə qəbul olub: “Mərkəzləşmiş buraxılış imtahanlarında yalnız bir şagirdimiz uğursuz nəticə göstərib. Ən təcrübəli müəllimlərlə işləyirik. Rəhbərlik etdiyim təhsil müəssisəsi yeniliklərin tətbiqində maraqlı olan bir məktəbdir. İndiki mərhələdə artıq 3 kompüter otağımız var. Demək olar ki, məktəbin hər hansı ciddi problemi yoxdur. Prezidentin Sərəncamı ilə ayrılan vəsait isə məktəbin inkişafına sərf olunacaq”.
Ruhiyyə DAŞSALAHLI,
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 1482 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31