Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bərdə məktəbinin böyük uğuru

Bərdə məktəbinin böyük uğuru

15.08.2019 [09:38]

Bərdə şəhər 8 nömrəli tam orta məktəbinin 11 B sinfinin 27 şagirdinin hamısı tələbə adını qazanıb
Xəbər verildiyi kimi, Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib. Bərdə şəhər 8 nömrəli tam orta məktəbinin məzunları bu il rekord göstərici qazanıblar. Belə ki, məzunların bir çoxu Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 600-dən çox bal toplayıb. Onlardan biri - Fidan Quluzadə 677 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub. Bundan başqa, Nərmin Hüseynova (637) Bakı Mühəndislik Universitetinin mühasibat uçotu və audit fakültəsi, Mahsun Kamranlı (630) Bakı Dövlət Universitetinin hüquq fakültəsi, Şamxal Kamilli (623) Bakı Dövlət Universitetinin hüquq fakültəsi və Leyla Babayeva (617) Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olublar.
Təbii ki, regionlarımızda yerləşən təhsil müəssisələrinin belə bir uğura imza atması sevindirici olmaqla yanaşı, həm də müxtəlif mətləblərdən xəbər verir. Bu, ilk növbədə həmin təhsil müəssisələrində tədrisin keyfiyyətli təşkilinin göstəricisidir. Elə Bərdə şəhər 8 nömrəli tam orta məktəbin şagirdlərinin qazandığı uğur da bu amillə sıx bağlıdır. Məktəbin direktoru, Əməkdar müəllim Qənbər Ağayev qəzetimizə açıqlamasında bildirib ki, məktəb 2007-ci ildə istifadəyə verilib. Hazırda məktəbdə 1382 şagird təhsil alır, 93 müəllim fəaliyyət göstərir. Təhsil ocağı qabaqcıl məktəblər sırasına daxil olub. Eləcə də 3 müəllim ilin müəllimi seçilib. Bu il məktəbin 37 məzunu tələbə adını qazanıb. Direktorun sözlərinə görə, məktəb istər rayon, istərsə də respublika səviyyəsində müsbət göstəriciləri ilə seçilir: “Məktəbimiz hər zaman öz nizam-intizamı, şagirdlərin dərsə davamiyyəti və ən əsası, təhsilin keyfiyyətinə görə müsbət dəyərləndirilib. “İlin ən yaxşı məktəbi” nominasiyası üzrə mükafatçılar sırasında yer alan məktəbimizin şagirdləri dəfələrlə intellektual yarışların iştirakçısı və qalibi olub. Eləcə də respublika səviyyəli bilik yarışlarında məktəbimizi təmsil edən komandalar dəfələrlə çempion olub. Bu mənada, məktəbimizin yetirmələrinin yüksək nəticələr əldə etmələri təsadüfi deyil. Hər il şagirdlərimizin bir neçəsi 600-dən yuxarı bal toplayıb. Builki göstərici isə daha yüksəkdir”.
Q.Ağayev adıçəkilən sinifdə 27 şagirdin təhsil aldığını və sinif üzrə ümumi bilik səviyyəsinin çox yüksək olduğunu dilə gətirib. Onun sözlərinə görə, belə bir uğur gözlənilirmiş: “Şagirdlərimizin yüksək nəticələr əldə edəcəyinə şübhəmiz yox idi. Müəllimlərimizin, valideynlərin tələbkarlığı və övladlarının təhsilinə göstərdikləri diqqət bu uğurun qazanılmasında böyük rol oynayıb”.
Sonda direktor tələbə adını qazanan gəncləri təbrik edərək, onlara təhsildə və gələcək həyatda uğurlar diləyib, yüksək bilikli mütəxəssis kimi yetişməyi və Vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə edib.
11 B sinfinin sinif rəhbəri və riyaziyyat müəllimi İfadə Həmidova da bu nəticəni gözlədiklərini diqqətə çatdırıb. Bildirib ki, humanitar təmayüllü sinifdə 27 şagird təhsil alıb. Şagirdlərin hamısı tələbə adını qazanaraq respublikanın nüfuzlu ali təhsil müəssisələrinə daxil olub. Onun sözlərinə görə, bu, illərlə çəkilən zəhmətin nəticəsidir: “İstər valideynlər, istər məktəb rəhbərliyi, istərsə də müəllim kollektivi şagirdlərin keyfiyyətli təhsil almaları üçün bütün güclərini səfərbər edirlər. Ümumiyyətlə, bizim məktəbimiz həm təhsil səviyyəsinə, həm də nizam-intizamına görə müsbət mənada dəyərləndirilir, seçilir. Çox sevinirik ki, nəticə də gözəl oldu. Şagirdlərimizin hər biri ümidləri doğrultdu”.
Yeri gəlmişkən, yüksək bal toplayan abituriyentlərin də fikirlərini öyrəndik. Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda 631 bal toplamış Mahsun Kamranlı Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Həmsöhbətimiz bir neçə il öncə, atasını avtomobil qəzasında itirib, anası isə evdar xanımdır. Ailənin ən böyük övladı olan Mahsunun kiçik bacısı isə növbəti illərdə Tibb Universitetinə qəbul olmaq arzusundadır. Ümidləri doğrultduğu üçün o, özünü çox xoşbəxt hiss etdiyini, belə bir nəticəyə yalnız zəhmət nəticəsində nail olunduğunu deyir: “İmtahanlarda yüksək nəticələr qazanmaq istəyən abituriyentlərə müntəzəm çalışmağı məsləhət görürəm. Müəllimlərin tapşırıqlarını dəqiq yerinə yetirmək, yüksək bal toplamağa can atmaq lazımdır. Ən əsası isə, məktəb illərində yaxşı oxuyaraq təməli möhkəm qoymaq lazımdır ki, sonrakı hazırlıq dövrü daha asan olsun. Gələcəyin hüquqşünası olmaq və insanlara layiqli xidmət etmək istəyirəm. Bir sözlə, bu göstərici mənim üçün, sadəcə, uğurun başlanğıcıdır”.
Həmsöhbətimiz bildirir ki, dövlətimizin təhsilə göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artmaqdadır: “Heç şübhəsiz, ölkəmizin daha da inkişaf etməsi üçün biz gənclər də əlimizdən gələni etməliyik. Yaxşı oxumalı, harada olmağımızdan asılı olmayaraq, ölkəmizi layiqincə təmsil etməyi bacarmalıyıq. Bu istiqamətdə bizim üçün hər cür şərait yaradılıb”.
Sinfin başqa bir şagirdi - Şamxal Kamilli də parta yoldaşı kimi BDU-nun hüquq fakültəsini seçib. İmtahanlarda 623 bal toplayan Şamxal düzgün motivasiya və sistemli çalışaraq hər bir abituriyentin bu nəticəni əldə edə biləcəyini söyləyir: “Sualları çox rahatlıqla cavabladım. Qarşıma qoyduğum məqsədə çatmaq üçün kiçik yaşlarımdan çalışmışam. Gələn il tələbə adını qazanmaq arzusunda olan abituriyentlərə də demək istəyirəm ki, sistemli və nizamlı şəkildə dərslərini oxusunlar. Ən gözəl istirahət açıq havada gəzintidir. Sosial şəbəkələrdən, telefon və televizordan, bir sözlə, əyləncələrdən qısa müddətlik uzaq dursunlar. Bu nəticə onlar üçün də əlçatan olacaq. İştirak etdiyim bütün sınaq imtahanlarında yüksək nəticə qazanırdım. Yüksək bal toplamağı fitri istedad kimi qələmə verməyə çalışırlar. Lakin bu, belə deyil. Əgər uğurun 10 faizini fitri istedad təşkil edirsə, 90 faizi də çalışmaqdan asılıdır. Dərsləri əzbərləməkdənsə, öyrənməyin tərəfdarıyam. Hər kəs kimi, mən də əldə etdiyim nəticəyə görə çox sevindim. Ali təhsilimi isə hüquqşünaslıq ixtisası üzrə davam etdirəcəyəm. Artıq arzumun reallaşmasının bir addımlığındayam. Ən böyük arzum prokuror olmaqdır”.
İmtahanlarda 617 bal toplamış Leyla Babayeva isə Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsini seçib. Qəbul imtahanında yüksək göstəricini uğur zəncirinin növbəti halqası hesab edən Leylanın sözlərinə görə, heç bir kursa və yaxud repetitor yanına getmədən özü hazırlaşıb: “İmtahan zamanı hər kəs kimi, mən də həyəcanlı idim. Bu həyəcan suallara cavab verə bilməməklə bağlı deyil, məsuliyyətdən irəli gəlirdi. Çünki məni evimizdə, hətta təhsil aldığım məktəbdə belə böyük ümidlərlə gözləyənlər var idi. Sadəcə, çox oxumaq və dərslərə məsuliyyətlə yanaşmaq kifayətdir. Bu sahə üzrə biliklərimi uğurla tətbiq edərək həyatda öz yerini tapmış və təsdiqləmiş bir filoloq olmaq istərdim”.
Həmin qaliblər siyahısına adını yazdıranlardan biri də Nərmin Əhmədlidir. 587 bal toplayan Nərmin BDU-nun tarix fakültəsini seçib: “Çox xoşbəxtəm. Xoşbəxtlikdən bu dəqiqə belə həyəcan içindəyəm. Uğurumu anama və müəllimlərimə borcluyam. Biliklərə yiyələnməyimdə və formalaşmağımda daim onların dəstəyini hiss etmişəm. Düşünürəm ki, uğur əldə etmək üçün insana 3 şey lazımdır: hədəf, çalışqanlıq və özünəinam. Növbəti il imtahan həyəcanını yaşayacaq abituriyentlərə demək istərdim ki, sistemli və davamlı olaraq çalışsınlar, yuxu rejimini isə pozmasınlar. Ən əsası isə, özlərinə inansınlar. Əslində, xırda nüans kimi görünsə də, imtahan zamanı düzgün vaxt bölgüsü çox önəmli faktordur. Bundan sonra da böyük hədəflərim var”.
539 bal toplamış Aytac Hüseynova da digər sinif yoldaşları kimi, uzun müddət, müntəzəm imtahana hazırlıq prosesi keçib: “Qəbul imtahanından öncə keçirilən sınaq imtahanlarında iştirak etmişəm, onların hamısında nəticələrim yüksək olub. Bundan sonra qəbul imtahanında yüksək bal toplayacağıma inamım daha da artmışdı. Təəssüf ki, müəyyən mexaniki səhvlər və imtahan həyəcanı daha yüksək bal toplamama imkan vermədi. Dövlət Təhlükəsizlik Xidmətinin Akademiyasına daxil oldum. Akademiyanı seçməyimin ən böyük səbəbi odur ki, ölkəmizin inkişafında mühüm rol oynayan gənclərdən biri olmaq, eyni zamanda, vətənpərvər qadınlar sırasında yer almaq istəyirəm. Uğur əldə etmək üçün ilk növbədə mübarizə əzmi lazımdır. Bu uzun prosesdə həmişə yanınızda sizə dəstək verən insanlar olmalıdır. Bu uğuruma görə valideynlərimə və əməyi keçən bütün müəllimlərə təşəkkür edirəm. Abituriyentlərə, o cümlədən şagirdlərə məsləhət görərdim ki, oxumağa sonuncu illərdə deyil, daha əvvəldən başlasınlar. Əzbərçiliyə deyil, məntiqi düşüncəyə daha çox üstünlük versinlər. Ən əsası isə, özlərini imtahanlara psixoloji cəhətdən yaxşı hazırlasınlar”.
Sonda gənclər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, onlar üçün yaradılan şəraitdən lazımınca yararlanaraq, ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.
Müşfiqə BAYRAMLI

Paylaş:
Baxılıb: 739 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31