Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsi davam edir

“Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsi davam edir

29.08.2019 [08:54]

Düşərgə iştirakçıları müxtəlif peşəkar hərbi təlimlərə cəlb olunacaq, qarovul, atəş, topoqrafiya, komandir və digər hərbi hazırlıqlarda iştirak edəcəklər
Məlum olduğu kimi, “ASAN xidmət”, “ASAN Könüllüləri” Təşkilatı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Gədəbəy Rayon İcra Hakimiyyəti və “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinə start verilib. Avqustun 26-da tədbirə “Yeni Azərbaycan” qəzeti də daxil olmaqla, 20-dən artıq media qurumunun nümayəndəsi qatılıb.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Şəmkir rayonunda yerləşən abidəsi önünə gül dəstələri düzüb, xatirəsini hörmət və ehtiramla yad ediblər. Sonra iştirakçılar Şəmkir rayonunda yerləşən Heydər Əliyev Mərkəzi və Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birliyi ilə tanış olublar. Burada Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani, Hərbi Birliyin zabit heyəti və digər qonaqlar iştirak ediblər.
Qonaqlar çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş və Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən hərbi quruculuqdan, o cümlədən ölkəmizin müxtəlif regionlarının sosial-iqtisadi inkişafından söz açıblar. Həmçinin diqqətə çatdırılıb ki, “ASAN Könüllüləri” tərəfindən dövlətçiliyin möhkəmləndirilməsi və gənclərin hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində uğurlu layihələr icra olunub.
Sonra “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin iştirakçıları Şəmkir Hərbi Birliyində zabit və əsgərlər üçün yaradılmış şəraitlə yaxından tanış olublar.
Daha sonra tədbir iştirakçıları Gədəbəy rayonuna gəliblər. İştirakçılar əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Düşərgə üzvləri, həmçinin Gədəbəy rayonunun mərkəzində ucaldılmış Sovet İttifaqı Qəhrəmanı Nadir Quliyevin və Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun abidəsini ziyarət edib, hər iki döyüşçünün xatirəsini böyük hörmət və ehtiramla anıblar. Tədbirdə Məzahir Rüstəmovun valideynləri də iştirak edib. Çıxış edən polkovnik Abdulla Qurbani hər iki döyüşçünün keçdiyi şərəfli ömür yolu və şücaəti barədə düşərgə üzvlərinə ətraflı məlumat verib. Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun atası, professor İzzət Rüstəmov çıxış edərək nəinki onların övladlarına, eləcə də Vətən uğrunda canından keçən bütün şəhidlərin xatirəsinə dövlətimiz tərəfindən böyük hörmət və ehtiram göstərildiyinə görə Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.
Sonra “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin iştirakçıları Gədəbəy rayonunun Düzyurd-Miskinli yaylağına gəliblər.
Tədbiri açan polkovnik Abdulla Qurbani son illərdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılmış ordu quruculuğundan və qazanılmış uğurlardan danışıb. Bu cür tədbirlərin gənclər arasında vətənpərvərlik hissinin yüksəlməsinə xidmət etdiyini deyən A.Qurbani Aprel döyüşlərinin düşmənə sarsıdıcı zərbə vurduğunu, işğal altında olan torpaqlarımızın isə tezliklə Azərbaycan Ordusunun gücü ilə geri qaytarılacağına əminliyini ifadə edib.
“Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin məqsədi gənclərdə döyüş ruhunun yüksəldilməsi və hərbi vətənpərvərliyin artırılmasıdır. “Hərbiyyə” hər dəfə daha çox gəncimizi əhatə edir. Bu gün “ASAN Könüllüləri” 19 mindən artıq gənci öz ətrafında birləşdirib. Könüllülər bu günə qədər 500 layihə həyata keçiriblər. “Hərbiyyə” bugünkü şəraitdə Azərbaycan gəncinin ən vacib və faydalı tədbirlərindən biridir. Hər birimiz Azərbaycan əsgəriyik. Bu gün əsgərimizin xidmət etməsi üçün hər cür şərait yaradılıb. Bizə qalan dövlətə, dövlətçiliyə və Ali Baş Komandana sədaqətlə xidmət etməkdir. Gələcəkdə bu düşərgədə iştirak edən gənclərin sayı daha da artırılacaq”. Bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev açılış mərasimində deyib. Agentlik sədri qeyd edib ki, III “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsi bu günə qədər keçirilən ən yüksək tədbirlərdən biridir.
Tədbirdə çıxış edən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun birinci vitse-prezidenti Müzadil Həsənov gənclər üçün bu cür hərbi düşərgələrin keçirilməsinin vacibliyini qeyd ediblər.
Çıxışlardan sonra hərbi orkestrin ifasında müxtəlif marşlar səslənib, xüsusi təyinatlıların nümunəvi çıxışları təqdim edilib.
Səfər çərçivəsində media nümayəndələri və “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin iştirakçıları Gədəbəyin müdafiəsində dayanan hərbi hissələrin bölmələrində də olublar. Belə ki, xüsusi təyinatlılar, dağ atıcıları onlara nümunəvi göstərişlər təqdim ediblər. “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin iştirakçıları olan “ASAN Könüllüləri” də hərbçilərə qoşularaq dağ aşırım əməliyyatlarında, çay keçidində ekstremal şəraitdə necə hərəkət etməli olduqlarını öyrənib, yarışlarda iştirak ediblər. Fərqlənən könüllülər hərbi hissənin rəhbərliyi tərəfindən hədiyyə ilə mükafatlandırılıblar. Həmin gün eyni zamanda silah və texnika sərgisinə baxış olub. Sərgidə Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi silah və digər avadanlıqlar nümayiş olunub. Sonda “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin iştirakçıları əsgərlərlə birlikdə səhra şəraitində nahar ediblər.
Daha sonra düşərgə iştirakçıları Milli Qəhrəman Məzahir Rüstəmovun şəhid olduğu Mutudərə zirvəsinə də qalxıblar. Zirvədə “Şəhidlər ölməz, vətən bölünməz” devizi altında anım mərasimi keçirilib.
Qeyd edək ki, 26-30 avqust tarixini əhatə edəcək “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsində iştirakçılar müxtəlif peşəkar hərbi təlimlərə cəlb olunacaq, taktiki hazırlıq, qarovul, atəş, topoqrafiya, komandir və digər hərbi hazırlıqlarda iştirak edəcəklər. Eyni zamanda, müxtəlif tarixi-mədəni ərazilərə ekskursiyalar təşkil olunacaq.
Müşfiqə BAYRAMLI

Paylaş:
Baxılıb: 468 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31