Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Vətəndaşların hüquqlarının təminatında mühüm rol oynayan məhkəmə qərarlarının vaxtında və dürüst icrasının təmin olunması icra məmurlarının ən ümdə vəzifələrindən biridir

Vətəndaşların hüquqlarının təminatında mühüm rol oynayan məhkəmə qərarlarının vaxtında və dürüst icrasının təmin olunması icra məmurlarının ən ümdə vəzifələrindən biridir

20.11.2019 [09:56]

22 noyabr ədliyyə işçilərinin peşə bayramı günüdür
Demokratik hüquqi dövlət quruculuğu yolunu tutmuş ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir, ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə mühüm qərarlar qəbul olunur, ardıcıl tədbirlər görülür.
Ölkə başçısı cənab İlham Əliyev cari ilin mart ayında məhkəmə-hüquq islahatlarına ciddi ehtiyac olduğunu bəyan edərək onların yeni mərhələsinin başlanmasına təkan vermişdi. “Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı isə bu prosesin əsas istiqamət və prioritetlərini müəyyən etmişdir.
Fərmanda verilmiş tapşırıq və tövsiyələrin həyata keçirilməsi məqsədilə intensiv iş aparılmış, eyni zamanda qabaqcıl beynəlxalq təcrübə öyrənilmiş, habelə məhkəmə qərarlarının icrası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı qanunvericilik aktlarının layihələri daxil olmuşdur. Həmçinin məhkəmə, cinayət təqibi və məhkəmə qərarlarının icrası orqanlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının, o cümlədən “Elektron məhkəmə”, “Elektron icra” sistemlərinin tətbiqinin genişləndirilməsinə yönəlmiş qanunvericilik və praktiki tədbirlər həyata keçrilmişdir.
İctimai münasibətlərin daimi dəyişməsi, yeni informasiya texnologiyalarının və innovasiyaların tətbiq edildiyi müasir dövrdə ictimai münasibətlərin inkişaf sürəti dəfələrlə artmışdır.
Ümumilikdə Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı məhkəmə hakimiyyətinə və məhkəmələr tərəfindən qəbul edilmiş qərarların icrasına ictimai etimadın artmasına xidmət edir.
Bu Fərmandan irəli gələn verilmiş tapşırıqların icrası ilə əlaqədar “Elektron icra” informasiya sisteminin tətbiqi genişləndirilmiş, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınması üzrə konkret tədbirlər görülmüş, qanunvericilik təkmilləşdirilərək “İcra Məcəllə”sinin layihəsi hazırlanmış, icranın alternativ mexanizmləri, o cümlədən icranın özəl qurumlara həvalə edilməsilə bağlı qabaqcıl beynəlxalq təcrübə öyrənilərək müvafiq təkliflər verilmişdir.
Eyni zamanda mütəmadi olaraq İcra Baş İdarəsi tərəfindən məhkəmə qərarlarının vaxtında və dürüst icrasının təmin olunması, xüsusilə sahibkarlıq fəaliyyəti və alimentlə bağlı icra işlərinə nəzarətin gücləndirilməsi, məhkəmələrin müəyyən edilmiş fəaliyyət qaydasının səmərəli təminatına diqqətin artırılması, “Elektron icra” informasiya sisteminin və “Elektron sənəd dövriyyəsi”nin tətbiqinin genişləndirilməsilə bağlı göstərişlər verilir.
Həmçinin icra xidmətinin yerli qurumlarının fəaliyyətinə nəzarətin artırılması, icra məmurlarının peşəkarlığının yüksəldilməsi, vətəndaşlara layiqli xidmət göstərilməsi və onların müraciətlərinə həssaslıqla yanaşılması, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi Ədliyyə Nazirliyinin və İcra Baş İdarəsinin daim diqqət mərkəzindədir.
2001-ci il dekabrın 27-də “İcra haqqında” Qanun qəbul edilməsi ilə İcra icraatı institutunun və onun fəaliyyətinin təşkilati-hüquqi əsaslarının sonrakı inkişafında yeni mərhələ başlandı. Bu Qanuna sistemli şəkildə dəyişikliklər edilməsilə yanaşı, həmçinin İcra icraatı sahəsində yer almış təşkilati-hüquqi problemlərin də aradan qaldırılmasına imkan yaratdı.
Məlum olduğu kimi, “İcra haqqında” Qanun qəbul edilməsi ilə icra prosesində əvvəllər mövcud olmuş problemli məsələlərin əksəriyyəti tənzimlənmişdir ki, bu da icra fəaliyyətinə müsbət təsir göstərmişdir. Eyni zamanda, vətəndaşların hüquqlarının təminatında mühüm rol oynayan məhkəmə qərarlarının vaxtında və dürüst icrasının təmin olunmasına zəmin yaratmışdır.
“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcraat zamanı həyata keçirilən məcburi icra tədbirləri Konstitusiyaya və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin ali məqsədinin və funksiyasının həyata keçrilməsi sahəsində icra məmurlarının öz vəzifə və səlahiyyətlərini yerinə yetirməsidir.
Məhkəmə və digər orqanların qərarlarının icrası zamanı vətəndaşların konstitusiya ilə təsbit olunmuş hüquqlarının qorunması icra məmurlarının ən ümdə vəzifələrindən biri hesab olunur. Belə ki, hər hansı bir icra predmeti üzrə borclu hüquqi və ya fiziki şəxs barədə məcburi icra tədbirləri həyata keçirmək zərurəti yaranarsa, “İcra haqqında” Qanunun müvafiq maddələri tətbiq edilməklə tənzimlənir. İcraat zamanı praktikaya müraciət etsək görərik ki, məsələn, hər hansı bir icra predmeti üzrə hüquqi və ya fiziki şəxs barədə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranarsa, icra məmuru tədqimatla məhkəməyə müraciət etməzdən əvvəl Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” təlimata uyğun olaraq könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin etməli, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməli, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o cümlədən onun yaşadığı mənzilə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlamalıdır.
Yuxarıda qeyd edilən xüsusatlar, yəni məcburi icra tədbirlərinin tətbiqi vətəndaşların konstitusion hüquqlarının təminatı qorunmaqla həyata keçirilir.
Konstitusiyanın 12-ci maddəsinə istinad etsək orada qeyd edilir ki, “insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir”.
İcraat praktikasında tez-tez borcluların dövlət adından çıxarılmış məhkəmə qərarlarının icrasını təmin etməməsi hallarına rast gəlinir. Belə olan halda icra məmurları tərəfindən borclular barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məcburi icra tədbirləri tətbiq etməklə yanaşı, onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş qaydada (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktı icra etməmə); “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-cü maddəsinin tələblərinə uyğun olaraq (icra məmurunun qanuni tələblərini yerinə yetirməmə) müvafiq tədbirlər görülür.
“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və ya icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tədbirlərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında İcra Xidmətinin (Baş İcra Məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər.
Qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraat zamanı vaxt məhdudiyyətinin uzadılması bilavasitə icraatda iştirak edən tərəflərin, xüsusən də borclunun konstitusion hüquqlarından tam istifadə imkanlarını zəruri edir, bu da vətəndaş hüquqlarının təminatı deməkdir.
Digər tərəfdən, iş üzrə borclu məhkəmə qərarını bu və ya başqa səbəbdən icra etmir. Qanun isə onun (borclu şəxs) cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin kommentariyasının 6-cı bəndində qeyd edilir ki, məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda təhlil edilən cinayət tərkibini yaradır. Bu əmələ görə cinayət məsuliyyəti məsələsini həll edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli qərarını nəzərə almaq zəruridir. Orada deyilir ki, Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallar yaranır. Deməli, məhkəmə aktını qərəzli icra etməməyə görə cinayət məsuliyyəti müvafiq şəxsin inzibati məsuliyyətə cəlb edilməsindən sonra yarana bilər. Lakin şəxsin İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş olması avtomatik olaraq CM-in 306-cı maddəsi ilə cinayət məsuliyyətinə gətirib çıxara bilməz. Həmin Plenum qərarında deyilir ki, CM-in 306-cı maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin olub-olmamasını müəyyən etməlidir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar.
- məhkəmə qərarında nəzərdə tutulmuş tədbirlərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi;
- borcluya məhkəmə qərarının icra edilməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi;
- borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi;
- borclu tərəfindən məhkəmə qərarlarının icrası üçün yetərli tədbirlərin görülməməsi;
- borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olmaması.
Konstitusiya məhkəməsinin mövqeyindən aydın olur ki, məhkəmə aktını icra etməyən şəxsin bunu qərəzli olaraq edib-etməməsi inzibati məsuliyyətə cəlbetmədən sonra aydınlaşdırılmalıdır və yalnız bu əlamət mövcud olduqda cinayət təqibi başlaya bilər.
Konstitusiya məhkəməsinin şərhindən də görünür ki, vətəndaşların hüquqlarının təminatı dövlətin ali məqsədidir.
Məmməd Müsəllimov
Bakı şəhəri, Binəqədi rayonu, İcra və probasiya şöbəsinin
icra məmuru, I dərəcəli ədliyyə qulluqçusu

Paylaş:
Baxılıb: 533 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31