Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Vətəndaş cəmiyyətinin inkişafında yeni keyfiyyət mərhələsinin əsasını qoyan innovativ tətbiq

Vətəndaş cəmiyyətinin inkişafında yeni keyfiyyət mərhələsinin əsasını qoyan innovativ tətbiq

04.12.2019 [09:38]

Yaxud həm dövlətin, həm də vətəndaşların mənafeyinə cavab verən SƏLİS-in tətbiqi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimai nəzarətin effektiv təşkilində maraqlı olduğunu bir daha təsdiqləyir
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və son 16 ildə davam etdirilən siyasət nəticəsində regionun lider dövlətinə çevrilən Azərbaycan hər keçən gün ərzində yeni-yeni uğurlar əldə edir. Məhz bu uğurların fonunda beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilən ölkəmiz, eyni zamanda, nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi də tanınır. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu siyasət, həmçinin müxtəlif sahələri əhatə edən islahatlar öz müsbət nəticələrini verməkdədir. Prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq dövlət qurumlarında şəffaflıq, aşkarlıq və əlçatanlığın bərqərar olması istiqamətində atılan addımlar, həmçinin bunların fonunda yaradılan yeni xidmətlər isə vətəndaşların işini asanlaşdırmaq, hansısa sənədin əldə olunması və s. istiqamətlərdə əlavə vaxt itkisinin qarşısını almaqla yanaşı, ölkəmizə beynəlxalq aləm tərəfindən diqqətin daha da artmasına səbəb olur. Məsələn, artıq bir neçə ölkə Azərbaycan brendi kimi qəbul edilən “ASAN xidmət”in tətbiqində maraqlı olduğunu açıqlayıb. Eyni zamanda, “ASAN xidmət” BMT tərəfindən mükafatlandırılıb.
Öz fəaliyyətində daim yeniliklərin tətbiqini, qeyri-hökumət təşkilatları ilə münasibətlərdə şəffaflığı əsas prinsip kimi öndə tutan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu baxımdan müsbət mənada fərqlənən qurumlardan biridir desək, heç də yanılmarıq. Ölkədə aparılan iqtisadi, sosial və kadr islahatlarına dəstək vermək, qeyri-hökumət təşkilatlarının qrant layihələrinin qiymətləndirilməsi və icrası zamanı ictimai nəzarətin effektiv şəkildə təşkilinə nail olmaq, milli maraqların qorunmasını ön planda tutmaq istiqamətində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələn Şuranın bu ildən etibarən tətbiq etdiyi SƏLİS (Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi) xidmətinin uğurlu nəticələr verməsi də deyilənləri təsdiqləyir.
Şura fəaliyyətində yeniliklərin tətbiqini, qeyri-hökumət təşkilatları ilə münasibətlərdə şəffaflığı daim öndə tutub
SƏLİS xidməti barədə ətraflı məlumat verməzdən öncə vurğulamaq yerinə düşər ki, fəaliyyət göstərdiyi 10 ildən çox müddət ərzində hər zaman şəffaflıq, aşkarlıq və hesabatlılıq prinsiplərinə böyük önəm verən Şura daim QHT-lərə, vətəndaş cəmiyyətinə, dövlətə, xalqa xidmət edib. Təbii ki, bu sırada milli və dövlət maraqlarının qorunması istiqamətində atılan məqsədyönlü addımları xüsusi olaraq vurğulamaq lazımdır. Məsələn, əksər ekspertlərin də qeyd etdikləri kimi, Şura yaranana qədər xarici donor təşkilatlar Azərbaycanın milli maraqlarına yönəlmiş addımları, Dağlıq Qarabağ, qaçqın və məcburi köçkün problemləri ilə bağlı layihələri maliyyələşdirməyiblər. Bu tendensiyaya yalnız milli donor institutu formalaşandan sonra son qoyulub.
Yuxarıda da vurğuladığımız kimi, Şura fəaliyyətində yeniliklərin tətbiqini, qeyri-hökumət təşkilatları ilə münasibətlərdə şəffaflığı daim öndə tutub. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni brendi olan SƏLİS xidmətinin tətbiqi isə bu istiqamətdə atılan növbəti və mühüm addımdır. Qısa şəkildə təqdim etsək, deyə bilərik ki, bu, vətəndaş cəmiyyətinin inkişafında yeni keyfiyyət mərhələsinin əsasını qoyan innovativ tətbiqdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin bildirdiyi kimi, onu yaratmaqda məqsəd qeyri-hökumət təşkilatlarına dövlət dəstəyini müasir dövrün tələblərinə uyğun şəkildə təşkil etmək, QHT-dövlət münasibətlərində yeni əməkdaşlıq modelini formalaşdırmaq, Şuranın fəaliyyətində şəffaflığı, hesabatlılığı və səmərəliliyi daha da artırmaq, ictimai nəzarəti və qərar qəbulu prosesində vətəndaşların iştirakını təmin etməkdən ibarətdir. Şura Prezident İlham Əliyevin elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı, həmçinin dövlət qurumlarının göstərdiyi elektron xidmətlərin təkmilləşdirilməsi ilə əlaqədar imzaladığı Fərman və sərəncamları rəhbər tutaraq, göstərilən xidmətləri tam elektronlaşdırmaq və keyfiyyətini yaxşılaşdırmaq məqsədilə 2019-cu ildə 20 yeni elektron xidmət istifadəyə verib. Bununla da elektron hökumətə keçid tam başa çatdırılıb. Bu xidmətlər Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemi adı altında elektron bazada birləşdirilib.
SƏLİS həm beynəlxalq ekspertlər, həm də yerli ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir
Bu məqamda onu da əlavə edək ki, Şura təkcə yenilikəri tətbiq etməklə kifayətlənmir, bu yeniliklərin vətəndaşlar arasında təbliğinə də xüsusi önəm verir. Məsələn, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilk dəfə olaraq 2019-cu il dördüncü qrant müsabiqəsi çərçivəsində ölkənin bütün vətəndaşlarını QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı qiymətləndirməyə dəvət edib. Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanovun da vurğuladığı kimi, burada əsas məqsəd Şuranın fəaliyyətinin maksimum dərəcədə əlçatanlığını və dövlət vəsaitinin xərclənməsi prosesində vətəndaşların iştirakını, yəni ictimai nəzarəti təmin etməkdir.
Məhz bu məqsədlə Şuranın yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramının ictimaiyyətə təqdimatı keçirilib və Bakı Dövlət Universitetində, Azərbaycan Dillər Universitetində, Gəncə Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, həmçinin digər yerlərdə keçirilən təqdimatların nəticəsi sevindirici olub. Belə ki, 2019-cu il dördüncü qrant müsabiqəsinə təqdim edilən 265 layihədən 254-ü ekspertlərin və vətəndaşların qiymətləndirilməsi üçün onların ixtiyarına verilib və 10 min 930 vətəndaş bu prosesdə iştirak edib. Təxminən 73 şəhər və rayonu əhatə edən prosesdə 12 min 491 rəy daxil olub. Bu rəylərdən 11 min 271-i qeydiyyata alınıb. Beləliklə, ekspertlərdən yekun keçid balı (60 və daha çox) toplamış layihələrin sayı 101, vətəndaşlardan keçid bal (20 və daha çox) toplayanların sayı 101, həm ekspertlərdən, həm də vətəndaşlardan keçid balı toplayan 30, vətəndaş rəyləri 0 olan layihələrin sayı isə 59 olub. 1-20 bal arası toplayan layihələrin sayı isə 94 olub.
Onu da vurğulayaq ki, Şuranın tətbiq etdiyi yeni proqramlar istər ölkə daxilində cəmiyyətin müxtəlif təbəqələri, istərsə də beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilib. Məsələn, BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisi Qulam İshaqzai Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemini vətəndaş cəmiyyətinin fəaliyyətində şəffaflığın təmin olunması baxımından əhəmiyyətli addım kimi dəyərləndirib. Qulam İshaqzai bu istiqamətdə göstərilən bütün səylərin BMT tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin vitse-prezidenti Natalia Bourjali isə deyib ki, təmsil etdiyi Mərkəz uzun müddətdir Şura ilə səmərəli əməkdaşlıq edir: “Bu gün əməkdaşlığımız yeni bir səviyyəyə qalxıb. Mən mütəmadi olaraq Şuranın fəaliyyətini izləyirəm və demək olar ki, hər dəfə yeni elektron xidmətin istifadəyə verildiyinin şahidi oluram. Bütün bunlar olduqca təqdirəlayiqdir. Şuranın e-məsləhət proqramı regional QHT-lər üçün çox önəmlidir”.
Öz növbəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin ölkə üzrə rəhbərliyi Şuranın yeni elektron xidmətlərini ən yaxşı şəffaflıq nümunəsi kimi qiymətləndirib. Agentliyin dəstəyi ilə Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz tərəfindən SƏLİS-ə daxil olan e-məsləhət (Konsultativ dəstək üzrə onlayn xidmət) proqramına texniki yardım göstərilib və xidmətin təşkili üçün zəruri avadanlıqlar alınıb.
“Ortaq dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal isə bildirib ki, Şuranın bu il tətbiq etməyə başladığı SƏLİS proqramı təkcə Şura ilə QHT-lər arasında münasibətləri, layihələrin idarə edilməsi prosesini tənzimləmək üçün deyil, ölkədə elektron xidmətə keçid istiqamətində mühüm addımdır: “Mən bir müddət əvvəl təklif etmişdim ki, müsabiqələr həyata keçirən digər dövlət qurumları “SƏLİS”dən yararlana bilər. Çünki bu zaman həm şəffaflıq, həm də rahatlıq təmin olunur. Sevindirici haldır ki, artıq bu istiqamətdə də uğurlu nəticə əldə olunub. Şuranın bu yaxınlarda 30-a yaxın dövlət və digər qurumlarla birgə layihə müsabiqəsini elan etməsi bir daha sübut edir ki, bu qurum fəaliyyətində cəmiyyətdən gələn istəkləri nəzərə alır”.
Bu gün öz şəffaf fəaliyyəti ilə cəmiyyətin və beynəlxalq aləmin dəstəyini qazanan, QHT sektorunun fəaliyyətinə daha yaxından dəstək olmaq üçün yeni axtarışlarda olan Şura, eyni zamanda, tətbiq etdiyi yeniliklərin vətəndaş cəmiyyəti institutlarına daha dolğun şəkildə çatdırılması üçün müvafiq addımlar atır. Yuxarıda qeyd etdiyimiz kimi, müxtəlif ali təhsil müəssisələrində və digər yerlərdə keçirilən təqdimatlar buna misaldır. Lakin bu da son deyil. Belə ki, Şuranın təşəbbüsü ilə bu il iyulun 19-da Qeyri-Hökumət Təşkilatları Resurs və Təlim Mərkəzində QHT-lər üçün “Layihələrin idarə olunması və hesabatlıq” mövzusunda təlim keçirilib. Eyni zamanda, QHT Şurası SƏLİS-in e-müşahidə proqramına dair videoçarx təqdim edib. Sonda qeyd edək ki, istər bu sadalananlar, istərsə də Şuranın jurnalistlər arasında elan etdiyi “SƏLİS jurnalist” yazı müsabiqəsinin məqsədi də tətbiq edilən yeniliklərə bağlı cəmiyyətə daha dolğun məlumat çatdırmaqdır.
Nadir AZƏRİ
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının elan etdiyi “SƏLİS
Jurnalist” nominasiyası üzrə yazı müsabiqəsinə təqdim edilir

Paylaş:
Baxılıb: 439 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31