Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Multikulturalizm siyasətinin ölkəmiz üçün əhəmiyyəti

Multikulturalizm siyasətinin ölkəmiz üçün əhəmiyyəti

07.12.2019 [10:14]

Hər bir şəxs həm öz mədəniyyətinin, həm də dünya mədəniyyətinin təmsilçisidir. Bir dövlət ərazisində yaşayan çoxlu sayda xalqlar elə dünya mədəniyyətinin həmin dövlətdə kiçik bir mədəni modelini formalaşdırır. Multikulturalizm xalqlarda mədəni və dini tolerantlığı yaradır. Multikulturalizmdə dünyanın dərk olunması əsas prinsip kimi qəbul olunur. Çoxmillətlilik və onun yaratdığı çoxmədəniyyətlilik özlüyündə dünyanın dərk olunmasını ehtiva edir. Bu baxımdan, mədəniyyət fərdin və kollektivin davranışlarından (davranışlar münasibət və əlaqə fonunda meydana gəlir, fərdin resurslara və digər fərdlərə olan əlaqə və münasibətlərini ifadə edir), davranışların yaratdığı adət qaydalarından və bunların da formalaşdırdığı xarakterdən meydana gəlir. Xarakter fərdi və milli kimliyi müəyyən edir. Milli kimlik əsasən dil amilindən formalaşır. Eyni zamanda, mədəniyyətin (adət-ənənə, yaradıcılıq və quruculuq nümunələri) xarakterik xüsusiyyətləri burada önəmli rol oynayır. Xarakteri meydana gətirən kompleks elementlər fərdi və milli mədəniyyəti formalaşdırır. Mədəniyyət fərdə, xalqa, cəmiyyətə, dövlətə xas olan dəyərdir. Dəyərdir, o baxımdan ki, mədəniyyət yaradıcılıq, quruculuq nəticəsidir, yaradıcılıq və quruculuq formalarıdır. Müasir multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş multikulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Bunun sübutlarından biri Azərbaycan Respublikasının inkişafıdır ki, burada Azərbaycanın milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndələri harmonik inkişaf edirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyir: “Leksikonumuzda nisbətən yeni söz olan multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Sadəcə, müxtəlif cür adlanıb, lakin mahiyyəti dəyişməyib”.
Azərbaycan tolerantlıq və multikulturalizm diyarı olaraq humanitar və mədəniyyət sahələrində qlobal əməkdaşlıq üçün əlverişli məkandır. Ölkəmizin qlobal mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsi təsadüfi xarakter daşımır. Hazırda dünyanın bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində fərqli mədəniyyətlərin toqquşmasının nəticəsində xoşagəlməz tendensiyalar meydana çıxır. İslamofobiya, irqçilik, ksenofobiya kimi təhlükəli meyillərin bəzən süni şəkildə alovlandırılması bu cür toqquşmaları daha da dərinləşdirir, nəticədə insan haqlarının pozulması halları artır, sosial sabitlik pozulur. Azərbaycanda isə əsrlərdən gələn multikulturalizm, dözümlülük və qarşılıqlı hörmət mühitində sabitlik, təhlükəsizlik, insan haqlarının müdafiəsi təmin edilib.
Tədqiqatçılar qeyd edirlər ki, Avropa və bəzi Qərb dövlətləri bu ideyadan geri çəkilib. Bunun səbəblərini izah edən mütəxəssislərin qənaətinə görə, Avropa və bəzi Qərb dövlətləri multikulturalizmi idarə etməyin kifayət qədər mürəkkəb kulturoloji vəzifə olması ilə əlaqədar ondan imtina etmişlər. Tədqiqatçıların yazdığına görə, bəzi xalqların nümayəndələri bu və ya digər dövlətlərin milli mədəniyyətinə nə assimilyasiya, nə də inteqrasiya olmağı arzu edirlər. Bu vəzifənin həlli üçün bütün dünyada “homo sapiens” tipli insandan “homo culturalies” tipli insana keçid beynəlxalq proqramının bütün dünyada işlənib hazırlanması və tətbiq edilməsi zəruridir.
Bütün bunların fonunda belə bir yekdil fikir ifadə olunur ki, Azərbaycan multikulturalizm ənənəvi siyasətinin çox yaxşı modelidir. Yəni Azərbaycanda multikulturalizmdən bəhs edən tədqiqatçıların fikrincə, Azərbaycan Respublikasında bu sahə yüksək səviyyədə inkişaf edib.
Onu da qeyd edək ki, hansısa sosial qrupu dini, yaxud etnik mənsubiyyətinə görə adlandırmaq doğru deyil. Çünki sosial qrupların tərkibində etnik mənsubiyyəti önəmsəməyən, yaxud eyni milli mənsubiyyətə malik olan müxtəlif dini inancları daşıyan şəxslərin olması mümkündür. Cəmiyyətdə fərdiləşmə prosesi ilə əlaqədar olaraq müxtəlif dəyərləri özündə birləşdirən sosial subyektlərin ortaya çıxması bu dəyərlər sisteminin ümumilikdə “mədəniyyət” adlandırılmasını ehtiva edir. Dövlətin cəmiyyətin daxili mədəni münasibətlərinə qarışmaması, mədəniyyət daşıyıcılarına bu mənada sərbəstlik tanıması ilk növbədə dövləti əlavə resurslara çəkilən xərclərdən azad edir. Hansısa mədəniyyətin dövlət tərəfindən dəstəklənməsi, təbii olaraq, digər mədəniyyətlərin müxalifliyi ilə nəticələnir. Bu zaman dövlət cəmiyyətin bir hissəsi ilə mübarizə aparmaq məcburiyyətində qalır. Bunun üçün isə dövlət əlavə xərclər çəkməlidir. Hansısa dəyərlər toplusu dövlət tərəfindən etalon kimi qəbul olunarsa, artıq bu, dövlət üçün əlavə problem və yükdür, eyni zamanda, ölkənin sosial-iqtisadi inkişafına mane olan amildir. Yəni Şərqdə bəzən sosial qrupların assimilyasiya siyasəti əks-təsirlə nəticələnir.
Avropada multikulturalizmin böhranının baş verməsinin səbəbinə gəlincə, bu, onunla bağlıdır ki, mədəniyyətlərarası təbii inteqrasiya prosesində miqrantların gətirdiyi mədəniyyət daha güclü oldu. Bu zaman Avropa iki problemlə üz-üzə qaldı: Birinci problem müsəlmanların yerli mədəniyyətin daşıyıcıları ilə inteqrasiyaya getməməsi. Bunun əksi olaraq avropalılarda islama yönəlmə prosesi başlandı. Üstəgəl, müsəlmanlar arasında təbii artım səviyyəsinin yüksək olması Avropa liderlərini narahat edən səbəblərdən biridir.
İkinci problem isə get-gedə ağdərili irqin nümayəndələrinin azalması və təbii artımın hesabına qaradərililərin sayının durmadan artması idi. Bu tendensiya perspektivdə Avropada ağdərili irqin yoxa çıxması təhlükəsini yaradır. Qərbin yeritdiyi siyasət, yəni humanist yolla əhalinin azalmasına istiqamətlənmiş təbliğat Avropanın köklü əhalisində öz təsirini göstərdi. Ailə planlaşdırılması, qadın-kişi bərabərliyi, cinsi azlıqların hüquqları, gender problemləri, qadının cəmiyyətdə rolunun artması və s. kimi məsələlər əslində doğum səviyyəsinin aşağı salınmasına hesablanıb. Lakin miqrantlar bu dəyərləri istənilən səviyyədə mənimsəmədikləri üçün nəticədə Avropa əhalisi azalmağa, miqrantların sayı isə artmağa başladı. Bu isə Qərb mədəniyyətinin get-gedə assimilyasiya olunmasına gətirib çıxara bilər.
Azərbaycana gəldikdə isə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Prezident İlham Əliyev multikulturalizmi rəsmi dövlət siyasəti səviyyəsinə qaldırdı, sistematik fəaliyyətini təmin etdi. Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü Azərbaycançılıq məfkurəsi ölkədə mədəniyyətlər üçün bundan sonra da vahid çətir rolunu oynayacaqdır. Dövlətimizin başçısının IV Bakı Beynəlxalq Humanitar Forumunda dediyi kimi, “Multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir”.
Şahin Hüseynov
Azərbaycan Respublikası
Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının tələbəsi

Paylaş:
Baxılıb: 685 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31