Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan jurnalistikası vətənpərvər olmalı, milli maraqları hər şeydən üstün tutmalıdır

Azərbaycan jurnalistikası vətənpərvər olmalı, milli maraqları hər şeydən üstün tutmalıdır

12.12.2019 [09:18]

Ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı və dövlətimizin maraqları dayanır
Müasir qloballaşma şəraitində milli dövlətlərin öz ənənəvi dəyərlərini qoruması onun müstəqil mövcudluğunu təmin edən, fəaliyyət imkanı yaradan, beynəlxalq münasibətlər sistemində yerini və rolunu təyin edən mühüm şərtlərdən biridir. Yaşadığı torpaqları vətənləşdirən bəşər övladı müəyyən dəyərlərə yiyələnmiş və zaman keçdikcə bu dəyərlərlə yoğrulub millətə çevrilmişdir. Milli-mənəvi dəyərlər adını verdiyimiz həmin dəyərlər millətin özünəməxsusluğunu, başqa sözlə desək, onun milli kimliyini ortaya qoyur. Məhz vətənpərvərlik hissi sayəsində fərd bu dəyərlərə sahib çıxır, həm onları, həm də aid olduğu vətəni, təmsil etdiyi milləti qorumaq üçün canından belə keçməyə hazır olur. Bu baxımdan, Azərbaycan xalqı özünün milli-mənəvi irsinə - onu bütövləşdirən və zənginləşdirən komponentlərə - dil, din, adət-ənənə, eyni zamanda, birgəyaşayış mühiti və tolerantlıq kimi xüsusiyyətlərə söykənərək bəşəriyyətin mürəkkəb və ziddiyyətli ictimai siyasi sınaqlarından məharətlə çıxa bilib, dünya xalqları arasında öz varlığını, dövlətçilik ənənələrini qoruyub saxlamağı bacarıb.
Dövlətlərin gücü və onun xalqının inkişaf səviyyəsi onun milli maraqlarının həyata keçirilməsi ilə əlaqədardır
Ümumiyyətlə, milli maraq, onların müdafiə olunması, maraqların kəsişməsi bəşəriyyətin mövcud olduğu bütün sivilizasiylarda özünü göstərib. Bəzən bu, fərdi, bəzən qəbilə xarakterli olsa da, insanların yaşayışının mühüm şərtlərindən biri olub. Lakin milli dövlətlərin yaranması, inkişafı və dünyanın xəritəsinə təsir etmək meyilləri “maraq” anlayışının tamamilə yeni bir formada qarşımıza çıxmasını və onun mahiyyətinin dəyişməsini şərtləndirib. 1858-ci ildə Böyük Britaniyanın baş naziri Henri Con Palmerapon sonradan bütün dünya dövlətlərinin fəaliyyət prioritetlərini müəyyənləşdirən, hərəkətlərini stimullaşdıran bir fraza işlətmişdi. Baş nazir Con Palmerapon ölkə diplomatiyası ilə bağlı suala cavabında belə demişdi: “İngiltərənin daimi dostları və düşmənləri yoxdur, daimi maraqları mövcuddur”. Palmerapondan bir əsr sonra isə 20-ci əsrin nəhəng siyasətçilərindən biri olan Böyük Britaniyanın baş naziri Uinston Çörçil sələfinin bu fikrindən çıxış edərək demişdi: “Siyasətdə dostlar və düşmənlər olmur, maraqlar olur”.
XIX əsr siyasi leksikonu üçün yenilik olan “maraq” anlayışı böyük dünya müharibələrinin yaşandığı XX əsrdə daha geniş yayılaraq artıq dövlətlərin dünyanın geosiyasi xəritəsində yerini müəyyənləşdirən, hətta dünyanın bölüşdürülməsində başlıca meyar kimi çıxış edən dəyərə çevrildi. Yeni şəraitdə milli dövlətçilik maraqları və ümumiyyətlə maraq anlayışları siyasi elmi nəzəriyyələrdə ən çox müraciət və müzakirə olunan məsələlərdən biri kimi çıxış edir, böyük siyasi məktəblər arasında fikir çaxnaşmasına qədər gedib çıxan anlayış kimi qəbul olunurdu. Məhz belə bir şəraitdə siyasət elminin ən önəmli nümayəndələrindən biri olan Hans Morqentaunun “maraq konsepsiyası” elmi kluarların ən maraqlı diskussiyası halına gəlmiş, onun tərəfdarları və qarşı fikirlilər ortaya çıxmışdı. Morqentauya görə, beynəlxalq siyasət dövlətlər arasında hakimiyyət uğrunda mübarizədir: milli maraqları güdmək normal, arzuolunan və müəyyən mənada zəruri bir fəaliyyətdir. O düşünürdü ki, beynəlxalq münasibətlər sistemində milli maraq hər bir dövlət üçün ən etibarlı istiqamətverici amildir. Bunun üçün hər bir dövlət öz milli maraqlarını güdməlidir. Milli marağın əsasını dövlətin beynəlxalq münasibətlər sistemində hərbi-iqtisadi gücü və nüfuzu təşkil edir, çünki məhz güclü olmaqla dövlət öz məqsədlərinə nail ola bilər.
Tanınmış alim Edvard Karr isə qeyd edirdi ki, müxtəlif dövlətlər güclərini artırdıqda öz milli maraqlarını qorumağa qadir olurlar. Beləliklə, heç də təsadüfi deyil ki, hər bir dövlət və xalq üçün onun milli maraqlarının qorunması, vətəndaşlarının ali mənafeyinin müdafiə olunması başlıca vəzifə kimi ortaya qoyulur. Dövlətlərin gücü və onun xalqının inkişaf səviyyəsi birbaşa və bilavasitə onun milli maraqlarının həyata keçirilməsi ilə əlaqədardır. Azərbaycan da o dövlətlərdəndir ki, özünün müstəqil siyasətini bütün sferalarda uğurla həyata keçirir, heç bir kənar təsir ölkəmizin iradəsinə təsir etmək iqtidarında deyil və istənilən məsələdə milli maraq və mənafelərin diktə etdiyi prinsipial mövqedən çıxış edir.
Azərbaycan xalqı milli maraq hadisəsini idraki baxımdan dərk edən və onu dövlətə münasibətində nümayiş etdirməyi bacaran xalqdır
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, ölkəmizdə həyata keçirilən siyasət milli siyasətdir və bu siyasət Azərbaycan xalqının ali mənafeyinə söykənir. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan xalqının maraqları bizim üçün hər şeydən üstündür. Bu müstəqil siyasi iradənin söykəndiyi ən mühüm güc isə, şübhəsiz ki, milli gücdür, vətəndaş həmrəyliyidir.
O da məlumdur ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mərkəzində ölkə vətəndaşı, onun ali mənafeyi dayanır. Bu siyasət hər bir vətəndaşımızın layiqli həyat şəraiti ilə təmin olunmasına hesablanıb. Dövlətimizin başçısının Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdəki nitqində vurğuladığı kimi, Azərbaycan vətəndaşının da əsas məqsədi o olmalıdır ki, öz həyatımızı müstəqil, qüdrətli Azərbaycan dövlətinin vətəndaşları olaraq ləyaqətlə yaşayaq: “Əsas odur ki, biz öz həyatımızı ləyaqətlə yaşayaq. Ləyaqətli insanlar kimi, Vətənə bağlı olan insanlar kimi, mərd insanlar kimi yaşayaq, quraq, yaradaq, bütün yad qüvələrə cavabımızı verək və öz inkişaf yolumuzu davam etdirək”.
Prezident İlham Əliyevin “Biz düşünülmüş siyasət aparırıq, Azərbaycan xalqının maraqlarına söykənən siyasət aparırıq. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır və Azərbaycan maraqlarıdır. Bu maraqlar hər şeydən üstündür. Beynəlxalq arenada da biz daim öz maraqlarımızı müdafiə edirik” fikirləri də Azərbaycanda həyata keçirilən siyasi kursun konturlarını aydın şəkildə ifadə edir. Dövlətimizin başçısı bütün məsələlərdə milli maraqlarımızı ən yüksək səviyyədə müdafiə etməsi, xalqımızın mənafeyini hər şeydən üstün tutması ilə həm də bütün ölkə vətəndaşları üçün kifayət qədər mütərəqqi bir örnək ortaya qoyur.
Azərbaycan xalqı milli maraq hadisəsini idraki baxımdan dərk edən və onu ictimai, siyasi münasibətlərdə və dövlətə münasibətində nümayiş etdirməyi bacaran xalqdır. Əlbəttə ki, hazırkı mərhələdə Azərbaycan cəmiyyətinin bütün sosial təbəqələrində bu məsələ əksər hallarda şüurlu, bir sıra hallarda isə intuitiv olaraq aydın dərk edildiyi üçün regionda və dünyada baş verən siyasi proseslərə münasibət məhz bu əsaslarda formalaşır.
O cümlədən hərtərəfli dövlət dəstəyi və qayğısı ilə əhatə olunmuş Azərbaycan mediası da fəaliyyətini dövlət başçısının “Milli jurnalistikamız, Azərbaycan jurnalistikası vətənpərvər olmalıdır, milli maraqlar hər şeydən üstün olmalıdır. ...Ümummilli məsələlərdə heç bir kənar fikir ola bilməz” tezisinə uyğun qurmalı, milli və dövlət maraqlarının qorunması istiqamətində dövlətin həyata keçirdiyi siyasətə dəstəyini ifadə etməlidir.
Jurnalistika və media vətəndaş cəmiyyətinin ən mühüm komponentlərindəndir
Sirr deyil ki, jurnalistika və media vətəndaş cəmiyyətinin ən mühüm komponentlərindəndir. Dövlətlərin informasiya təhlükəsizliyinin təmin olunması birbaşa media institutlarının fəaliyyətindən asılıdır. Cəmiyyətin hər bir fərdi kimi media nümayəndələri üçün də milli mənafeyin, dövlət maraqlarının qorunması, dövlətinə və dövlətçilik prinsiplərinə sədaqətlə yanaşaraq vətənin və millətin maraqlarının ifadə edilməsi başlıca tələblərdən biridir. Bu, eyni zamanda, xalqımızın, dövlətimizin qarşısında vətəndaşlıq borcudur. Çünki jurnalist də hər şeydən öncə vətəndaşdır və çalışdığı peşə onu milli vəzifələrini icra etməkdən yayındırmır.
30 ilə yaxındır ki, Azərbaycan istəmədiyi bir münaqişəyə cəlb olunub və torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub. Təbii ki, müharibə şəraitində yaşayan bir ölkənin vətəndaşları olaraq bizim bu məsələlərdə məsuliyyətimiz iki qat daha artıqdır. Nəzərə almaq lazımdır ki, bu gün düşmənlə, sadəcə, hərbi cəbhədə üz-üzə dayanmamışıq. Ermənistan diasporu və dünya erməniliyinə xidmət edən mərkəzlər Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə mane olmaq, Azərbaycanın əzəli torpaqları haqqında tarixi məlumatların saxtalaşdırılması və beynəlxalq ictimai rəyi çaşdırmaq istiqamətində dayanmadan iş aparır. Ona görə də beynəlxalq aləmdə, xüsusilə müasir komminikasiya və informasiya vasitələrinin imkanlarından yararlanaraq düşmənin təxribatlarına qarşı uğurlu fəaliyyət ortaya qoymaq, Azərbaycanın haqq işini müdafiə etmək bu gün hər bir jurnalistin gündəlik iş prinsipinə çevrilməlidir. Hər bir jurnalist Ermənistanın işğalçılıq siyasətinin ölkəmiz və xalqımıza vurduğu faciəvi zərərlər, eyni zamanda, regionda sülh və təhlükəsizliyə yaratdığı təhdidlər, işğalçı dövlətin azərbaycanlılara qarşı törətdiyi soyqırımlar haqqında dövlət qurumları və digər ictimai təsisatlar tərəfindən həyata keçirilən beynəlxalq məlumatlandırma kampaniyalarına dəstək verməli, ümumi işimizdə həmrəylik nümayiş etdirməlidir.
Eyni zamanda, bəlli məsələdir ki, bu gün Azərbaycan dövlətinin müstəqil siyasətindən və əldə etdiyi nailiyyətlərdən narahatçılıq keçirən bir sıra anti-azərbaycançı, islamofob dairələr var ki, bunlar da ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək, bir sıra hallarda Azərbaycanı öz yolundan döndərmək üçün müxtəlif kampaniyalar həyata keçirir, təzyiqlər göstərməyə çalışır. Burada başlıca məqsəd Azərbaycan dövlətinin sütunlarını zəiflətmək, milli-mənəvi dəyərlərimizi deqredasiyaya məruz qoymaqdır. Bu zaman da mətbuatın rolu bir daha özünü qabarıq şəkildə göstərir.
Beləliklə, sadalananlar fonunda dövlət maraqlarının müdafiəsi milli və ictimai vəzifə kimi qarşımıza çıxır. Əgər güclü dövlətin vətəndaşları olmaq, güclü dövlətdə yaşamaq, adımızın dünyanın güclü dövlət və xalqları sırasında çəkilməkdə davam etməsinin arzusundayıqsa, peşəsindən asılı olmayaraq, hər birimiz milli vəzifəmizi unutmamalıyıq.
Aqşin ŞAHİNOĞLU,
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Paylaş:
Baxılıb: 387 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31