Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dinamik inkişaf, müasirləşmə Azərbaycanın bütün regionlarını əhatə edib

Dinamik inkişaf, müasirləşmə Azərbaycanın bütün regionlarını əhatə edib

13.12.2019 [09:52]

Bölgələrdə reallaşdırılan infrastruktur layihələri həm iqtisadi, həm də sosial əhəmiyyət daşıyır
Bu gün nümunəvi inkişaf modeli bütün dünyada böyük maraqla izlənilən Azərbaycanın müsbət reallıqlarını paytaxt Bakı ilə yanaşı, həm də ölkənin regionlarında izləmək mümkündür. Azərbaycanın bütün bölgələrində Prezident İlham Əliyevin 2004-cü ildən bəri imzaladığı müvafiq fərmanlarla təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri, iqtisadi fəallığın artırılması, mədəni həyatın canlandırılması, əhalinin məşğulluğunun təmin olunması inkişafın, müasirləşmənin respublikanın hər yerini əhatə etdiyini təsdiqləyir. Bu kimi müsbət reallıqlar isə ölkənin bütün vətəndaşlarında iftixar və böyük məmnunluq hissi yaradır.
Prezident İlham Əliyevin regionlara son səfərləri xalq-iqtidar birliyinin təntənəsini növbəti dəfə təcəssüm etdirib
Azərbaycanın regionların inkişafı ilə bağlı müəyyənləşdirdiyi strateji kursun uğurla həyata keçirilməsini şərtləndirən amillər sırasında son 16 ildə Prezident İlham Əliyevin bölgələrə müntəzəm və ənənəvi hal alan səfərlərinin önəmini xüsusi qeyd edə bilərik. Elə bu günlərdə dövlət başçısı Şamaxı, bundan əvvəl isə Qəbələ və Ağdaş rayonlarında səfərdə olub. Ölkə Prezidenti bu səfərlər çərçivəsində hər üç rayonda son vaxtlarda görülən işlərlə tanış olub, bir sıra infrastruktur, istehsal və xidmət təyinatlı obyektlərin açılışına qatılıb və Özünün dəyərli tövsiyələrini verib.
Təbii ki, dövlət başçısının iş qrafikinin çox sıx olmasına rəğmən, regionlara səfərlərə getməsi müxtəlif aspektlərdən dəyərləndirilə bilər. Burada diqqəti çəkən əsas məqamlardan biri isə dövlət başçısının ictimaiyyətin nümayəndələri, əmək kollektivləri ilə sıx təmaslar qurmasıdır. Prezident İlham Əliyevin regionlara səfərləri respublikamızda uğurla reallaşdırılan dövlət siyasətinin identikliyini - bu siyasətin bilavasitə cəmiyyətdən gələn sosial sifarişlər əsasında formalaşdığını və onun əsas qayəsinin vətəndaşların arzu və istəklərinin həyata keçirilməsi olduğunu bir daha nümayiş etdirir.
Biz dövlət başçımızın fəaliyyəti üçün səciyyəvi olan bu cəhəti, həmçinin Onun regionlara son səfərləri zamanı da müşahidə etdik. İstər Şamaxıya, istərsə də Ağdaş və Qəbələyə səfərləri çərçivəsində keçirilən görüşlərdə Prezident İlham Əliyevin səmimiyyətinin, vətəndaşların arzu və istəklərinə, müraciətlərinə böyük həssaslıqla yanaşdığının bir daha şahidi olduq. Dövlətimizin başçısının regionlara son səfərləri yenə də Xalq-Prezident həmrəyliyinin təntənəsinə çevrilib. Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsindən sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə çıxış edən Prezident İlham Əliyev vurğulayıb ki, O, problemlərin həllinə nail olmaq üçün regionlara müntəzəm səfərlər edir, bu barədə məhz vətəndaşların dilindən eşitmək istəyir. “Prezident kimi mənim əsas vəzifəm ölkə daxilində olan problemləri həll etməkdir. Ona görə də mən bölgələri gəzirəm, hər il bəlkə də 30-35 rayonda oluram. Elə rayonlar var ki, 10 dəfədən çox olmuşam. Amma 4-5 dəfədən az olduğum rayon yoxdur”, - deyə dövlətimizin başçısı bildirib.
Bütün ölkə üzrə yüksək səviyyəli infrastruktur quruculuğu həyata keçirilir
Son illərdə Azərbaycanın iqtisadi və maliyyə imkanlarının artmasına adekvat olaraq bütün ölkə üzrə yüksək səviyyəli infrastruktur quruculuğu geniş vüsət alıb. Ölkəmizdə infrastruktur quruculuğu kompleks səciyyə daşıyır. Bu sahədə dövlət əsaslı vəsait qoyuluşu hesabına reallaşdırılan layihələr müxtəlif istiqamətləri əhatə edir. Respublikamızda yüksək səviyyəli infrastruktur quruculuğu qazlaşdırma sahəsində qabarıq şəkildə nəzərə çarpır. Son 16 ildə ölkə üzrə “mavi yanacaq” təminatında vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşıb və qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb.
Həyata keçirilən çoxsaylı layihələr hesabına respublikamız özünün enerji təhlükəsizliyini təmin etməyə nail olub. 2004-cü ilə qədər Azərbaycanda 3900 meqavat gücündə cəmi 9 elektrik stansiyası mövcud idi. Son 16 ildə isə respublikamız 30 yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 2500 meqavat artırmağa nail olub. 2019-cu ildə 400 meqavat gücündə “Şimal-2” elektrik stansiyasının istifadəyə verilməsi ilə ölkəmizin generasiya gücü daha da artıb.
Son illərdə respublikamızda həmçinin su layihələrinin icrası da uğurla təmin edilir. Bura həm içməli su layihələri, həm də meliorativ tədbirlər daxildir. Ötən 16 ildə reallaşdırılan içməli su və kanalizasiya layihələri ölkənin bütün bölgələrini əhatə edib və nəticədə, respublika üzrə əhalinin yüksəkkeyfiyyətli su ilə təchizatında dönüş yaranıb. Əgər 2004-cü ildə ölkədə fasiləsiz içməli su ilə təminat 26 faiz səviyyəsində idisə, 2019-cu ilin əvvəlində bu göstərici 70 faizə yaxınlaşıb. Ümumilikdə, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq 50 şəhər və rayon mərkəzində içməli su təchizatı və kanalizasiya layihələri icra olunur. İndiyədək bu şəhərlərin 30-da su və kanalizasiya, 11-də isə su layihələrinin icrası yekunlaşıb.
Azərbaycanın qarşıya qoyduğu hədəflər sırasında kənd yollarının abadlaşdırılması mühüm yer tutur. Ölkəmizdə hər il təxminən min kilometr yol yenidən qurulur. Bu ənənə 2019-cu ilin arxada qalan dövrü ərzində də intensiv şəkildə davam etdirilib. Belə ki, cari ilin əvvəlindən bəri ölkə üzrə 903,5 kilometr uzunluğunda avtomobil yolları çəkilib. İlin sonuna qədər bu rəqəmin 1122 kilometrə çatdırılması hədəflənib.
Müasir infrastruktur olmadan respublikanın bölgələrində iqtisadi aktivliyin artmasını heç təsəvvürə gətirmək belə mümkün deyil. Dövlət əsaslı vəsait qoyuluşu hesabına yaradılan müxtəlif təyinatlı infrastruktur obyektlərindən bəhrələnən sahibkarlar regionlarda aqrar sektora, emal sənayesinə böyük həcmlərdə sərmayələr yönəldirlər. Eyni zamanda, yüksək səviyyədə qurulan infrastruktur insanların həyatına böyük rahatlıq gətirir və ciddi sosial əhəmiyyət daşıyır.
Hərtərəfli dövlət qayğısı regionlarda aqrar sektorun inkişafına güclü təkan verib
Regionların geniş imkanları nəzərə alınaraq respublikamızda aqrar sektorun inkişafı strateji məqsəd kimi qarşıya qoyulub. Dövlət bu sektorun davamlı inkişafına həm siyasi, həm də maddi cəhətdən güclü dəstək verir. Ölkəmizdə aqrar sektorda məhsuldarlığın artırılması məqsədilə həyata keçirilən tədbirlər sırasında islahatların önəmini ayrıca vurğulamaq lazımdır.
Aqrar sektorda qabaqcıl təcrübə nəzərə alınmaqla aparılan islahatların və yeni yanaşmaların əhatə dairəsi kifayət qədər genişdir. İslahatlar çərçivəsində fermerlərə xidmətlərin əlçatanlığını və keyfiyyətini artırmaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin rayon idarələrinin əsasında Dövlət Aqrar İnkişaf mərkəzləri yaradılıb. Lizinq fəaliyyəti ilə bağlı həyata keçirilən islahat nəticəsində bazarda azad və ədalətli rəqabət mühiti formalaşıb. Fermerlərin qayğı və problemlərini daha yaxından dinləmək üçün bütün rayonlarda və nazirliyin aparatında Fermerlər Şuraları yaradılıb, Aqrar Könüllülər Hərəkatı formalaşdırılıb. Ölkədə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin yaradılması və bu sistemin əhatə dairəsinin genişləndirilməsi təqdirəlayiq haldır. İndiyədək təxminən 410 min fermer EKTİS-də qeydiyyatdan keçib və şəxsi kabinetlərini yaradıb.
Həyata keçirilən bu kimi islahat tədbirlərinin nəticəsində ölkəmizdə aqrar sektor keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəlib. Respublikamızın bir sıra mühüm pozisiyalar üzrə ərzaq məhsullarına olan daxili tələbatını sırf yerli istehsal hesabına ödəməyə nail olması böyük uğurdur. 2019-cu ilin 9 ayı ərzində kənd təsərrüfatında 7 faiz artım müşahidə edilib. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, cari təsərrüfat ilində respublikamızda 1 milyon 12 min hektarda taxıl əkini həyata keçirilib. Bunun 670 min hektarını buğda, 342 min hektarını isə arpa əkini təşkil edib. Həyata keçirilən tədbirlərin nəticəsində məhsuldarlıq əvvəlki illərlə müqayisədə daha yüksək olub və ölkədə taxıl istehsalı 40 faiz artıb. Dekabrın 11-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 293 min 880 ton məhsul təhvil verilib. Dövlət Statistika Komitəsinin məlumatına görə bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,9 faiz çoxdur.
Eyni zamanda, respublikamızdan kənd təsərrüfatı məhsullarının ixracı da artıb. İqtisadi İslahatlar və Kommunikasiya mərkəzinin hazırladığı “İxrac icmalı”na əsasən, 2019-cu ilin 10 ayı ərzində respublikamızdan 455,5 milyon ABŞ dolları dəyərində meyvə-tərəvəz ixrac olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz artım deməkdir.
Ölkədə regional sənaye quruculuğu geniş vüsət alıb
Respublikamızda regional sənaye quruculuğunun genişlənməsi də təqdirəlayiq haldır. Son vaxtlarda dövlət başçısının tapşırığı əsasında regionlarda sənaye məhəllələri yaradılır. Artıq Neftçala, Masallı sənaye məhəllələri, Mingəçevir sənaye parkı uğurla fəaliyyət göstərir. Bundan başqa, daha bir neçə bölgədə sənaye zonalarının yaradılması istiqamətində intensiv iş aparılır.
Eyni zamanda, son illərdə Prezident İlham Əliyevin tapşırığı əsasında regionlarda xalçaçılıq müəssisələrinin yaradılması geniş vüsət alıb. Bütövlükdə “Azərxalça” ASC-nin 2016-2018-ci illərdə fəaliyyətə başlayan 20 filialında 8500 kvadratmetrdən çox xalça toxunub. Bu istehsalatlarda 1700-dən çox toxucu çalışır ki, onların da əksəriyyətini qadınlar təşkil edir.
Daha bir xalçaçılıq müəssisəsi Prezident İlham Əliyevin regionlara son səfərləri çərçivəsində Qəbələ rayonunda açılıb. Dövlət başçısının iştirakı ilə açılışı baş tutan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qəbələ filialı toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq.
Prezident İlham Əliyev regionlara son səfərləri çərçivəsində, həmçinin Qəbələ rayonunun Vəndam qəsəbəsində dekorativ gülçülük istixanası ilə tanış olub və Ağdaşda “Biyan Products” MMC-yə məxsus Biyan Sənaye Parkının açılışına qatılıb. Hər iki müəssisədə buraxılan məhsullara xarici bazarlarda böyük tələbat var.
Nadir AZƏRİ
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Paylaş:
Baxılıb: 435 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31