Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanda multikulturalizm alternativi olmayan həyat tərzidir

Azərbaycanda multikulturalizm alternativi olmayan həyat tərzidir

02.02.2020 [09:46]

Nurlan SƏFƏRLİ,
YAP Ordubad rayon təşkilatı
Gənclər Birliyinin sədri,
Azərbaycan Respublikası
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantı


Milli-mənəvi dəyərlər də torpaq kimi, Vətən kimi qorunmalı, nəsildən-nəslə miras kimi ötürülməli və yaşadılmalıdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev respublikamıza siyasi rəhbərliyinin elə ilk illərindən milli-mənəvi irsimizə, mədəniyyətimizə, dilimizə, dinimizə xüsusi həssaslıqla yanaşıb. Azərbaycanda XX əsrin 70-ci illərinin əvvəllərindən başlayan mədəni mühitin sağlamlaşması, elm və təhsilin inkişafı, respublikanın hərtərəfli inkişafına ciddi diqqət yetirilməsi milli-mənəvi dirçəlişə, milli özünüdərkə də təkan verdi. Ulu Öndər respublikamıza rəhbərliyinin birinci dönəmində böyük əzm və cəsarətlə xalqın tarixi yaddaşının qorunmasına, mədəniyyətimizin tərəqqisinə, respublikamızın bütün dünyada tanınmasına böyük töhfələr verib.
Həmin dövrün mövcud sovet siyasəti milli dəyərlərin inkişafı istiqamətində açıq müstəvidə fəaliyyət göstərməyə imkan verməsə də, Ulu Öndərin səyləri sayəsində xalqımızın zəngin mədəniyyətinin inkişafı və dünyada təbliği istiqamətində ciddi iş aparılırdı. Məlumdur ki, keçmiş sovet dönəmində din xadimləri təqiblərə məruz qalır, İslam dini ilə, tariximizlə bağlı olan böyük memarlıq və mədəniyyət abidələrimiz qəsdən dağıdılırdı. Ulu Öndər Heydər Əliyev ötən əsrin 70-ci illərinin əvvəllərində belə mənfi hallara qarşı kəskin mübarizə aparmağa başladı. Ümumiyyətlə, siyasi fəaliyyətinin bütün dövrlərində Ulu Öndər Heydər Əliyev həmişə respublikamızda milli dəyərlərin qorunması üçün mühüm addımlar atıb, imzaladığı rəsmi sənədlərlə milli-mədəni abidələrimizin bərpasına, milli köklərə qayıdışa rəvac verib. Ulu Öndər, həmçinin digər dinlərə də qayğı ilə yanaşırdı.
Müstəqilliyinin ilk illərində vətəndaş müharibəsi, iqtisadi tənəzzül, ictimai-siyasi sabitliyin pozulması, Ermənistanın işğalı və digər çoxsaylı problemlərlə üz-üzə qalan Azərbaycan Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti sayəsində bütün çətinlikləri qısa müddətdə arxada qoydu və hərtərəfli inkişafa başladı. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı. Təsadüfi deyil ki, 1995-ci ildə bilavasitə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikasının Konstitusiyasında da milli azlıqların hüquqlarının qorunması ilə bağlı müddəalar öz əksini tapıb. Konstitusiyanın 44-cü maddəsinə əsasən, hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır, heç kəs milli mənsubiyyətini dəyişməyə məcbur edilə bilməz.
Bu gün də ölkənin ictimai-siyasi həyatındakı demokratik dəyişikliklər Azərbaycanda yaşayan azsaylı xalqlara diqqət və qayğının artmasına şərait yaradır. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin milli siyasəti milli mənsubiyyətindən asılı olmayaraq ölkə vətəndaşlarının bərabərhüquqlu inkişafına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə tolerantlığın möhkəmləndirilməsi üçün ardıcıl, davamlı siyasət həyata keçirir. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli” elan edilməsi bir daha təsdiqlədi ki, Azərbaycan xalqımızın tarixdən gələn tolerantlıq ənənələrinə bu gün də sadiqdir.
Hazırda Azərbaycan möhkəm xalq-iqtidar birliyi, unikal tolerant mühiti ilə Cənubi Qafqazın ən sabit ölkəsi hesab olunur. 2003-cü il martın 9-da Bakıda yeni yəhudi sinaqoqu açılıb, 2003-cü ilin sentyabrından Azərbaycanda yəhudi məktəbi fəaliyyət göstərməkdədir. Avropa Şurasının tamhüquqlu üzvü olan Azərbaycan Respublikası həmin qurumun 5 noyabr 1992-ci ildə qəbul etdiyi “Regional dillərin və ya azsaylı xalqların dillərinin Avropa Xartiyası” prinsiplərini həyata keçirmək üçün əməli tədbirlər görür. Bu gün Azərbaycanda yaşayan milli azlıqların nümayəndələri öz ana dillərində sərbəst danışırlar. Bir çox ali və orta məktəblərdə milli azlıqların ana dillərinin işlənilməsi təmin olunur. Avar, ləzgi, gürcü, rus və s. dillərdə məktəblərin fəaliyyət göstərməsi, milli azlıqların dillərində qəzet və jurnalların nəşri Azərbaycanı bütün dünyada nümunəvi multikulturalizm məkanı kimi tanıdıb.
Azərbaycan Avropa və Asiyanın, Qərb ilə Şərqin kəsişdiyi coğrafiyada yerləşir. Məhz bunun nəticəsində də Azərbaycanın milli mədəniyyəti və mənəvi-əxlaqi dəyərləri özündə həm Qərb, həm də Şərq mənəvi dəyərlərinin müsbət cəhətlərini əks etdirir. Azərbaycan gerçəkliyində İslam amili danılmaz faktdır. Əsas olan odur ki, bizdə fanatizm və dini ekstremizm yoxdur. Respublikamızda heç vaxt dini qarşıdurmaya çağırış olmayıb. Ölkəmizdə, onun ayrılmaz parçası olan muxtar diyarımızda milli-mənəvi dəyərlərimizə qarşı yönələn yad təsirlərin qarşısı isə qətiyyətlə alınır. 2012-ci ilin Naxçıvan Muxtar Respublikasında “Milli-mənəvi dəyərlər ili” elan olunması milli-mənəvi dəyərlərimizin yaşadılması, qorunub saxlanılması, təbliğ edilməsi istiqamətində atılan misilsiz addımdır. Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2016-cı il tarixli “Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar təşkilat komitəsinin yaranması haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən məscid, ziyarətgah, imamzadə və türbə komplekslərində təmir, bərpa işləri aparılıb. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan - 2018” loqotipinin hazırlanması haqqında sərəncamının icrası ilə əlaqədar ardıcıl olaraq olduqca maraqlı videoçarxlar, suvenirlər hazırlanıb, Naxçıvan şəhərində keçirilməsi artıq ənənə halı almış festivallarda əl işləri nümayiş olunub, poçt markaları buraxılıb, İslam filmləri həftəsi təşkil edilib, habelə mədəni, idman, intellektual oyunlar və bu səpkili digər tədbirlər keçirilib. Bu gün Naxçıvan Dövlət Universitetində rəngarəng etnik tərkibə, fərqli dini mənsubiyyətə malik əcnəbi tələbələrin azərbaycanlı gənclərlə eyni auditoriyada, dostluq şəraitində təhsil almaları milli və dini tolerantlığa mükəmməl nümunədir. Milli, dini dəyərlərimizin öyrənilməsi, gələcək nəsillərə çatdırılması muxtar respublikada daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin rəhbərliyi ilə mənəvi dəyərlərimizin qorunub yaşadılması, dini abidələrin, ziyarətgahların bərpa edilməsi və yeni məscid binalarının tikilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. 4 dekabr 2019-cu il tarixində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyinin qeyd olunması çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndində “Allahşükür məscidi”nin istifadəyə verilməsi və açılış mərasimində digər dinlərin nümayəndələrinin də iştirakı respublikamızda dini ayrı-seçkiliyin olmamasına növbəti nümunədir.
Muxtar diyarımızda dini etiqad azadlığının həyata keçirilməsi üçün hər cür şərait yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 2003-cü il 28 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Naxçıvan Muxtar Respublikası Nümayəndəliyinin bazasında Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsi, 2017-ci il 18 dekabr tarixli Fərmanı ilə idarənin əsasında Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi, 28 dekabr 2017-ci il tarixdə isə Agentliyin tabeliyində “Mənəvi dəyərlərin təbliği Fondu” yaradılıb. 2014-cü ildən etibarən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin müvafiq Sərəncamı ilə muxtar diyarımızın bütün rayonlarında multikulturalizm və dini məsələlər üzrə komissiyalar formalaşdırılıb.

Paylaş:
Baxılıb: 477 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31