Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanda koronavirusun yayılmaması üçün bütün lazımi tədbirlər həyata keçirilir

Azərbaycanda koronavirusun yayılmaması üçün bütün lazımi tədbirlər həyata keçirilir

03.03.2020 [09:31]

Xəstəliyin qarşısının alınması və müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə intensiv iş aparılır
Ötən ilin sonunda ilk dəfə Çində qeydə alınan koronavirusun (COVİD-19) yeni növünün bütün dünyada yayılması bu infeksiyaya qarşı mübarizədə ölkələri və beynəlxalq qurumları səfərbər edib. Hazırda bu infeksiya ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən monitorinq həyata keçirilir, infeksiyanın hansı ölkələrdə yayılmasına dair operativ informasiyalar verilir, xəstəlik haqqında, onun simptomları, preventiv tədbirlər, profilaktikası ilə bağlı dəqiq məlumatlar təqdim olunur.
ÜST-nin məlumatına görə, COVİD-19 infeksiyasının ən kütləvi miqyası hələ də Çində müşahidə olunur, digər ölkələrdə isə yoluxmalar lokal xarakter daşıyır. Əksər hallarda, xəstəlik yüngül gedişlə xarakterizə olunur və ağırlaşmalar baş versə də, bərpa ilə başa çatır. ÜST-nin martın 1-nə olan məlumatına görə, dünyada 87137 nəfərdə (Avropada 2158 nəfərdə) koronavirusa yoluxma aşkarlanıb, onlardan 2977 nəfəri (Çində 2873 nəfər) dünyasını dəyişib.
Koronavirus təhlükəsinə görə dünyada kütləvi tədbirlər təxirə salınır
Həmin məlumatlarda koronavirus, onun simptomları, yayılması, keçmə yolları, individual müdafiə üsulları, yoluxma təhlükəsi, müxtəlif yaş kateqoriyaları üçün virusun təsiri, müalicə vasitələri və digər məsələlərə konkret şəkildə aydınlıq gətirilir. Məsələn, ÜST-nin məlumatına görə, bir qayda olaraq, bu simptomlar tədricən inkişaf edir və yüngül olur. Bu xəstəliyə yoluxmuş bəzi şəxslərdə isə heç bir simptom və ya əhvalının pisləşməsi müşahidə edilmir. Əksər hallarda (təxminən 80%) xüsusi müalicə tələb olunmadan xəstəlikdən sağalma mümkündür. Koronavirusa yoluxmanın hər 6 halından birində tənəffüs çatışmazlığının inkişafı ilə ciddi simptomlar meydana gəlir. Yaşlı insanlarda, eləcə də arterial təzyiq, ürək xəstəliyi və ya diabet kimi xəstəlikləri olan insanlarda xəstəliyin ağır keçməsi ehtimalı daha yüksəkdir. Bu xəstəlikdən ölüm halları təxminən 2 faizdir.
Bununla yanaşı, koronavirusun kütləvi şəkildə yayılmasının qarşısını almaq üçün bir çox ölkələrdə müxtəlif tədbirlər görülür. Hətta bəzi ölkələrdə infeksiyanın yayılması kütləvi tədbirlərin, o cümlədən bir çox beynəlxalq toplantıların da təqvimində dəyişikliklər etməyə qədər gedib çıxır. Belə ki, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı aprelin 13-19-da ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilməsi planlaşdırılan birgə iclasının təxirə salınması ilə bağlı müzakirələr aparır.
Avropa ölkələrində də bütün ictimai tədbirlərin ləğv olunması prosesi gedir. Məsələn, Fransada keçiriləcək Paris marafonu, Kann daşınmaz əmlak investisiyalarının sərgisi, Ansi şəhərindəki karnavalın ləğv edilməsi barədə qərar qəbul edilib. İsveçrədə də oxşar addımlar atılıb. Almaniyanın Berlin şəhərində isə martın 4-dən 8-dək keçirilməsi nəzərdə tutulan dünyanın ən iri turizm sərgisi ləğv edilib. Qitənin koronavirusun ən çox yayıldığı ölkəsi olan İtaliyada sərgilər, mətbuat konfransları və təqdimatlar koronavirusun yayılmasına görə ya ləğv edilib, ya da təxirə salınıb. İspaniyada isə ən populyar mobil texnologiyalar sərgilərindən olan “Mobile World Congress” adlı tədbir ləğv edilib. Polşada da koronavirus təhlükəsi ilə əlaqədar bütün kütləvi tədbirlər təxirə salınıb.
Koronavirusun yeni növünün yayılması təhlükəsi ilə əlaqədar qonşu ölkələrdə də tədbirlər görülür. Gürcüstan Təhsil Nazirliyinin təlimatlarına əsasən Tbilisi Dövlət Universitetinin yaz semestrinin başlanğıcı martın 2-dən 16-na keçirilib. Gürcüstanın dövlət məktəblərində yaz tətilləri də 2 həftə qabağa çəkilib. Şagirdlər martın 2-dən 16-dək tətildə olacaqlar.
Azərbaycanda sanitar-epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanılır
Qeyd edək ki, koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Məlum olduğu kimi, xəstəliyin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb. Ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar müvafiq xəstəxanalar ayrılıb və karantin zonaları yaradılıb. Koronavirusun aşkar olunduğu ölkələrdən gələn şəxslərin müayinəsi ilə bağlı zəruri tədbirlər həyata keçirilir. İnfeksiyaya yoluxmuş şəxslərin müalicəsi, onların mümkün kontaktlarının müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir. Koronavirusun yayılmasının qarşısının alınması və müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə intensiv iş aparılır, verilən bütün tövsiyələrin yerinə yetirilməsi üçün ciddi səylər göstərilir.
Bununla yanaşı, koronavirus epidemiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativliyini təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyində (BNA), “Azərbaycan Dəmir Yolları” QSC-də qərargah yaradılıb. Eyni zamanda, ictimai nəqliyyatda kəskin respirator xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlər davam edir.
Eyni zamanda Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildiriblər ki, yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.
Beləliklə, koronavirusun Azərbaycanda yayılmaması üçün bütün lazımi tədbirlər həyata keçirilir, sanitar-epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanılır. Azərbaycanda xəstəliyin qarşısının alınması üçün həyata keçirilən, o cümlədən profilaktik tədbirlər barədə əhaliyə geniş məlumatlar verilir.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 477 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31