Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınması istiqamətində müvafiq tədbirlər davam etdirilir

Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınması istiqamətində müvafiq tədbirlər davam etdirilir

06.03.2020 [09:29]

Aidiyyəti dövlət qurumları tərəfindən bütün lazımi işlər görülür, eyni zamanda, əhali arasında geniş maarifləndirmə işi aparılır
Çinin Uxan şəhərində yayılmış, 20-dən çox ölkədə qeydə alınmış koronavirus infeksiyası ilə bağlı müzakirələr dünya mediasının gündəmini zəbt edib. Həm Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yayılmış materiallarda, həm də beynəlxalq mediada işıq üzü görən ekspert rəylərində bu virusa qarşı mübarizə, onun simptomları, yayılması, keçmə yolları, individual müdafiə üsulları, hər bir şəxsin yoluxma ehtimalı, müxtəlif yaş kateqoriyaları üçün virusun təsiri, müalicə vasitələri və digər məsələlər geniş əksini tapıb. İnfeksiyadan qorunmaq üçün ilk növbədə ciddi profilaktik tədbirlərin həyata keçirilməsinin zəruriliyindən bəhs olunur.
Təşvişə səbəb yoxdur, ehtiyatlı davranmağa ehtiyac var
Təəssüf ki, bəzi hallarda koronavirus infeksiyası və onunla mübarizə ilə əlaqədar qeyri-dəqiq, hətta doğru olmayan məlumatlara da rast gəlinir. Başqa sözlə, bəzi informasiya mənbələrində yer alan məlumatlar elmi və tibbi əsaslara malik deyil, həqiqəti əks etdirmir. ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancının da İTV-yə müsahibəsində qeyd etdiyi kimi, koronavirus yeni virusdur, bütün dünyada onunla davranma yolu müəyyən edilməyib. Narahatlıq yaradan daha çox koronavirusun insanlara təsiri yox, onun geniş yayılma miqyasıdır. Bütövlükdə isə, təşvişə səbəb yoxdur, ehtiyatlı davranmağa ehtiyac var. Əsas etibarilə, insanlar ümumi gigiyena qaydalarına ciddi riayət etməlidirlər. Unutmaq olmaz ki, qapalı məkanlarda yoluxma ehtimalı daha çoxdur. Xəstəlik bir çox hallarda öskürən və ya asqıran insanlar vasitəsilə yayılır, açıq havada insanların 1 metrdən aralı məsafədə dayandıqları hallarda yoluxma riski çox azdır. Xəstə olanlar səyahətə çıxmamalı, başqa yerlərə, ölkələrə xəstəliyi aparmaqdan çəkinməlidirlər. Digər tərəfdən, mütləq olaraq əllər tez-tez sabunla yuyulmalı, sabun və su olmazsa, spirtlərlə dezinfeksiya olunmalıdır. Əsas məsələlərdən biri maskanın koronavirusdan qorunmağa kömək edib-etməməsidir. Bəhs olunan müsahibədə də qeyd edildiyi kimi, maskaları xəstələrlə təmasda olan səhiyyə işçiləri və xəstələr taxmalıdırlar, sağlam insanların maska taxaraq küçədə gəzməsinə ehtiyac yoxdur.
Digər tərəfdən, yoluxanların 81 faizi bu xəstəliyi çox yüngül keçirir. Əsas simptomlar aşağı hərarət və çox az öskürəkdir, bəzən həkimə belə getmədən sağalmaq mümkündür. Cəmi 4-5 faiz xəstələrdə ağırlaşma halı olur və onların xəstəxana şəraitində müalicə almasına ehtiyac yaranır. Virusa yoluxmuş insanların ümumi vəziyyətinin yaxşılaşdırılması, nəfəsalma problemləri yarandığı halda müvafiq yardım göstərilməsi, qanlarının yoxlanması, hərarətlərinə nəzarət olunması, ümumilikdə, onların sağlam şəkildə bu dövrü keçirmələrinə köməklik göstərilməsi əsas görülən işlərdir, 65 yaşdan yuxarı olanlar üçün bu virus daha risklidir.
Azərbaycan hökuməti ciddi tədbirlər həyata keçirir
Bu məqamda xüsusi olaraq vurğulamaq gərəkdir ki, Azərbaycanda koronavirus infeksiyası ilə bağlı vəziyyət ciddi nəzarət altındadır. Virusun ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər davam etdirilir. Dövlətimizin başçısının göstərişi ilə Nazirlər Kabinetinin yanında xüsusi operativ qərargah yaradılıb, lazımi tədbirlərin daha sürətlə həyata keçirilməsi üçün əlavə 10 milyon manat vəsait ayrılıb. Eyni zamanda, uşaqları, yeniyetmələri qorumaq üçün tədris, təlim-tərbiyə müəssisələri müvəqqəti bağlanılıb. Azərbaycanda xəstəliyin yayılması ehtimalı o qədər də yüksək olmasa da, gündə bir neçə dəfə bu məsələ ilə bağlı ölkə ərazisində monitorinqlər aparılır, bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırılıb. Digər tərəfdən, Azərbaycan hökuməti ÜST ilə sıx təmasdadır, xəstəliyi aşkar etmək üçün testlərin ölkəyə gətirilməsi ilə bağlı müvafiq işlər aparılır.
Bir məqama da ayrıca toxunmaq lazımdır. Məlumdur ki, heç bir ölkə yükdaşımalarının həyata keçirilməsinə məhdudiyyət qoymayıb və tranzit potensialının gücləndirilməsini qarşısına məqsəd qoymuş Azərbaycan da analoji mövqe nümayiş etdirir. Bütövlükdə, xəstəliyin yayılmaması üçün bütün məsələlər hər bir xırdalığa qədər düşünülür və müvafiq addımlar atılır. Yeri gəlmişkən, Prezident İlham Əliyev martın 3-də Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışından sonra kollektivlə görüşdə respublikamızda bu istiqamətdə görülən işlərdən bəhs edərək deyib: “Hazırda dünya gündəliyini zəbt edən koronavirus məsələsidir və demək olar ki, bütün ölkələrdə bu məsələ müzakirə olunur. Azərbaycana gəldikdə, deyə bilərəm ki, vəziyyət nəzarət altındadır və mənim göstərişimlə Nazirlər Kabinetinin yanında xüsusi operativ qərargah yaradılıb. Eyni zamanda, göstəriş vermişəm, əlavə 10 milyon manat vəsait ayrılsın ki, lazımi tədbirlərin görülməsi daha sürətlə aparılsın. İranda qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün xüsusi tədbirlər həyata keçirilir. Onların həm quru sərhəddən, həm də hava nəqliyyatı vasitəsilə Azərbaycana gətirilməsi təmin ediləcək. Ancaq hər kəs anlamalıdır, onlar lazım olan müddət ərzində karantində qalmalıdırlar ki, Azərbaycanda xəstəlik yayılmasın”.
Bütövlükdə, ölkədə əhalinin narahatlığı üçün heç bir ciddi əsas yoxdur. O da xüsusi vurğulanmalıdır ki, Azərbaycan hökuməti ölkədə koronavirusa ilk yoluxma halı müəyyənləşən kimi Ümumdünya Səhiyyə Təşkilatına müvafiq məlumat verməklə düzgün addım atdı. ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancının İTV-yə müsahibəsində vurğuladığı kimi, Azərbaycanın aidiyyəti orqanları, o cümlədən Səhiyyə Nazirliyi və TƏBİB çox şəffaf və açıq fəaliyyət göstərir. İlk yoluxma halı müəyyən olunduqdan bir gün sonra mətbuat konfransı keçirilib, bir saata yaxın müddətdə mətbuat nümayəndələrinin bütün sualları cavablandırılıb, bütün informasiyalar paylaşılıb. Azərbaycan hökuməti bu mövzuya çox açıq yanaşıb, Ümumdünya Səhiyyə Təşkilatını, əhalini məlumatlandırıb, məlumat azlığının əhali arasında təşviş yarada biləcəyi tam nəzərə alınıb.
Beləliklə, Azərbaycanın aidiyyəti orqanları çox ciddi tədbirlər həyata keçirirlər, sərhəd bölgələrinə heyətlər göndərilib, orada mobil laboratoriyalar qurulub, tibb işçiləri prosesə ciddi şəkildə cəlb olunublar. İranla olan sərhəd bölgəsində ciddi nəzarət tədbirləri həyata keçirilir, hazırda Azərbaycanda karantin və xəstəlik aşkar olunan insanların müalicəsi üçün 6 xəstəxana ayrılıb. Ümumdünya Səhiyyə Təşkilatı testlərlə bağlı Avropanın ən yaxşı nəticələri olan iki laboratoriyadan ilkin testləri alıb və bütün ölkələrə göndərib. Azərbaycana artıq 1000 ədəd test göndərilib və ikinci partiyada yenə testlər veriləcək. Dövlətimizin başçısı bəhs olunan çıxışı zamanı bu məqamlara toxunaraq “Ona görə bir daha Azərbaycan ictimaiyyətini əmin etmək istəyirəm ki, Azərbaycan hökuməti bütün lazımi tədbirləri görür. Bu günə olan mənzərəyə görə, narahatlığa heç bir ciddi əsas yoxdur. Karantində qalan vətəndaşların mütləq əksəriyyətində hələ ki, heç bir xəstəlik əlaməti aşkarlanmayıb. Əgər onların sağlamlığı normal olarsa, lazımi müddətdən sonra evlərinə buraxılacaqlar. Hesab edirəm ki, bu günə qədər bu məlumat kifayətdir. Eyni zamanda, göstəriş verilib ki, bu məsələ ilə bilavasitə məşğul olan bütün səhiyyə orqanlarının nümayəndələri - Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyi müntəzəm olaraq vətəndaşları məlumatlandırsınlar”, - deyə vurğulayıb.
Nəticə etibarilə, ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının mühafizəsi istiqamətində bütün lazımi tədbirlər görülür.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 451 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31