Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər davam etdirilir

Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər davam etdirilir

18.03.2020 [09:15]

Müvafiq dövlət qurumları tərəfindən bütün lazımi işlər görülür, əhali arasında geniş maarifləndirmə işi aparılır
Dünya mediasının gündəmini Çinin Uxan şəhərindən başlayan, daha sonra 160-a qədər ölkəyə yayılmış yeni növ koronavirus - COVİD-19 infeksiyası ilə mübarizə məsələsi zəbt edib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Hebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib ki, ÜST üçün koronavirus pandemiyası dövrümüzün ən böyük səhiyyə böhranıdır. Qeyd edilib ki, hazırda dünyanın digər ölkələrində yoluxma və ölüm halları Çindəki göstəriciləri üstələyib. Koronavirusa qarşı mübarizədə müayinə və testlərin sayı artırılmalıdır. “Bizim çağırışımız çox sadədir: test edin, test edin, test edin! Gözləri bağlı halda alova qarşı mübarizə aparmaq mümkün deyil”, - deyə o bildirib. ÜST rəhbəri, həmçinin dünyanın bir sıra ölkələrində koronavirusa qarşı mübarizədə sərt tədbirlərin görülməsini alqışlayıb. O, test və müayinələrlə yanaşı yoluxanlar və onlarla təmasda olan şəxslərin ciddi şəkildə cəmiyyətindən təcrid olunmasının vacibliyini vurğulayıb. Çünki infeksiyanın əlamətləri yox olduqdan sonra xəstələnmiş şəxs hələ iki həftə boyunca ətrafındakı insanları yoluxdura bilər. Ona görə də ev şəraitində karantində olan şəxslər və onların yaxınları ehtiyat tədbirləri görməli, qaydalara ciddi riayət etməlidirlər. Buna görə də ÜST ötən dövr ərzində dünyanın 120 ölkəsinə 1,5 milyon test göndərib. O, pandemiyanın iqtisadiyyatı zəif inkişaf etmiş ölkələrə daha ağır zərbə vura biləcəyindən narahatlığını da ifadə edib.
ÜST koronavirusa qarşı mübarizədə sərt tədbirlərin görülməsini zəruri hesab edir
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrində məhdudlaşdırıcı tədbirlərin zəruriliyi diqqətə çatdırılır, insanlara mümkün qədər evdən çıxmamaları, kütləvi tədbirlərə, gəzintilərə getməmələri, ictimai nəqliyyatdan istifadə, alış-veriş edərkən daha etibarlı qorunmaları çağırışı edilir. Eyni zamanda, yaşlı insanların virusun təsirinə daha tez məruz qalması ehtimalı nəzərə alınaraq onlara xüsusi diqqət və qayğı göstərilməsinin vacibliyi bildirilir. Bütövlükdə isə ÜST koronavirusa qarşı mübarizədə sərt tədbirlərin görülməsini zəruri hesab edir.
Bir çox ölkədə məhdudiyyətlər və qadağaların miqyası genişlənir, sosial izolyasiya tədbirləri gücləndirilir
Ayrı-ayrı ölkələrin nümunəsində bütövlükdə dünya miqyasında xüsusi məhdudiyyətlər və qadağalar tətbiq olunur, sosial izolyasiya tədbirləri gücləndirilir. Avropa ölkələrinin timsalında da hava uçuşlarının dayandırılması, sərhədlərin bağlanması hallarının artması müşahidə olunur. Xəstəliyin müalicəsi olmadığına, hətta dünyanın inkişaf etmiş ölkələrinin belə virusun qarşısını ala bilmədiklərinə görə strateji əhəmiyyətə malik məsələ səmərəli qabaqlayıcı tədbirlərin görülməsidir. Məhz bu cür mübarizə mexanizmi formalaşdırılmış ölkələrdə vəziyət nisbətən daha qənaətbəxşdir.
Əhalinin sağlamlığının etibarlı qorunmasını daim diqqətdə saxlayan Azərbaycan hökuməti reallaşdırılan tədbirlərin əhatə dairəsini genişləndirib
Öz növbəsində, Azərbaycanda da bütün mümkün önləyici və operativ tədbirlər həyata keçirilir, bu baxımdan, respublikamız hətta bir çox ölkələri qabaqlayır. ÜST-nin tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alan, əhalinin sağlamlığının etibarlı qorunmasını daim diqqətdə saxlayan Azərbaycan hökuməti sözügedən təhdidlə mübarizə çərçivəsində reallaşdırılan tədbirlərin əhatə dairəsini daha da genişləndirib. Ölkəmizdə bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması, dövlət və özəl sektora aid qurumlar, vətəndaşlar üçün xüsusi qaydaların elan olunması və onlara ciddi riayət edilməsi üçün nəzarət mexanizminin formalaşdırılması və tətbiqinin qərara alınması bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Şübhəsiz ki, ölkəmizdə həyata keçirilən tədbirlərin başlıca məqsədlərindən biri də hökumətin infeksiyanın miqyasının genişlənəcəyi ehtimalına daha hazırlıqlı olmasını təmin etməkdir.
Bunlarla yanaşı, əhalinin məlumatlandırılması ilə bağlı müvafiq işlər davam etdirilir, Nazirlər Kabineti yanında Operativ Qərargah gündə bir neçə dəfə mövcud vəziyyət və görülən işlərlə bağlı ictimaiyyətə məlumat verir. Təbii ki, koronavirusun yayılmasına qarşı mübarizə milli təhlükəsizlik məsələsidir, hər bir fərdin və bütövlükdə cəmiyyətin sağlamlığının qorunmasına xidmət edir. Ona görə də sosial izolyasiya qaydaları və digər tədbirlər bütövlükdə təqdirlə qarşılanır. Cəmiyyətdə panika, ajiotajın yaradılmasına xidmət edən şəxslər isə müəyyənləşdiriləcək və onların barəsində ən sərt tədbirlər görüləcək. Digər tərəfdən, o da nəzərə alınmalıdır ki, heç bir ölkə və şəxs heç nədən sığortalanmayıb, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da daha sərt tədbirlər tətbiq oluna bilər və ictimaiyyət buna hazır olmalıdır. Bunlarla yanaşı, koronavirusun yayılmasının qarşısının alınmasında xaricdə olan vətəndaşlarımız da fərdi məsuliyyət nümayiş etdirməlidirlər. Onlar olduqları ölkədə tətbiq olunan karantin qaydalarına ciddi riayət etməli, Azərbaycana qayıtmaqla öz ailə üzvləri, yaxınları və digər insanları riskə atmaqdan çəkinməlidirlər.
Nəticə etibarilə, Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər davam etdirilir. Müvafiq dövlət qurumları tərəfindən bütün lazımi işlər görülür, əhali arasında geniş maarifləndirmə işi aparılır.
NURLAN

Paylaş:
Baxılıb: 416 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31