Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Fəaliyyətini uğurla davam etdirən Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi yeni layihələr həyata keçirir

Fəaliyyətini uğurla davam etdirən Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi yeni layihələr həyata keçirir

15.05.2020 [10:28]

Qurumun ölkəmizin 28 şəhər və rayonunda öz ətrafında birləşdirdiyi minə yaxın könüllü pandemiya dövründə həssas kateqoriyadan olan 6254 ailəyə dəstək göstərilməsində fəal iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, ölkəmizdə fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) öz fəaliyyətini uğurla davam etdirir. Yeni növ koronovirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixində formalaşan və fəaliyyətində “ASAN Könüllüləri” Gənclər Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “BİR Tələbə-Könüllü” Proqramı, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi, “Diplomatiya Könüllüləri” Qrupu, “Ekokönüllüləri” Qrupu, “Azərbaycan Diaspor Könüllüləri” Proqramı, “SƏLİS Könüllüləri” İctimai Birliyi, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi, “AFFA və Avro-2020” Könüllülər Proqramı, “Gənc Könüllülər” Hərəkatı Mərkəzi, eləcə də digər könüllü təşkilat və hərəkatların iştirak etdiyi Mərkəzin işinin koordinasiyası Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən həyata keçirilir.
Xatırladaq ki, AKƏM vasitəsilə keçirilən aksiyalar çərçivəsində könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərir, həmçinin koronavirus pandemiyası ilə əlaqədar qan qıtlığının təcili qana ehtiyacı olan şəxslərin həyatı üçün yaratdığı təhlükənin aradan qaldırılmasına fəal töhfə verirlər. Qısa zamanda AKƏM tərəfindən respublikanın, demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunub, onların əlaqələndirilməsi və lazımi fəaliyyət istiqamətlərinə yönləndirilmələri həyata keçirilib.
Beləliklə, könüllülər “Böyüklərimizi qoruyaq!” devizi altında paytaxt və regionlarda minlərlə tənha ahılın, aztəminatlı insanın, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkib, onlara müxtəlif ərzaq və gündəlik təlabat məhsullarından ibarət bağlamaların çatdırılmasına köməklik göstəriblər. Ümumilikdə, ölkəmizin 28 şəhər və rayonunda minə yaxın könüllü fəaliyyətə cəlb olunub. Onlar pandemiya dövründə həssas kateqoriyadan olan 6254 ailəyə dəstək göstərilməsində fəal iştirak ediblər.
Aprelin 8-dən başlayan “Könüllü Qonşu” aksiyası çərçivəsində 44 şəhər və rayonda könüllülər tərəfindən məhəllə və binaların girişlərində xüsusi elanlar vasitəsilə əlaqə nömrələri paylanılıb, ehtiyacı olan şəxslər barədə məlumat verilməsi xahiş edilib. Bu əlaqə nömrələrinə daxil olan zənglər əsasında könüllülər vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik göstərirlər.
Vurğulandığı kimi, AKƏM vasitəsilə reallaşdırılan digər bir layihə ölkədə qan qıtlığı səbəbindən talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən, təcili əməliyyata və bununla əlaqədar qana ehtiyacı olan şəxslərin həyatı üçün yaranan təhlükənin aradan qaldırılmasında könüllülərin iştirakı ilə bağlıdır. Aprelin 8-də Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi Milli Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankı ilə birlikdə “Könüllü Donor” aksiyasına start verib. Bu nəcib aksiya çərçivəsində könüllülər Qan Bankının paytaxtda və regionlarda yerləşən bölmələrində qanvermə aksiyasında fəal iştirak ediblər.
Könüllülüyün, həqiqətən də, könül işi olduğunu sübut edən gənclərin fəaliyyəti bununla yekunlaşmır. Onlar əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanması, həmçinin günümüzün qəhrəmanları olan polis və tibb işçilərinə könüllülər adından təşəkkür mesajlarının çatdırılmasında da böyük həvəslə iştirak edirlər.
Bu məqamda vurğulamaq yerinə düşər ki, ümumiyyətlə, son illərdə Azərbaycanda könüllülər hərəkatı geniş vüsət alıb. Arxada qalan illərin təcrübəsi ürəkaçandır. Könüllülər respublikamızın uğurla ev sahibliyi etdiyi “Eurovision” mahnı müsabiqəsinə, Birinci Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarına, digər belə beynəlxalq miqyaslı tədbirlərə həvəslə qatılaraq onların daha yüksək səviyyədə keçməsinə özlərinin sanballı töhfələrini veriblər. Bu gün Azərbaycanın həyatını, ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirləri, idman yarışlarını könüllülərsiz təsəvvür etmək çətindir. Yuxarıda deyilənlərdən də göründüyü kimi, son vaxtlarda könüllülər hərəkatının təşkilatlanması isə onların fəaliyyətinin səmərəliliyini daha da artırıb.
MÜBARİZ

Paylaş:
Baxılıb: 317 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31