Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Turizm cənnəti – Antalya

Turizm cənnəti – Antalya

22.06.2021 [09:48]

Türkiyə 2021-ci ildə sağlam və etibarlı turizmin məkanı olmağa davam etmək üçün bütün tədbirləri görür

2019-cu ilin dekabrında Çində qeydə alınan və daha sonra dünyanı cənginə alan yeni növ koronavirus (COVİD-19) infeksiyası, demək olar ki, bütün həyatı iflic etdi. Məhz pandemiya səbəbindən, hətta dünyanın öndə gedən ölkələrinin iqtisadiyyatı belə ciddi zərər gördü. Bu məqamda, qeyd etmək yerinə düşər ki, pandemiya şəraitində ən çox zərər çəkmiş sahələrdən biri də turizmdir. Daha dəqiq desək pandemiya səbəbindən ölkələr arasında hava, quru və dəniz nəqliyyatı əlaqələrinin qapadılması, turist səfərlərinə tətbiq edilən qadağalar turizm sektoruna mənfi təsir göstərib. 

Bu gün dünya üzrə yoluxmalarda azalma müşahidə edilsə də pandemiya davam edir. Bununla belə, həyat da davam edir. Bu baxımdan dünyada, o cümlədən Türkiyədə pandemiyanın davam etdiyi bir şəraitdə turizm obyektlərinin yenidən fəaliyyətə başlaması üçün ciddi təhlükəsizlik tədbirləri görülür. Məlumat üçün bildirək ki, pandemiyaya qədər dünyada turizm sahəsindən yüksək gəlir götürən 10 ölkədən biri Türkiyə idi. 

Türkiyənin ən məhşur kurortları Aralıq dənizi sahillərindədir ki, burda da əsas yeri Antalya tutur

Ölkənin Mədəniyyət və Turizm Nazirliyi turizm sektorunun 2023-cü ilədək olan dövr üçün inkişaf konsepsiyasını qəbul etmişdi. Konsepsiyanın əsas məqsədi ölkənin turizm kurortlarının rentabelliyini artırmaq, onları dünyada daha geniş miqyasda tanıtmaq və turizm biznesinin daha yüksək inkişafına nail olmaqdır. Ümumiyyətlə, Türkiyədə bütün növlər üzrə kurortlar, istirahət mərkəzləri var. Ölkənin ən məhşur kurortları isə Aralıq dənizi sahillərindədir ki, burda da əsas yeri Antalya tutur. Elə Azərbaycan KİV nümayəndələrinin Antalyaya səfərinin təşkil olunmasında da əsas məqsəd bir daha bu diyarın turizm potensialı, həmçinin hazırkı dönəmdə həyata keçirilən təhlükəsizlik tədbirləri barədə əyani şəkildə məlumat verməkdir. Xatırladaq ki, səfər Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti və nazirlik nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə baş tutur. 

Qeyd edək ki, Antalyada 2, 3, 4 və 5 ulduzlu olmaqla 120-dək hotel fəaliyyət göstərir. Antalya daha çox yaxta gəzintiləri, Sidə, Likiya və digər qədim şəhərlərə, Düdən, Kurşunlu şəlalələrinə təşkil edilən ekskursiyaları ilə məşhurdur. Antalya barədə bir qədər sonra daha geniş məlumat verəcəyik. Hələlik isə qayıdaq pandemiya dövründə görülən təhlükəsizlik tədbirlərinə. Öncə onu qeyd edək ki, koronavirus pandemiyası müddətində Türkiyə turizm sahəsində gördüyü tədbirlərlə nümunə olub.

"Təhlükəsiz Turizm Sertifikat" proqramının Türkiyədə tətbiq dairəsi hər keçən gün daha da genişlənir 

Məsələn, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Səhiyyə Nazirliyi və Türkiyə Turizm Tanıtma və İnkişaf Agentliyinin (TGA) koordinasiyası ilə turizm sektorunda çalışan işçilərin hamısı peyvəndlənib. Peyvəndləmə proqramı aviaşirkətlər, hava limanları, mehmanxanalar, turizm agentliklərinin işçilərini, həmçinin peşəkar bələdçiləri də əhatə edib. Peyvəndləmə proqramı "Təhlükəsiz Turizm Sertifikat" proqramı çərçivəsində yay mövsümü üçün beynəlxalq ziyarətçiləri qəbul etməyi və turizm işçiləri ilə yerli turistlərin sağlamlığını və təhlükəsizliyini təmin etməyi hədəfləyib.

Yeri gəlmişkən, dünyanın bu sahədəki ilk və ən müvəffəqiyyətli nümunələrindən biri olan "Təhlükəsiz Turizm Sertifikat" proqramının Türkiyədə tətbiq dairəsi hər keçən gün daha da genişlənir. Qardaş ölkədə iyunun 10-dək 5216-sı mehmanxana, 2035-i restoran və kafe olmaqla ümumilikdə, 10457 müəssisə və nəqliyyat vasitəsinə "Təhlükəsiz Turizm Sertifikatı" verilib. Türkiyənin Turizm Tanıtma və İnkişaf Agentliyindən verilən məlumata görə, "Təhlükəsiz Turizm Sertifikatı" alan 5216 mehmanxananın 2871-i nazirlik, 2345-i isə bələdiyyə sertifikatına sahibdir.

COVID-19-a qarşı bütün tədbirlərin görüldüyünü təsdiqləyən sertifikat çərçivəsində xidmət göstərən turizm sektoru istirahət üçün gələnlərdə təhlükəsizlik hissi yaradır. Proqram çərçivəsində hotellərdən tutmuş restoranlara, kafelərə və transfer xidməti göstərən nəqliyyat vasitələrinə qədər kriteriyalar müəyyənləşdirilib. 

Beləliklə, turizm müəssisələrində göstərilən xidmətin yerli və xarici turistlərin etibarını qazanması ilə Türkiyə xüsusilə fərqlənib. Turistlər seçimlərində "Təhlükəsiz Turizm Sertifikatı" proqramının iki qolu olan "təhlükəsizlik" və "gigiyena"nı əsas götürürlər. Sertifikatlaşdırma proqramının effektivliyinin artması, bəzi ölkələrin bu tətbiqi nümunə götürməsi və gələn turistlərin məmnun qayıtması sektor nümayəndələrini sevindirir.

Bir sözlə, Türkiyə 2021-ci ildə sağlam və etibarlı turizmin məkanı olmağa davam etmək üçün bütün tədbirləri görür və beynəlxalq ziyarətçilər üçün etibarlı səyahət baxımından ən yaxşı seçimlərdən biri olacaq. Və heç şübhəsiz ki, bu sırada yenə də turizm cənnəti olan Antalyanın ön sırada olacağı şübhəsizdir. 

Türkiyənin turizm paytaxtı hesab edilən Antalya mavi dənizi və gözəl çimərlikləri ilə seçilir

Məlumat üçün bildirək ki, Antalya Türkiyənin cənubunda, Aralıq dənizinin qərb sahillərində yerləşən məşhur kurort şəhəridir. Antalya Türkiyənin əhalisinin ən sıx olduğu beşinci, sahəsinə görə isə altıncı böyük şəhəridir. Antalyada iqtisadi həyat çox sayda ticarət, kənd təsərrüfatı və turizmə əsaslanır. Antalya rayonunun əhatə etdiyi bölgə tarixboyu günümüzə qədər bir çox mədəniyyətə sahib olmuş və Türkiyədə ən çox antik şəhər olan rayondur. Öz növbəsində, Likiyalılar, Lidiya, Bergamalılar, Romalılar, Bizanslılar, Səlcuqlar, Osmanlılar və son olaraq da Türkiyə Cümhuriyyətinin hakimiyyətində olan Antalya, bu mədəniyyətlərin heç birində paytaxt olmayıb. 

Türkiyənin turizm paytaxtı hesab edilən bu şəhər mavi dənizi və gözəl çimərlikləri ilə seçilir. Yeni və tarixi hissədən ibarət olan şəhərdə Aralıq dənizi iqlimi hakimdir. Ümumiyyətlə, Türkiyənin Aralıq dəniz sahilləri ekoloji baxımdan ən təmiz ərazilər hesab olunur. Antalya şəhəri 1980-ci ildən sonra əlverişli iqliminə görə sürətlə inkişaf etmiş turizm bölgəsinə çevrilib. Ərazisi 1,4 min kvadratkilometr, əhalisi 2 milyondan çox olan Antalya pandemiyaya qədər il ərzində orta hesabla 10-12 milyon turist qəbul edirdi. Hər il Antalyaya Rusiya, Almaniya, İngiltərə, Hollandiya, Azərbaycan və digər ölkələrdən milyonlarla turist gəlirdi. Antalya ilin 300 günü günəşli olan, yayı isti və quru, qışı mülayim və yağmurlu şəhərdir. Türkiyənin turizm gəlirinin təxminən 35 faizi Antalyanın hesabına ödənilirdi. Ümumilikdə, Türkiyənin ildə ən çox turist çarpayısı satılan şəhəri də 65 faiz göstərici ilə məhz Antalyadır.

Beləliklə, bu cür yüksək imkanlara malik Antalya pospandemiya dövründə də turistləri qarşılamağa hazırdır. Hələlik isə pandemiyadan sonra bura üz tutacaq ilk turist qruplarının Rusiyadan gələcəyi gözlənilir. Çünki bu gündən etibarən Rusiya Türkiyə ilə təyyarə reyslərini bərpa edib. Antalyada söhbət etdiyimiz sadə insanlar, həmçinin turizm sektoru üzrə yetkililər deyirlər ki, böyük ehtimalla iyunun 24-dən sonra rus turistlərinin axını başılayacaq.  

Antalya özünəməxsus arxitekturası, tarixi abidələri ilə də məşhurdur

Vurğulandığı kimi, şəhər özünəməxsus arxitekturası, tarixi abidələri ilə də məşhurdur. Türkiyənin ən zəngin muzeylərindən biri məhz Antalyadadır. Burada Osmanlı imperiyasına qədər olan dövrün tapıntıları, romalılara aid heykəllərlə işlənmiş sarkofaqlar nümayiş edilir. Antalya Türkiyədə ən çox antik şəhər olan vilayətdir. Özünəməxsus arxitekturası və tarixi abidələri ilə məşhur olan şəhər dağlarla əhatələnib.

Sonda qeyd edək ki, Antalya komfortlu və sakit istirahəti sevənlərlə yanaşı çılğın həyatı sevənlər üçün də möhtəşəm məkandır. Kemer, Alanya və Sidenin gecə həyatı, rəngarəng əyləncələri ilə yay müddəti 24/7 hər kəsə möhtəşəm anlar yaşadır.

Nadir AZƏRİ

Türkiyə, Antalya

Paylaş:
Baxılıb: 723 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31