Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dünya savaşır, amma kiminlə...

Dünya savaşır, amma kiminlə...

16.02.2022 [11:00]

Yeni ştammlar, yoxsa bioloji silah?

İlhamə RƏSULOVA

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yenidən xəbərdarlıq yayıb. Koronavirusun daha təhlükəli ştammlarının ortaya çıxacağını bəyan edib.

Təşkilat bildirib ki, koronavirusun “omikron” ştammı nə qədər sürətlə yayılarsa, virusun yeni variantlarının yaranma ehtimalı da bir o qədər yüksək olacaq.

ÜST-nin fövqəladə hallar üzrə eksperti Katerin Smollvud bildirib ki, hazırkı dövr olduqca təhlükəli bir mərhələdir, yoluxmaların tempi və sayın çoxluğu daha böyük bir bəlaya yol aça bilər. ÜST eksperti Mariya van Kerkhove yeni ştammın aşkar edilməsi üçün yeni testlər tələb olunduğunu deyib. Oksford-AstraZeneca peyvəndinin yaradıcılarından biri olan professor Sara Gilbert gələcək virusların indiki viruslardan daha ölümcül ola biləcəyi barədə xəbərdarlıq edib və onlara hazırlıq üçün pul ayrılmasına çağırıb. “Bu böhran açıq şəkildə sonuncu deyil. Açıq desək, növbəti virus daha pis ola bilər. O, daha yoluxucu, daha ölümcül və ya hər ikisi ola bilər”,- deyə bildirib.

“Omicron” variantından danışan Gilbert onun zülalında virusun yayılma qabiliyyətini artırdığı bilinən mutasiyalar olduğunu söyləyib. O, gələcəkdə qripə qarşı universal peyvəndin hazırlanacağını istisna etməyib.

Koronavirus pandemiyası başlayandan bəri ÜST demək olar ki, 2 aydan bir daha qorxunc bir ştammın yayılması barədə xəbərdarlıq edir.

Bu virusun dünyaya süni şəkildə yayılması, bioloji silah kimi yaradılması,  gizlin meqalayihənin  bir parçası olması barədə iddialar dəfələrlə səslənib. Necə deyərlər, od olmasa tüstü çıxmaz.

Bəs getdikcə artan təhlükəyə çevrilən  bioloji silahlar və bioterrorçuluq

anlayışı bəşəriyyətə nə zamandan tanışdır?

Bu gün 17 ölkənin aktiv bioloji silah proqramlarının olduğu ehtimal edilir.

Bioloji silahlar kimi istifadə olunan viruslar səpmə qurğuları vasitəsilə və ya su mənbələrini, qida anbarlarını, rəqib milli valyutasını və s. yoluxdurmaqla, istehlak bazarına bu maddələrlə yoluxdurulmuş ərzaq ixrac etməklə, ayrı-ayrı təşkilatlarına bu maddələrlə yoluxdurulmuş məktub göndərməklə və digər yollarla yayılır. 

Bioloji silahın ən qorxunc tərəfi onun dərhal deyil, inkubasiya dövrü başa çatdıqdan sonra üzə çıxmasıdır. Gömrük və sərhəd məntəqələrində nüvə və kimyəvi təhlükəni görə bilən dedektorlar  qoyulsa da, bioloji silahları sərhədlərdən keçirmək asandır. Xüsusi təhlükəli orqanizmlər olan plastik butulkanı su qabı kimi cibdə keçirmək problem deyil.

Viruslardan bioloji silah kimi istifadə edilməsi qədim tarixə malikdir. Bioloji silahlardan istifadəyə dair ilk fakt eramızdan əvvəl 190-cı ildə, Karfagen generalı Hannibalın Perqamdan düşmən gəmilərini məğlub etmək üçün ilan zəhərindən istifadə etdiyi vaxta aiddir.

Bioloji silahların istifadə tarixinə dair bir çox mənbələrdə 1346-cı ildə Kefe şəhərinin mühasirəsində tatarların epidemiya yaratmaq üçün vəbadan ölən insanların cəsədlərini mancanaqlarla şəhərə atdıqları bildirilir. O zaman hazırda Ukrayna sərhədləri daxilində olan və Feodosiya kimi tanınan Kefe şəhərində vəba epidemiyasının yayılması bununla əlaqələndirilir.

Bioloji silahların istifadəsinə dair tarixi qeydlərdəki başqa bir nümunə 1756-1763-cü illərdə İngiltərə ilə Fransa arasında baş verən 7 illik müharibədə çiçək virusundan istifadə edilməsidir. İngilislər yerli hindulara çiçək xəstəliyinə yoluxmuş yorğan paylayaraq, süni epidemiya yaratdılar və bununla da hinduların ingilis köçkünlərinə qarşı döyüşməsinin qarşısını aldılar. Bu üsul Amerika vətəndaş müharibəsində də istifadə edilmişdi. Çiçək və sarı qızdırma ilə yoluxmuş paltarlar Birlik Qüvvələrinə satılmışdı.

Dünya Müharibəsi zamanı almanlar gizli şəkildə müttəfiqlərinin at və mal-qarasını qarayara və revmatoid artritə yoluxdurmuşdular. Almanların 1915-ci ildə ruslara qarşı vəba xəstəliyindən istifadə etdikləri və İtaliyaya qarşı vəba xəstəliyindən istifadə etməyə cəhd etdikləri barədə də məlumatlar var. 1932-1945-ci illər arasında Yaponiya 731-ci bölmədə bioloji silah araşdırması aparmış və bu, on mindən çox hərbi əsirinin qarayara, meningit, vəba və vəbadan ölməsinə səbəb olmuşdu. Yaponiya Çin xalqına qarşı istifadə etdiyi bioloji maddələrlə təcrübələrini sonralar da davam etdirdi və ən azı 11 Çin şəhərinə etdiyi bioloji hücumlarla tif, vəba epidemiyaları yaradaraq on minlərlə insanı məhv etdi.

Hücumlar suyun və qida mənbələrinin bioloji maddələrlə çirkləndirilməsi, tərkibində bakteriya olan bombaların atılması kimi üsullarla həyata keçirilirdi. Yaponların Mançuriya bölgəsində istifadə etdikləri üsullardan biri də vəba mikroblarını daşıyan birə ilə doldurulmuş düyüləri təyyarələrdən atmaq idi. Bu düyünü yeyən siçovullar vəba xəstəliyinə tutulurdu, beləliklə, xəstəliyin geniş coğrafiyada insanlara yayılması üçün lazımi şərait yaradılırdı. Şeytanın belə ağlına gəlməyən  üsuldur, elə deyilmi?

Millətlər Liqası Yaponiyanın Mançuriyadakı bu fəaliyyətini araşdırmaq üçün bölgəyə nümayəndə heyəti göndərəndə yapon əsgərləri heyətin yeməklərini vəba xəstəliyinə yoluxdurmağa cəhd etmişdilər. II Dünya Müharibəsindən sonra Yaponiya bioloji müharibə proqramını dayandırdı və bütün bioloji silah obyektlərini məhv etdi. Yaponiya hökuməti 1982-ci ildə dərc etdiyi hesabatda bioloji müharibə ilə bağlı təcrübələrin bəşəriyyət üçün faciəyə çevrilməsindən təəssüfləndiyini bildirmişdi.

Yaxın tarix

Sovet İttifaqı bu müqaviləni imzalasa da, qarayara və çiçək viruslarından  istifadə edərək, geniş bioloji silah proqramını həyata keçirməyə davam etdi.

Rəsmi olaraq ABŞ-ın bioloji silah hazırlaması barədə məlumat 1942-ci ildə məlum olub. O zaman prezident olan Franklin Ruzvelt tədqiqatların aparılmasına icazə vermişdi. II Dünya Müharibəsi zamanı bioloji silahın hazırlanmasına ABŞ 400 milyon dollar vəsait sərf etmişdi. Müharibədən sonra isə bu büdcə böyüməkdə davam etdi. Həmin dövrdə ABŞ 1925-ci il Cenevrə Konvensiyasına qoşulmadığına görə tədqiqatlar geniş şəkildə davam etdirilirdi.

1954-cü ildən 1973-cü ilə qədər Fort Detrik ərazisində könüllü insanların üzərində bu proqram çərçivəsində bioloji sınaqlar aparılırdı. Bu könüllülər ordudan toplanırdı. Onları xüsusi xəstəliklərə yoluxdurur, daha sonra yeni vaksinləri onlar üzərində sınaqdan keçirirdilər. Amerikalı alimlər bu sınaqlar nəticəsində hepatitlərə, Ku qızdırmasına, sarı qızdırmaya, Venesuela ensafalomieletinə, tulyaremiya və Rift Valli qızdırmasına qarşı vaksinlər tapmaları ilə öyünürlər. Bu xəstəliklərin törədicilərinin hamısı, əslində bioloji silah sayılır.

SSRİ-də İosif Stalinin hakimiyyəti dövründə bioloji silah hazırlanması ilə DTK laboratoriyalarında doktor Qriqori Mayranovskinin rəhbərlik etdiyi həkim briqadası məşğul olurdu. Müxtəlif növ zəhər və bioloji silahlar ölüm hökmü verilmiş məhbuslar üzərində sınaqdan keçirilirdi. Bu barədə öz memuarlarında xüsusi xidmət orqanlarının yüksək vəzifəli keçmiş əməkdaşı general leytenant Pavel Sudoplotov yazırdı. Onun sözlərinə görə, o şəxsən özü belə silahların tətbiqinə dair 4 faktla qarşılaşmışdı.

SSRİ-də ən çox Sibir xorasının və taunun müxtəlif patogenləri hazırlanırdı. Akademik Lvov Afrikadan ebolanı gətirib, bioloji silaha çevirə bildiyinə görə, Lenin ordeninə layiq görülmüşdü.

1979-cu ildə Sverdlovsk hərbi bazasında işləyən sovet texnikləri filtrləri kritik havada işlədə bilməmiş, təxminən bir qram qarayara sporu təsadüfən havaya atılaraq, ətrafa yayılaraq 68 nəfərin ölümünə və 100 hektarlıq bir ərazinin bağlanmasına səbəb olmuşdu.

1995-ci illərdə dini terror təşkilatı “Aum Şinrikyo” Tokio metrosunda zarin qazı ilə həyata keçirdiyi hücumda 5000 nəfərin zərər çəkməsinə, 1000 nəfərin xəstəxanaya yerləşdirilməsinə və 19 nəfərin ölümünə səbəb olmuşdu.

 Bax belə. İnsan oğlu öz-özünü məhv etmək üçün milyardlar ayıraraq  nüvə silahları, raketlər, tanklar, toplar hazırlaması azmış kimi, gözəgörünməz virusları da öz başına bəla edib. 2 ildir bütün səylərimizə rəğmən, əvvəlki həyatımıza qayıda bilmirik, hissə-hissə məhv oluruq. Virus nə sərhəd tanıyır, nə də varlı-kasıb. Gözəgörünməz qatil aramızda gəzir və ən pisi də biz artıq onun varlığına alışmışıq. Savaşırıq, amma kiminlə? Bilmirik.

Paylaş:
Baxılıb: 874 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31