Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / 77 ilin dostları, bu günün düşmənləri

77 ilin dostları, bu günün düşmənləri

03.03.2022 [10:27]

9 mayda nəyi və necə qeyd edəcəyik?

Rusiya və Ukrayna arasında gedən müharibəyə dair sosial şəbəkələrdə yayılan çoxlu sayda videoçarxlardan ən təsirlisi II Dünya ?üharibəsi zamanı ayaqlarını itirmiş ukraynalı veteranın rus zabitlə dialoqu idi. Qoltuqağaclarının köməyi ilə ayaq üstə dayanan, pencəyinin yaxası orden və medallarla dolu olan 80 yaşlarında bir qoca göz yaşları içərisində sual edir:

“Axı, mən sizin üçün döyüşmüşdüm, mən vətən uğrunda ayaqlarımı itirmişəm. Biz indi düşmənik? Nə üçün biz müharibə edirik?”

Bu sual bir qocanın dilindən bütün dünyaya, ən azında? Sovet İttifaqının sərhədləri arasından çıxmış hər bir müstəqil respublikaya ünvanlana bilər. Böyük qanlar və itkilər hesabına qazanılan bu qələbə adi qələbə deyildi. Bu, dünyanın yüzlərlə xalqının, Yer kürəsinin milyonlarla insanının gələcəyini xilas etmək üçün aparılmış müharibə idi. Bu müharibə aparıldı ki, əldə edilən azadlıq, sülh irqindən, dinindən, rəngindən asılı olmayaraq onlarla millətin bugünkü nəsillərə yadigar qoyduğu irs olsun. O nəsillər isə nəinki sülhü qoruya bildilər, əksinə, yeni, daha qorxunc savaşlara qapı açdılar. 70 il bir-birilərinə qardaş demiş, 70 il eyni dövlətin bayrağı altında yaşamış bu xalqların demək olar ki, hamısı sonradan bir-biriləri ilə çəkişməyə, düşmənçiliyə başladılar.

Qarşıdan II Dünya Müharibəsinin başa çatmasının 77-ci ildönümü gəlir. Hər il may ayının 9-da bu müharibənin artıq çox az sayda qalmış veteranları böyük qürurla xalqlar dostluğundan bəhs edirdilər. Yoxsa sonuncu veteran, sonuncu mogikan bu dünyadan köçmədən, biz “xalqlar dostluğu” anlayışını dəfn etməli olacağıq?

Bu qədər lokal müharibələr fonunda bir zamanlar eyni şinelin altından çıxmış, bu gün özləri də bilmədikləri səbəblərlə bir-birilərinə yad olmuş bu xalqlar bir araya gəlib nəyi və necə bayram edəcəklər? 9 May təkcə müharibənin başa çatdığı gün deyildi, 9 May birliyin, eyni məqsədin, birgə iradənin şər üzərində qələbəsi idi. O şər ki, indi həmin insanları yenidən məğlub edib, parçalayıb.

Bizim nəsil 57 milyon insanın həyatı bahasına alınmış o qiymətli hədiyyəni qoruya bilmədi təəssüf ki. Bizim deməyə tamamilə haqqımız var, çünki o möhtəşəm qələbənin əldə olunmasında, II Dünya müharibəsinin gedişatının dəyişməsində Azərbaycan neftinin və insanının əvəzsiz rolu olmuşdu. Baxmayaraq ki, sonradan haqsız yerə “qəhrəman şəhərlər” sırasına daxil edilmədi, amma Bakı nefti müharibənin taleyinin dəyişməsində, ildırım sürətli işğal planının iflasında çox mühüm rol oynadı.

İkinci Dünya müharibəsində həlak olan 57 milyon insandan 27 milyonu Sovet vətəndaşları idi ki, onların arasında Azərbaycandan cəbhəyə gedən 600 mindən çox soydaşımız vardı. Onlar el-obalarının hüdudlarından uzaqlarda mərdliklə, fədakarcasına vuruşaraq həm də doğma Azərbaycanı faşizmdən mərdliklə qorudular. Bu, insanların yarısı cəbhədən qayıtmadı, yarısı əlil oldu.1945-ci ilin demoqrafik göstəriciləri ilə müqayisədə bu çox böyük rəqəm idi.

Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdi, göstərdiyi qəhrəmanlığa görə, 170 mindən çox azərbaycanlı orden və medallarla təltif edildi, 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görüldü.

Eyni qəhrəmanlığı ədalət, haqq uğrunda savaşdığını düşünən bütün xalqlar etmişdilər. Bu gün də yer üzündə müharibə var, qan var və hər kəs yenə özünü haqlı hesab edir, “sülhü qorumaq adına savaş çıxarır?!” Yenə minlərlə insan ölür. Amma bu dəfə nə qəhrəmanlar bəllidir, nə qurbanlar. Səbəblər çoxdur. Birini qeyd etmək yerinə düşər. İdeologiya boşluğu. Hər bir dövlətin başında dayanan lider keçmişə sayğı aşılasa, xalqını, siyasi kursunu başqa dövlətlərin istilası, nifrəti ideyası üzərində kökləməsə, dünya cənnət olar. Bu gün hələ bələkdəki erməni balasının qulağına adı əvəzinə “türk sənin düşmənindir” deyilirsə, bu irticaçı düşüncə altında böyüyən uşaqların məqsədi, məramı, niyyəti nə olacaq? Bu mənada Azərbaycan Prezidentinin müharibələrə, sülhə, müharibə iştirakçılarına humanist yanaşması örnək sayıla bilər.

“1945-ci ildə bəşəriyyətin faşizm üzərində Qələbəsi ədalətin, Xeyir qüvvələrin Şərin üzərində qələbəsi idi. Hər bir insan silaha sarılaraq öz ölkəsini müdafiə etmiş, dünyada və Avropada azadlığı qorumuş adamlara dərin ehtiramını bildirməlidir...” bu fikir mənim ölkəmin Prezidenti İlham Əliyevə məxsusdur.

İkinci Cahan savaşının od-alov püskürən cəbhələrində ölümlə üz-üzə dayanan, qəhrəmanlıq göstərən insanlara, müharibə veteranlarına Azərbaycanda həmişə böyük hörmət qoyulub. II Dünya müharibəsindən (biz tarix dərslərimizdən bu müharibəni Böyük Vətən müharibəsi olaraq öyrənmişdik, sevgimiz də savaşımız da vətən üçün olmuşdu, səmimiydi, saf idi) sonra veteranlara ikinci həyatı isə öz diqqət və qayğısı ilə ulu öndər Heydər Əliyev bəxş etdi. Müstəqilliyin ilk illərində veteranlara ədalətsiz münasibət sərgiləndi, AXC-Müsavat iqtidarı dövründə hətta 9 May bayramının ləğv olunması təklifləri səsləndirilirdi. Bəziləri bir az da irəli gedərək, “kaş faşizm qalib gələydi, Almaniyanın işğalı altında olaydıq” fikirlərini səsləndirirdilər.

Heydər Əliyev 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra bu yanaşmanı aradan götürdü, ədalət bərpa olundu. “Tarix bu gün də bilməlidir ki, İkinci dünya müharibəsində Azərbaycan Respublikasının xidməti, fəaliyyəti, rolu çox böyük olmuşdur” deyən Heydər Əliyev müharibə veteranlarını “xalqımızın qızıl fondu” adlandırırdı.

Biz daim sülhməramlı, xoşniyyətli xalq olduq, qonşularımızla mehriban qonşuluq münasibətlərinə önəm verdik, biz dünyanın hər hansı bir bucağında savaş səbəbilə bir körpə ağlayanda ona üzüldük, yardım etməyə çalışdıq. Biz hətta dar günündə düşmənə belə amansız olmadıq. 1988-ci ilin dekabr ayında baş vermiş Spitak zəlzələsini ortayaşlı nəslin nümayəndələri yaxşı xatırlayırlar. Ermənilərin bizə təcavüzünün tüğyan etdiyi o günlərdə Ermənistanda baş vermiş zəlzələ yüzlərlə insan ölümünə səbəb olmuşdu. Bir qrup azərbaycanlı humanitar yardım toplayaraq təyyarə ilə qonşu ölkəyə köməyə getmişdilər. Məram həm kömək idi, həm də “bəlkə insanlıq dərsi alıb, sülhə qayıdarlar” arzusu. Amma təyyarəmiz göydə vuruldu, 68 nəfər xilasedici və 9 ekipaj üzvü vəhşiliyin qurbanı oldu. Hər kəs öz qabında olanı ortaya qoydu. Biz humanizmi, onlar...

Görəsən insanın insan qədri bilməsi üçün nə lazımdır? Bir qarışqanı belə yaradıb, can vermək qüdrəti yoxkən, 98 milyard işıq ili böyüklüyündəki kainatda tək şüurlu varlıq olan insan oğlu niyə özünə savaş açıb? Dərk etməsi üçün mütləq yadplanetlilərin hücumuna məruz qalmalıdır? O qoca veteranın dediyi kimi, biz niyə müharibə edirik, biz niyə düşmənik?

İlhamə HƏKİMOĞLU

Paylaş:
Baxılıb: 857 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31