Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “İsmailiyyə” azad edilsinmi?

“İsmailiyyə” azad edilsinmi?

04.03.2022 [10:04]

Elmin başı bir yanda, ruhu bir yanda

İlhamə HƏKİMOĞLU

Bakıya Qərb və Şərq memarlıq koloritini bəxş edən qeyri-adi gözəl binaların əksəriyyətini Ağa Musa Nağıyev tikdirib. Bu binalardan ən gözəli “İsmailiyyə” binasıdır

Bakı milyonçuları Novruz bayramı münasibəti ilə təşkil olunmuş ziyafət məclislərinin birində Ağamusa Nağıyevə təklif edirlər ki, cavan yaşda, ağır xəstəlik nəticəsində rəhmətə getmiş oğlu İsmailin xatirəsini əbədiləşdirmək üçün Müsəlman Xeyriyyə Cəmiyyətinə bina tikdirsin. Bu münasibətlə 1908-ci ildə “İsmailiyyə” binasının tikintisinə başlandı, 1913-cü ildə başa çatdı. Bina Venesiya qotikası üslubunda inşa etdirilmişdi. Binanın memarlıq layihəsinin müəllifi memar İosif  Ploşko idi.

Binanın layihəsinə maraq o qədər böyük idi ki, hətta o zamankı qəzetlər bu layihəni dərc etməklə satışlarını artırdılar. “İsmailiyyə” memarlıq xüsusiyyətlərinə görə şəhərin ən əzəmətli binası kimi tanınırdı və bu gün də öz gözəlliyini qoruyub saxlayır. Bu böyük binanın isitmə sistemi də öz dövrünə görə müasir üslub sayılırdı. Memar teplovozlardan ilhamlanaraq, binanı buxarla isitməyə qərar verdi. Təəssüf ki, öz əzəməti ilə seçilən bu binanın taleyi dövrünün insanlarına bənzədi, “İsmailiyyə” də  erməni təcavüzünə məruz qaldı.

1918-ci ilin mart hadisələri zamanı Bakıda nəzarəti ələ keçirən ermənilər “İsmailiyyə”ni topa tutdular. Saray əvvəl qarət edildi, daha sonra isə yandırıldı. Elə binanın klassik, nəhəng çilçıraqlarının qiyməti xəzinə dəyərində idi. Yanğın zamanı sarayda fəaliyyət göstərən qurumların, o cümlədən sarayın öz arxivi yanaraq məhv oldu. Əsas korpusun divarlarının hər iki tərəfdən alovun hərarətinə məruz qalmış yerlərində - daşın keyfiyyətini o dərəcədə dəyişmişdi ki, artıq tikinti materialı kimi istifadəsiz yararsız hala gəlmişdi. Odur ki, sonrakı təmir, bərpa işlərində bu yanmış daşlar binanın zirzəmisinə atılıb, yeniləri ilə əvəz olundu.

“İsmailiyyə” binası Azərbaycan tarixinin gərgin səhifələrinin iştirakçısı olub. Azərbaycanın milli-azadlıq hərəkatında mühüm yer tutan Qafqaz müsəlmanlarının birinci qurultayı (1917, 15-20 aprel) bu binada keçirilib. Ölkənin bir sıra ictimai və siyasi təşkilatları bu binada yerləşmişdi. Sovet hakimiyyəti zamanı bu binanı sökmək qərara alınmış, lakin yerli sakinlərin etirazından sonra bərpa edilmişdi. Bərpadan (1922-1923) sonra “İsmailiyyə” Türk Mədəniyyət Sarayı adlandırıldı. 1923-cü ildən Azərbaycanı tədqiq edən və öyrənən cəmiyyət burada yerləşmişdi. Birinci türkoloji qurultay da bu binanın iclas zalında keçirilmişdi.

Ağa Musa Nağıyev sağlığında bəhailiyi qəbul etmişdi deyə, binanın əsas fasadında Şeyx Bəhainin qranit heykəli qoyulmuşdu (Bəhailiyi qəbul etdiyinə görə, onun dəfninə də çox az adam gəlmişdi). Qotik üslubda tikilmiş binanın interyerində yunan mifologiyası elementlərinə üstünlük verilmişdi. İndi Bəhai heykəli qalmasa da, yunan qravüraları olduğu kimi qalır.

2 dəfə yanmış, dəfələrlə təmir işlərindən sonra interyerinin orijinal versiyası dəyişikliyə uğramış “İsmailiyyə” hazırda AMEA Rəyasət Heyətinin binası kimi istifadə edilir. Bina 2 il öncə əsaslı təmir edilib, köhnə üslub xətti saxlanmaqla yenilənib. İlk versiyadan “İsmailiyyə” binasında yalnız bir neçə element qoruna bilib. Qapı, pəncərələr, möhtəşəm çilçıraqlar, divarların qızıl suyuna boyanmış gips naxışları belə qədimi görünsə də, yenidir. Bina müasirliklə klassikanı özündə sintez edib. Divarlardakı müxtəlif heykəlciklər, qravüralar, foyedə qoyulmuş böyük fortepianonun ahəngi diqqət çəkir. Elə giriş zalında böyük qranit üzlü sütunlar, naxışlı daşlarla bəzədilmiş tağlar, klassik üslublu geniş pilləkənlər, 8 guşəli ulduzlarla bəzədilmiş geniş pəncərələr “İsmailiyyə”nin möhtəşəmliyini göz önünə sərir.

Bununla belə, altından metro xəttinin keçməsi səbəbi ilə “İsmailiyyə” yenidən ziyan görüb, hətta AMEA rəhbərliyi metropolitendən xahiş edib ki, bu ərazidən keçərkən qatarlar sürəti azaltsınlar ki, bünövrə zərər çəkməsin.

Xan qapısı kimi qapı

İsmailiyyə binasındakı 450 nəfərlik konfrans zalı dövrünün ən böyük zallarından olduğu üçün böyük dövlət tədbirləri bu zalda keçirilib. Binanın ikinci ən möhtəşəm, ən təmtəraqlı otağı AMEA prezidentinin oturduğu otaqdır. Hazırda qapısı bağlı olan bu otağın giriş hissəsində divarların naxışları Şəki Xan Sarayının ornamentlərini xatırladır. Qapısı önündə özünü xan qapısında hiss edirsən.

Nəzərə alsaq ki, neft bumu başlayana qədər Bakı şəhərindəki evlərin həcmi çox kiçik idi, o zaman Bakı milyonçularının tikdirdikləri və müasir dövrün insanlarını da heyran qoyan bu əzəmətli saraylar öz dövrləri üçün şedevr idilər.

“İsmailiyyə”yə  azadlıq  verilsin şüarları”

AMEA-nın 70 illik yubileyi ərəfəsində “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin, Mərkəzi Elmi Kitabxananın binalarının tikintisi, AMEA “Akademiya şəhərciyi”ndə Rəyasət Heyəti üçün yeni binanın rekonstruksiya edilməsi nəzərdə tutulmuşdu. Bu  günlərdə AMEA Rəyasət Heyətinin “İsmailiyyə” binasından köçürülməsi təklif olunur.

AMEA Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov bildirib ki, “İsmailiyyə”nin tarixi adı özünə qaytarılmalı və ictimai istifadə üçün açılmalıdır.

“Akademiyanın problemlərindən demək olar ki, təcrid olunub, İstiqlaliyyət küçəsindəki tarixi binada yerləşən Rəyasət Heyəti adlı bürokratik quruma yeni sistemdə yer olmayacaqdır. Optimallaşdırılmış yeni rəhbər idarəedici korpusun müvafiq hüquqi prosedurlar daxilində bu binanı tərk edərək, Akademiya əməkdaşlarının böyük bir hissəsinin çalışdığı Cavid prospektindəki Akademiya şəhərcəyinə köçürülməsi məqsədəuyğun olardı. “İsmailiyyə” tədricən elmi kollektivlərin buradan uzaqlaşdırılması ilə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin əlində cəmləşdirilib və qapalı bir hala gətirilib”,-deyə o qeyd edib.

Alim bu binanın Azərbaycan incəsənətinə və mədəniyyətinə aid bir muzey, yaxud yeni çağırışlara cavab verən müasir bir mərkəz kimi fəaliyyət göstərməsini təklif edib. Bənzər təkliflə akademik Rafael Hüseynov da çıxış edib. Binanın bir çox “sakinləri” isə bu təkliflə razılaşmırlar.

Hazırda AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov  hesab edir ki, “İsmailiyyə” binası özü bir brenddir.

“Burdan muzey kimi istifadə etmək olar. Amma muzeydə nə göstəriləcək? İndi tikilən binaların hamısını belə qədimi binalara bənzədiblər və bunlardan daha gözəl inşa ediblər. Bu binadan da nəhəng binalar var. Bu binadan muzey kimi istifadə olunması təklifi zaman-zaman səslənib. Burda maraqlı nə var ki, göstərə bilək?”

Xruşşovun alim olmaq həvəsi yarımçıq qalınca...

Çoxlarını maraqlandıran bir sualı verməyə bilmirəm. AMEA-nın Rəyasət Heyəti bir binadadır, qalan heyət Akademiya şəhərciyində  oturur. Bu hansısa problemlər yaratmırmı, ümumiyyətlə rəhbərliklə əməkdaşlar arasında bu qədər böyük məsafənin olması operativliyə və effektivliyə mənfi təsir etmirmi?

“Bu bina əvvəldən Akademiyanın olub. 1945-ci ildən, Akademiya formalaşandan bu binada yerləşmişik. Akademiya şəhərciyi tikiləndə nəzərdə tutulmuşdu ki, Rəyasət Heyəti də, digər bütün institutlar da eyni ərazidə yerləşsin. Xruşşovun dövründə Akademiyaya münasibət dəyişdi. Xruşşov 2 dəfə cəhd etsə də, onu Akademiyaya seçmədilər deyə, o elmə münasibətini dəyişdi, bir çox institutları nazirliklərə verdi, Akademiyanı dağıtmağa başladı. Bizdə də Akademiya üçün tikilən bina da yarımçıq qaldı. Elə o vaxtdan Rəyasət Heyəti burada qalıb”.

Arif müəllimin dediyinə görə, 2012-ci ildə AMEA-nın Rəyasət Heyəti Elm Muzeyinin yaradılması barədə qərar qəbul etsə də, bu məsələ də axıra çatdırılmayıb.

Nağıyev sağlığında oğluna vəsiyyət edərmiş ki, çoxlu bina tikdirsin. Çünki bina tikənin ömrü uzanarmış. Ömrünün uzanması mümkün olmasa da, milyonçunun özünün də, oğlunun da adı tarixə yazıldı. “İsmailiyyə” binasını isə elə Nağıyev və oğlunun xatirələrini yaşadan muzeyə çevirmək olar. Bəlkə də neft muzeyinə. Çünki bu şəhərin “qara qızılı” çoxlarının həyatında müdhiş rol oynayıb.

Paylaş:
Baxılıb: 1006 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31