Çörəyi daşdan deyil, dəmirdən çıxan qadın
06.03.2022 [10:05]
İ.HƏKİMOĞLU
Qadınlar var olduqları bütün sahələrdə öz hünərlərini göstərə bilirlər. Biz onları polis, hərbçi, həkim, müəllim, təyyarəçi, kosmonavt, mühəndis, gəmi kapitanı, süpürgəçi, taksi sürücüsü, elm adamı, aşpaz, jurnalist, tərbiyəçi, iqtisadçı, dövlət başçısı kimi ən müxtəlif sahələrdə görür, uğurlarını müşahidə edirik. Bəzən kişilər qadınların rəhbər vəzifələrdə olmasını, bəzən də kişi peşələrində çalışmasını qısqanclıqla, qıcıqla qarşılayırlar. Qadın isə “əlinin xamırıyla” bir çox işlərə uğur imzasını ata bilir. Sizi özünə çox qeyri-adi bir peşə seçmiş bir qadınla, Nüşabə Şərifova ilə tanış etmək istəyirəm. O, hər qadının cəsarət edə bilməyəcəyi, bəzən elə hər kişinin də bacarmadığı bir işin “qulpundan yapışıb”. Nüşabə avtomobil ustasıdır, təmirçidir, avtoservisdə xidmət göstərir. Şöhrəti də bütün Bakıya yayılıb.
Əslində, imkanlı bir ailədə dünyaya göz açmışdı. İndi öz yaşam tərzi də kasıbyana sayılmaz. Onu hər kəs fərqli yönlərdən tanıyır. Avtoservisdə qarşıma mazuta, yağa bulaşmış halda çıxmışdı, lakin bir ziyafətdə zərif geyimi və gözəlliyi ilə ətrafa işıq salırdı. Bir az müşahidə edincə gördüm ki, “motorist Nüşabə”, əslində şən, dəlisov, ipə-sapa sığmayan, həyat dolu bir qadındır. Qol qaldırıb rəqsə başlayanda hamı tamaşasına dayandı. Gözəl, sürətli və rəqqas kimi düzgün rəqs edirdi.
İş yerində isə bir çoxları üçün qaşqabaqlı, özü demiş “üzündən zəhər yağan” qadına çevrilir. Deyir, bununla özünə müdafiə divarı hörür.
“Avtomobillərə həvəs uşaqlıqdan yaranmışdı məndə. Babam “Zaporojets” markalı maşınını, atam öz “Qaz-21”ni təmir edəndə yanlarından çəkilmirdim. Açarların adlarını, ölçülərini də onlardan öyrənmişdim. Texnikayla, dəmir-dümürlə oynamağa həvəsliydim, xasiyyətim oğlan uşaqlarının xasiyyətinə oxşayırdı. Orta məktəbi bitirəndə atamın arzusu ilə tibb təhsili aldım, amma həvəsim avtomobillərə idi. Avtomobil təmirinə başlamazdan öncə “Gözəllik salonu” da açmışdım. Yaxşı manikür və dırnaq qaynağı etməyi bacarıram. Moskvada bunun üçün xüsusi kursa da getmişdim. Amma özümü qadın işlərində tapa bilmirdim. Qadınlarla işləmək asan gəlmədi mənə. Həm o peşədə elə gəlir yoxdur, məncə. 2 saat işləyib 10-20 manat qazanmaq mənlik deyil.
Bir müddət döşəmə örtüklərinin satışı ilə məşğul oldum. Avtomobilim var idi, təmir üçün ora-bura aparırdım, amma narazı qalırdım. Qadın olduğum üçün, yəqin maşına başdansovdu əl gəzdirib, yola salırmışlar. Düşündüm ki, niyə öz maşınımı özüm düzəltməyim? Əl buladığım hər işin öhdəsindən gəlirəmsə, bunu da bacararam. Biz qadınların çoxusu belədir, bacarmadığımız iş yoxdur.
Bir gün sürdüyüm “Ford”da nasazlıq yarandı. Heç bir usta təmir edə bilmirdi. İndi onu mənim yanıma gətirsəydilər, gözüyumulu düzəldərdim. Həmin günlərdə radioda təsadüfən mənim bu peşədə əlimi çörəyə çatdıran Vüsal ustanın söhbətini eşitdim. Dinləyicilərin avtomobillərlə bağlı suallarına çox düzgün, məntiqli cavablar verirdi.
Verilişdən sonra ustanın telefon nömrəsini götürüb, yanına getdim. Maşınımı düzəltdirmək üçün. Növbədə xeyli gözlədim, bir yandan da onun işləməyinə baxırdım. Həvəslənirdim. Dedim: “İcazə ver, gəlim yanında şagird dayanım, köməkçin olum. “Yox” dedi. 10-15 gün yalvardım, yaxasından əl çəkmədim. Nəhayət, mühərriki mənə öyrətməyə razılıq verdi. Dedi “kombinezon al, gəl”. İlk günlər saçımı elə bərk-bərk örtürdüm papaqla, yaylıqla ki, yağa bulanmasın. İndi eynimə almıram, yağ da, benzin də ətir iyi kimi gözəlləşib mənim üçün. Bir zamanlar gözəl manikür edən bu xanımın əllərinə bir baxın. Əllərimin cadarları, dırnaq dibləri yağ izləri ilə dolub. 1 il 6 ay Vüsal usta mənə “dərs verdi”, yanında şagird qaldım. Yaman sərt usta idi. Hünərin var idisə, nəyisə yanlış edəydin. Bütün açarları, bolt qaykanı neftlə yuyub, sexi təmizləyib, səliqəyə salıb sonra gedirdim. İndi öz “şagird”lərimdən də eyni şeyi tələb edirəm”,- deyir Nüşabə.
İllər öncə bu işə başlayanda ailəsinə, qohumlarına heç bir söz deməyib. Tam püxtələşdikdən sonra “motorist” olduğunu açıqlayıb. Əvvəl narazılıq etsələr də, sonra razılaşmalı olublar. Bilirlər ki, inadkardır, dediyindən dönəsi deyil.
Dediyinə görə, avtomobil təmiri sexlərində iş tapmaq ona asan olmayıb. Qadın olduğu üçün hamı geri qaytarır, imtina edirmiş. İndi mühərrik təmirinə dair sertifikatları da var. “Bosch” şirkətinin nümayəndələri gəlib Bakıda seminar keçərkən məmnuniyyətlə iştirak edib, sertifikat alıb. Bu gün Nüşabə avtomobil təmirçisi olduğunu fəxrlə deyir.
Çox gənc yaşlarında həyat yoldaşından ayrılıb. Bir qızı, bir oğlu var. Hər ikisi İngiltərədə ali təhsil alıb. Dediyinə görə, dolanışıqdan şikayətçi deyil: “Bu işi sevirəm, hamının çörəyi daşdan çıxır, mənimki dəmirdən. İllər öncə sürət qutusunun təmiri işini də öyrəndim. İndi təkbaşına sınıq-salxaq bir avtomobili təmir edib, saz vəziyyətə gətirə bilərəm. Qazancım pis deyil. Dolanmaq olur. Bəzən o qədər iş olur gözümüz açılmır, bəzən də boşluq yaranır. Şikayətçi deyiləm”.
Nüşabə deyir ki, ona kişilərlə işləmək daha asandır. “Axı mən də nazlı-duzlu qadın deyiləm. Deyilənə görə, çox kobudam, tərsəm. Burada, işdə aramızda qadın-kişi söhbəti yoxdur. Bir yerdə oturub yeyə də bilirik, gülə də bilirik, dalaşa, əsəbləşə də bilirik. Bəzən iş üstə çox kəskin mübahisələrimiz də düşür. Bu mühit bir az xarakterimə uyğundur əslində. Kişi müştərilər çoxluq təşkil edir, qadınlar avtomobili daha səliqəli və ehtiyatla idarə edirlər deyə az-az gəlirlər. Çoxları düşünür ki, gənc, gözəl qadınam deyə bəlkə mənə kimsə fərqli düşüncələrlə yanaşa, artıq-əskik söz deyə bilər. Amma bu olmayıb. Bir dəfə də olmayıb. Birincisi, iş görəndə üzümdən zəhrimar yağır, ikincisi də, elə bir şərait yaratmıram. Bəlkə mülayim xasiyyətli olsam, fərqli münasibət olardı. Buna yol verə bilmərəm. İş yoldaşlarımın bəziləri mənə “qardaş” deyə müraciət edir.
Mənim üçün qadın və ya kişi sənəti deyə bir seçim yoxdur. Yenidən şansım olsa, yenə belə yaşayaram. Peşman deyiləm. Sadəcə, hərdən anam narahat olur ki, bütün gün soyuq betonun üstündə, yağın, mazutun içində işləyirəm. Deyir, “qadın işi az idimi, gedib özünə ən çətin işi seçdin. Heç kişilər əlləri yağa batsın istəmirlər, sənə nə olub?”
Nüşabə Azərbaycanın milyonlarla qadınlarından biridir. O qadınlar ki, müharibədə kişilərlə çiyin-çiyinə savaşmaqdan çəkinmir, yeri gələndə şəfqət paylayırlar. O qadınlar ki, həm anadırlar, həm bir evin dirəyi, həm vətənin keşikçiləri. Sözümü qəribliyə salmayın. Vətən dediyimiz evimizdən, ailəmizdən, böyütdüyümüz balalarımızdan başlayır. Azərbaycan qadını isə tutduğu vəzifədən, seçdiyi peşədən asılı olmayaraq, ilk növbədə ailəsinin, dolayı yolla, vətəninin keşikçisidir.
Qadınlar bayramınız mübarək, qadın adının zərafətini, ucalığını qoruyan xanımlarımız!
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

