Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qafqazın Parisi, incisi və qan çanağı

Qafqazın Parisi, incisi və qan çanağı

10.03.2022 [11:26]

Adı qədim Roma tarixində çəkilən şəhər

İlhamə

Qədimdən qədim Şuşa

Deyilənə görə, Pənahəli xan Şuşanı tikəndə onu qədim, uçmuş bir şəhərin xarabalıqları üzərində qurub. Yəni Şuşanın tarixi, əslində 270 ildən daha qədimdir.

Şuşa adının mənşəyi haqqında müxtəlif fikirlər var. Eramızın II əsrində yaşamış qədim Roma tarixçisi  Tasit Korneli Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu (latın dilində “ş” səsi yoxdur) şəhərinin olması haqqında məlumat vermişdi. Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu “Şuşa” (şüşə) adlandırıblar.

Bəzi mənbələrə görə, “Şuşa” sözü skif tayfalarına aiddir. Bəzi mənbələrdə Şuşa şəhərinin adı türk tayfaları və türk sözləri ilə izah olunur. Bəzən “Şişə” (Şiş qayalarla əhatə olunduğuna görə) şəklində də işlədilir. Bəzi tədqiqatçılar Şuşa sözünü türk dilində mənası “uc”, “yüksək” olan “şiş” komponenti ilə izah edirlər. Bəzi mənbələrdə isə Şuşa adının qədim türk sərkərdəsi Şunun (e.ə. 344-334) Makedoniyalı İskəndərlə  vuruşan şəxsin tikdirdiyi “Su” qalası ilə eyniliyi, Şumer (şu-er) adı ilə səsləşməsi deyilir.

Şuşanın  təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhərə Şuşa ilə yanaşı xanın şərəfinə Pənahabad  da deyirdilər. Şuşada 17 məhəllə vardı. Şuşa məhəllələrinin doqquzu aşağı məhəllə, qalan 8 məhəllə isə yuxarı məhəllələr sayılırdı.  Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl Qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllələrinin  hər birində hamam, məscid və bulaq var idi.

Şuşanın şəhər kimi inkişafını şərti olaraq üç mərhələyə bölmək olar: Birinci mərhələ qeyri-sabit şəraitdə 1763-cü ilə qədər davam etmişdi. Pənahəli xanın hakimiyyət dövrünü əhatə edən birinci mərhələdə şəhərin ən qədim məhəlləsi sonralar şəhərin relyefinə uyğun olaraq “Aşağı məhəllə” adlandırılmışdı. 

İbrahimxəlil xan Cavanşirin hakimiyyəti illərinə (1763-1806) təsadüf edən ikinci mərhələdə Şuşada aparılan tikinti işləri daha keyfiyyətli və möhtəşəm olmuşdu. XIX əsri əhatə edən üçüncü mərhələdə şəhərin dağlıq - qərb hissəsində yeni məhəllələr salınmış və əslində, bununla Şuşanın bir şəhər kimi formalaşması dövrü başa çatmışdı.

21 may 1843-cü ildə Şuşa şəhərinin gerbi təsdiq olunmuşdu. Gerbin ikiyə bölünmüş qalxanvari lövhəsinin yarıdan yuxarı hissəsi  Xəzər vilayətinin gerbindəki təsvirlərin eyni idi: 1-ci hissədə pələng, ikinci hissədə yerdən çıxıb alovlanan qaz dilimləri təsvir olunmuşdu. Gerbin yarıdan aşağı hissəsindəki yaşıl sahədə yəhərli qızılı rəngli at təsvir olunmuşdu ki, bu da həmin ərazidə yerli cins at növlərinin olmasından və atçılığın inkişafından xəbər verirdi.

Şəhərin öz gümüş pulu da var idi

XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdi.  Şuşalı tacirlər İran və Rusiya şəhərləri ilə ticarət əlaqələri saxlayırdılar. Şuşanın özünə aid pulu da var idi, şəhərin sikkəxanasında Pənahabadi adlanan gümüş sikkə zərb edilirdi.

Bu gözəl şəhərin başı həmişə bəlalı olub. Dağlar qoynuna sığınsa da, əlçatmaz olsa da, zirvələrdə yerləşsə də, həmişə düşmən marağını çəkib. Feodal ara müharibələri dövründə Şuşa qalası bir neçə dəfə sınaqlardan uğurla çıxıb. Bu qalaya hücum edən Məhəmməd Həsən xan Qacar, Fətəli xan Əfşar, Ağa Məhəmməd şah Qacar onu ala bilməmişdilər. Şuşa 3 dəfə yandırılıb -1905, 1920 və 1992-ci illərdə Birinci dəfə onu erməni və azərbaycanlı icmaları (etnik zəmində münaqişə zamanı), ikinci dəfə azərbaycanlılar (düşmənə qalmasın deyə),  üçüncü dəfə ermənilər yandırmışdı. 

Sonuncu dəfə Şuşa 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən  işğal edilmişdi. Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdü.  Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.

Qarabağ xanlarının acınacaqlı taleyi

Pənahəli xanın vəfatından sonra onun oğlu, Qarabağın ikinci hakimi İbrahimxəlil xan (1721-1806) oldu.   Azərbaycan şairi və siyasi xadimi Molla Pənah Vaqif 1750-ci ildə bura köçüb saray şairi və İbrahimxəlil xanın baş vəziri kimi fəaliyyət göstərdi. Vaqif 1795-1797-ci illərdə İranla aparılan müharibənin sonunda öldürüldü. İran şahı Ağa Məhəmməd şah Qacar da bu müharibə zamanı Şuşada qətlə yetirildi. 1805-ci ilin mayında İbrahimxəlil xan Rusiya ilə kapitulyasiyanın şərtləri barədə danışıqlara başladı. O, öz hakimiyyətini saxladı, lakin digər dövlətlərlə münasibətlərə son qoymağı və hər il Rusiyaya səkkiz min qızıl sikkə xərac verməyi öhdəsinə götürdü.

1813 və 1828-ci illərdə bağlanmış “Gülüstan” və “Türkmənçay” sülh müqavilələri Rusiyanın Qarabağ xanlığı üzərindəki nəzarətini gücləndirdi. Sonuncu xan - Mehdiqulu xan Cavanşir 1822-ci ildə İrana qaçmağa məcbur oldu.

Balaca Şuşanın böyük mənəviyyatı

XIX əsrin sonunda Şuşada 17 məscid fəaliyyət göstərib. Şuşa şəhərində memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən inşa edilən iki məscid və iki mədrəsə binası var. Şəhərin tanınmış məscidlərindən Aşağı Gövhər ağa məscidi, Yuxarı Gövhər ağa məscidi, Culfalar məscidi, Hacı Yusifli məscidi, Köçərli məscidi, Mamay məscidi, Mərdinli məscidi, Quyuluq məscidi, Saatlı məscidi, Seyidli məscidi, Çöl Qala məscidi, Xoca Mərcanlı məscidi, Təzə məhəllə məscidi ən çox ziyarətçi qəbul edən məscidlər idi. Xristian dini abidələrinə də burada yer verilmişdi.  Qazançı kilsəsi, Yaşıl kilsə və sovet dövründə sökülmüş rus pravoslav Qala kilsəsini qeyd etmək olar.

Şuşa xaricilərin gözüylə

XIX əsrdə Şuşa ölçüsü və sərvətinə görə Bakı və İrəvandan öndə gedən, Qafqazın ən iri şəhərlərindən biri idi. Çoxlu karvan yollarının kəsişdiyi bu yerdə on karvansara var idi. Şuşa öz ipəyi, döşənmiş küçələri, iri daş evləri, parlaq naxışlı xalıları və cins atları ilə tanınırdı. 1824-cü ildə Hindistandan İngiltərəyə qayıdan Albemarl qrafı Corc Keppel yolüstü İrandan bura gəlmiş və Şuşa onda böyük təəssürat yaratmışdı. Keppelə görə, şəhərdə iki min ev var idi. Şəhər əhalisinin dörddə üçünü azərbaycanlılar, dörddə birini ermənilər təşkil edirmiş.

XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrildi. Müasirləri Şuşanı “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırırdılar. XX əsrin əvvəllərinədək Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə” xanəndə və sazəndələr ustad-şəyird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürdü.

Şuşa sahəsinə görə kiçik şəhər olsa da, adı Azərbaycanın qədim və böyük bir mədəniyyətinin daşıyıcısıdır. Şuşa hər daşı, hər ağacı, hər tikilisi ilə abidədir, məbəddir. Bu balaca dünyada öyrəniləcək o qədər şey var ki. Hər tədqiqat  keçmişə bir  qapı açır, hər tapıntıda qəhrəman babalardan bu günümüzə bir ismarıc gizlənir.

Paylaş:
Baxılıb: 882 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31