Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / O öz adını “gücsüz, tabsız” qoysa da, eli üçün arxa-dayaq oldu

O öz adını “gücsüz, tabsız” qoysa da, eli üçün arxa-dayaq oldu

16.03.2022 [09:58]

Ürəklərdə yanan Xurşid-El anası Natəvan

İlhamə HƏKİMOĞLU

Bu il Azərbaycan ədəbiyyatının xanım şairlərindən biri, parlaq bədii istedada malik söz sənətkarı, ədəbiyyatımızın tarixində özünəməxsus layiqli yeri olan Xurşidbanu Natəvanın anadan olmasının 190 ili tamam olur. Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyev Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Görkəmli şairənin ruhuna, irsinə dövlət başçısının göstərdiyi böyük ehtiram onun Azərbaycan ədəbi irsinə ehtiramı, klassik ədəbiyyatımıza verdiyi töhfə sayılır. Bu, həm də Azərbaycan dövlətçiliyinin formalaşmasında xüsusi rolu olan Qarabağ xanlığına verilən böyük dəyərdir. Natəvanın 190 illiyinin Şuşa ilinə təsadüf etməsi isə bir başqa gözəllikdir. Bu il onun doğum günü öz doğma şəhərində azad Şuşamızda da təntənə ilə qeyd ediləcək.

Xurşidbanu Natəvan şəxsiyyətinə, irsinə, yaradıcılığına Azərbaycan dövləti hər zaman sayğı bəsləyib. Natəvanın 180 illik yubileyi də dövlət səviyyəsində qeyd edilmişdi. 1960-cı ildə Bakıda şairənin heykəli, 1982-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılmışdı. Bakıda xan qızının adına kitabxana, Azərbaycan Yazıçılar Birliyində ədəbi klub fəaliyyət göstərir. Şuşa işğaldan azad edilərkən Natəvanın büstü yenidən doğma şəhərinə qaytarıldı, Xan qızı bulağı bərpa edildi. Tezliklə onun Şuşa şəhərinin mərkəzindəki mülkü də abadlaşdırılacaq.

Xurşidbanu Natəvan dövrünün parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyətlərindən olub. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoyub. Xurşidbanu Natəvanın parlaq bədii istedada malik söz sənətkarı kimi ədəbiyyatımız tarixində özünəməxsus layiqli yeri var. Klassik ədəbi ənənələrimizi yaşadan, yüksək humanizm ideyaları, dərin lirizm ifadə edən yaradıcılığı və unikal şəxsiyyəti sayəsində Natəvan dövrün ədəbi mühitinin formalaşmasına mühüm təsir göstərərək, xalqımızın mədəni irsinin zənginləşməsinə töhfələr vermiş, dolğun ictimai fəaliyyəti ilə tanınmışdı.

Natəvan yaradıcılığa 1850-ci illərin əvvəllərində başlayıb. İlk şeirlərini təxəllüssüz, öz adıya yazıb. Bu əsərlər günümüzə gəlib çıxmayıb. Oğlu Mir Abbas 17 yaşında vəfat etdikdən sonra Xan qızı uzun müddət bu dərddən özünə gələ bilmir. Oğlunun ölümündən sonra kədərli şeirlər yazmağa başlayır və özünə Natəvan (gücsüz, tabsız) təxəllüsünü götürür.

Xurşidbanu Natəvan 1832-ci il avqustun 6-da Şuşada anadan olub. O, Quran və dünyəvi elmləri mənimsəmiş, ərəb və fars dillərini öyrənmişdi. Natəvanda iki böyük nəslin - Cavanşirlərin və Ziyadoğlu Qacarların qanı var idi.

Natəvan kimi istedad və bacarıq sahibi yalnız bir sahədə inkişaf edib qala bilməzdi. Şair maarifin, mədəniyyətin yayılmasına kömək göstərmiş, ictimai-mədəni tədbirlərdə fəal işirak etmişdi. Natəvan yollar çəkilməsinə, körpülər salınmasına, məktəb binası tikilməsinə illik gəlirdən xüsusi fond ayırmışdı. İncəsənətin bütün növlərinə bələd olması Natəvanı dövrünün görkəmli sənətkarları ilə yaxınlaşdırır. Onun düzəltdiyi ziyafətlərin, söhbət məclislərinin iştirakçıları çox vaxt müxtəlif sənəti təmsil edən ziyalılar olurdu. Uzaq şəhərlərdə oxuyan azərbaycanlı tələbələr, yoxsul alim, şair və sənətkarlar Xurşidbanudan yardım alır, Qarabağla birlikdə bütün Zaqafqaziyanın sənət sahibləri onun himayəsinə sığınırdılar.

Natəvanın 20 ilə qədər rəhbərlik etdiyi “Məclisi-üns” də Azərbaycan, fars dilləri ilə yanaşı, çığatay dilində də qiymətli mənzumələr yaranmışdı. Məclis üzvü olan Qarabağ şairləri Tiflis, Orenburq, Həştərxan, Buxara, Mərv, Bombey, Kəlkətə və Bağdad şəhərləri ilə də ədəbi əlaqə saxlayırdılar.

Xurşidbanu Natəvan təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınırdı. O, 1873-cü ildə yüz min manat sərf edərək, yeddi kilometrlik məsafədən sıldırım qayaların döşü ilə Şuşaya içməli su çəkdirmişdi. Yüksək ideyalarla, pak niyyətlərlə yaşayan Xan qızı şəhər sakinlərinin yüz illik arzusunu həyata keçirdikdən sonra da işini bitmiş saymayaraq, bulaq çəkdirmiş, su anbarı, hamam, buzxana tikdirmiş və park saldırıb camaatın istifadəsinə vermişdi. Natəvan vətənin rifahı naminə varını əsirgəməyən, xalq yolunda ürəyini məşəl edən el anası idi.

Şairənin həyatının son illəri çox kədərli olub. O zamanlar dərc edilən “Bakı quberniya xəbərləri” qəzetində Xan qızının maddi çətinliklər üzündən, ev əşyalarını, zinət əşyalarını satışa qoyduğu yazılıb. Natəvan uzun sürən xəstəliklərdən sonra (ağlamaqdan, hətta gözlərinin nurunu da itirir) 1897-ci il oktyabr ayının 1-də Şuşada vəfat edib. Deyilənə görə, dəfn mərasimində iştirak edən kəndlilər şairənin cənazəsini Şuşadan Ağdama qədər piyada aparıb. Xan qızı Ağdamda “İmarət” deyilən ailə qəbiristanlığında dəfn olunub.

Xurşidbanunun vəfatı müasirləri tərəfindən “ədəbiyyat aləminə üz vermiş fəlakət”, şeir məclisində “günəşin batması” kimi obrazlı ifadələrlə qələmə alınmışdı. Natəvan bir ömrə bir qadının sığdıracağı qədər zəngin ömür təcrübəsi sığdırmış, zərif çiyinlərinə el yükü kimi ağır bir yükü almaqdan çəkinməmişdi. Elə buna görə, ona qarşı olan xalq sevgisi, ehtiram yüz illər keçsə də, davam edəcək, ürəklərdə yanan Xurşidbanu sevgisi günəş kimi sönməyəcək.

Paylaş:
Baxılıb: 842 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31