Ulu Öndər: dahi şəxsiyyət dilimizin və mədəniyyətimizin hamisidir
12.05.2026 [12:05]
Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, türk dünyasının və ümumən, sivil dünyanın qüdrətli şəxsiyyətidir. Bu gün Azərbaycan xalqı dahi şəxsiyyətin anadan olmasının 103-cü ildönümünü qeyd edir.
Tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insan liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. Tanrı ona hər bir üstünlüyü bəxş etmişdi: yaraşıqlı boy-buxun, təbəssüm və sərtliyi sintez edən sima, gələcəyi dəqiq müəyyənləşdirən, tarixin nizamını təmin edən təfəkkür, parlaq natiqlik məharəti, qüdrətli siyasi iradə, güclü dövlətçilik duyğusu, çevik idarəetmə məharəti, insanların qəlbinə yol tapmaq, xalqın qüdrətinə arxalanmaq bacarığı! Bir sözlə, Heydər Əliyev qalibiyyət əzmilə yaşayan və dövləti cəsarətlə idarə edən möhtəşəm bir şəxsiyyət idi.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev atasından əxz etdiyi nadir şəxsiyyətlərə məxsus bu keyfiyyətləri şərəflə daşıyır və böyük əzmlə dövlət idarəçiliyinə tətbiq edir, tarixin yeni tələblərinə uyğun olaraq təkmilləşdirib inkişaf etdirir. Azərbaycanın dünyadakı nüfuzlu, vüsətli siyasi və iqtisadi yüksəlişi sübut edir ki, İlham Əliyev qalibiyyət əzmini dövlət idarəçiliyinin sarsılmaz baş xətti kimi inadkar bir inamla qoruyub saxlayır.
Ümummilli lider Heydər Əliyev Azərbaycan üçün çox böyük tarixi nailiyyətlər, tarixi uğurlar və tükənməz dövlətçilik təcrübələri — müstəqil Azərbaycan, əbədi azadlıq qoyub getdi. Onun milli-mənəvi taleyimiz, gələcəyə doğru inkişafımız üçün yadigar qoyduğu sərvətlərdən biri də azərbaycançılıq ideologiyası idi.
Heydər Əliyev müstəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən XX əsr ziyalılarının əsərlərində milli ideya kimi türkçülüklə paralel olan azərbaycançılığı yeni tarixi şəraitdə milli dövlətçilik ideologiyası kimi sistemə saldı, ümummilli ideya, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi kimi əsaslandırdı.
Bu zaman iki cəhət əsas götürüldü: Azərbaycan Demokratik Cümhuriyyətinin dövlətçilik ənənələrinə tarixən düzgün yanaşıldı; Azərbaycan ziyalılarının ana dili uğrunda əsrin önlərindəki fikir mücadilələri əxz olundu. Hakimiyyətdə olduğu bütün dövrlərdə Heydər Əliyev Azərbaycan dilini milli mənliyin baş məsələsi kimi diqqət mərkəzində saxlayıb. Hələ 1978-ci ildə, totalitar ideologiyanın təzyiqi altında Heydər Əliyev böyük cəsarət göstərərək Azərbaycan dilini dövlət dili kimi Azərbaycan SSR-in yeni Konstitusiyasına daxil etdi.
Sonralar o, bu təhlükəli tarixi məqamı belə xatırlayırdı: “Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə, Moskvadan bizim başımıza nə qədər oyunlar açıldı, nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük”.
Heydər Əliyevin azərbaycançılıq təlimində dövlətçiliyimizin və ideoloji düşüncəmizin tarixi ənənələri səylə nəzərə alınır. Bununla belə, onun konsepsiyasında tarixiliklə müasirliyin nəzəri vəhdəti əsas yer tutur ki, bu da həmin təlimin gələcəyə yönəlməsini təmin edir. Onun dünya azərbaycanlılarının birinci qurultayındakı nitqi (10 noyabr 2001-ci il) azərbaycançılığın tarixi proqram sənədidir.
Buradakı əsas müddəalara nəzər salaq: “Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik.
Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
Böyük tarixi şəxsiyyət təkcə böyük ideoloq və dövlət xadimi yox, həm də tarixin, cəmiyyətin gedişatını fəhmlə təyin edən mütəfəkkir idi. “Əsrin müqaviləsi” adı ilə tarixə daxil olmuş beynəlxalq neft sazişləri belə tarixi uzaqgörənliyin əyani nümunəsidir. “Əsrin müqaviləsi” ilə ümummilli lider həm müstəqil Azərbaycanın iqtisadi strategiyasını müəyyənləşdirdi, həm də müstəqil dövlət ideologiyası olaraq azərbaycançılığın iqtisadi təməllərini formalaşdırdı. Bununla da Heydər Əliyev azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, azərbaycançılığa əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı. Məhz onun sayəsində xalqda dövlətə inam hissi, taxt-taca hörmət gücləndi. Mətləbdən uzaqlaşmadan deyək ki, ulu öndərin azərbaycançılıq təliminin təməlində məhz Azərbaycan dili dayanır. Azərbaycan dilini bilmədən azərbaycançı olmaq mümkün deyil.
Azərbaycançılıq ideologiyası ittihadçılığın əsas prinsiplərindən biri olaraq ünsiyyət birliyini nəzərdə tutur. Belə birlik isə ana dili, Azərbaycan dili vasitəsi ilə baş tutur. Elə buna görə də Heydər Əliyev dönə-dönə deyirdi: “Hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz, Azərabycan dili həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq, hər bir azərbaycanlı dilin qorunub saxlanılmasında az da olsa, çox da olsa, xidmətlərini göstərmişdir. Xüsusən bizim yazıçılarımız, ədəbiyyatşünaslarımız, şairlərimiz o ağır dövrdə Azərbaycan dilinin yaşamasında böyük xidmətlər göstərmişlər.
Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik".
Göründüyü kimi, ümummilli lider “Azərbaycan dili” sözlərini təkrar etməkdən doymur, əksinə, onu dilə gətirməkdən dərin zövq alır, milli qürur duyurdu. Bu, hər şeydən öncə onun dilimizə məhəbbətindən irəli gəlirdi. O, dünya azərbaycanlılarına üzünü tutub deyirdi ki, siz hər biriniz yaşadığınız ölkənin dilini bilməlisiniz, o ölkənin adət-ənənələrini mənimsəməli və ona hörmət etməlisiniz. Amma bununla belə harada yaşamağınızdan asılı olmayaraq Azərbaycan dilini unutmamalı, onu yaşatmalı və inkişaf etdirməlisiniz. Heydər Əliyev nəinki dilimizi sevir, həmçinin daim onun tərəqqisi üçün, bütün dünyada nüfuzunun qorunması üçün səylə çalışırdı.
Qüdrətli şəxsiyyət Azərbaycan dilinin, tarixinin ədəbiyyat və mədəniyyətinin yeni — azərbaycançılıq məfkurəsi ilə dərkinin metodologiya və strategiyasını formalaşdırdı. Bu baxımdan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli fərmanı və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2001-ci il tarixli fərmanı böyük tarixi-siyasi əhəmiyyətə malik sənədlər idi. Bu tarixi sənədlər artıq yeni əsrin və üçüncü minilliyin əvvəllərində ana dili uğrunda mübarizənin dövlət səviyyəsində milli müstəqillik uğrunda mübarizənin — azərbaycançılığın tərkib hissəsi kimi əks etdirən dövlət proqramaları — böyük strategiyanın təməl faktları idi.
Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir.
Göründüyü kimi, burada ideologiyanın tarixi-siyasi funksiyası ilə dilin rolu arasında uyğunluq öz əksini tapır. İdeologiyanın vəzifəsi gələcəyi yaratmaqdır. Prezidentin fərmanında xalqın gələcəyi həm də onun dili, zəngin dil mədəniyyəti ilə əlaqələndirilir. Burada böyük tarixilik duyğusu ilə qeyd olunur ki, “XX yüzillik Azərbaycan ədəbi dilinin ən sürətli tərəqqisi və çiçəklənməsi dövrüdür. Ədəbi dil məsələsi hələ əsrin əvvəllərindən ictimai-siyasi mübarizənin tərkib hissəsi olmuşdur”. Heydər Əliyevin milli ideologiya konsepsiyasında da XX əsrin məhz bu tarixi ənənəsi əsas yer tuturdu. Dil yalnız bir mənəviyyat problemi, filoloji fikir məsələsi deyil, azərbaycançılıq fəlsəfəsinin təməl problemi idi. O, dilin taleyinə millətin və dövlətin taleyi kimi baxır, böyük inamla belə qənaətə gəlirdi ki, “Müstəqil Azərbaycan Respublikasının gələcəyi üçün ən əsas vasitələrdən biri ana dilimizin, dövlət dilimizin inkişaf etdirilməsidir”.
Ulu öndər təkcə dövlətçiliyə, milli ideologiyaya deyil, ümumən mənəvi mədəniyyətin tarixi taleyinə dil prizmasından nəzər salırdı. Çünki dil milli-mənəvi varlığın ifadəsidir, dilin inkişafı milli şüurun dirçəlişini əks etdirir, milli-mənəvi özünüdərk ana dilinə münasibətdən başlanır. “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”. Bu sözlərdə böyük dövlət xadimi və mütəfəkkirin mənəvi mədəniyyətə — ədəbiyyata, incəsənətə münasibəti ifadə olunub. Heydər Əliyev çox gözəl bilirdi ki, Şərqin, türk-islam dünyasının, xüsusən də Azərbaycanın bütün fəlsəfi təlimləri əsasən bədii ədəbiyyata bağlı olub onun bətnindən boy atmışdır. Ona görə də azərbaycançılıq fəlsəfəsini formalaşdırarkən o, Azərbaycan ədəbiyyatına sistemli şəkildə istinad edirdi. Əvvəla, budur ki, Azərbaycanda hakimiyyətin ilk günlərindən (1969), hələ bundan əvvəl DTK-nın rəhbəri olarkən Heydər Əliyev ədəbiyyatı, mədəniyyəti, hər şeyi dövlətçiliyə tabe etməyə nail oldu. Başqa sözlə desək, Azərbaycanın tarixi taleyi ilə bağlı bütün fikirlərə dövlətçilik mənafelərindən nəzər salmağa başladı. Dövlət rəhbərləri arasında ilk dəfə məhz ümummilli lider ədəbiyyatla cəmiyyətin münasibətlərini sahmana saldı. Yazıçının tarixi qiymətini verməyin dövlət mexanizmini hazırladı və şəxsi təcrübədə əyaniləşdirdi.
Müdrik şəxsiyyət “Kitabi Dədə Qorqud”, M.Füzuli və “Manas” haqqında fərmanları və fikirləri ilə ədəbiyyat vasitəsilə türk birliyini yaratmağın yolunu göstərdi...
Azərbaycançılıq fəlsəfəsinin tərkib hissəsi kimi Heydər Əliyevin ədəbiyyat konsepsiyasının əsasında tarixilik və müasirliyin vəhdəti dayanır.
Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyev azərbaycançılıq ideologiyasını formalaşdırarkən çoxəsrlik milli-mənəvi dəyərlərin qorunmasına, dövlət siyasətində ehtiva olunmasına ciddi diqqət yetirirdi. Bəyanatlarından birində ölkədəki demokratiyadan sui-istifadə edənlərə müraciətlə deyirdi: “Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik.
Əgər insan mənsub olduğu millətin milli-mənəvi dəyərlərini anlaya bilmirsə, yaxud onları qəsdən təhrif edirsə, əgər vəziyyət o dərəcəyə çatırsa ki, hətta Azərbaycanın dini rəhbəri təhqir olunur, onda təbiidir ki, bu bizi narahat etməlidir.
Ulu öndər deyirdi ki, Biz Azərbaycanda demokratiyanın bütün tələblərini tətbiq etmişik, edəcəyik də. Ancaq Azərbaycanın milli-mənəvi dəyərlərinə qarşı, Azərbaycanın milli mentalitetinə qarşı yönəldilmiş hərəkətlərin hamısının qarşısı alınacaqdır.
Ümumiyyətlə, ulu öndər dinin tarixdə və cəmiyyətdəki mənəvi- saflaşdırıcı roluna, insanlarda inam, iman və əqidə formalaşdırmaq imkanlarına xüsusi diqqət yetirir, dəyişməz ehkamlar sistemi olan dini ideologiyadakı yerini həssaslıqla təyin edir.
Hələ 1993-cü ildə fəlsəfi-ictimai fikirdə belə bir qənaət formalaşmışdı ki, “Azərbaycançılıq” xalqımızın çox əzab-əziyyətlərdən sonra yaratdığı tarixi dəyərdir, real müstəqilliyə nail olmaq, vahid, bölünməz, unitar Azərbaycanı qoruyub saxlamaq vasitəsidir.
Zaman keçdikcə ümummilli lider Heydər Əliyevin şəxsiyyəti daha möhtəşəm görünür, qoca tarix inadkar bir inamla onun cahanşümul əməllərini, dövlətçilik ideallarını və azərbaycançılıq nəzəriyyəsini tətbiq edir.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40

