İrəvanda milli təhsil tariximizdən
08.10.2024 [08:38]
XIX əsrin əvvəllərində Cənubi Qafqazda baş verən siyasi proseslər müxtəlif sahələrdə olduğu kimi, təhsil və məktəb sahəsində də yeni meyillərin yaranmasına səbəb oldu. Artıq təlim müəssisəsi kimi fəaliyyət göstərən mollaxana və mədrəsələr getdikcə tənəzzülə uğrayır və öz yerini dünyəvi fənləri tədris edən məktəblərə verməyə məcbur olurdu. Cənubi Qafqazda başlanan bu maarifçilik hərəkatına İrəvanda da onlarla tərəqqipərvər azərbaycanlı ziyalı qoşularaq azərbaycanlı gənclərin təhsilə cəlb edilməsi uğrunda mübarizəyə başladılar. 14 yanvar 1832-ci ildə İrəvanda ilk qəza məktəbi açıldı. Bu qəza məktəbinin açılması bütövlükdə, bölgədə qabaqcıl maarifçilik ideyalarının yayılmasında əhəmiyyətli dərəcədə böyük rol oynamışdı. İrəvanda açılan bu ilk qəza məktəbində müxtəlif millətlərin uşaqları ilə yanaşı, azərbaycanlı uşaqlar da təhsil almağa başladılar. 14 yanvar 1832-ci ildə açılan İrəvan qəza məktəbi 1869-cu ildə progimnaziyaya, 31 may 1881-ci ildən isə beşsinifli gimnaziyaya çevrildi. 8 noyabr 1881-ci ildə isə İrəvanda daha bir təhsil müəssisəsi - İrəvan Müəllimlər Seminariyası açıldı.
Əhməd bəy Qazıyev, Əli Əşrəf Qazıyev, Həsən bəy Axund Molla Xəlil bəy oğlu Qazıyev, Fərəməz Mahmudbəyov, Məmməd bəy Əli bəy oğlu Mahmudbəyov, Xəlil Məmmədəliyev, Həsən Nəsirbəyov, ictimai xadim Saleh Məşədi Teymur oğlu Güllücinski, Ağa bəy Rəhim bəy oğlu Firudinbəyov, Abbas Allahverdi oğlu Qədimov, Mir Haşım bəy Vəzirov, Əli Sultanov, Fərrux Ağakişibəyov, İbrahim Səfi, Rəhim Xəlilov, Şıxəli bəy Firudinbəyov, Cəfər bəy Cəfərbəyov, İbrahim Şahtaxtlı, Şəmdin bəy Mahmudbəyov və başqaları İrəvan Müəllimlər Seminariyasının məzunları olmuşlar. 1910-cu ilə qədər müəllimlər seminariyasını 30 nəfər azərbaycanlı bitirmişdir. 1915-ci ildə seminariyada təhsil alan azərbaycanlıların sayı isə 22 nəfər olmuşdur.
Seminariyada rus dili, Azərbaycan dili, riyaziyyat, coğrafiya, idman və s. fənlərlə yanaşı, musiqi fənni də tədris edilirdi. 1885-ci ildə seminariyada musiqi fənnini tədris edən Simyon Nikolayeviç Kasradzenin rəhbərliyi altında 69 nəfər musiqi təhsili almışdır ki, onların arasında azərbaycanlılar da var idi.
İrəvan Müəllimlər Seminariyasının məzunları Cənubi Qafqazda milli maarifçiliyin inkişaf etdirilməsi istiqamətində böyük rol oynamışlar. Onlar azərbaycanlılar yaşayan bölgələrdə yeni məktəblərin açılmasında, azərbaycanlı balalarının təhsilə cəlb edilməsində fəal iştirak etmişlər. Bu maarif fədailəri daha çox İrəvanda, Naxçıvanda, Azərbaycanın müxtəlif bölgələrində milli intibah uğrunda böyük fədakarlıq göstərmişdilər.
Ümumiyyətlə, Qərbi Azərbaycanda xalqın maariflənməsində Abbasqulu bəy Şadlinskinin yaratdığı “Qırmızı tabor”un tərkibində erməni şovinistlərinə qarşı mübarizədə İrəvan Müəllimlər Seminariyasının və gimnaziyasının Azərbaycan şöbəsini bitirənlərin böyük xidmətləri olmuşdur. Araşdırmalardan o da məlum olur ki, 1937-ci ildə repressiyaya daha çox məruz qalanların əksəriyyəti də məhz İrəvan Müəllimlər Seminariyasının və İrəvan Gimnaziyasının, o cümlədən buradakı dünyəvi məktəblərin məzunları olmuşdur.
Yuxarıda adlarını qeyd etdiyimiz, milli intibaha yol açan maarif və mədəniyyət ocaqları 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri total qırğınlar zamanı öz fəaliyyətini dayandırdı. Bu maarif və mədəniyyət ocaqlarında çalışan azərbaycanlı ziyalıların, müəllimlərin, təhsil alan tələbələrin bir qismi həmin hadisələr zamanı qəddarcasına qətlə yetirildi, bir qismi isə xilas olmaq üçün öz tarixi və doğma yurdlarını tərk etməyə məcbur oldular.
1918-1920-ci illərdə ermənilər tərəfindən azərbaycanlıların kütləvi şəkildə soyqırıma məruz qalması İrəvan ədəbi-mədəni mühitinin tənəzzülə uğramasına səbəb oldu. Ədəbi-mədəni mühitin görkəmli nümayəndələrinin bir çoxu məhv edilmiş, bir hissəsi isə amansızcasına qətlə yetirilməkdən xilas olmaq üçün Türkiyə, İran, Azərbaycan, Orta Asiya və başqa ölkələrə üz tutmuşdular. Bununla da İrəvanda yaşlı nəslə mənsub ziyalılar qalmadığından nəsillər arasında sələf-xələf münasibətləri tamamilə pozulmuşdu. Şübhəsiz, bütün bunlar İrəvan ədəbi məktəbinin yaradıcı potensialına təsir etməyə bilməzdi.
1920-ci il noyabr ayının 29-da Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra, başqa respublikalarda olduğu kimi, burada da məktəb və maarif probleminə münasibət dəyişdi. Ermənistan İnqilab Komitəsi tərəfindən 1920-ci il, dekabr ayının 6-da bütün məktəblərin dövlətin tabeçiliyinə keçməsi, təhsilin ana dilində aparılması haqqında dekret imzalandı. 1921-ci il dekabr ayının 17-də Ermənistan Xalq Maarif Komissarlığının (EXMK) verdiyi əmrə əsasən, köhnə tipli məktəblər ləğv olunaraq, məzmunca yeni tipli sovet məktəblərinin təşkil olunmasına başlandı. Yeni tipli məktəblərin təşkili ilə əlaqədar olaraq, 1921-ci il aprel ayının 23-də EXMK-nin verdiyi əmrdə göstərilirdi ki, respublikada yaşayan azərbaycanlılar öz ana dillərində təhsil ala bilərlər.
Beləliklə, Azərbaycan məktəblərinin yeni məzmunda təşkili istiqamətində ilk addımlar atılaraq, birillik, ikiillik və xüsusi məktəblər ləğv edildi. Yeni tipli məktəblər təşkil olunaraq fəaliyyətə başladı. Yeni tipli məktəblər təşkil edildikdən sonra İrəvanda və eləcə də azərbaycanlılar yaşayan bütün bölgələrdə doğma dilimizdə təhsil ocaqları şəbəkəsinin genişlənməsi orada təhsil alan şagirdlərin sayının sürətlə artmasına səbəb oldu.
Azərbaycanlı şagirdlərin sayının sürətlə artmasının əsas səbəblərindən biri də 1918-1920-ci illərdə erməni daşnaklarının vəhşiliyi nəticəsində ən qəddar üsullarla qətlə yetirilməkdən xilas olmaq üçün doğma yurdlarını tərk etmiş soydaşlarımızın bir qisminin Qərbi Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra yenidən öz vətənlərinə qayıtması ilə bağlı idi.
Azərbaycan dilində təhsil ocaqları şəbəkəsinin genişləndirilməsi və idarə edilməsi, orada təhsil alan şagirdlərin sayının sürətlə artması isə müəllim kadrlarına olan tələbatı daha da artırırdı.
Azərbaycanlı ziyalılar tərəfindən milli məktəblərimiz üçün pedaqoji kadrlar hazırlayan tədris müəssisəsinin yaradılması ideyası 30 yanvar 1922-ci ildə Ermənistan Kommunist bolşevik Partiyasının birinci qurultayında qaldırılsa da, onların tələblərinə məhəl qoyulmamışdı. Deməli, Azərbaycan məktəbləri üçün müəllim çatışmazlığı problemini həll etmək məsələsi yenə də gündəlikdə qalırdı. Azərbaycan məktəbləri üçün pedaqoji kadrların hazırlanması məsələsi Ermənistan Kommunist bolşevik Partiyasının 1923-cü il martın 29-da keçirilən ikinci qurultayında yenidən qaldırılsa da, yenə də öz həllini tapmamışdı. Qurultayda Ermənistanın şovinist dairələri və eləcə də, Xalq Maarif Komissarı A.Mravyan Azərbaycan məktəblərini müəllim kadrları ilə təmin etmək üçün Azərbaycandan pedaqoji kadrların dəvət olunmasını daha məqsədəuyğun hesab edirdi. Ermənistanın şovinist dairələri Azərbaycan məktəbləri üçün yerli kadrların hazırlanması məsələsini müxtəlif vasitələrlə əngəlləyirdilər. Burada bolşevik cildinə bürünmüş erməni daşnaklarının ən iyrənc məqsədləri azərbaycanlıların savadlanmasının, mədəni tərəqqisinin və gələcək perspektivlərinin qarşısını hər vasitə ilə almaq idi. Azərbaycan məktəblərini pedaqoji kadrlarla təmin etmək üçün 1923-cü ilin ortalarında Azərbaycandan müxtəlif ixtisaslar üzrə müəllim kadrlarını dəvət edərək İrəvana və azərbaycanlıların yaşadığı digər bölgələrə pedaqoji fəaliyyət göstərməyə göndərirdilər. Əsl erməni xisləti Azərbaycan məktəblərində dərs deyən həmin müəllimlərə dözülməz şərait yaratdıqları üçün onlar da maddi və mənəvi sıxıntılara dözə bilməyib, Qərbi Azərbaycanı tərk etməyə məcbur olurdular.
Bütün bunlara baxmayaraq, görülən tədbirlər müəllim kadrlarına olan tələbatı ödəyə bilmirdi. Ermənistanın hakim şovinist dairələri Azərbaycan məktəbləri üçün müəllimlər hazırlayan müstəqil tədris müəssisəsinin açılmasını istəmir, Erməni Pedaqoji Texnikumunun nəzdində Azərbaycan şöbəsinin açılmasını təklif edirdilər. Müəllim çatışmazlığı probleminin aradan qaldırılması işini qaydaya salmaq üçün yerli kadrlar hazırlayan təhsil müəssisənin yaradılmasının təxirəsalınmaz tələbat olduğunu aydın dərk edən qeyrətli azərbaycanlı ziyalıların erməni şovinist dairələri qarşısında təkidli tələbi, ciddi səyi, siyasi və milli iradəsi sayəsində 1924-cü il oktyabr ayının 15-də İrəvan Müəllimlər Seminariyasının xələfi olan İrəvan Türk Pedaqoji Texnikumu açıldı.
Beləliklə, İrəvan Türk Pedaqoji Texnikumunun açılması ilə Azərbaycan məktəblərində müəllim kadrlarına olan ehtiyacın aradan qaldırılması işinin müəyyən dərəcədə qaydaya salınması sahəsində ilk addım atıldı. 1925-ci ildə bu təhsil ocağı “Nəriman Nərimanov adına İrəvan Türk Pedaqoji Texnikumu” adlandırıldı. Araşdırmalardan məlum olur ki, İrəvanda bütün Azərbaycan məktəblərində olan problemlər bu texnikumda da mövcud idi. Erməni Pedaqoji Texnikumunun binasında fəaliyyət göstərən bu maarif ocağı 30 nəfər tələbəni əhatə edən darısqal bir sinif və iki yataq otağından ibarət idi. Məlumdur ki, hər hansı bir təhsil müəssisəsinin normal və ahəngdar fəaliyyət göstərməsi üçün, ilk növbədə, onun müstəqil bina ilə təmin edilməsi, maddi-texniki bazasının yaradılması, tədris prosesi üçün əlverişli şəraitin olması vacib şərtdir. Yeni təşkil olunmuş İrəvan Türk Pedaqoji Texnikumunun tamamilə əlverişsiz və dözülməz bir şəraitdə fəaliyyət göstərməsi, dərslik və dərs vəsaitləri, tədris proqramları, laboratoriyalar, fənn kabinələri, yataqxana, yeməkxana və s. avadanlıqlarla təchiz edilməməsi, sözsüz ki, bu təhsil ocağının normal fəaliyyətini əngəlləyirdi. Ermənistanın “bolşevik” cildinə bürünmüş hakimiyyət orqanları nəinki texnikumda, eləcə də Azərbaycan məktəblərində mövcud olan problemlərin və çatışmazlıqların aradan qaldırılması üçün heç bir səy göstərmirdi. Erməni şovinistlərinin bütün sahələrdə azərbaycanlılara qarşı yürütdüyü qərəzli və ayrı-seçkilik siyasəti maarif sahəsində də özünü qabarıq şəkildə göstərirdi. Pedaqoji texnikumda ana dilində kitab, dərslik və dərs vəsaitlərinə, tədris proqramlarına və s. ləvazimatlara böyük ehtiyac olduğu halda, Ermənistan Xalq Maarif Komissarlığı bu tələbatı ödəmək istəmirdi. Demək olar ki, Ermənistanın Xalq Maarif Komissarı Aşot Hovanesyanın 1920-ci il 17 dekabr tarixli əmrində təhsilin ana dilində aparılması, məktəblərin dövlət ixtiyarına keçərək pulsuz olması, yeni tipli sovet məktəblərinin zəhmətkeş balalarının üzünə açıq olması - bütün bunlar ilk növbədə ermənilər üçün nəzərdə tutulurdu.
Sovet Ermənistanının daşnak hakimiyyəti Erməni Pedaqoji Texnikumunu müstəqil bina ilə təmin etdiyi, hərtərəfli diqqət və qayğı göstərdiyi halda, İrəvan Türk Pedaqoji Texnikumu bu diqqət və qayğılardan məhrum idi. Bu ayrı-seçkilik siyasəti bir tərəfdən Ermənistanda Sovet hakimiyyətinin öz spesifik xüsusiyyətlərinə malik olduğunu göstərirdisə, digər tərəfdən də erməni kommunistlərinin sözdə bir, əməldə tamamilə əks prinsiplərdən çıxış etməsində özünü büruzə verirdi, çünki başqa respublikalardan fərqli olaraq, Ermənistanda sosial mühitin, partiya həyatının, milli siyasətin iki tərəfi - görünən və görünməyən tərəfləri var idi.
Görünən tərəf - “proletar beynəlmiləlçiliyi”, “bolşevizm ideyalarının həyata keçirilməsi”, görünməyən tərəf - rəsmi Ermənistan rəhbərliyinin açıq surətdə hə yata keçirdiyi şovinist, antitürk siyasəti idi.
Yarandığı ilk günlərdən İrəvan Türk Pedaqoji Texnikumu çox böyük çətinliklərlə üz-üzə qalmışdı. Qeyd etdiyimiz kimi, milli maarifimizin inkişafını hər vasitə ilə əngəlləməyə çalışan erməni şovinistlərinin bu sahədə nəzərdə tutduqları məkrli məqsədlərindən biri gələcəkdə İrəvan Türk Pedaqoji Texnikumunun fəaliyyətinin dayandırılmasına zəmin hazırlamaqdan ibarət idi.
Texnikumun ilkin fəaliyyət dövrünə nəzər saldıqda pedaqoji heyətin, tədrisin təşkili və s. sahələrdə müəyyən irəliləyişlərin baş verdiyi məlum olur. Qeyd etmək lazımdır ki, dünya şöhrətli alim, akademik Yusif Məmmədəliyev əmək fəaliyyətinə ilk dəfə bu texnikumda başlamışdı. O, 1926-1927-ci illərdə bu təhsil ocağında kimya, biologiya fənlərini tədris etmişdir. Onu da qeyd etmək lazımdır ki, İrəvan Türk Pedaqoji Texnikumu yalnız tədris müəssisəsi kimi fəaliyyət göstərmir, eyni zamanda, İrəvanda Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında və formalaşmasında da böyük rol oynayırdı.
1927-ci ildə Ermənistan Proletar Yazıçılar Cəmiyyətinin nəzdində təşkil olunmuş Azərbaycan bölməsinin canlandırılması və genişləndirilməsində də bu tədris ocağının böyük xidmətləri olmuşdur.
1930-cu ildə ümumi icbari təhsilin tətbiq edilməsi istər məktəblərin, istərsə də orada təhsil alan şagirdlərin sayının sürətlə artmasına təkan verdi. Müəllim kadrları çatışmadığından pedaqoji texnikumun tələbələri növbə ilə İrəvan qəzasında fəaliyyət göstərən 1-ci dərəcəli türk məktəblərində, kəndli evində, qadınlar klubunda müəllim kimi fəaliyyət göstərirdilər. Azərbaycan məktəblərində müəllim kadrlarına olan ehtiyacı, qismən də olsa, aradan qaldırmaq üçün hətta İrəvan 9 illik türk məktəbini bitirənləri də müəllim kimi işləməyə göndərirdilər.
Bütün bunlara baxmayaraq, Azərbaycan məktəblərində müəllim kadrlarına böyük tələbat olduğu halda, yüzlərlə azərbaycanlı müəllim və tələbələrə “bəy”, “xan”, “mülkədar”, “qolçomaq”, “kulak”, “mövhumatçı”, “millətçi” və s. damğaları vurulur və onlar təhsil müəssisələrindən xaric edilirdilər. Hətta azərbaycanlı ziyalılar nəinki repressiyaya, həmçinin fiziki terrora da məruz qalırdılar.
Ümumiyyətlə, inqilabdan sonra İrəvanda Azərbaycan əbədi-mədəni mühitinin canlanması, inkişafı və formalaşmasında İrəvan Türk Pedaqoji Texnikumunun müəllim və tələbə kollektivinin müstəsna xidmətləri olmuşdur.
Erməni şovinizmi əhatəsində qalarkən üzləşdiyi bütün çətinliklərə, maneələrə baxmayaraq, İrəvan Türk Pedaqoji Texnikumu təhsil sistemində öz uğurları ilə mövqeyini daha da möhkəmləndirə bilmişdi. Bu texnikum Cənubi Qafqazda ali məktəb səviyyəsində böyük uğurlar qazanmışdı. İrəvan Türk Pedaqoji Texnikumu 1934-cü ildə Ümumittifaq texnikumları yarışında birincilik qazanaraq, yeddi min manat pul mükafatına layiq görülmüşdü.
1935-ci ildə Məmməd Səid Ordubadi, Mikayıl Müşfıq, Mehdi Hüseyn və başqalarından ibarət nümayəndə heyəti İrəvanda səfərdə olarkən pedaqoji texnikumun müəllim və tələbə kollektivi ilə görüş keçirmişlər. M.S.Ordubadi texnikumun müəllim və tələbə heyəti qarşısında çıxış edərkən bu tədris ocağının fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “İrəvan Türk Pedaqoji Texnikumu bizdə böyük intibahlar yaratdı. Türk mədəniyyətinin nə qədər böyük inkişafda olduğunun canlı şahidi olduq”.
Ümumiyyətlə, Azərbaycanın bir çox görkəmli ziyalıları - Cəlil Məmmədquluzadə, Əli Nazim, Mir Cəlal, Yusif Vəzir Çəmənzəminli, Sabit Rəhman, Səməd Vurğun, Əbülhəsən, Nigar Rəfibəyli, Mikayıl Rəfili, Vəli Xuluflu, Süleyman Rüstəm və başqaları bu təhsil ocağının qonağı olmuşlar. İrəvan Türk Pedaqoji Məktəbi yarandığı gündən 1947-ci ilin ortalarına qədər 1370 nəfər orta ixtisas təhsilli pedaqoji kadr hazırlamışdır. Pedaqoji məktəbin fəaliyyətini ardıcıl izlədikdə aydın olur ki, müxtəlif vaxtlarda bu təhsil ocağına rəhbərlik etmiş Mehdi Kazımovun, Bəhlul Yusifovun, Həbib Məhəmmədzadənin, Əsgər Cəfərovun və məktəbin müəllimlərindən Məmməd Həsənovun, Əyyub Babayevin, Rəziyyə İsmayılovanın, Sadiq Heydərzadənin, Zərri Qurbanovanın, Təvəkkül Kərimovun, Həbib Əkbərovun, Hüseyn Əliyevin, Cəfər Ələkbərovun, Şura Fərhadovanın, Surə Babayevanın, Raziyə Abdullayevanın və başqalarının fədakar əməyi sayəsində tələbələrin yüksək təhsil səviyyəsi təmin edilirdi.
Texnikumun məzunu olmuş görkəmli alim, akademik Budaq Budaqov milli pedaqoji kadrların hazırlanması işində böyük xidmətləri olmuş bu təhsil ocağı haqqında yazır: “İrəvan Pedaqoji Məktəbi, oraya toplanmış müəllimlərin pedaqoji ustalığı, ensiklopedik biliyi və hazırlanan kadrların savadının pedaqoji məktəb səviyyəsindən universitet tələbələri səviyyəsinə qədər qaldırılması bu məktəbə, haqlı olaraq, şərəf, şöhrət, nüfuz gətirmişdi. İrəvan Türk Pedaqoji Məktəbinə qəbul olunmaq ən yüksək müsabiqəli ali məktəbə qəbul olunmaqdan çətin idi. Məktəbdə olan daxili intizam, yığcamlıq, yüksək təhsil vermək ənənəsi, yaxşı oxuyanların hörmətini layiq olduğu səviyyəyə qaldırmaq bizi valeh edirdi”.
Azərbaycan elminin görkəmli nümayəndələrindən olan akademik Budaq Budaqov, AMEA-nın müxbir üzvü Zərifə Budaqova, professorlar Nəriman Əliyev, Yusif Yusifov, Nəzər Paşayev, Fərhad Fərhadov, Əli Fərəcov, Süleyman Məmmədov, Abbas İsmayılov, Qurban Bayramov, Həmid Əliyev, Cəfər Cəfərov, yazıçı və icitmai xadim Məhərrəm Bayramov, filologiya elmləri namizədi Həmid Əfəndiyev, fizika-riyaziyyat elmləri namizədi, dosent Qasım Mustafayev, filologiya elmləri namizədi Sabir Səfərov, pedaqoji elmlər namizədi, dosent Nəriman Kazımov, şair Abbas Tahir, əməkdar rəssam Cabbar Quliyev, hüquq elmləri namizədi Nəriman Yusifov, filologiya elmləri namizədi, uzun müddət “Azərbaycan məktəbi” jurnalının baş redaktoru olmuş Zəhra Əliyeva, filologiya elmləri namizədi, dosent Kövsər Tarverdiyeva, ictimai xadim Həbib Həsənov, ictimai xadim Qəşəm Aslanov, qabaqcıl təhsil işçiləri Tapdıq Novruzov, Tapdıq Əmiraslanov, əməkdar müəllim Şəfiqə Məhərrəmova və bir çox başqaları bu məktəbin məzunları olmuşlar.
1949-cu ilə qədər fəaliyyət göstərən İrəvan Türk Pedaqoji Məktəbi yalnız tədris müəssisəsi deyil, eyni zamanda, Qərbi Azərbaycanda ədəbiyyatımızın, mədəniyyətimizin, incəsənətimizin inkişafında, formalaşmasında və qorunmasında çox böyük rol oynayan bir maarif ocağı olmuşdur. Bolşevik cildinə girmiş erməni daşnaklarının məkrli siyasəti nəticəsində təhsil tariximizin ən şanlı səhifələrindən birini təşkil edən böyük, şərəfli, tarixi bir yol keçmiş bu təhsil ocağı da kollektiv şəkildə deportasiyaya məruz qalaraq, 1949-cu ildə Azərbaycanın Xanlar rayonuna köçürülmüş, 1972-ci ilə qədər burada fəaliyyət göstərmişdir.
Onu da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 30 avqust, 2006-cı ildə İrəvan Azərbaycan Dram Teatrının 125 illik yubileyinin, 29 dekabr, 2006-cı il də İrəvan mahalı, Uluxanlı məktəbinin 125 illik yubileyinin keçirilməsi haqqında sərəncamları, o cümlədən Qarabağın müxtəlif bölgələrinə etdiyi səfərlər zamanı İrəvan, Göyçə, Zəngəzur və digər qədim yurd yerlərimizlə bağlı səsləndirdiyi fikirlər, eyni zamanda, toponimlərimizlə bağlı ortaya qoyduğu konkret faktlar - “Qeqarkunik yox - Göyçə”, “Vardenis yox - Basarkeçər”, “Yerasx yox - Arazdəyən”, “Sünik yox - Zəngəzur”, “Tavuş yox - Dilican”, “Vayoçdzor yox - Dərələyəz”, “Lori yox - Dağ Borçalı”, “Ararat yox - Zəngibasar” deyə bildirməsi bir daha təsdiq edir ki, tarixin danılmaz və inkaredilməz həqiqətlərini, milli-mənəvi dəyərlərimizi heç vaxt unutmamalıyıq!
Bu il İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin 140 ili tamam olur. Milli təhsil tariximizdə böyük, şərəfli bir tol keçmiş ictimai-pedaqoji fikir tariximizə öz önəmli töhfələrini vermiş bu təhsil ocağının 140 illik yubileyinin keçirilməsi xalqımızın ədəbi-mədəni, maarifçi irsinə ən böyük ehtiramın nümunəsi olardı.
Könül Həsənova,
filologiya üzrə fəsləfə doktoru, dosent
Cəlal Allahverdiyev,
filologiya üzrə fəsləfə doktoru, dosent
Xəbər lenti
Hamısına baxGündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40

