1918: 15 sentyabra doğru…
13.09.2022 [10:29]
Əvvəli ötən sayımızda…
1918-ci il... Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi.
Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, qardaş köməyini əsirgəməyən, ölkəmizi tək qoymayan Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi.
Sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad etdi...
Tarixi mənbələrimizdə həmin hadisələrlə bağlı geniş informasiyalar var. Və o hadisələri yaşamış Nağı bəy Şeyxzamanlının xatirələri isə ən etibarlı mənbələrdən biri olaraq qalır.
Nağı bəy Şeyxzamanlı gənc yaşlarından Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edib: əvvəlcə Gəncədə əsası 1905-ci ildə Əhməd bəy Ağayev tərəfindən qoyulan “Difai”, 1917-ci ildən isə Nəsib bəy Yusifbəyli tərəfindən təsis edilən “Türk Ədəmi-Mərkəziyyət” partiyasının üzvü olub.
1917-ci ilin may ayında “Müsəlman Demokratik Müsavat” partiyası ilə birləşərək “Müsavat” adını almış həmin partiyanın üzvü kimi Nağı Şeyxzamanlı ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir. N.Şeyxzamanlı 1919-cu ilin avqust ayında “Əks-inqilab ilə mübarizə təşkilatının” rəisi təyin edilir (qardaşı Məmmədbağır Şeyxzamanlı öz ərizəsi ilə bu vəzifədən istefa verdikdən sonra) və 1920-ci ilin mart ayında təşkilat buraxılana qədər onun rəhbəri kimi fəaliyyət göstərir.
1920-ci il aprel ayının 28-də Azərbaycanın Rusiya tərəfindən istilasından sonra mühacir həyatı keçirməyə məcbur olan N.Şeyxzamanlı bir müddət Türkiyədə, sonralar isə Almaniya və ABŞ-da yaşayır. Mühacirətdə olarkən Azərbaycanda baş verən ictimai-siyasi hadisələrlə bağlı fikirlərini və xatirələrini əks etdirən bir sıra əsərləri nəşr edilir. Həmin əsərlərini Keykurun imzası ilə yazır. Bu xatirələr əsasında 2016-cı ildə “XAN” nəşriyyatının “Xatirə ədəbiyyatı” seriyasında “Nağı bəy Şeyxzamanlı. Xatirələr” adlı kitab çap olunub.
“Yeni Azərbaycan” N.Şeyxzamanlının 1918-ci il hadisələri ilə bağlı xatirələrini ixtisarla təqdim edir:
Bakı düşməndən tamamilə təmizlənə bilmişdi. Ancaq rus qüvvələrinin bir hissəsi Lənkəran qəzasını öz işğalları altında saxlamağa nail olmuşdular. Azərbaycanın bir hissəsi olan Lənkəran da düşməndən təmizlənməliydi. Ağ rusların əlində olan Xəzər dənizinin hərbi gəmiləri də bolşevik düşməni olduqları halda müştərək rus mənafeyi naminə Lənkərandakı bolşevik qüvvələrinə kömək edirdilər. Nuru paşa Lənkəranda olan son rus qüvvələrini də dənizə tökmək məqsədi ilə Lənkəranın sərhəd qonşusu olan İranda Türk irqinə mənsub və qəhrəmanlıqları ilə məşhur olan Şahsevənlərlə əlaqə yaradılmasını və onlarla birgə Lənkərandakı rusları oradan qovub çıxarmaq istəyirdi. O, bu vəzifəni Hüsaməddin bəylə mənə tapşırdı. Biz də vəzifəmizi yerinə yetirmək üçün Salyana getdik. Oradan İrana keçməyə hazırlaşırdıq ki, bir qara xəbər gəldi. Yəni Türkiyə məğbul olmuş və müqavilə bağlanmışdır. Biz Bakıya deyil, Gəncəyə qayıtdıq. Sonradan öyrənirik ki, Türkiyə Mondros sazişini yerinə yetirmək məcburiyyətində qalaraq ingilislərin İstanbulu işğal etmələrindən sonra burada qurulmuş Tefvik paşa kabineti teleqrafla türk ordusunun Azərbaycandan çıxmasını Nuru paşaya əmr etmişdir. Azərbaycan dövlətinin və xalqının istinadgahı olan Osmanlı dövləti çökmüş və Azərbaycan yalnız, arxasız qalmışdır. Üç nəfərlik bir nümayəndə heyəti vaxtilə İran Ənzəlisinə sığınmış ingilis qüvvələrinin komandanı general Tomsonla görüşmək məqsədi ilə Ənzəliyə gedir. I Dünya müharibəsindən qalib çıxan ingilis qüvvələrinin məğrur generalı Tomson heyəti ilə müzakirə aparmağı lüzum görməyir və son söz olaraq “Bizim öyrəndiyimizə görə Azərbaycan xalqının ümumi arzusundan doğan bir respubika yoxdur. Ancaq Türk komandanlığının intriqası ilə təşəkkül tapmış bir hökumət vardır. Madam ki, siz bunun əksini iddia edirsiniz. O halda gəlib tədqiqat apararıq” deyir. Beləliklə, Azərbaycan xalqını və hökumətini saya salmayan general Tomson Ənzəlidə olan ingilis qüvvələrini Bakıya göndərir. Enyi zamanda rus generalı Biçeraxov da ruslardan və ermənilərdən təşkil olunmuş qüvvəsini Bakı limanına çıxarır. İngilislər və ruslar xalq arasında ayrı-ayrı məzmunlu bəyannamələr yayırlar. Ermənilər və ruslar sevinc içərisində şənlik etdikləri halda, azəri türkləri isə kədərli, dərdli halda hökumətlərinin nə qərar verəcəklərini gözləyirdilər. B?lə bir vəziyyətdə Azərbaycanın Dövlət rəisi mərhum Fətəli xan general Tomson ilə görüşür. Onların söhbətləri çox mübahisəli və sərt olur. General Tomson Azərbaycan Cümhuriyyətini tanımadığını, müttəfiqi olan rusların torpağına gəldiyini söyləyir. Fətəli xan isə Azərbaycan xalqının qərarı və istəyi ilə Azərbaycan Cümhuriyyətinin və istiqlalının elan edildiyini və bunun bütün dünya dövlətlərinə bildirdiyini söyləyir. Fətəli xan sözlərinə davamla: “Siz böyük bir millət və böyük bir imperiyasınız. Eyni zamanda mədəni bir milətsiniz. Bizim istiqlaliyyətimizi tanımalısınız” deyir. General Tomson da: “Bu söylədikləriniz siyasi şeylərdir və iki dövlət arasında cərəyan edər. Halbuki mən bir əsgərəm” cavabını verir. Fətəli xan da: “Madam ki, siz əsgərsiniz, mən də istiqlaliyyətini elan etmiş Azərbaycan Cümhuriyyətinin baş naziriyəm. Biz sizi buraya dəvət etmədik. Sizdən ölkəmizi tərk etməyi tələb edirəm” deyir. Bu cavab qarşısında general Tomson tərcüməçiyə dönərək “Baş nazir həzrətlərinə söyləyin ki, hər hansı bir hərbi qüvvəni çıxarmaq üçün hərbi qüvvəyə sahib olmaq gərək. Bildiyimə görə qurduğunuz Cümhuriyyətin ordusu hələ qurulmamışdır” deyir. Fətəli xan tərcüməçiyə: “General həzrətlərinə söyləyin ki, o yalnız hərbi birliyə malikdir. Ya xalq qüvvələrin nə olduğunu bilmir və ya hər xalqı Hindistan xalqı zənn edir. Biz Azərbaycan Türkləri istiqlaliyyətimizi elan etməmişdən öncə 100 minə qədər rus əsgərini xalq qüvvələrimizin gücü ilə süpürüb sərhədlərimizdən kənara atdıq. Əgər inad edərlərsə, bir ovuc ingilis əsgərini dənizə tökmək qəhrəman xalqımızın gücü ilə bir neçə saatlıq məsələdir. Ancaq biz nə onlardan pislik görmək, nə də onlara pislik etmək istəyirik” cavabını verir.
Soyuqqanlı ingilis millətinin generalı məsələni belə görüb yumşaq danışmaq üsuluna keçir və “ancaq hökumət rəhbəriniz Mirzə Əsədullah bəy olacaq” deyir. Fətəli xan: “Qətiyyən ola bilməz. Bu təklifiniz bizim daxili işlərimizə müdaxilədir. Biz bu təklifı qəbul edə bilmərik” - deyə onun sözünü kəsir. Hər iki tərəfin qəbul etdikləri anlaşma nəticəsində idarə Azərbaycan idarəsi olacaq. Bakı şəhərində yalnız ingilis hərbi qüvvələri qalacaq. İngilislərlə Bakıya gəlmiş rus generalı Biçeraxov süvariləri ilə birlikdə Azərbaycanı tərk edəcək. Azərbaycan ordusu Bakı şəhərinə girməyəcək və Azərbaycan daxilində Osmanlı ordusu qalmayacaq. Ümumiyyətlə, hər iki tərəf anlaşmaya riayət etməlidirlər. Azərbaycan hökuməti polis qüvvələrinin gücü ilə ermənilərin ixtişaşlarını yatırdığı kimi Bakıda 1918-ci ilin mart ayında on min məsum Türk xalqının qanını tökən qatil bolşevik Şaumyan ilə birlikdə fəaliyyət göstərmiş bakılı erməni milyoneri Lalayevi də həbs etmiş və mühakiməsi olmadan Bakıdan Gəncə həbsxanasına göndərmişdi. O, orada mühakiməsini və edamını gözləyərkən öldü. Mondros barışığı ilə Türk ordusunun Azərbaycanın hər tərəfində olan hərbi qüvvələri Gəncəyə toplaşmışlar. Onlar azəri mehmetçikləri ilə vidalaşırlar. Yenə hamının gözləri yaşarır, ancaq bu artıq sevinc yaşı deyil, ayrılıq və kədər göz yaşları idi. Anadolu mehmetçikləri ilə azəri mehmetçikləri bir-birinə sarılaraq ağlaşırdılar. Bunları seyr edən xalq da özünü saxlaya bilməyib ağlayırdı. Mətin ağabəy Mehmetçik öz qardaşına təsəlli verərək “Artıq siz yetişdiniz, vətəninizi müdafiə edə bilərsiniz. Əgər qara xəbər gəlməsəydi daha çox qalardıq. Nə edək, biz də getməliyik. Bizim də vətənimizə düşmən dolmuş, onları süpürüb atmalyıq” deyirdi. Beləcə Anadolu İstiqlal Savaşının kahinliyini edən türk mehmetçikləri azəri qardaşlarına təsəlli verirdilər. Biz isə yenə köməksiz, arxasız və yalqız qalmışıq. Tanrımızdan başqa Nuru paşanın açdığı hərbi məktəb məzunu olan zabitlərimizə və Bakının bolşevik-daşnak tör-töküntülərindən təmizlənməsində yan-yana vuruşan ağabəylərdən təcrübə toplamış gənc ordumuza güvənərək yaşamaqda idik. Qədirbilən Azərbaycan xalqı onun köməyinə gələn türk qardaşlarına, sərkərdələrinə olan minnətdarlığını qəlbinin dərinliyində saxlayıb nəsildən-nəslə yaşatmaqdadır.
Gəncədə olan vaxt eşitdim ki, ingilislər Nuru paşanı tutub Batuma gətirərək hərbi tribunalda mühakimə edəcəklər. Onlar Nuru paşanı guya Bakıda erməni soyqırımı etdiyinə görə günahlandırırlar. Dərhal Bakı ilə telefon əlaqəsi saxlayıb xəbərin doğru olduğunu öyrəndim. Gəncə ermənilərindən bir sənəd almaq lazım idi ki, Nuru paşanın Gəncəyə gəlişində ermənilərə heç bir pislik etmədiyi kimi erməniləri mühasirədən qurtarıb azadlıq verdiyini, həyatlarının təhlükəsizliyini təmin etdiyini isbat etmək mümkün olsun. Sənədin alınması üçün Gəncənin görkəmli şəxsləri ilə bərabər Erməni Milli Təşkilatına müraciət etdim. Sənədi almağıma qəti inanırdım. Ancaq ermənilər xahişimizi rədd etdilər və: “Biz uşaq deyilik. Çox yaxşı bilirdik ki, Nuru paşanın bizə pislik etməməsi məqsədli deyil. Nuru paşa çox yaxşı bilirdi ki, Gəncədə erməni soyqırımı edilsə idi, Bakıda bir türklə rastlaşmayacaqdı. O gözlədi ki, Bakını işğal edib oradakı soyqırımı bitirsin və ondan sonra Gəncədə başlasın. Ancaq müvəqqəti barışıq oldu. Osmanlı ordusu soyqırımına vaxt əldə edə bilmədi” dedilər. Biz də əliboş geri qayıtdıq. Bakıya gələrək Nəsib bəylə görüşdüm və sənəd ala bilmədiyimi ona söylədim. Nəsib bəy mənə “Mən səni heç vaxt bu qədər pərişan görməmişəm” dedi. Mən də “Nəsib bəy, ermənilər çox nankorluq etdilər. Nuru paşanın almağa haqqı olan sənədi almadan gəldim” dedim. Nəsib bəy gülərək: “Üzülmə, Nuru paşanı qurtarmanın daha asan yolu var. Batumdan mənə xəbər gətirdilər ki, Hopa bəyləri plan hazırlamışlar. Nuru paşanı zor işlətməklə xilas edəcəklər. Ancaq maddi cəhətdən çətinlik çəkirlər. Sən dərhal 200 min manat götürüb Batuma get” dedi. Mən sevinc içərisində “Əmr edin pulu versinlər, axşam yola düşüm” dedim. Pulu alıb Batuma gəldim və Azərbaycan konsulu Dr.Mahmud bəylə görüşdüm. Mən gəlişimin məqsədini ona anlatdım və Nuru paşa ilə necə görüşə biləcəyimi soruşdum. Doktor: “İmkan yoxdur, ancaq Mürsəl paşa ilə görüşə bilərsən. O da ingilislərin nəzarəti altındadır” dedi. Mən dərhal gedib Mürsəl paşa ilə görüşdüm. Mürsəl paşa: “Mənə bir şey olmaz, ancaq Nuru paşanı buraxmayacaqlar. Ola bilsin ki, onu edam etsinlər. Onun qaçırılması təşkil edilməlidir” dedi. Mən gəlişimin səbəbini anlatdım. Çox razı qaldı. Mürsəl paşa gizli saxladığı kağızı mənə verdi. Aldım oxudum. Bu bəyannaməni Almaniyadan göndərmişdilər. Paşa mənə “bunu çoxaldıb İslam Dünyasına yaymalı və İslam Dünyasını cihada çağırmalı. Qurtuluş bundadır, başqa çıxış yolu yoxdur” dedi. Mən Mürsəl paşanı dinlədikdən sonra: “Paşam, bu bir mərsiyyədir. Çox təsirli yazılmışdır. Bu yanıqlı sözlərə ancaq göz yaşı ilə cavab verilir. İndiki dövrdə İslam dünyasında birlik yox, qüvvə yox və olmaz. Olsa da bir şey çıxmaz. Allahıma inandığım ki, inanıram ki, Türkiyənin bir türk kəndində olan qeyrət, iman, vətənə və dinə bağlılıq müraciət edəcəyiniz İslam dünyasında yoxdur. Bu boş işdir. Bu bəyannaməni yazanların özləri də yazdıqlarına inanmırlar. Əgər inansalar idi Xristian Dünyasına deyil, islam ölkələrinə sığmardılar. Varlıq, qüvvə yalnız milli imandadır. Mən sizin xatirinizə bu bəyannaməni götürürəm” dedim. Bəyannaməni kimə oxudumsa hamının da mən fıkirdə olduğunu gördüm. Mən Bakıya qayıtdıqdan sonra Nuru paşanın qurtulmasını xəbər verdilər.
Səkkiz gündən sonra Nuru paşa ilə Bakıda görüşdük. Mən Bakıda olarkən Nəsib bəylə görüşdüm və Mürsəl paşanın verdiyi bəyannaməni ona göstərdim. O, başdan bir az oxudu və: “Əzizim, ingilislərin səni yaxalaya biləcəklərindən qorxmadınmı?” dedi. Mən də bu haqda heç düşünmədiyimi söylədim. Nəsib bəy mənə: “Nağı bəy, əksinqilab ilə Mübarizə Təşkilatını qurduq. Səni bu idarəyə rəis təyin etmək istəyirəm. Qəbul edərsinizmi?” deyə soruşdu. Mən də işlərimə heç kimin müdaxilə etməməsi şərti ilə qəbul edəcəyimi söylədim. Nəsib bəy mənim bu şərtimi qəbul etdi və “Təşkilatın nizamnaməsini oxuyacaqsan. Bu idarə Daxili İşlər Nazirliyinə deyil, birbaşa Baş Nazirə tabe olacaqdır” dedi. Qəbul edib yeni vəzifəmə başladım.
Əks-inqilab ilə Mübarizə Təşkilatının yaranmasının zəruriliyini respublikamızın ilk ilində çar generalı Denikinin mütəmadi olaraq bizi hədələməsi və başqa müxtəlif hadisələrin baş verməsi olmuşdur. Buna görə də hökumətimiz Əks-inqilab ilə Mübarizə Təşkilatının yaradılması planını Parlamentin müzakirəsinə verir.
Məclis böyük çoxluqla bu layihəni qəbul edir. İdarədə işləyəcək kadrların üçdə ikisi “Müsavat”dan, üçdə biri isə “Hümmət” partiyasının üzvlərindən ibarət idi. Layihəyə görə idarənin rəisi müsavatçı, müavini isə hümmətçi olmalı idi. Bu sosialist hümmətçilərin içərisində Beriya da var idi. Üzərimə götürdüyüm vəzifə ağır və məsuliyyətli idi. Düşünürdüm ki, bu işin öhdəsindən gələ biləcəyəmmi? Ancaq çox keçmədən işin asan olduğunu hiss etdim. Əslində işə qəbul olunmuş kadrların əksəriyyəti öz vəzifə borclarını ləyaqətlə yerinə yetirən şəxslər idi. Hər məmur işdən dördəlli yapışmışdı. Bunlardan başqa mülki əhali tərəfdən də hər gün bizi maraqlandıran işlər haqqında məlumatlar alırdıq. Biz bu məlumatları alan kimi tez məsələni həll edirdik. Mən bu vəzifəni üzərimə götürdüyüm zaman şimal sərhədini ağqvardiya generalı Denikin hədələyirdi. Bakını işğal etmələrini dördgözlə gözləyirdilər. Bir gün əməkdaşlarımızdan biri iranlı bir baqqalın dükanında oturmuş. O, içəri girən bir rusun dükanın arxa tərəfinə keçdiyini və əlindəki bağlamanı oraya qoyduğunu görür. Rus getdikdən sonra əməkdaşımız baqqaldan bu rusun içki içə-içə məktublar yazdığını söyləyir və “Onun dükanın arxasında bir çantası da var”. İçi sənədlərlə doludur. Mən rusca bilmədiyimdən oxuya bilmədim və onun özündən soruşanda komissiya üzvü olduğunu söylədi. Çantanı arxada bir yerdə saxlayıb, istəsən sən də baxa bilərsən deyir. Əməkdaşımız bu sənədlərə gözucu baxır və şübhəsinin doğru olduğunu, yəni bu adamın ağqvardiyaçı ordusunun casusu olduğunu anlayır. O tez bayıra çıxaraq mərkəzdən bir əməkdaş da çağırtdırır. Dükana gələn əməkdaş bayırda, əvvəlki isə dükanın içərisində rusu gözləyirlər. Rus geri qayıdır və üç saat əvvəl dükanda gördüyü gəncin yenidən burada olduğundan şübhələnərək baqqala “bu axşam məni gözləmə gəlməyəcəyəm” deyir və bayıra çıxır. Onun arxasınca bayıra çıxan əməkdaş rusu saxlayır və o birisinə: “Bu rusu idarəyə apar” deyir. Əməkdaşımız özünü itirən rusa baqqal dükanındakı bütün əş?asını da özü ilə götürməyi tələb edir. Bu zaman o baqqalla üzləşdirilir. Baqqal onun dükanda qoyduğu çantanı gətirib əməkdaşımıza verir. Onlar birlikdə idarəyə gəlirlər. Olmuş əhvalat haqqında idarənin əməkdaşı mənə raport verir. Çantadakı sənədlər tədqiq edilir və aydın olur ki, general Denikinin hesabına casusluq edən yüzbaşı Starkov yarım aydan bəri çox qiymətli məlumatlar toplaya bilmişdir. Onun topladığı sənədlərdən elələri var idi ki, onlar yalnız Azərbaycan ordusunun Baş Qərargahına məxsus sənədlər idi. Sənədlə birgə hərbi Nazirliyə gedirik. Mərhum general Həmid Qaydabaşıya (Azərbaycan ordusunu Baş Qərargah rəisi idi) əlimdə olan sənədləri göstərdim. O, bu sənədlərin seyflərində olanlardan üzü çıxarıldığını bildirdi. St?rkov sənədlərlə birlikdə yazdığı raportunda yazırdı ki, mən bu sənədləri Azərbaycan ordusunun qərargahından hərbi Nazir general Mehmandarovun nəvəsinin mürəbbiyəsi vasitəsilə əldə etmişəm. Raportu eyni ilə Baş nazirə də göstərdim. Tədqiqat davam etməkdə idi. Tədqiqat nəticəsində bu qənaətə gəldim ki, mürəbbiyə məsələsi uydurmadır. Sənədlər başqa vasitələrlə əldə edilmişdir. Bu arada bunu da bildirdim ki, ağqvardiyaçı rusların Azərbaycana hücum etmələri bizə anlaşdıqdan sonra Baş nazirliyin sədrliyi ilə dörd nazirdən ibarət bir Müdafiə Komitəsi qurulmuşdu. Mənim əlaqəm Baş nazir Nəsib bəy, hərbi nazir general Mehmandarlı, nəqliyyat naziri Aslan bəy Məlikaslanlı və xarici işlər naziri Məhəmməd Yusif bəydən ibarət olan bu komitə ilə idi. Komitəyə verdiyim raport oxunduqda general Mehmandarlı çox əsəbləşdi. Ertəsi gün idarədə kabinetimin pəncərəsindən baxarkən general Mehmandarlının avtomobilinin idarəmizin önündə durduğunu gördüm. Onu dərhal qapıda qarşıladım. Çox əsəbi görünürdü. Oturmaq istəmədi. Məndən “Nağı bəy, siz bu alçağın məlumatına inanırsınızmı?” deyə soruşdu. Mən də “Paşam, sənədi verəni gizlətmək üçün yüzbaşı Starkov mürəbbiyə məsələsini uydurmuşdur. İcazənizlə iki günə qədər məsələni tamamilə aydınlaşdıracağam. Ancaq qərargah zabitlərindən istədiyimi nəzarət altına ala bilmək üçün indidən icazənizi istəyirəm” cavabını verdim. General Mehmandarlı: “Bu, milli və istiqlalımızla bağlı bir işdir. Kimi istəyirsiniz onu da nəzarət altına ala bilərsiniz. Bir də məndən icazə istəməyin. Ancaq mən bu alçağı görmək istəyirəm” dedi. Starkov içəri girdi və generalı görən kimi diz çöküb ona yalvarmağa başladı. General bu mənzərə qarşısında: “alçaq, qorxaq, cəzan ölümdür. Sənin kimi şərəfsiz və qorxaq bir yüzbaşını rus ordusunda ilk dəfə görürəm” dedi və mənimlə vidalaşıb getdi. Yüzbaşı isə hələ də diz çökmüş vəziyyətdə qalırdı. Onun aparılmasını əmr etdim. Starkov raportlarında Azərbaycandakı bütün ermənilərin hazır vəziyyətdə rus ordusunu gözləməkdə olduqları, hətta ayrıca Azərbaycandakı varlıların və mülkədarların ürəklərinin də rus ordusu üçün vurduğunu yazırdı. O, Azərbaycan dövlətinə və hökumətinə qarşı qiyam qaldırmış Qatır Məmmədin də rus ordusunu çağırdığını verdiyi raportuna əlavə edirdi. Nəhayət, Starkov istintaqın sonunda varlıların və mülkədarların haqqında söylədiklərinin uydurma olduğunu boynuna aldı və elədiyi casusluq hərəkətinə görə layiqli cəzasını aldı.
Xəbər lenti
Hamısına baxDünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55

