Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Zəngəzurda toylar

Zəngəzurda toylar

18.10.2022 [10:43]

(doqquzuncu məqalə)  

Musa Urud, Millət vəkili

Bundan əvvəlki məqaləmizdə (Zəngəzur azərbaycanlılarının etno-mədəni həyatı- M.U.) qeyd etdiyimiz kimi, Zəngəzurun bir çox adət- ənənələri, xeyir- şər mərasimlərinin keçirilmə qaydaları   qonşu Naxçıvan, Qarabağ və Təbriz-Qaradağ mahalları ilə, əsasən, oxşar idi. Amma bölgələr və kəndlər arasında tarixi, coğrafi və təbiət şərtlərindən doğan fərqliliklər də mövcud idi. Bu yazıda aşağı- yuxarı fərqlilikləri də ümumiləşdirərək Zəngəzur toylarını bu bölgənin ən qədim kəndlərindən biri olan Urud kəndinin (ötən əsrin 70-80- ci illərinin) nümunəsində təsvir etməyə çalışacağıq.

Zəngəzurda   toylar adətən ilin yay aylarında olardı. Bunun başlıca iki səbəbi var idi:

-Birincisi, dağlıq yerin iqliminə, təbiətinə görə - ilin ən gözəl, ən bərəkətli, meyvə-tərəvəzin bol və ucuz olduğu fəsli sayıldığından toyları adətən yay aylarında, xüsusən iyunun ortalarından avqustun ortalarına qədər keçirirdilər.

-İkincisi, camaatın Bakıda, Sumqayıtda, Naxçıvanda, Gəncədə və Azərbaycanın digər yerlərində yaşayan xeyli övladları, qohumları var idi ki, bu “mövsümi”  zəngəzurlular da, adətən, yay aylarında məzuniyyət götürərdilər və dincəlmək üçün Soçiyə, Kislovodskiyə, Karlovı-Varıya deyil, Zəngəzura, doğma yurdlarına  gələrdilər. Bu səbəbdən də yayda Zəngəzur toyları təkcə bir mərasim deyil, çal-çağırlı, əyləncəli kütləvi mədəniyyət hadisəsi kimi qiymətli və maraqlı idi.

Kəndlərdə  hər yay 5- 8, bəzi illərdə isə 10-dan yuxarı toy olardı. Toylar yazın əvvəlindən planlaşdırılar, toy sahibləri öz aralarında hər həftə biri olmaq şərti ilə növbəliliyi razılaşdırardılar.

Toya kənd camaatının hamısı başdan-başa dəvət olunardı. Hətta toy yiyəsinin kiminləsə küsülülüyü, düşmənçiliyi var idisə də, buna baxmayaraq, həmin adam da toya dəvət edilərdi. Dəvəti qəbul edib-etməmək isə qarşı tərəfin öz işi idi. Yəni toya çağırmamaq toya gəlməməkdən daha böyük qəbahət sayılardı.

Toy 2-3 gün davam edərdi (adətən, cümə, şənbə və bazar günləri). Toydan bir-iki gün qabaq toy çörəyi bişirmə mərasimi olardı.

Zəngəzurda   ailələr əsasən gənclərin qarşılıqlı sevgisi əsasında, qismən isə valideynlərin arzusu nəzərə alınmaqla qurulurdu. Oğlan qızın razılığını aldıqdan sonra öz “dərdini” ya özü birbaşa, ya da dostları vasitəsi ilə anasına çatdırardı (atalar ailənin “ağır artilleriyası” sayılırdı və yalnız vəziyyət ciddi şəkil aldıqdan sonra işə qarışardılar). Oğlanın anası, yaxud bacısı qız evinə “divardibi söhbəti”nə gedərdi. Oğlan tərəfin təklifi qız adamlarına çatdırıldıqdan bir neçə gün sonra oğlanın anası gələcək gəlinin ata evinə, qız anasının “ağzını aramağa” yollanardı. Razılıq varsa, növbəti mərhələ-elçilik başlanardı.

Elçiliyə oğlanın atası və anası, əmi-dayısı və digər ağsaqqallar gedərdilər (10 nəfərə qədər). Təxminən o qədər də adam qız tərəfdən yığışardı.

Əvvəllər elçiliyə bir yaylıq aparardılar, əgər razılıq əldə edilərdisə, oğlanın anası yaylığı gələcək gəlinin başına örtərdi. Son illərdə də yaylıq, yaxud bir nazik üzük aparardılar.

Elçilikdə adətən obrazlı, bənzətmələrlə, yarızarafat-yarıciddi söhbət aparılardı. Çox güman ki, razılıq əldə olunmayacağı halda pərtlik yaranmasın deyə söhbətin tonu əvvəlcədən bu cür seçilirdi.

Hər şey çaydan başlayardı. Ev yiyəsi süfrəyə çay gətirər, qonaqlar əllərini çaya uzatmazdılar. “Çayımıza - çörəyimizə nə gəlib, gəlinimizə məəttəlik” və s. bu yöndə söhbətlər məclisi şirinləşdirərdi.

Qız tərəfin ağsaqqalı “Allah xeyir versin, ağzınızı şirin eləyin” dedikdən sonra şirin çay içilərdi.

Çay süfrəsindən sonra stola yemək-içmək gətirilərdi.

Elçiliyin bütün xərclərini qız evi çəkərdi.

Elçilikdən sonra nişan mərasimi gəlirdi.

Nişanın xərclərini oğlan evi, bir qayda olaraq natura şəklində çəkirdi. Qızıl nişan üzüyü, qıza lazım olacaq nə qədər geyim və bəzək əşyaları var idisə, nişanda oğlan evi xüsusi dəm-dəsgahla qız evinə aparardı. Bircə ayaqqabı aparmazdı. Ayaqqabı sıxıntı, darısqallıq rəmzi sayıldığı üçün. Nişana qonaqları qız evi dəvət edərdi. Qonaq deyəndə, əslində kəndin bütün qız-gəlini nişanın iştirakçısı olardı. Hər adam bir xonça gətirərdi. Xonçanın içinə şirniyyat, parça, gəlin üçün  paltar, ətir qoyulardı. Nişan musiqinin müşayiəti ilə keçirilərdi. Musiqiçiləri dəvət etməyə imkan olmadıqda maqnitofon və patefon da yarayardı.

Nişanda oğlan öz yaxın dostları ilə birgə iştirak edərdi. Üzüyü qızın barmağına oğlan evindən olan qadınlardan biri taxardı.

Nişandan bir müddət sonra oğlan bir, ya iki yaxın dostu ilə birlikdə əvvəlcədən xəbərdarlıq edərək qız evinə tanışlığa gedərdi.

Toy ərəfəsində söz kəsdi və paltar biçdi  mərasimləri olardı.

Oğlan evinin bir neçə ağsaqqalı toy ərəfəsində qız evinə sözkəsdiyə gedərdi. Söhbət əsnasında paltarbiçdidə (qız toyunda) lazım olan xərclərin, yemək-içməyin qədəri müəyyən edilərdi. Adətən, qız evi çox yuxarıdan, oğlan evi isə çox aşağıdan başlayar, yarızarafat-yarıciddi tonda mübahisə edə-edə razılığa gələrdilər.

Paltarbiçdi, adətən, toydan əvvəlki həftənin içində qız evi tərəfindən keçirilərdi və bu mərasim qız toyunu əvəz edirdi. Paltarbiçdi, güman ki, vaxtilə hazır pal-paltar olmayan dövrlərin adətidir. Oğlan evi tərəfindən göndərilən parça dərzi tərəfindən rəmzi olaraq mərasim iştirakçılarının qarşısında kəsilərdi (yəni ki, sizin parçanızı qəbul edib gəlin üçün tikirik). Paltarbiçdi qız evinin toy mərasimi sayılardı.

Paltarbiçdinin ərzağı oğlan evi tərəfindən, mərasimdən bir gün qabaq göndərilirdi (təxminən 2-4 qoyun, 1 kisə un, düyü, qənd, 1 qutu yağ, ədviyyat və s.). Qoyunların boynuna qırmızı lent bağlanardı. Ərzağı aparanlara qız evi tərəfindən mütləq xələt verilərdi.

Toy çörəyi

Toy üçün 400-500 nəfərlik lavaş bişirilərdi.  Elə toy məclisi də təxminən bu qədər qonağa hesablanırdı. Çörəyi toy sahibi tərəfindən əvvəlcədən dəvət (urudlular “təlif” deyərdilər, yəni “təklif” sözünün təhrif olunmuş formasında) edilən yaxın qohum və qonşu qadınlar 1-2 günə bişirib qurtarardılar. Toy çörəyi bişirənin hər birinə xələt verilərdi.

Yaxın qohumlar-dostlar (adətən, qadınlar) çörək üstə çağrılardılar. Çörək üstə gələn hər kəs xələt (son vaxtlar həm də pul) gətirərdi. Yığılan xələt (və pul) çörəyi bişirənlərin arasında bərabər bölünərdi.

Bəyi də çörək üstünə dəvət edərdilər. Çörəyi yapan qadın təndir şişinin ucunda, yaxud əppəkyapanın üstündə təzə bəyə çörək uzadırdı. Təzə bəy çörəyi götürüb dostları ilə bölüb yeyər,  çörək yapana nəmər (pul) verərdi. Nəmərin məbləği əsas deyildi.

Qız evindən çörək üstünə qonaq çağırardılar. Qız evindən 2-3 qadın bəy evinə çörək üstünə gələrdi və çörəkçilərə xələt gətirərdilər. Toy çörəyini bişirib qurtarandan sonra çörəkçilər həsli (yağlı, şirin) qalın çörək bişirib evlərinə aparardılar.

Toy çadırı

Zəngəzurda, adətən, üç gün üç gecə toy çalınardı. Toy çadırı toy evinin bağında, yaxud həyətində qurulardı. Cümə günü axşamüstü toy başlayar, gecə saat 1-2-yə kimi davam edərdi. Toya dəvətnamə ilə yalnız bazar gününə - yəni məclis gününə dəvət edərdilər. Qalan iki günün dəvətçisi isə gözünə döndüyüm qara zurna idi.

Elə ki, toy evində  qara zurna dillənirdi, uşaqdan-böyüyə hamı - kənd camaatı da, qonaqlar da böyük məmuniyyətlə bu dəvəti qəbul edərək təzə paltarlarını geyinib toy evinə daşlanırdılar. Artıq axşam saat 7-də toy mağarında uşaq-böyük, qız-gəlin, ağsaqqal-ağbirçəklərin cəm olduğu çal-çağırlı, musiqili, nəğməli, rəqsli bir məclis qızışmış olurdu.

Zəngəzur toylarında 70-ci illərin ortalarına qədər qara zurna və nağara, sonralardan isə, həm də  gitara, qarmon, klarnet çalınardı. Toybəyi əlində söyüd şivindən yumşaq çubuq, qolunda qırmızı lent çal-çağır məclisini idarə edirdi: sifarişləri qəbul edib növbə ilə məclis iştirakçılarını oynadır, “haşşabaş” çağıraraq toyu şirinləşdirir, özü də oynayanlara qoşularaq toyu qızışdırırdı.

Şabaş məsələsi  bir qədər başqa cür idi: heç vaxt nə yerə, nə də oynayanın başına pul atılmazdı. Oynayanın yaxın adamları halay vurub oturduqları (yaxud dayandıqları) yerə toybəyini çağırıb ona pul verirdilər (əvvəllər 20 - 50 qəpik, uzaq başı 1 manat, sonralar isə 1-3 manat). Toybəyi isə şabaşı başının üzərinə qaldırıb yelləyər, “haşşabaş, havadarı...(Filankəs)” - qışqıraraq məclisi qızışdırar, şabaşı musiqiçilərin nəmər sandıqçasına atardı.

Musiqi sifariş verən adam ortaya düşüb oynayan və istədiyi adamları (onlar da öz növbələrində öz istədikləri adamları) rəqsə dəvət edərdi. Dəvətsiz heç kəs oynayanlara qoşulmazdı, heç kəs başqasının havasına oynamazdı. Beləcə, şənlik məclisi gecə yarıya kimi davam edərdi.

Toy xınası

Toyun birinci axşamı həm də xına­yaxdı ilə əlamətdar olardı. Oğlan evində xına hazırlanar, qız - gəlinlər əllərini xınalayardılar. Bəyi xınayaxdıya dəvət edib onun və sağdış-solduşun çeçələ barmaqlarını xınaya batırardılar. Bəy xına paylayana nəmər verərdi.

Sonra bəyin bacısı bir neçə qız-gəlinlə qız evinə xına aparardılar. Gəlinin ayaq barmaqlarını, əllərini xınaladıqdan sonra qız evindəki bütün qadınları xınayaxdıya dəvət edirdilər. Qız evi xına gətirənlərə xələt verirdi.

Bəyin oğurlanması

Şənbə günü səhər saat 10-11-də yenə də toy çalınar və bütün günü davam edən çalıb-oynamaq məclisi axşam daha da qızışardı. Bəy öz sağdış-solduşu ilə birlikdə toy mağarında olurdu, dəfələrlə bəyi və sağdış-solduşu oynadırdılar. Bəyin sağdışı evli, solduşu isə subay olardı.

Şənbə günü toy məclisinin ən çal-çağırlı, məzəli-şənlikli günü olardı. Məhz bu gün bəyi “qorumaq” daha mühüm əhəmiyyət kəsb edirdi. Sağdış-solduşun nəzərindən yayınan kimi, bəyi oğurlayıb gizlədirdilər.

Ardı növbəti sayımızda...

Paylaş:
Baxılıb: 591 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31