Yaxın Şərqdə yeni geosiyasi mənzərə formalaşır
12.03.2025 [10:34]
Yaxın Şərqdə fərqli siyasi mənzərə formalaşmağa başlayır - böyük ehtimalla, yeni dünya nizamında Yaxın Şərqdə geosiyasi və geoiqtisadi proseslər məhz region dövlətləri tərəfindən müəyyən olunacaq. Türkiyə regionda geostrateji güc mərkəzinə çevrilib. Ankaranın həm İraqda, həm də Suriyada sabitlik və təhlükəsizliyin təmin olunmasında mühüm rolu, Suriyanın ərazi bütövlüyünün təminatına zamin durması və bu ölkənin yenidən qurulmasına töhfələr verməsi, eyni zamanda region dövlətləri arasında iqtisadi əməkdaşlığın möhkəmlənməsi istiqamətində nailiyyətləri danılmaz faktlardır.
Sözsüz ki, Türkiyənin Yaxın Şərq strategiyası regionda yeni dövrün başlanğıncını qoymağa istiqamətlənib. İstər diplomatik-siyasi, istərsə iqtisadi-enerji, istərsə də hərbi-təhlükəsizlik baxımından Türkiyənin bu yöndə çabaları öz qığılcımlarını göstərməkdədir.
Mərkəzdənqaçmanın qarşısı alınır
Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şəraa və “Suriya Demokratik Qüvvələri”nin (SDQ) başçısı Mazlum Abdi SDQ qüvvələrinin Suriya Ərəb Respublikasının qurumlarına (həm hərbi, həm də mülki) inteqrasiyasını nəzərdə tutan saziş imzalayıblar. Sazişin müddəalarına görə, YPG/ PYD-yə bağlı bütün mülki və hərbi qurumlar, Suriyanın şimal-şərqindəki hava limanları, neft-qaz yataqları, o cümlədən strateji əhəmiyyət daşıyan digər obyektlər yeni Suriya hakimiyyətinin idarəçiliyinə veriləcək. Bölgədə atəşkəs elan olunacaq və PYD/YPG-yə bağlı bütün silahlı qruplar Suriya ordusuna daxil ediləcək. Sazişdə, həmçinin Suriyanın ərazi bütövlüyünün və suverenliyinin zəruriliyi yer alıb.
KİV-lərin məlumatında qeyd olunur ki, “Suriya Demokratik Qüvvələri” ölkənin şimal-şərqində xüsusi idarəetmə statusu əldə edəcək, onlar daxili azadlıqlara malik olacaq, xarici siyasətdə isə Dəməşqdən asılı olacaqdır.
Terrora qarşı əməkdaşlıq güclənir
Türkiyənin xarici işlər naziri Hakan Fidan jurnalistlərə son açıqlamasında bildirib ki, Ankara İŞİD və digər terror təşkilatlarına qarşı mübarizədə region ölkələri ilə əməkdaşlıq edəcək. Türkiyə, Suriya, İordaniya, İraq və Livan bu məsələdə ortaq razılaşmaya gəliblər. Türkiyə XİN rəhbəri bildirib ki, Türkiyə uzun müddətdir ki, bu mübarizəni öz tərəfində aparır: “İŞİD yalnız bir ölkəyə deyil, bütün regiona zərər vurduğundan, təkbaşına bu qruplaşma ilə mübarizə aparmaq çətindir. Buna görə də bizim üçün birləşmək və güclü bir platforma yaratmaq vacibdir. Bu platformanın yaradılması üçün ilk addımı atdıq və bu birgə əməliyyat mərkəzinin qurulması prosesinin başlanğıcı olacaq”.
Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Türkiyə İraq və Suriya daxil olmaqla, bütöv bir regionda terrora qarşı mübarizədə uğurlu siyasət aparıb. “Bildiyiniz kimi, Türkiyə artıq neçə on ildir ki, bölücü terrorun hədəfindədir. Bu illər ərzində Türkiyə terrora qarşı mübarizədə hər zaman prinsipal və aydın xətt izləyib. Nəinki ölkə içində, həm də qonşu bölgələrdə terrora qarşı mübarizədə önəmli addımlar atıb. Hazırda isə biz, yalnız Türkiyə baxımından deyil, bütövlükdə bölgə baxımından da əhəmiyyətli proseslərə şahid oluruq. Ümid etmək olar ki, bu proseslər öz müsbət sonluğuna varacaq və bölücü terror öz fəaliyyətini dayandıracaq”.
Regional sabitliyə mühüm töhfə
V.Zifəroğlu vurğulayıb ki, Suriyanın yeni hakimiyyəti ilə ABŞ-ın dəstəklədiyi və Suriya Demokratik Qüvvələri arasında əldə edilmiş razılaşma, ölkənin ərazi bütövlüyünün təmin edilməsi və sabitliyin bərqərar olması istiqamətində mühüm bir addımdır. Politoloqun fikrincə, bu addım, həmçinin, ölkədəki müxtəlif etnik və dini qruplar arasında birliyi gücləndirərək, daxili sabitliyin təmin edilməsinə töhfə verəcək: “SDQ-nin Suriya ordusuna inteqrasiyası ölkənin təhlükəsizlik qüvvələrinin birləşdirilməsinə və vahid komandanlıq altında fəaliyyət göstərməsinə şərait yaradacaq. Bu da öz növbəsində, ölkədəki təhlükəsizlik vəziyyətinin yaxşılaşmasına və terror qruplaşmalarına qarşı mübarizənin effektivliyinin artmasına səbəb olacaq. Razılaşma, həmçinin beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanıb və Suriyanın yenidən qurulması prosesinə dəstək verilməsi üçün zəmin yaradır. Almaniya və Fransa kimi ölkələr, Suriyanın yeni hakimiyyəti ilə əməkdaşlığa hazır olduqlarını bildiriblər. Ümumilikdə, bu razılaşma, Suriyanın ərazi bütövlüyünün təmin edilməsi və ölkədə sabitliyin bərqərar olması istiqamətində əhəmiyyətli bir addım kimi qiymətləndirilir”.
Risklər
Politoloqun sözlərinə görə, ABŞ-ın birbaşa vasitəçiliyi ilə baş tutan bu razılaşma qısa müddətdə müəyyən stabillik yaratsa da, uzunmüddətli perspektivdə ciddi risklərə səbəb ola bilər: “SDQ daxilində fərqli qrupların olması bu razılaşmanın icrasını çətinləşdirə bilər. Əgər razılaşma SDQ-yə kifayət qədər siyasi və ya iqtisadi üstünlüklər verməzsə, bu, təşkilat daxilində parçalanmalara gətirib çıxaracaq”.
Son zamanlarda Türkiyə, İraq, Suriya və digər ərəb ölkələri arasında İŞİD və digər terror qruplaşmalarına qarşı vahid və koordinasiyalı mübarizə aparmaq üçün əlverişli şərait formalaşmağa başlayıb.
Region dövlətləri Türkiyə ilə hesablaşır
V.Zifəroğlu bildirib ki, martın 8-də İordaniyanın paytaxtı Əmmanda Türkiyə, İordaniya, İraq və Suriyanın xarici işlər və müdafiə nazirləri, baş qərargah rəisləri, həmçinin kəşfiyyat rəhbərlərinin iştirakı ilə yüksək səviyyəli görüş keçirilib: “Görüşdə təhlükəsizlik, terrorizmlə mübarizə və regional əməkdaşlıq barədə müzakirələr aparılıb. Bu toplantıda İŞİD və digər terror qruplaşmalarına qarşı birgə əməliyyat mərkəzinin yaradılması qərarı da verilib. Eyni zamanda Türkiyə və İraq arasında hərbi, təhlükəsizlik və terrorizmlə mübarizə sahələrində əməkdaşlığı gücləndirmək məqsədilə Ankarada yüksək səviyyəli təhlükəsizlik danışıqları aparılıb və nəticədə tarixi bir anlaşma imzalanıb. Bu anlaşma, iki ölkə arasında ortaq təhlükəsizlik koordinasiya mərkəzinin yaradılmasını və ortaq təlim və əməkdaşlıq mərkəzinin qurulmasını nəzərdə tutur,” - deyən V.Zifəroğlu əlavə edib ki, Türkiyə Suriyanın ordu quruculuğu prosesinə də birbaşa dəstək verəcək: “Bütün bu məqamlar həm qardaş ölkənin bölgədə ciddi nüfuzundan, həm də Yaxın Şərq regionunda terrorizmlə mübarizədə ölkələr arasında koordinasiyalı və birgə fəaliyyətin gücləndirilməsindən xəbər verir”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17

