Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Yaxın Şərqdə vəziyyət dəyişir?

Yaxın Şərqdə vəziyyət dəyişir?

09.04.2025 [10:02]

Netanyahunun Vaşinqton “mesajları”

Yaxın Şərqdə vəziyyət yenidən gərginləşməyə doğru yol alıb. Xüsusilə, İsrail ilə HƏMAS arasında “Qəzza razılaşması”nın pozulmasının ardından Təl-Əviv “üzünü” Suriyaya tutub. Belə ki, İsrail ötən günlərdə Suriyanın Homs və Hama əyalətlərində yerləşən T4 və Palmira hərbi hava bazalarına, həmçinin Hama şəhərinin əsas hava limanına hücumlara start verib. Qeyd edək ki, bu bazalar Türkiyə hərbi heyətləri tərəfindən birgə müdafiə paktı üçün qiymətləndirilmişdi. İsrailin bu hücumları Türkiyənin Suriyada hərbi baza qurmağa hazırlaşdığına dair xəbərlərin yayıldığı bir vaxtda bölgədə yeni bir qarşıdurma mesajı kimi anlışılıb.

Qəzza yenidən “masa”ya qayıda bilər...

Baş verənlər onsuz da gərgin olan ikitərəfli münasibətləri daha da çətinləşdirir - xüsusilə, İsrailin Qəzzadakı fəaliyyətinə qarşı sərt tənqidlərdən sonra Təl-Əvivin Ankaradakı diplomatik nümayəndələrini məsləhətləşmə üçün geri çağırması, Prezident Ərdoğanın isə İsraillə bütün əlaqələri kəsməklə bağlı elanı regionla bağlı yenidən neqativ mənzərə formalaşdırır. Belə bir zamanda, İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ-a səfəri bir çox suala cavab tapmaq üçün fürsət yaratdı. Belə ki, bir neçə gün öncə Vaşinqtona gedən Netanyahu prezident Trampla Qəzzadakı girov böhranını, ABŞ-ın İsrail mallarına tətbiq etdiyi rüsumları müzakirə etməklə yanaşı, İran və Türkiyə ilə münasibətlər haqda da danışıb. “Oval kabinet”də keçirilən görüşün jurnalistlərə açıq olan hissəsində çıxış edən Tramp Qəzza zolağında saxlanılan girovların azad edilməsini “əsas prioritet” adlandırıb. O, davam edən danışıqlarla bağlı nikbin olduğunu bildirib, lakin heç bir konkret təfərrüat açıqlamayıb. “Biz irəliləyiş əldə edirik. İnanıram ki, tezliklə bütün girovları öz evlərində görəcəyik”, - deyə prezident bildirib. Netanyahu həmsöhbəti ilə razılaşaraq, İsrailin girovların azad edilməsinə sadiq olduğunu vurğulayıb. Tərəflər həmçinin İsrail və HƏMAS arasında kövrək atəşkəsi müzakirə ediblər. Hər iki dövlət rəhbərləri yeni razılaşmalar barədə açıqlama verməsələr də, regionda zorakılıq səviyyəsinin azaldılmasının vacibliyini vurğulayıblar.

Məsələnin müzakirəsi onu göstərir ki, ABŞ heç də iddia edildiyi kimi Yaxın Şərqdən “geri çəkilmək” kimi bir niyyətdə deyil - tam əksinə, keçirilən görüşdə fərqli aspektlərə toxunulması ABŞ-ın bütün məsələlərlə bağlı mövzulara hakim olmasını nümayiş etdirib. Beləliklə, yaxın günlərdə Yaxın Şərqlə bağlı Trampın “ikinci planı” işə düşə bilər. Çünki ABŞ lideri hələ də Qəzzanı ələ keçirmək fikrindən yayınmayıb - o, bu ərazini “inanılmaz mühüm daşınmaz əmlak” hesab etdiyini söyləyib. Trampın fikrincə, ABŞ-ın bu işə qarışması lazımdır...

17 faizlik rüsum ləğv ediləcəkmi?

Bir sıra ekspertlər Trampın “tarif siyasətində” İsrailin də adının qeyd edilməsini Təl-Əvivə “xatırlatma” kimi xarakterizə edir. Elə görüşdə Trampın bu məsələdə israrçı mövqedə olması deyilənləri təsdiqləyir. Netanyahu İsrailin ABŞ-la ticarət əlaqələrini gücləndirmək səylərini vurğulayaraq, bu tədbirlərin yumşaldılması məsələsini qaldırıb.

Qeyd edək ki, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 37 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Amerikanın İsrailə ixracı 14,8 milyard dollar, idxalı isə 22,2 milyard dollar təşkil edib. Ticarət kəsiri 7,4 milyard dollar olub. Netanyahu İsrailin ABŞ-la ticarət kəsirini aradan qaldırmaq və bunu tez bir zamanda etmək niyyətini ifadə edib. “Biz bunun düzgün iş olduğuna inanırıq. Və biz həmçinin ticarət maneələrini - lazımsız yerə qoyulmuş ticarət maneələrinin hamısını aradan qaldıracağıq”, -deyə Netanyahu qeyd edib.

İran “topu” Vaşinqtona atıb...

Yaxın Şərqlə bağlı diqqəti cəlb edən daha bir məsələ isə hər iki ölkənin İranın nüvə proqramından narahatlığıdır. Mart ayında Tramp ABŞ-la razılığa gəlməyəcəyi təqdirdə ölkəni bombalayacağı ilə hədələmişdi. Tramp bazar ertəsi jurnalistlərə deyib ki, ABŞ şənbə günündən başlayaraq İranla birbaşa danışıqlar aparacaq. O, “Bizim çox vacib bir görüşümüz var və ondan nə çıxacağını görəcəyik” deyib. 

İran isə Trampın bəyanatlarına cavab olaraq Omanda “birbaşa” deyil, “dolayı” danışıqların aprelin 12-də başlayacağını bildirib. İranın xarici işlər naziri Abbas Əraqçı “İran və ABŞ yüksək səviyyəli dolayı danışıqlar üçün şənbə günü Omanda görüşəcək. Bu, həm fürsət, həm də sınaqdır. Top ABŞ-ın tərəfindədir”, deyib.

Tasnim Xəbər Agentliyinin verdiyi xəbərə görə, Əraqçı ABŞ nümayəndə heyətinə Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Vitkoffun başçılıq edəcəyini təsdiqləyib. İran nümayəndə heyətinə isə Əraqçı rəhbərlik edəcək.

Beynəlxalq ekspertlər nəzərdə tutulan görüşün keçirilmə ehtimalını 100 faizlik adlandırmır - əksinə, bu görüşün baş tutmaması ehtimalının da varlığını söyləyirlər. Qeyd edilir ki, son günlərdə ABŞ-ın İranı vuracağı ilə bağlı yayılan informasiyalar bu görüşü təxirə sala bilər. Çünki hər iki tərəf görüş öncəsi kifayət qədər aqressiv ritorikadan istifadə edirlər. Eyni zamanda, İranın gərginliyin pik həddə çatmaması üçün geri çəkiləcəyini düşünənlər də var - son dövrlərdə Livan, Suriya və İraqda baş verənlər, HƏMAS-ın və Hizbullahın zəifləməsi Tehranın da əlini “zəiflədib”...

İsrail qarşıdurma istəmir, əş-Şəraa Türkiyəyə gəlir...

Tramp-Netanyahu görüşünün maraqla izlənən detallarından biri isə təbii ki, Türkiyə ilə bağlı idi. Keçirilən görüşdən sonra təşkil olunan mətbuata birgə  açıqlama zamanı Netanyahu Suriyada Türkiyə ilə mümkün qarşıdurmanın qarşısını almaq üçün Trampdan vasitəçilik etməsini istəyib. “Türkiyə ilə Suriyada qarşıdurma niyyətimiz yoxdur”, - deyə o deyib. Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Tramp arasında yaxşı münasibətləri önə çəkərək bu qarşıdurmanın qarşısını necə ala biləcəklərini müzakirə etdiklərini vurğulayıb və Trampı bu məsələdə ən yaxşı vasitəçi adlandırıb. Tramp isə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında yüksək fikirlər səsləndirib: “Ərdoğanı çox sevirəm, o da məni sevir. Bu isə medianı qıcıqlandırır.” Əgər İsrailin Türkiyə ilə problemi varsa, onu mən həll edə bilərəm”, - deyə o əlavə edib. ABŞ lideri Ərdoğanı “çətin və ağıllı lider” adlandırıb. “Əgər Türkiyə ilə bağlı hər hansı problemin olarsa, mən onu həll edə bilərəm, amma sən də məntiqli olmalısan,” - deyə Tramp Netanyahuya cavab verib.      

Türkiyə də Suriyada İsraillə qarşıdurma istəmir. Türkiyənin xarici işlər naziri Hakan Fidan “Reuters”ə müsahibəsində bildirib ki, Suriya İsraillə müəyyən anlaşma istəyirsə, bu, onların işidir: “Əgər Dəməşqin yeni administrasiyası Türkiyə kimi, Suriyanın qonşusu olan İsraillə “müəyyən anlaşmalar” əldə etmək istəyirsə, bu, onların öz işidir”.  Fidan vurğulayıb ki, İsrailin hücumları Suriyanın İŞİD və digər təhdidlərin qarşısını almaq qabiliyyətinə zərbə vurur: “İsrailin Suriyadakı hərəkətləri gələcək regional qeyri-sabitliyə yol açır”.

Yeri gəlmişkən, qarşıdan gələn günlərdə keçid dövründə Suriya Prezidenti Əhməd əş-Şəraa Türkiyəyə səfər edəcək. Türkiyə mətbuatı səfərin detalları ilə bağlı təfərrüatlı məlumat verməsə də, müzakirə olunan predmetlər sırasında Suriyanın gələcəyi, ikitərəfli hərbi münasibətlər, xüsusilə İsraillə bağlı məsələlərin müzakirə mövzusu olacağı proqnozlaşdırılır.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 274 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30