Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Qardaş Türkiyə üçün yeni tarixi dönəm

Qardaş Türkiyə üçün yeni tarixi dönəm

15.07.2025 [10:27]

Qardaş Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi və onun rəhbərliyi ilə həyata keçirilən möhkəm daxili həmrəyliyi hədəfləyən siyasət sayəsində ölkənin milli maraqlarının təmin olunması istiqamətində böyük uğurlara imza atır. Bu gün Türkiyə dünyada qlobal aktorlardan biri qismində qəbul olunur və yeni dünya nizamının qurulmasında qardaş ölkənin mövqeyi mütləq qaydada nəzərə alınır. Şübhə yoxdur ki, Türkiyənin terrordan xilas olması qardaş ölkənin gücünü və nüfuzunu daha da artıracaq.

“Terrorsuz Türkiyə” hədəfi

Terror təhlükəsi uzun müddət ərzində Türkiyə dövlətini və cəmiyyətini təhdid edən əsas daxili və xarici faktor qismində çıxış edib. Artıq Türkiyənin tarixində Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə yeni bir səhifə açılır. Belə ki, qardaş ölkə “Terrorsuz Türkiyə” hədəfinə heç vaxt olmadığı qədər yaxındır.  Prezident Rəcəb Tayyib Ərdoğan AK Partiyanın 32-ci “Məsləhətləşmə və Dəyərləndirmə” toplantısında keçmiş PKK terror təşkilatı tərəfdarlarının iyulun 11-də İraqın şimalında yerləşən Süleymaniyə şəhərində silahları təhvil verməsinə münasibət bildirərkən Türkiyənin  47 illik terror bəlasından PKK-nın silahları təhvil verməsi ilə xilas olmağa başladığına xüsusi vurğu edib. O, 15 iyulda baş verən “Darbe” cəhdindən sonra Türkiyənin terrorla mübarizədə yeni bir mexanizm yaratdığına diqqət çəkərək vurğulayıb: “Terrorun qarşısına keçdik. İttifaq ortağımız Dövlət Bağçalının da çağırışı ilə “Terrorsuz Türkiyə” üçün ciddi addımlar atdıq. Çox həssas və təmkinli bir prosesi idarə etdik”.

R.T.Ərdoğan bildirib ki, ölkəsi üçün yeni tarixi səhifə açılıb və Türkiyə üçün yeni yüzilliyin qapıları aralanıb. Onun sözlərinə görə, Türkiyə terroru sonlandırmaq üçün hər bir şey edib: “Hər kəs əmin olsun ki, Türkiyənin qüruruna heç kim toxuna bilməz. Cənab Dövlət Baxçalı və onun heyətinin vətənpərvərliyini sorğulamaq heç kimin həddinə deyil və ola da bilməz. Dövlət Baxçalı ilə birlikdə terrorsuz Türkiyə üçün canımızı ortaya qoymuşuq. Addımlarımız ancaq Türkiyənin xeyrinə hesablanıb. Türkiyəyə qarşı yönələn şeylərin qarşısında isə həmişə bizi görəcəksiniz. Nə ediriksə, millətimiz, istiqlalımız üçündür”.

PKK terror təşkilatının iyulun 11-dən etibarən silahları təhvil verməsi Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının 2024-cü ilin oktyabrında etdiyi çağırışa və Prezident Rəcəb Tayyib Ərdoğanın “Daxil cəbhəni gücləndirək” mesajı ilə başlayan “Terrorsuz Türkiyə” quruculuğu prosesi çərçivəsində reallaşır. Artıq terrorçular Türkiyə dövlətinin gücünü və qətiyyətini  görürlər və müqavimətin əhəmiyyətsiz olduğunu başa düşürlər. Xatırladaq ki, İmralıda ömürlük həbs cəzası çəkən PKK lideri Abdullah Öcalan bir neçə gün bundan əvvəl videomesaj yayımlayıb və bir daha terror təşkilatını silahları təhvil verməyə çağırıb. O, son videomüraciətində 27 fevral 2025-ci il tarixli “Sülh və demokratik cəmiyyət çağırışı”nı dəstəkləməyə davam etdiyini bildirib. “Prosesin ümumi mənzərəsi çərçivəsində silahların könüllü şəkildə buraxılması və Türkiyə Böyük Millət Məclisində səlahiyyətli və qanunla yaradılması planlaşdırılan əhatəli bir komissiyanın fəaliyyəti mühüm əhəmiyyət daşıyır”, - deyə PKK lideri vurğulayıb.

Silahların ilk  təhvil verilməsi mərasimi təhlükəsizlik məqsədi ilə  media üçün qapalı, ayrıca bir məkanda həyata keçirilib. Lakin bu, heç də məlumatların mediadan gizlədilməsi anlamına gəlmir. Görüntülər media nümayəndələri ilə ekran vasitəsilə paylaşılıb. Bütövlükdə, media üçün bütün imkanlar təmin edilib. Silahların ilk təhvil verilməsi mərasimində terror qruplaşmasının sıravi üzvləri ilə yanaşı, PKK-nin rəhbərliyindəki şəxslər də iştirak ediblər. Alınan silahlar xüsusi ayrılmış yerlərdə zərərsizləşdirilib. Proses Milli Kəşfiyyat Təşkilatının (MİT) və Türkiyə silahlı qüvvələrinin nəzarəti altında reallaşıb. Silahların təhvil verilməsini həmçinin şimali İraqın regional rəhbərliyi və Bağdadın mərkəzi hökumətinin rəsmiləri də izləyiblər.  Yaxın günlərdə isə prosesin yeni mərhələsinə start veriləcəyi gözlənilir.

PKK-nın tərkisilah edilməsi fasiləsiz prosesə çevriləcək

Müsair Türkiyə tarixinin bir sıra qanlı səhifələri məhz PKK terror təşkilatının bilavasitə və yaxud dolayı iştirakı ilə yazılıb. Bölücü terror təşkilatı 47 il əvvəl, avqustun 14-də Siğirt və Hakkaridə ilk hücumunu həyata keçirib. Həmin tarixdən etibarən terror təşkilatı ilə mübarizədə qardaş ölkənin 10 minə yaxın təhlükəsizlik xidməti əməkdaşı şəhid olub, 50 minə yaxın insan həyatını itirib. Eyni zamanda, terror təhdidlərinin nəticəsi olaraq ayrı-ayrı bölgələrin çoxlu sayda dinc sakini öz ev-eşiklərini tərk etmək məcburiyyətində qalıblar. Türkiyədə terror hücumları nəticəsində qeyri-sabit vəziyyət yaranıb, iqtisadiyyata təxminən iki trilyon dollar həcmində ziyan dəyib.

Bütün bunlar böyük itkidir və qardaş ölkə öz tarixində terror səhifəsini birdəfəlik bağlamaq istəyir. Türkiyənin xarici işlər naziri Hakan Fidan “X” sosial şəbəkə hesabında etdiyi paylaşımında  vurğulayıb ki, türk xalqı bu müsbət irəliləyişin terrorun daimi şəkildə aradan qalxmasını təmin edəcək bir prosesə çevrilməsini arzulayır. “Prezidentimiz tarixi liderlik və MHP sədri Dövlət Baxçalı ilə birlikdə güclü və qətiyyətli iradə nümayiş etdirdi. Bu iradəni həyata keçirməyə çalışan bütün dövlət rəsmilərimizi təbrik edirəm. KCK (Kürdüstan İcmalar İttifaqı - red) bütün komponentləri və elementləri ilə ölkəmizə, millətimizə və bölgəmizə təhlükə yaratmağı dayandırana qədər ayıq-sayıq olmağa davam edəcəyik”, - deyə H.Fidan bildirib.

Türkiyə PKK-nın silahsızlaşdırılmasını fasiləsiz şəkildə həyata keçirlməsində israrlıdır.  Silahı yerə qoyan PKK üzvləri İraqda qalacaqlar, lakin təşkilati fəaliyyətlə məşğul olmayacaqlar. Onlar habelə təşkilatın adından açıqlama verməyəcəklər. Türkiyədə heç bir cinayət törətməyən və İraqın şimalındakı terror aktlarında iştirak etmədiyi təsbit olunan PKK üzvləri Türkiyəyə qayıda biləcəklər. Bunu istəyən təşkilat üzvləri İraqda da qala və ya Suriyaya keçə bilərlər. Murat Karayılan, Cəmil Bayık və Mustafa Karasu kimi sayı 30-40 nəfər olan PKK/KCK yüksək rütbəli rəhbərliyinin Türkiyəyə qayıtmasına icazə verilməyəcək.

Diqqət çəkən mühüm məqamlardan biri ondan ibarətdir ki, terrorçuların silahsızlaşdırlması üçün konkret vaxt çərçivəsi müəyyənləşdirlib. Belə ki, təxminən 2 000 nəfər terrorçu üçün proqnozlaşdırılan müddət 2-5 ay arasındadır.  Vaxtın uzadılması yeni risklərə və təhlükələrə yol aça bilər. Buna görə də qardaş ölkə əvvəlki oxşar proseslərdən fərqli olaraq bu dəfə silahların təhvil alınmasını konkret zaman çərçivəsində sonuclamaq niyyətindədir. Proses çərçivəsində həmçinin kənd yerlərindəki böyük silah anbarları da təslim ediləcək.

Silahsızlaşdırma prosesi davam edərkən, növbəti addım üçün iyulun ikinci yarısı nəzərdən keçirilir. Təşkilatın ləğvi və tərksilahından sonra lazımi hüquqi infrastrukturun yaradılması üçün parlament çərçivəsində işlərə başlanılacaq. Türkiyə Böyük Millət Məclisinin quracağı komissiya sosial inteqrasiyanın hüquqi çərçivəsini müəyyən edəcək. Komissiya bir sıra hüquqi tənzimləmələr və yeni meyarların müəyyən edilməsi üzərində işləyəcək. Bu proses zamanı həbsxanada olan 5 minə yaxın PKK-çının vəziyyəti, cinayətləri, cəzalarının çəkilməmiş hissələri, yaşları və sağlamlıqları nəzərə alınmaqla yenidən qiymətləndiriləcək. Təşkilatın üzvlüyünə cəlb etdiyi və ya qaçırıldığı zaman uşaq olan bir çox gənc üçün reabilitasiya və inteqrasiya proqramları həyata keçiriləcək.

Türkiyənin budəfəki həmləsi həmçinin daha geniş coğrafiyanın əhatə olunması ilə fərqlənir. “Terrorsuz Türkiyə” prosesi İraqda uğurla həyata keçirildikdən və konkret nəticələr verdikdən sonra regional dinamika əsas götürülməklə PKK-nın Suriyada da tərkisilah edilməsi nəzərdə tutulur.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 153 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31