Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Kibertəhlükəsizliyə qarşı Bakı Forumu

Kibertəhlükəsizliyə qarşı Bakı Forumu

06.06.2026 [10:58]

Azərbaycan dünya ölkələrini kiberdiplomatiya platformasında birləşdirir

Azərbaycanda kibertəhlükəsizlik ekosisteminin inkişafı, dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi, insan kapitalının formalaşdırılması və beynəlxalq tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində davamlı  addımlar atılır. Həyata keçirilən fəaliyyətlər kibertəhlükəsizliyin milli təhlükəsizliyin mühüm tərkib hissəsi kimi strateji əhəmiyyətini artırmaqdadır. Bu barədə  Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru Rauf Cabarov Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumunda bildirib. Azərbaycan KibertəhlükəsizlikTəşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı və Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə keçirilən tədbirdə kibertəhlükəsizlik ekosisteminin inkişafı, beynəlxalq əməkdaşlıq, rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının təhlükəsizlik mühitinə təsiri və yerli innovativ həllərin inkişaf perspektivləri müzakirə olunub.

Bakıdan verilən mesajlar...

Kibertəhlükəsizliyin təmin olunması  istər milli, istərsə də beynəlxalq səviyyədə ən başlıca məsələyə çevrilib və mütəşəkkil vahid əlaqələndirilmiş fəaliyyət tələb edir. Kiberdiplomatiya üsulları da məhz bu istiqamətdə müxtəlif ölkələrin xüsusi rabitə və texnologiyalar, təhlükəsizlik orqanları ilə yanaşı, bank, sığorta, e-ticarət, sosial media və digər qurumların daha sıx və fəal işləməsini ehtiva edir. Bu baxımdan Bakıda keçirilən forum kiberdiplomatiya üzrə yeni yol xəritəsinin hazırlanması üçün fürsət hesab edilə bilər. Forumda çıxış edən natiqlər rəqəmsal transformasiya şəraitində informasiya təhlükəsizliyinin təmin olunması, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi, elmi tədqiqatların və innovativ həllərin tətbiqinin genişləndirilməsi, eləcə də ölkənin kibermüdafiə potensialının artırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs ediblər.

Türkiyə Kibertəhlükəsizlik Klasterinin baş koordinatoru Alpaslan Kesici bildirib ki, müasir müharibələrdə kiberməkan əsas mübarizə sahələrindən birinə çevrilib və dövlətlərin enerji, müdafiə sənayesi, dövlət idarəetməsi və digər kritik infrastrukturlarının qorunması strateji əhəmiyyət daşıyır. Dövlət qurumlarında və şirkətlərdə istifadə olunan antiviruslar, təhlükəsizlik divarları və digər kibertəhlükəsizlik məhsullarının böyük hissəsi xarici mənşəlidir. Geosiyasi gərginliklər fonunda bu məhsulların etibarlılığı və davamlı fəaliyyəti ilə bağlı suallar yaranır. Bu məhsulların bir hissəsinin xidmətləri məhdudlaşdırdığı və ya dayandırdığı halları görmüşük. Buna görə də Türkiyə, Azərbaycan və digər TDT ölkələri birlikdə hərəkət etməli, öz texnologiyalarını və məhsullarını yaratmalıdırlar.

Estoniya Azərbaycanla təcrübə mübadiləsi aparmaq niyyətindədir

Estoniya İKT Assosiasiyasının icraçı direktoru Doris Pold vurğulayıb ki, öz ölkəsində rəqəmsal texnologiyalar və kibertəhlükəsizlik bir-birindən ayrılmaz sahələr kimi qiymətləndirilir və bütün rəqəmsal həllər “təhlükəsizlik dizayndan başlayır” prinsipi əsasında qurulub. Estoniya 2007-ci ildə genişmiqyaslı kiberhücumlarla qarşılaşdıqdan sonra kibertəhlükəsizliyi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib. Bu gün ölkədə kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış şirkətlər və güclü dövlət-özəl sektor əməkdaşlığı formalaşıb. Estoniya şirkətləri beynəlxalq kibertəhlükəsizlik layihələrində fəal iştirak edir və Azərbaycanla da bu istiqamətdə əməkdaşlıq imkanlarını yüksək qiymətləndirir.

D. Pold vurğulayıb ki, kibertəhlükəsizlik sahəsində uğur yalnız dövlətlərin deyil, özəl sektorun, akademik dairələrin və beynəlxalq tərəfdaşların birgə fəaliyyəti ilə mümkündür: Bu baxımdan Azərbaycanla təcrübə mübadiləsi və yeni tərəfdaşlıqlar hər iki tərəf üçün faydalı ola bilər.

Qazaxıstan Dövlət Texniki Xidmətinin sədrinin birinci müavini, Milli İnformasiya Təhlükəsizliyi Koordinasiya Mərkəzinin rəhbəri Ulıkbek Şambulov da kibertəhlükəsizlik məsələlərinə ciddi diqqət yetirildiyini, bu istiqamətdə Azərbaycanla əməkdaşlıq etmək niyyətlərini diqqətə çatdırıb.

47 milyon kibertəhlükəsizlik mütəxəssisinə ehtiyac yaranacaq

“Marlinix” şirkətinin baş icraçı direktoru Mahir Yüksel isə qeyd edib ki, süni intellekt texnologiyalarının sürətli inkişafı ilə yanaşı, insan amili hələ də kibertəhlükəsizlik sahəsində ən böyük risk olaraq qalır. Çünki kibertəhlükəsizlik insidentlərinin əsas səbəblərindən biri insan səhvləri və mövcud zəifliklərdir. Vurğulayıb ki, süni intellektin kibercinayətlərdə istifadəsi nəticəsində dünya üzrə kiberhücumların orta maliyyə dəyəri 4,9 milyon dollara yüksəlib. O qeyd edib ki, “prompt injection”, “adversarial” hücumlar və təchizat zəncirinə yönəlmiş hücumlar süni intellekt sistemlərinin qarşılaşdığı əsas təhdidlər sırasındadır.

Baş icraçı direktor vurğulayıb ki, böyük dil modelləri (LLM), kompüter görməsi (Computer Vision) və gücləndirici öyrənmə (Reinforcement Learning) texnologiyaları tibb, təhsil, hüquq, nəqliyyat və iqlim modelləşdirilməsi kimi sahələrdə geniş imkanlar yaratmaqla yanaşı, kibercinayətkarlar, dezinformasiya kampaniyaları və hərbi məqsədlər üçün də istifadə oluna bilər. O əlavə edib ki, generativ süni intellekt alətləri texniki bilikləri məhdud olan şəxslərə belə zərərli proqram təminatı hazırlamaq, istismar kodları yazmaq və sistemlərə hücum etmək imkanları yaradır ki, bu da kibertəhlükəsizlik sahəsində yeni çağırışlar formalaşdırır. Bu çağırışlar fonunda yaxın beş il ərzində dünyada təxminən 47 milyon yeni kibertəhlükəsizlik mütəxəssisinə ehtiyac yaranacaq.

Azərbaycanın strateji baxışı...

Azərbaycanın informasiya məkanının müasir təhdidlərdən qorunması milli təhlükəsizliyin əsas istiqamətlərindəndir. Ölkəmizdə kiber təhlükəsizliyə nəzarəti həyata keçirən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti davamlı olaraq dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmini üçün birgə tədbirlər görür. Həmçinin peşəkar kibertəhlükəsizlik kadrlarının hazırlanması və bu sahədə ixtisaslı işçi qüvvəsinin qorunub saxlanılmasına önəm verir, bu sahəyə investisiyalar yatırmağı planlaşdırır. Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin məsul nümayəndəsi Elvin Balacanovun sözlərinə görə, peşəkar kibertəhlükəsizlik kadrlarının formalaşdırılması və saxlanılması istənilən ölkə üçün ən önəmli investisiya istiqamətlərindən biri olmağa davam edir. E. Balacanovun fikrincə, süni intellekt həm kibertəhdidlərin, həm də kibermüdafiə mexanizmlərinin transformasiyasına təsir göstərməyə davam etdikcə, innovasiyanın kollektiv təhlükəsizliyi zəiflətmək yox, əksinə möhkəmləndirməsini təmin etmək baxımından regional əməkdaşlıq daha böyük əhəmiyyət kəsb edəcək. Azərbaycan beynəlxalq və regional əməkdaşlığa, eləcə də tərəfdaşlıqlara investisiya yatırmağın vacibliyini bir daha ortaya qoyur. Paylaşılan təcrübələr sübut edir ki, kibertəhdidlər qlobal xarakter daşısa da, effektiv mübarizə yolları praktiki əməkdaşlıq, qarşılıqlı etibar və rəqəmsal gələcəyimizin təhlükəsizliyini təmin etməyə yönəlmiş ortaq öhdəliklər vasitəsilə formalaşdırılır.

Əməkdaşlıq memorandumları imzalanıb

Forum çərçivəsində Corey Deng Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının Məşvərət Şurasına üzv təyin olunması münasibətilə AKTA-nın Fəxri Üzvlük Sertifikatı ilə təltif edilib. Eyni zamanda, AKTA ilə “Huawei Technologies” arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum kibertəhlükəsizlik sahəsində bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, birgə təşəbbüslərin həyata keçirilməsi və insan kapitalının inkişafına dəstək məqsədi daşıyır.Forum çərçivəsində AKTA ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq memorandumu da imzalanıb. Bundan əlavə, AKTA, Ukrayna Elmi Kibertəhlükəsizlik Assosiasiyası, Moldova Texniki Universiteti və Gürcüstan Elmi Kibertəhlükəsizlik Assosiasiyası arasında regional əməkdaşlığı gücləndirməyə yönəlmiş çoxtərəfli memorandum imzalanıb.

IV Milli Kibertəhlükəsizlik Forumu ölkədə kibertəhlükəsizlik sahəsində dövlət, özəl sektor, akademik mühit və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın gücləndirilməsi, bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də yeni tərəfdaşlıqların formalaşdırılmasına mühüm töhfə verəcək.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 16 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30