Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanın ən böyük ticarət tərəfdaşı

Azərbaycanın ən böyük ticarət tərəfdaşı

30.09.2026 [11:25]

İxracda Avropa İttifaqının payı 53 faizi ötüb

2026-cı ilin ötən 8 ayı ərzində Azərbaycandan Avropa İttifaqı ölkələrinə 11 milyard 749 milyon 785,11 min dollar dəyərində mal ixrac olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz və ya 175 milyon 186,42 min dollar azalma deməkdir. Dövlət Gömrük Komitəsinin yaydığı məlumata əsasən, həmin dövr rzində Azərbaycan Avropa İttifaqı ölkələrindən 1 milyard 818 milyon 704,34 min dollar dəyərində mal idxal edib ki, bu da illik müqayisədə 3,2 faiz və ya 430 milyon 43 min dollar azdır. Bu göstəricilər Azərbaycanın ümumi ixracının 53,86 faizini, ümumi idxalının isə 15,92 faizini təşkil edib.

175 ölkə ilə 33 milyard dollardan artıq əmtəə mübadiləsi

Ümumilikdə, cari ilin yanvar-avqust aylarında Azərbaycan 175 ölkə ilə ticarət əməliyyatları həyata keçirib, xarici ticarət dövriyyəsinin həcmi 33 milyard  238 milyon dollar təşkil edib. Əmtəə mübadiləsinin 21 milyard 815 milyon dolları ixracın, 11 milyard 423 milyon dolları isə idxalın payına düşüb. Xarici ticarətdə 10,3 milyard dollar müsbət saldo qeydə alınıb.

Xarici ticarət dövriyyəsində İtaliya 8,4 milyard dollarla liderlik edir. Türkiyə 3,8 milyard dollarla ikinci, Böyük Britaniya 3,5 milyard dollarla üçüncü, Çin 3 milyard dollarla dördüncü, Rusiya 2,4 milyard dollarla beşinci yeri tutur. Sonrakı sıralarda Gürcüstan, Almaniya, Çexiya, Rumıniya, Yunanıstan yer tutur.

Azərbaycanın ixracında lider ölkə İtaliya, idxalında isə Çin dayanır. Qardaş Türkiyə həm ixracda, həm də idxalda 2-cü yerdə qərarlaşır.

Göründüyü kimi, Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Mövcud rəqəmlər Azərbaycan-Avropa iqtisadi əlaqələrinin son illərdə daha intensiv xarakter aldığını təsdiqləyir. Tərəflər arasında ticarət əlaqələrinin yüksəlməsində bir çox sazişlər, o cümlədən Tərəfdaşlıq və Əməkdaşlıq Sazişin mühüm əhəmiyyəti var. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaşa çevrilməklə yanası, bu qitəyə qeyri- neft-qaz sənayesi məhsullarının - plastik kütlə və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, alüminium, qara metallar və onlardan hazırlanan məmulatların ixracında rolunu artırıb. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkəmiz nəqliyyat və logistika dəhlizlərini şaxələndirərək Avropa ilə Asiya arasında təhlükəsiz tranzit marşrutlarını təmin edir ki, bu da əmtəə mübadiləsinin böyüməsinə təsir edir. Bir sözlə, regional nəqliyyat xəritəsinin formalaşmasında və beynəlxalq logistik qovşaqların yaradılmasında Azərbaycan həlledici rol oynayaraq yerli istehsalın Avropa bazarlarına çıxış imkanlarını genişləndirir.

Ticarət qaydaları Aİ standartlarına uyğunlaşdırılır

Yaxın illərdə Azərbaycanın ticarət qaydalarının Avropa İttifaqı standartlarına uyğunlaşdırılması və Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı aparılan islahatlar bu inteqrasiyanı daha da sürətləndirəcək.

Azərbaycan-Aİ enerji müttəfiqliyinin yeni şaxəsi olan bərpaolunan enerji nəqli üçün də birgə infrastruktur sistemi qurulur. Azərbaycan hazırda “yaşıl enerji” üzrə ixracı da gündəliyinə daxil edib və bu tərəfdaşlıqda Aİ şirkətləri ən yaxın partnyor hesab edilir. Azərbaycanın Bərpa Olunan Enerji üzrə Dövlət Agentliyi ilə Aİ-nin “WindEurope” Assossasiyası arasında külək enerjisi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun, eləcə də Azərbaycanın Energetika Nazirliyi ilə Aİ-nin “Nobel Energy” şirkəti arasında Anlaşma Memorandumunun imzalanması yeni enerji müttəfiqliyinin əsas bəndləridir. Bu siyasətin tərkib hissəsi kimi 2027-ci ilin sonunadək “yaşıl güclər”in ölkənin enerji sisteminə inteqrasiyasını təmin etmək üçün Aİ ilə birgə yeni strategiya hazırlanır. Bütün bunlar birmənalı olaraq Aİ-nin Azərbaycanın başlatdığı yeni enerji bumu və ya “yaşıl enerji” proqramında güclü tərəfdaş olduğunu və siyasi dəstək verəcəyini qətiləşdirir.

Qeyri-neft ixracında rekord göstərici

Azərbaycanın ixracında qeyri-neft sektoru mallarının dəyər həcmi (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz artaraq 2,81 milyard dollar təşkil edib. Qızıl ixracını da nəzərə aldıqda bu rəqəm 3,6 milyard dolları ötür. Ötən 8 ay ərzində qeyri-neft ixracı portfelində yeyinti məhsulları üzrə ixrac 80,7 milyon dollara bərabər olub. Qeyri-yeyinti məhsullarının ixracı isə 11,4 faiz artaraq 251,1 milyon dollar təşkil edib. Şəkər ötən ilin müvafiq dövrünə nəzərən 2,3 dəfə, pambıq iplik 62,2 faiz, alüminium və ondan hazırlanan məmulatlar 42,8 faiz, bitki və heyvan mənşəli piylər və yağlar 30,2 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 20,5 faiz, pambıq lifi 17,8 faiz, meyvə-tərəvəz 13,7 faiz, çay isə 12,1 faiz artıb.

2026-cı ilin yanvar-avqust aylarında aqrar məhsullar üzrə ixrac 19,2 faiz artaraq 732 milyon dollar, aqrar-sənaye məhsulları üzrə ixrac 22,1 faiz artaraq 255,8 milyon dollar təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,9 faiz artaraq 987,8 milyon dollara bərabər olub.

Qeyri-neft məhsullarının ixracında, qızıl və əlvan metallar da daxil olmaqla Böyük Britaniya ilk yeri tutur. Sonrakı yerlərdə Rusiya, Türkiyə, Gürcüstan və İsveçrə dayanır. Qeyd edilən dövrdə Azərbaycanın Ermənistana ixracı 17 milyon dollardan çox olub.

Ənənəvi bazarlardan yeni ixrac coğrafiyasına keçid

Ümumiyyətlə, Azərbaycanın müasir ixrac xəritəsinin coğrafiyasının genişləndirilməsi məqsədilə təşviqedici addımlar atılmaqdadır. İxrac təşviqi sənədi üzrə ixrac iştirakçılarına maliyyə yardımı göstərilir, kənd təsərrüfatı və emalı məhsullarına ixracla bağlı geriödəmə dəstəkləri verilir. Bundan başqa, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınmasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclər dövlət büdcəsi hesabına ödənilir. Bu təşviqləri artırmaq üçün hazırda əlavə güzəşt alətlərinin tətbiqi üzərində işlər aparılır.

2026-cı ilin sentyabr ayından logistik subsidiya mexanizminin tətbiqinə başlanılıb ki, yeni mexanizm ixracla məşğul olan sahibkarların sərhəd-keçid məntəqələrində asan tranzit sisteminin yaradılması, gömrük sərhəd-keçmə prosedurlarının sadələşdirilməsi, logistika üzrə güzəştlərin verilməsini və tarif səmərəliliyi üzrə təşviqlərin tətbiqini nəzərdə tutur. Eyni zamanda, yeni və qeyri-ənənəvi bazarlara ixracı stimullaşdırmaq üşün müxtəlif təşviq mexanizmlərinin verilməsi gözlənilir. Bütün bu tədbirlərin məqsədi ixrac coğrafiyasının şaxələndirilməsinə töhfə vermək, ənənəvi bazarların tranzitini yeni istiqamətlərə yönəltmək, bununla da daha yüksək gəlir gətirən ixrac potensialını formalaşdırmaqdır.

E. CƏFƏRLİ

Paylaş:
Baxılıb: 130 dəfə

Xəbər lenti

Hamısına bax

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30