Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Cəbrayılın tarixi Zəfərdən quruculuğa uzanan yolu

Cəbrayılın tarixi Zəfərdən quruculuğa uzanan yolu

02.10.2026 [11:00]

4 oktyabr Azərbaycan tarixində Cəbrayıl şəhərinin işğaldan azad edilməsi ilə əlamətdar
olan mühüm günlərdən biridir. Bu tarix xalqımızın tarixi yaddaşında xüsusi yer tutur və
Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində əldə edilmiş mühüm
nailiyyətlərdən birini əks etdirir. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan
silahlı qüvvələri tərəfindən işğal edilmiş, işğal nəticəsində rayonun yaşayış məntəqələri,
sosial infrastrukturu və tarixi-mədəni irsi ciddi dağıntılara məruz qalmışdır.
İşğaldan əvvəl Cəbrayıl rayonu zəngin iqtisadi, sosial və mədəni potensiala malik
ərazilərdən biri olmuşdur. Əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və
baramaçılıqla məşğul olmuş, rayonda təhsil, səhiyyə və mədəniyyət müəssisələri
fəaliyyət göstərmişdir. Rayonun zəngin təbii ehtiyatları, münbit torpaqları və əlverişli
coğrafi mövqeyi onun iqtisadi inkişafı üçün geniş imkanlar yaratmışdır. Cəbrayıl həm də
qədim tarixi, milli-mənəvi dəyərləri və zəngin mədəni irsi ilə seçilən bölgələrimizdən
biridir.
İşğal dövründə Cəbrayılın tarixi və mədəni irsinə ciddi ziyan vurulmuşdur. Xudafərin
körpüləri, Çələbilər kəndindəki məscid kompleksi, Şıxlar kəndindəki Dairəvi Türbə, Diri
dağındakı tarixi abidələr və digər mədəni irs nümunələri dağıntılara məruz qalmışdır.
Yaşayış evləri, məktəblər, mədəniyyət və səhiyyə müəssisələri yararsız vəziyyətə
salınmışdır. Cəbrayıllı əhali isə uzun illər doğma yurdlarından uzaqda, ağır məcburi
köçkün həyatı yaşamağa məcbur olmuş, doğma torpaqlarına qayıtmaq arzusu ilə
yaşamışdır.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Cəbrayılın tarixində yeni
mərhələ açdı. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar
nəticəsində oktyabrın 4-də Cəbrayıl şəhəri və rayonun doqquz kəndi işğaldan azad
edildi. Sonrakı hərbi əməliyyatlar nəticəsində rayonun ümumilikdə 90 kəndi də azad
olundu. Cəbrayılın azad edilməsi Azərbaycan Ordusunun döyüş qabiliyyətini, hərbi
strategiyasını və xalqımızın qələbə əzmini nümayiş etdirən mühüm hadisələrdən biri
oldu. Bu qələbə sonrakı hərbi əməliyyatlar üçün də əlverişli imkanlar yaratdı.
Cəbrayılın azad olunması ilə bağlı mühüm tarixi hadisələrdən biri də Xudafərin
körpüsünün işğaldan azad edilməsi və burada Azərbaycan bayrağının ucaldılması oldu.
Əsrlər boyu Azərbaycan xalqının tarixi və mədəni irsinin rəmzlərindən biri olan
Xudafərin körpüsündə üçrəngli bayrağımızın dalğalanması tarixi yaddaşımızda xüsusi
yer tutdu. Bu hadisə Azərbaycanın tarixi torpaqlarında suverenliyinin bərpasının rəmzi
kimi böyük əhəmiyyət daşıdı. 2023-cü il 31 iyul tarixli Sərəncamla işğaldan azad edilmiş
ərazilər üzrə şəhər günləri təsis edildi və 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi
müəyyənləşdirildi.
Hazırda Cəbrayılda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Rayonun
iqtisadi potensialının yenidən formalaşdırılması, müasir infrastrukturun yaradılması və
əhalinin doğma yurdlarına qayıdışının təmin edilməsi əsas prioritetlərdəndir. “Araz
Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması, enerji və yol infrastrukturunun

qurulması, yaşayış məhəllələrinin salınması, sosial obyektlərin tikintisi Cəbrayılın yeni
inkişaf mərhələsinin əsas istiqamətlərini təşkil edir. Cəbrayıl şəhərinin 2040-cı ilədək
inkişafına dair Baş Plan isə şəhərin müasir şəhərsalma prinsipləri əsasında yenidən
qurulmasını, yaşayış və ictimai məkanların kompleks şəkildə inkişafını nəzərdə tutur.
Cəbrayılın bərpası ilə yanaşı, əhalinin doğma torpaqlarına qayıdışı da ardıcıl şəkildə
davam etdirilir. İlk köç karvanı 2024-cü il sentyabrın 26-da Bakı şəhərinin Qaradağ
rayonundan yola salınmışdır. 2026-cı il sentyabrın 28-nə olan məlumata görə, Cəbrayıl
şəhəri, Horovlu və Şükürbəyli kəndləri üzrə ümumilikdə 1 600 ailə, 7 022 nəfər
məskunlaşmışdır. Doğma yurda qayıdan sakinlərin müasir yaşayış evləri ilə təmin
edilməsi, sosial xidmətlərə əlçatanlığının yaradılması və məşğulluq imkanlarının
genişləndirilməsi bölgədə dayanıqlı həyat şəraitinin formalaşdırılmasına xidmət edir.
Cəbrayıl Şəhəri Günü yalnız şəhərin işğaldan azad edilməsini deyil, həm də onun tarixi
irsinin qorunmasını, iqtisadi və sosial həyatının yenidən qurulmasını, sakinlərinin doğma
torpaqlarına qayıdışını ifadə edən əlamətdar tarixdir. Bu gün Cəbrayılın keçdiyi
mürəkkəb tarixi yolu xatırlamaqla yanaşı, şəhərin qarşıdakı illərdə inkişaf
perspektivlərini də diqqət mərkəzinə gətirir. İşğaldan azad olunmuş ərazilərdə aparılan
bərpa və quruculuq işləri Cəbrayılın yenidən dirçəlməsinə, iqtisadi potensialının
reallaşdırılmasına və sakinlərin doğma yurdda təhlükəsiz, firavan həyatının təmin
edilməsinə yönəlib.

Elnur Əsədov
YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Paylaş:
Baxılıb: 119 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sabah yağış yağacaq

05 Oktyabr 17:11

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31