Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Avrasiya yeni geostrateji statusa doğru: “Yeni Avrasiyaçılıq” dəyişən dünya siyasəti kontekstində

Avrasiya yeni geostrateji statusa doğru: “Yeni Avrasiyaçılıq” dəyişən dünya siyasəti kontekstində

09.07.2014 [10:38]

Avrasiya materiki tarixin bütün dövrlərində ən müxtəlif sosio-mədəni, etno-mədəni və etno-siyasi proseslərin və hadisələrin əsas platforması kimi çıxış edib. Bəhs olunan məkan əsrlər boyu millətlərarası münasibətlərin formalaşdığı, davam və inkişaf etdiyi, fundamental regional və qlobal dəyişikliklərə səbəb olan inteqrasiya, assimilyasiya, miqrasiya və immiqrasiya proseslərinin baş verdiyi əsas mərkəz olub. Bunun da qanunauyğun nəticəsi kimi, beynəlxalq münasibətlər sisteminin əsas mərkəzi qismində çıxış edən Avrasiya geosiyasi məkanında müxtəlif oriyentasiyalı sosio-mədəni, ideoloji-siyasi, hərbi və iqtisadi proseslərin fonunda millətlərarası dialoq, əməkdaşlıq, rəqabət, hegemonluq və ziddiyyətlər müşahidə olunub.
Avrasiyanın geostrateji əhəmiyyətinə konseptual yanaşmalar
Bütün bunların fonunda Avrasiya subregionu sahib olduğu potensiala-təbii ehtiyatlarına, coğrafi mövqeyinə, insan resurslarına görə müxtəlif geostrateji konsepsiya, nəzəriyyə və planlarda “tarixin region oxu” kimi təsvir edilib. Məsələn, XX əsr Britaniya geosiyasi məktəbinin nüfuzlu nümayəndələrindən biri olan Halfrod Makkinder “hər bir millətin-dövlətin siyasi qüdrəti onun coğrafi mövqeyindən asılıdır” tezisini əsas götürərək özünün nəzəri konsepsiyasında Avrasiyanı “Dünya adası” adlandırıb. O, belə bir tezislə çıxış edib ki, “dünyanın hökmranlıq mərkəzi - qəlbi” olan “heartland” Avrasiyada yerləşir və bu faktor sözügedən geosiyasi məkanın hegemoniya mərkəzi kimi çıxış etməsini şərtləndirir. Məhz bu tezisin fonunda Makkinder belə bir ümumiləşdirmədən bəhs edib: “Şərqi Avropaya sahib olan - “heartland”a sahib olacaq, “heartland”da hökmranlıq edən “Dünya adası”nda (Avrasiya nəzərdə tutulur-N.Q.) hakim olacaq”, “Dünya adası”na sahib olansa dünyanı idarə edəcək”.
Beləliklə, Makkinder tarixi faktları, prosesləri və hadisələri əsas götürərək Avrasiya geosiyasi məkanını “xalqların həyat regionu” kimi səciyyələndirib. Digər bir nəzəriyyəçi - Amerika geosiyasi məktəbinin nümayəndəsi Nikolas Spaykmen isə özünün geosiyasi konsepsiyasında Avrasiyanı “mərkəzi region” qismində təsvir edir. O, sələfi Makkinderdən fərqli olaraq hesab edirdi ki, “dünyaya nəzarət açarı” “heartland”da deyil və bu rolu “Avrasiya kəməri” əvəz edir. N.Spaykmen bu kəməri “rimland” adlandırır və “Avrasiyanın qəlbi” kimi səciyyələndirir. “Rimland” Qərbi Avropadan, Yaponiyadan, Şimal və Baltik dənizlərindən, Atlantik okeanından, Aralıq və Qırmızı dənizlərindən, Hind okeanından, Uzaq Şərqdən, Şərqi Çindən və Yapon dənizindən keçərək Oxot dənizində qurtarır. Göründüyü kimi, “Rimland” materikin strateji baxımdan ən əhəmiyyətli bölgələrini özündə birləşdirir və potensial ünsürlərinə görə olduqca zəngindir. Bütün bunların fonunda Spaykmen özünün geosiyasi formulasını irəli sürür: “Rimland”a nəzarət edən Avrasiyada hökmranlıq edəcək. Avrasiyada hökmranlıq edən isə dünyaya nəzarət edəcək”.
Qeyd etdiyimiz kimi, Avrasiya sahib olduğu potensiala - resurslarına görə “Dünya adası” qismində səciyyələndirilir. Bunun da qanunauyğun nəticəsidir ki, qədim dövrdə, orta əsrlərdə, eləcə də yeni və müasir dövrdə sözügedən geosiyasi vahid beynəlxalq münasibətlər sistemini formalaşdıran əsas hadisə və proseslərə, millətlərin hegemoniya və mövcudluq uğrunda apardığı savaşlara ev sahibliyi edib. Təbii ki, bütün bunların fonunda nəhəng coğrafi məkanda-Avrasiyada baş verən sosio-mədəni və etno-siyasi proseslər bəşər sivilizasiyasının inkişafına özünəməxsus təsir edib.
Hazırda Avrasiya geosiyasi məkanında ciddi keyfiyyət dəyişiklikləri baş veməkdədir. Bu, xüsusilə də aparıcı güc mərkəzlərinin hegemonluq mübarizələrinin fonunda müşahidə edilir. Ümumiyyətlə, dünya siyasətində Avrasiya geosiyasi məkanında hər zaman nəhəng aktorlar arasında konfrantasiya və qütbləşmə meyilləri, eləcə də ciddi fikir ayrılıqları mövcud olub. Xüsusilə də Qərb və Rusiya Avrasiya kimi geostrateji baxımdan mühüm əhəmiyyət kəsb edən bölgədə möhkəmlənmək, strateji dividendlər əldə etmək üçün güclü mübarizə aparıblar. Bu kontekstdə zaman-zaman real qarşıdurmalar, hətta regional miqyaslı müharibələr belə meydana çıxıb. Bu cür mübarizə halları son olaraq Mərkəzi Asiya, Yaxın Şərq və Şərqi Avropa məkanlarında müşahidə olunub. Bu baxımdan, bir-biri ilə sistematik əlaqəsi olan bir neçə məsələyə nəzər yetirmək məqbuldur.
Avrasiyanın yeni “heartland”ını formalaşdırmaq niyyəti fiaskoya uğradı
Məlum olduğu kimi, Yaxın Şərq hadisələri zamanı Rusiya və Qərbin qarşı-qarşıya gəldiyi son strateji cəbhə Suriya oldu. Rusiyanın bölgədəki sonuncu strateji qalası olan Suriyadakı mübarizə tərəflərin dünya siyasətindəki mövqeyinə əhəmiyyətli təsir edəcəkdi. Məhz buna görə də Qərb Suriyanı neytrallaşdırmaqla Rusiyanı “oyundankənar vəziyyət”ə salmağa çalışdı. Əsas məqsəd Avrasiyanın yeni “heartland”ını formalaşdırmaq idi. Qərb strateqlərinin mövqeyi o idi ki, Suriyanın neytrallaşdırılması ilə Yaxın Şərqdə strateji nəzarətin tamamilə ələ alınması Avrasiya hegemoniyasına əhəmiyyətli bir yol açacaq. Lakin hadisələrin gedişatı Qərbin bu məqsədə nail olmasına imkan vermədi. Beləliklə, Qərb Yaxın Şərq savaşında Avrasiyanın yeni “heartland”ını formalaşdıra bilmədi.
Avrasiya hegemonluğu uğrunda mübarizənin yeni cəbhəsi - Şərqi Avropa
Avrasiya hegemonluğu uğrunda yeni mübarizə isə Şərqi Avropadan başladı. Geostrateji mübarizənin yeni cəbhəsi məhz Ukrayna oldu. Proseslər ölkənin Avropa strukturlarına inteqrasiya etməsini, dolayısıyla, Kremldən uzaqlaşmasını tələb edənlərin hökumətə qarşı etiraz aksiyası ilə başladı. Ukrayna “heartland” mübarizəsinin platsdarmı rolunda çıxış etdi. “Yeni Avrasiyaçılıq” konsepsiyasının aktuallaşdığı bir dönəmdə cənub-şərqi slavyanların mübarizəsi Avrasiya nizamına neqativ təsir edən amil oldu. Şübhəsiz, Şərqi Avropa Avrasiyanın taleyinə təsir edən mühüm geosiyasi bölgədir. Ona görə də həm Qərb, həm də Rusiya bu regionda prosesləri nəzarətdə saxlamaq üçün bundan sonra xüsusi fəallıq nümayiş etdirəcəklər. Bu kontekstdə xüsusilə də Ukrayna böyük önəm daşıyır. Çünki Ukrayna Avropa və Qara dənizdə möhkəmlənmək baxımından əhəmiyyətli strateji limandır. Xəzər-Qara-Baltik dənizi hövzəsində strateji balans və təhlükəsizlik sistemi formalaşdırmaq, bu bölgədə əks-güclərin mövqeyini “sındırmaq”, eləcə də Şərqi Avropaya doğru nüfuz-təsir dairəsini genişləndirmək baxımından Kiyev faktoru birbaşa lokomotiv önəmi kəsb edir. Qara dənizdə möhkəmlənmək baxımından strateji balans yaradan ölkələrdən biri məhz Ukrayna, digərləri isə Rusiya və Türkiyədir. Hegemon güclər Kiyevi özünün tərəfdaşına çevirməyə çalışmaqla (yaxud tərəfdaşı kimi saxlamaqla) Qara dənizdə və dənizaşırı ərazilərdə böyük ölçüdə nəzarəti öz əlinə almağa cəhd göstərirlər.
“Yeni Avrasiyaçılıq” konsepsiyası aktuallaşır
Beləliklə, müasir dünya siyasətində yeni keyfiyyət dəyişiklikləri baş verir. Aparıcı güc mərkəzlərinin əsas strateji məqsədi Avrasiyanın ayrı-ayrı bölgələrində üstünlüyü ələ almaqla dünya hegemonluğunu təmin etməkdir. Bu kontekstdə klassik “Avrasiyaçılıq”dan müəyyən qədər bəhrələnən, eyni zamanda, fərqlənən “Yeni Avrasiyaçılıq” konsepsiyası aktuallaşır. Bu konsepsiyanın mahiyyəti, şübhəsiz, Avrasiya hegemonluğuna söykənir. Bu konsepsiya klassik “Avrasiyaçılıq”dan fərqli olaraq özündə həm də əməkdaşlıq və inteqrasiya kimi amilləri ehtiva edir. Hər halda, bu konsepsiyadan irəli gələn vəzifələrin gerçəkləşməsi ehtimalı ortamüddətli perspektivdə aydın olacaq. Avrasiya isə yeni geostrateji statusa doğru irəliləməkdədir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 1295 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31