Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanda sahibkarlığın inkişafı üçün bütün imkanlar yaradılır

Azərbaycanda sahibkarlığın inkişafı üçün bütün imkanlar yaradılır

26.11.2015 [10:06]

Son illərdə qlobal miqyasda iqtisadi inkişafın zəifləməsi fonunda Azərbaycan dünyaya dinamik sosial-iqtisadi inkişaf göstəriciləri ilə səciyyələnən fərqli və nümunəvi model təqdim edir. Belə ki, respublikamız qlobal risklərin ayrı-ayrı ölkələrdə ciddi fəsadlarla nəticələndiyi bir vaxtda da öz iqtisadi-maliyyə imkanlarını genişləndirməkdə davam edir. Bütövlükdə, son 12 ildə ölkəmizin iqtisadiyyatı 3 dəfədən çox genişlənib ki, bu da kifayət qədər yaxşı göstəricidir. Azərbaycanın qlobal risklər şəraitində dinamik inkişaf templərini qoruyub saxlaması unikal hadisə olmaqla yanaşı, eyni zamanda, son illərdə ölkəmizdə reallaşdırılan məqsədyönlü siyasətin bəhrəsidir. Respublikamızın müasir dünya çağırışları və ölkənin reallıqları nəzərə alınmaqla müəyyənləşdirilən yeni inkişaf hədəfləri sırasında innovativ sənaye, kənd təsərrüfatı istehsalının artırılması, İKT sektorunun genişləndirilməsi mühüm yer tutur. Hazırda ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə çatıb. Qeyri-neft sektorunun ahəngdar inkişafı 2015-ci ildə də davam edib. Belə ki, cari ilin arxada qalan 9 ayı ərzində ölkəmizdə qeyri-neft sektorunda artım dinamikası 6 faizdən çox olmaqla ümumi iqtisadi inkişaf dinamikasını üstələyib.
Bölgələrdə və paytaxtda sahibkarlığın inkişafı üçün yaxşı imkanlar var
Təqdirəlayiq haldır ki, son illərdə respublikamızda qeyri-neft sektoru əsasən sahibkarlığın inkişafı hesabına genişlənib. Prezident İlham Əliyev respublikamızda sahibkarlığın inkişafının prioritet olduğunu bildirib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın bölgələrində və Bakıda sahibkarlığın inkişafı üçün yaxşı imkanlar var: “Gələcək inkişafımızın uğurlu və dayanıqlı davamı üçün sahibkarlığın inkişafı prioritet olaraq qalır. Bu gün özəl sektor inkişaf edir, o cümlədən dövlət dəstəyi hesabına güzəştli kreditlər verilir. Bu kreditlər iqtisadiyyatın real sektoruna verilir. Biz gələcəkdə bu sahədə daha da fəal işlər aparmalıyıq ki, sahibkarlığı maksimum dərəcədə inkişaf etdirək. Sahibkarlara həm siyasi dəstək, həm metodik tövsiyələr, eyni zamanda, əlbəttə, maliyyə resursları verilir ki, onlar iş qursunlar. İndi bölgələrdə əsas infrastruktur layihələri, demək olar, başa çatır, yollar, kommunikasiyalar salınır, elektrik, qaz, su xətləri çəkilir. Ona görə biznesin inkişafı üçün bölgələrdə və Bakıda yaxşı imkanlar var”.
Respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur. Ölkədə sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində sistemli tədbirlər ardıcıl surətdə davam etdirilir, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla daha mütərəqqi normativ-hüquqi baza formalaşdırılır. Sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı sahəsində keçirilən islahatların davamı olaraq tikintiyə icazələrin verilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflisləşmə üzrə qanunvericiliyə zəruri dəyişikliklər edilib. Hazırda elektrik təchizatı şəbəkəsinə qoşulma və kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir. Ölkədə sahibkarlığın inkişafından söhbət açarkən bu sahə ilə bağlı hüquqi bazanın ardıcıl olaraq təkmilləşdirilməsini xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin 2014-cü il martın 3-də imzaladığı “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərman özəl bölmənin yeni mərhələsinin hüquqi təminatlarını özündə əks etdirir. Prezidentin imzaladığı bu Fərman ölkəmizdə özəl bölməyə dövlət dəstəyinin ardıcıllığını bir daha təsdiqləyir.
Özəl bölməyə göstərilən yüksək qayğı bu sahədə diqqətəlayiq uğurların əldə olunması ilə nəticələnib
Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq özəl bölməyə göstərilən dövlət dəstəyi bu sahədə diqqətəlayiq uğurların əldə olunması ilə nəticələnib. Son 12 ildə respublikamızda məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb. Ölkəmizdə sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artaraq 386 minə çatıb. Özəl bölmədə inkişaf tendensiyası 2015-ci ildə də davam edib. Özəl sektora maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən cari ilin 9 ayı ərzində 4250 sahibkara 160 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər hesabına 9900-dək yeni iş yerinin yaradılması nəzərdə tutulub. Kreditlərin 47 faizi büdcə, 53 faizi isə qaytarılmış vəsaitlər hesabına verilib. Ayrılan kreditlərin 64 faizi regionların, 36 faizi Bakı şəhərinin qəsəbələrinin payına düşür.
Ölkədə sahibkarlığın dəstəklənməsinin güclü potensiala malik aqrar sektorun və bütövlükdə regionların inkişafında mühüm rol oynadığını ayrıca qeyd etmək lazımdır. Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramının icrasının birinci ilində bölgələrdə sahibkarlıq subyektlərinin sayının artması nəticəsində regionlardan vergi daxilolmaları əvvəlki ilə nisbətən 9,8 faiz artıb, xərclərini yerli gəlirlər hesabına maliyyələşdirən şəhər və rayonların sayı 6-ya çatıb. Ölkəmizdə yaradılan aqrar-sənaye müəssisələri uğurla fəaliyyət göstərir. Respublikamızda indiyədək dövlətin ayırdığı güzəştli kreditlər hesabına 13 quşçuluq fabriki, 2 heyvandarlıq kompleksi, 12 soyuducu və taxıl anbarı, 8 istixana kompleksi, 3 ət emalı, 2 konserv, 7 çörək zavodu tikilib istifadəyə verilib. İri fermer təsərrüfatlarının yaradılması ilə ölkəmizdə kənd təsərrüfatının yeni effektiv sistemi formalaşır. İndiyədək respublikamızda 30 iri fermer təsərrüfatı yaradılıb. Təsərrüfatlarda müasir texnologiyanın tətbiqi nəticəsində torpağın münbitliyinin artırılmasına, suvarma suyuna qənaət olunmasına, torpağın şoranlaşması və eroziyaya uğraması proseslərinin qarşısının alınmasına və ən əsası, orta məhsuldarlığın ən azı iki dəfə artırılmasına şərait yaradılıb.
Ölkədə sahibkarlara problemlər yaradılmasına son qoyulur
Ölkəmizdə özəl bölmənin inkişafından söhbət açarkən bu sahədə daha böyük uğurların əldə olunmasına maneçilik törədən bir sıra amilləri də xüsusi qeyd etmək lazımdır. Açıq demək lazımdır ki, bu və ya digər neqativ hallar özəl bölmənin bütün potensialından səmərəli istifadə olunmasına imkan vermir. Məsələn, sahibkarlıq subyektlərində yoxlamaların sayı kifayət qədər çox idi.
İndiki mərhələdə ölkədə ayrı-ayrı fəaliyyət növlərinə tətbiq edilən xüsusi icazələrin - lisenziyaların sayının həddindən artıq çox olması da milli iqtisadiyyatımızın, o cümlədən də özəl sektorun inkişafına müəyyən maneçilik törədirdi. Ayrı-ayrı dövlət qurumlarının bəzi hallarda öz maraqlarını önə çəkmələri respublikamızda lisenziyaların sayının əsassız yerə artması ilə nəticələnib. Açıq etiraf edilməlidir ki, bir sıra hallarda bu lisenziyaların arxasında da maddi maraq, sahibkarlardan pul tələbi dayanır. Halbuki, lisenziyalar qanunsuz varlanma metodu olmamalıdır. Ölkədə bu və ya digər fəaliyyət növünün lisenziyalaşdırılması sahəsində qayda-qanun yaradılmalıdır.
Bütün bunlar nəzərə alınaraq, Prezident İlham Əliyev tərəfindən 19 oktyabr tarixində “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Fərman imzalanıb. Həmin Fərmanla respublikamızda sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) lisenziya verilməsi İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilib. Qeyd edək ki, dövlət başçısının bu Fərmanı sahibkarlar tərəfindən rəğbətlə qarşılanıb.
Məsələ ilə bağlı iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, Prezident İlham Əliyev tərəfindən sahibkarlığın inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində növbəti addımlar atılıb. Ümumiyyətlə, Azərbaycan Prezidenti sahibkarlığın inkişafına böyük diqqətlə yanaşır. “Oktyabrın 19-da Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə növbəti qərarlar qəbul edilib. Bunlardan birincisi sahibkarlıq subyektlərində aparılan yoxlamalarla bağlı qəbul olunan qərardır. Noyabrın 1-dən sonra iki il müddətinə sahibkarlıq subyektlərində yoxlamalar dayandırılıb. İkincisi isə xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmandır. Bu Fərmana uyğun olaraq bütün xüsusi lisenziyalar İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” vasitəsilə veriləcək. Dövlət başçısı tərəfindən göstəriş verilib ki, bir ay ərzində bu lisenziyaların verilməsi qaydaları sadələşdirilsin. Beləliklə, həm lisenziyaların sayı kəskin şəkildə azalacaq, həm də verilmə prosedurları əhəmiyyətli dərəcədə sadələşəcək”.
Məsələyə münasibət bildirən iqtisadçı-alim Vüqar Bayramov deyib ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına dair iclasındakı çıxışından çox qısa zaman sonra sahibkarlığın inkişafı ilə bağlı real və strateji addımlar atılmaqdadır. Beləliklə, ölkəmizdə sahibkarlığın inkişafında yeni mərhələ başlayır: “İqtisadiyyatın tam liberallaşması, qeyri-neft sektorunun dayanıqlılığının təmin edilməsi və dövlət büdcəsində vergi daxilolmalarının artırılması, nəhayət, iqtisadi diversifikasiya ilə bağlı hədəflərə nail olunması istiqamətində ciddi addımlar atılmaqdadır. Yəni müasir Azərbaycanın sürətli inkişaf modelinin yaradıcısı olan Prezident İlham Əliyevin ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı hər zaman nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq özəl sektorun inkişafını strateji anlamda dəstəkləyən yeni islahatlar məhz dövlət başçısının rəhbərliyi ilə reallaşmaqdadır. Bu islahatlar Azərbaycan iqtisadiyyatının şaxələnməsini genişləndirməklə yanaşı, 2020-ci ilədək olan hədəflərin reallaşmasında mühüm mərhələ olacaq. İkirəqəmli iqtisadi artıma malik olan qeyri-neft sektorunun inkişafı birbaşa sahibkarlığın dəstəklənməsi nəticəsində özəl sektorun genişlənməsi ilə əlaqədardır. Bu inkişafın dayanıqlılığı isə birbaşa sahibkarlığın dəstəklənməsi üçün həyata keçiriləcək islahatlarla bağlıdır. Məhz dövlət başçısının hər zaman nümayiş etdirdiyi siyasi iradə ilə reallaşan son islahatlar da iqtisadiyyatın dayanıqlılığını möhkəmləndirəcək”.
Nardar BAYRAMLI
“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”

Paylaş:
Baxılıb: 1048 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31