Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Uşaqların sosial şəbəkələrdən istifadəsi qanunla tənzimlənəcək

Uşaqların sosial şəbəkələrdən istifadəsi qanunla tənzimlənəcək

07.07.2026 [11:30]

Dəyişikliklər aşağı yaş qruplarının zərərli təsirlərdən qorunması baxımından mühüm addımdır

Dünyanın bir sıra ölkələrinin təcrübəsi nəzərə alınmaqla Azərbaycanda da uşaqların sosial şəbəkələrdən istifadəsinin qanunla tənzimlənməsinə qərar verilib. Bununla bağlı müvafiq qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul olunub.

Hazırda uşaqların həyatı yalnız ailə, məktəb və qohumların çevrəsi ilə məhdudlaşmır. İnformasiya-kommunikasiya texnologiyalarının sürətli  inkişafı ilə əlaqədar olaraq hüdudsuz dənizə bənzəyən sosial şəbəkələrin uşaqlar üçün də əlçatanlığı artıb. Əlbəttə, uşaqların həyatına daxil olan və onların ayrılmaq istəmədikləri, sevimli əyləncələrinə çevrilən sosial şəbəkələrin övladlarımızın qarşısında daha çox məlumat almaları, biliklərini artırmaları, yeni ünsiyyət qurmaları, dostlar qazanmaları, dünyanı virtual səyahətə çıxmaları üçün geniş imkanlar açdığını inkar etmək mümkün deyil.  Ancaq nəzərə almaq lazımdır ki, uşaqların psixologiyası, həyata baxışları tam formalaşmadığına görə onların sosial şəbəkələrdə zərərli təsirlərə məruz qalma riskləri daha böyükdür. Milli Məclisdə qəbul olunan qanun layihəsi rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin daha effektiv qorunması, sosial şəbəkə platformalarından təhlükəsiz istifadənin təmin olunması, habelə platformaların fəaliyyətinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Qanun layihəsinə əsasən, İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişikliklərin edilməsi qərara alınıb.

Dövlətin həssas yanaşması

Ölkəmizdə uşaqların sosial şəbəkələrdən istifadəsinin qanunla tənzimlənməsinə keçid edilməsi Azərbaycan dövlətinin uşaq siyasətinə son dərəcə həssas yanaşması ilə bağlıdır. Respublikamızda uşaqların müdafiəsi və inkişafı, onların hüquqlarının qorunması dövlətin sosial siyasətində mühüm yer tutur. Dövlət uşaq siyasətinin başlıca prinsipləri uşaqların keyfiyyətli təhsil və müasir tələblərə cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi dəyərlərə əsaslanan sosial mühitdə böyüməsi üçün zəruri şərait yaradılması, uşaqların şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır. Uşaqların sağlam böyüməsi, onların baxımsızlığı hallarının aradan qaldırılması, valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud, aztəminatlı ailələrdən olan uşaqların sosial müdafiəsinin təmin edilməsi prinsipləri dövlətin qəbul etdiyi sosialyönümlü proqramlarda xüsusi yer tutur. Ölkəmiz müstəqilliyinin ilk illərində BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşularaq, uşaqlarla bağlı milli qanunvericiliyi beynəlxalq normalara uyğun təkmilləşdirib.  Bununla yanaşı, BMT-nin “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyi”ndə əks olunan və 2016-cı ildən qüvvəyə minmiş Dayanıqlı İnkişaf Məqsədləri (DİM) uşaqların rifahının yüksəlməsi istiqamətində fəaliyyətin daha da gücləndirilməsini zəruri edir.

Ölkənin iqtisadi inkişaf tempi DİM məqsədlərinə uyğun olaraq aztəminatlı ailələrdən olan, eləcə də sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların hərtərəfli inkişafı istiqamətində tədbirlərin gücləndirilməsinə imkan verir. “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası” ölkəmizdə uşaq hüquqları sahəsində mövcud hüquqi bazanı təkmilləşdirməklə, uşaqların müdafiəsinin işlək mexanizminin yaradılması, erkən uşaqlıq dövründə onların inkişafına dövlət dəstəyi göstərilməsi, çətin həyat şəraitində olan uşaqların müdafiəsi, uşaqların sağlam mühitdə böyüməsi və tərbiyəsi, uşaqlarla bağlı həyata keçirilən tədbirlərin monitorinqi və qiymətləndirilməsi sisteminin inkişafı kimi əsas istiqamətləri və bütövlükdə milli səviyyədə uşaq siyasətinin əsas hədəflərini müəyyən edir.  Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı uğurla reallaşdırılıb. Həmçinin 1998-ci ildə  qəbul olunan “Uşaq hüquqları haqqında” Qanun ölkədə uşaqların hüquqlarının təmin olunmasına geniş imkanlar açır.

Uşaqların sosial şəbəkələrdən istifadəsinin qanunla tənzimlənməsi isə bütün dünyada olduğu kimi, Azərbaycan üçün də yeni çağırışdır. Sosial şəbəkələr vasitəsilə dünyagörüşü tam formalaşmamış uşaqlara zərərli təsirlərin ötürülməsi riskləri kifayət qədər böyükdür. Onlara cəlbedici paylaşımlarla zərərli vərdişlər aşılana, o cümlədən cinayətkarlığa çağırışlar edilə, ailə sirlərinin alınmasına cəhdlər göstərilə bilər.

Yeni qanun bu kimi təhdidlərin qarşısının alınmasına hesablanıb. Heç bir halda yol vermək olmaz ki, övladlarımızın sağlamlığı, rifahı, gələcəyi sosial şəbəkələrdən asılı  olsun. Milli Məclisdə üçüncü oxunuşda qəbul olunan qanunda nəzərdə tutulan tənzimləmə mexanizmi uşaqları sosial şəbəkələrin zərərli risklərindən qorumağı hədəfləyir.  Uşaqların  yetkinlik yaşına çatana qədər bu təsirlərdən uzaq olmaları onların fiziki və psixoloji sağlamlığına, düzgün inkişafına və davranışına, sağlam baxışla yetişmələrinə imkan verəcək. Burada ailələrin üzərinə də böyük yük düşür. Valideynlər uşaqlarının rəqəmsal mühitdə fəaliyyətlərinə ilk növbədə məsuldurlar.

Uşaqların zərərli təsirlərdən qorunması əsas məqsəddir

Milli Məclisdə müvafiq qanunun qəbul edilməsi ölkəmizdə uşaqların sosial şəbəkələrin zərərəli təsirlərindən qorunması kimi aktual məsələyə həssas yanaşılmasının ilk ifadəsi deyil.  Xatırladaq ki, Prezident İlham Əliyev 27 fevral 2026-cı il tarixində “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” ayrıca sərəncam imzalayıb. Sənəddə vurğulanır ki, sosial münasibətlərin sürətlə rəqəmsallaşması və sosial şəbəkələrin uşaqların gündəlik həyatına getdikcə daha erkən yaşda daxil olması, həmin şəbəkələr vasitəsilə informasiyanın istehsalı, yayılması və istehlakının miqyasının artması bu sahədə hüquqi tənzimləmənin mövcud vəziyyətinin müasir texnoloji, sosial və təhlükəsizlik çağırışları baxımından təhlilini və təkmilləşdirilməsini zəruri edir.

Milli Məclisdə qəbul olunan qanun bu sahədə dövlət siyasətinin ardıcıllığını təsdiqləyir. Bəhs olunan qanunla 16 yaşadək uşaqların sosial platformalarda hesab yaratmasına yol verilmir, 16-18 yaş arası uşaqlar isə bunu valideyn icazəsi ilə edə bilərlər. Qanunvericiliyə edilən dəyişikliklər heç bir halda uşaq hüquqlarının pozulması və yaxud sosial şəbəkələrə qadağa qoyulması anlamına gəlmir. Əksinə, yeni qanun layihəsi dövlət tərəfindən uşaqların müdafiəsinin gücləndirilməsi, onların gələcəyinə qayğının davam etdirilməsi, uşaqların yetkinlik yaşına çatana qədər sosial şəbəkə mühitində fəaliyyət üçün hazırlanması, daha sonrakı dövrdə isə valideyn nəzarəti ilə icazə verilməsi və digər müsbət məqamları əks etdirir. Uşaqların zərərli təsirlərdən qorunması, onların sağlam böyüməsi üçün hərtərəfli şəraitin yaradılması və dəstəyin verilməsi dövlətin sosial siyasətinin tərkib hissəsidir. Bu məsələ fərd, ailə, cəmiyyət və dövlət üçün mühüm əhəmiyyət daşıyır. Bu məqamda qeyd etmək yerinə düşər ki, uşaqların hüquqları qorunmaqla onlara münasibətdə digər sahələrdə də yaş məhdudiyyətləri var (uşaqlara siqaret, alkoqol, soyuq silah (bıçaq) satışına, fərqli məzmunlara çıxışına məhdudiyyət və s.) və bu tədbirlər uşaqların sağlamlığı və rifahı üçün tətbiq olunub. Müasir rəqəmsal dövrdə bu mexanizm sosial platformalara münasibətdə də əksini tapmalıdır.

Dünya ölkələrində qanunlar sərtləşdirilir

Dünya ölkələrində uşaqların sosial şəbəkələrdən istifadəsinin qanunla tənzimlənməsinə fərqli yanaşmalar sərgilənir. Getdikcə daha çox ölkədə uşaqların sosial platformalardan istifadəsinə qanunla məhdudiyyətlər qoyulur. 2025-ci ilin dekabrında Avstraliyada müvafiq qanun qəbul edilib. Fransa 2026-cı ilin yanvar-mart aylarında uşaqların sosial şəbəkələrdə olmasına yaş məhdudiyyəti tətbiq edən dünyada ikinci, Avropada birinci dövlət olub. Hazırda müxtəlif ölkələrdə müxtəlif yaşdan belə tənzimləmələrin tətbiqi imkanlarına baxılır. Danimarka 18, İspaniyada 16, Fransada 15, ABŞ-da federal səviyyədə 17, ştatlarda isə Kaliforniya, Texas, Nyu-York, Tennessi və Yutada 18, Kolorado, Corciya, Luizianada 16, Floridada 14 yaş məhdudiyyətləri,  eləcə də İrlandiyada OnlineSafetyCode və Böyük Britaniyada OnlineSafety Act kimi yanaşmalar  mövcuddur. Almaniya, Portuqaliya, Norveç, Türkiyə, Kanada, Yeni Zelandiya, Malayziya, İndoneziya və Hindistan sosial şəbəkə platformalarında yaş məhdudiyyətləri müəyyənləşdirmək üçün qanunvericilik qərarları qəbul edib və ya etməkdədir. Qonşularımız olan Qazaxıstan və Özbəkistanda da analoji qanunvericilik təşəbbüsləri mövcuddur. Norveç 2026-cı ilin sonuna qədər sosial media platformaları üçün yaş məhdudiyyətləri tətbiq etməyi planlaşdırır.

Yeri gəlmişkən, dünya miqyasında tanınan siyasətçilər də uşaqlar üçün sosial şəbəkələrdən gözlənilən risklərə diqqət çəkib və öz narahatlıqlarını ifadə ediblər. “Bəzi rəqəmsal paylaşma tətbiqlərinin uşaqlarımızın zehnini pozduğu və sosial media platformalarının, açıq desək, zibilxanalara çevrildiyi bir dövrdə yaşayırıq. İnternetin nəzarətsiz və sərhədsiz dünyasına alqoritmlərin manipulyativ gücünü əlavə etdikdə mürəkkəb bir problem ortaya çıxır”, - deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Artıq Avropa rəsmiləri də sosial şəbəkələrin uşaqlar və yeniyetmələr üçün ciddi təhlükələr yaratmasından narahatlıqlarını gizlətmirlər. Bununla bağlı mövqeyini bildirən Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen deyib: “Məsələ gənclərin sosial mediaya çıxışının olub-olmamasında deyil. Məsələ sosial medianın gənclərə çıxışının olub-olmamasındadır”.

Norveçin Baş naziri Jonas Gar Store isə bildirib ki, biz bu qanunvericiliyi uşaqların uşaq kimi yaşaya biləcəyi bir uşaqlıq dövrü istədiyimiz üçün tətbiq edirik. Oyun, dostluq və gündəlik həyat alqoritmlər və ekranlar tərəfindən ələ keçirilməməlidir. Bu, uşaqların rəqəmsal həyatını qorumaq üçün vacib bir tədbirdir. İspaniyanın Baş naziri Pedro Sançez da narahatlığını dilə gətirib. O, “Real dünyada qanuni olmayan şey virtual dünyada qanuni ola bilməz”, - deyə bildirib.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 54 dəfə

Xəbər lenti

Hamısına bax

COP29

Analitik

Diqqət ANKARAYA!!

07 İyul 10:40  

YAP xəbərləri

Ədəbiyyat

Maraqlı

Maraqlı

Siyasət

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31