Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Qadınların fəaliyyəti bəşəriyyətə layiqli töhfədir

Qadınların fəaliyyəti bəşəriyyətə layiqli töhfədir

25.12.2009 [09:56]

Milli Məclisin deputatı, tanınmış jurnalist Qənirə Paşayevanın “Nobel mükafatlı qadınlar” kitabının təqdimat mərasimi keçirilib
Bakıda “Nobel qardaşlarının Villa Petrolea” adlanan evində Milli Məclisin deputatı, tanınmış jurnalist Qənirə Paşayevanın “Nobel mükafatlı qadınlar” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirin aparıcısı, kitabın həmredaktoru, tanınmış jurnalist Flora Xəlilzadə bildirib ki, bir sıra sanballı kitabların müəllifi olan Q.Paşayevanın növbəti əsəri 1903-2009-cu illərdə Nobel mükafatına layiq görülmüş 36 qadın laureatdan 35-nə həsr edilib. Qadınlardan biri mükafata bu günlərdə layiq görüldüyündən kitaba daxil edilməyib. Nəşrdə məşhur qadınların ömür yolu, elmi fəaliyyəti və yaradıcılığı haqqında yığcam portret-oçerklər toplanıb. “Nobel mükafatlı qadınlar”ı oxuyarkən biz xanımların fəaliyyətinin kişilərin fəaliyyətindən çox fərqləndiyini görürük. Orta məktəb dərsliklərindən tanıdığımız polyak əsilli, məşhur fizik və kimyaçı, iki dəfə Nobel mükafatı almış Mariya Kürinin həyatı bu mənada çoxlarına örnək ola bilər.
Qeyd olunub ki, Qənirə Paşayeva bu kitabı ilə Azərbaycan oxucusuna yeni məlumatlar verir. Q.Paşayevanın apardığı gərgin axtarışların nəticəsi olaraq ərsəyə gələn bu əsəri ensiklopedik mənbə kimi də dəyərləndirmək olar. “Nobel mükafatlı qadınlar” kitabı bir daha göstərir ki, qadınlar dünyanın tərəqqisi, sülhün bərpası, elmin inkişafı naminə yorulmadan fəaliyyət göstərib, min bir əziyyətə qatlaşaraq nəyə qadir olduqlarını sübut ediblər.
Bakı Nobel İrsi Fondunun sədri, kitabın məsləhətçisi Toğrul Bağırov rəhbərlik etdiyi fondun kitabın nəşrinə dəstək verdiyini deyib. O, Nobel Ailə Cəmiyyəti İdarə Heyətinin üzvü, Nobel Xeyriyyə Fondunun həmtəsisçisi və qəyyumu, kitabın ön sözünün müəllifi Qustaf Nobelin nəşrin işıq üzü görməsi münasibətilə Qənirə Paşayevaya təbrik məktubu ünvanladığını bildirib. Milli Məclis sədrinin müavini Bahar Muradova qadınların cəmiyyətdəki rolundan, dünyanın inkişafına verdikləri töhfədən danışıb. Nobel mükafatı laureatı olan qadınların sayının azlığını təəssüflə dilə gətirən natiq vurğulayıb ki, bütövlükdə qadınların fəaliyyəti bəşəriyyətə layiqli töhfədir. B.Muradova deyib ki, Nobel mükafatı alan qadınların böyük əksəriyyəti sülhü müdafiə etdiklərinə görə buna nail olublar. Bu, qadınların xarakterindən, düzlüyə meyilliliyindən, haqqı təbliğ etməsindən, insanlığa olan sonsuz sevgisindən irəli gəlir.
Milli Məclis sədrinin müavini Azərbaycan qadınlarının da bu ali mükafatı almasını arzulayıb.
Ombudsman Elmira Süleymanova da kitabın nəşrinin əhəmiyyətindən və Azərbaycan oxucusu üçün vacibliyindən danışıb.
Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov Q.Paşayevanın ictimai fəaliyyətindən, jurnalist kimi yorulmadan apardığı tədqiqatlarından, zəhmətsevərliyindən danışıb və onun “Nobel mükafatlı qadınlar” kitabının oxucuların rəğbətini qazanacağına əminliyini söyləyib. Azərbaycan qadınlarının yüksək mədəniyyətə, elmə, təfəkkürə sahib olmasını xüsusi vurğulayan ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel Qənirə Paşayevanın sülhpərvər fəaliyyətini yüksək qiymətləndirib.
Tədbirdə çıxış edən Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib ki, həmkarım Qənirə Paşayevanın məşhur insanları öz həmvətənlərinə tanıtması bizi olduqca sevindirir. Bu işlər onun ürəyinin böyüklüyündən, xalqına sonsuz sevgisindən və insanların maariflənməsi, inkişafı naminə yorulmaz fəaliyyətindən xəbər verir. İnanırıq ki, biz hələ Q.Paşayevanın daha neçə-neçə kitabının təqdimatına toplaşacağıq.
AMEA-nın müxbir üzvü Vaqif Abbasov “Nobel mükafatlı qadınlar” kitabının dəyərli bir mövzuya həsr edildiyini vurğulayıb və bildirib ki, bu yol tarixi öyrənmək, böyük simaları kəşf etmək baxımından olduqca maraqlıdır.
Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov belə kitabların dünya elminə töhfələr vermiş qadınların tanıdılmasında, öyrənilməsində əvəzsiz mənbə olduğunu vurğulayıb və Qənirə Paşayevanın əməyini yüksək qiymətləndirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova deyib ki, bu gün dünyanın ən məşhur və nüfuzlu mükafatı olan Nobel mükafatının təsis olunmasında Azərbaycanın böyük payı var. Nobel qardaşları Azərbaycan neftindən böyük gəlir götürüblər. Odur ki, Azərbaycanın bu nüfuzlu mükafatdakı rolu və payı hamıya məlumdur. Bu baxımdan Qənirə Paşayevanın yazdığı “Nobel mükafatlı qadınlar” kitabının böyük tarixi əhəmiyyəti var.
Professor Qəzənfər Paşayev kitabın müəllifinin elmə uşaqlıqdan  böyük həvəsi olduğunu söyləyərək deyib ki, ədəbiyyata olan sonzus sevgisi Q.Paşayevanı daim yaxşı işlər görməyə, yorulmadan çalışmağa həvəsləndirib. Q.Paşayevanın bir-birindən maraqlı axtarışları, tapıntıları əsl vətənpərvərlikdən və böyük mütaliə qabiliyyətindən xəbər verir. Onun yazdığı bu kitab mənim üçün ensiklopedik bir mənbə oldu. Mən bu yaşda da bəzi şeyləri buradan əxz etdim.
“Nobel mükafatlı qadınlar” kitabını anası, müəllimlik fəaliyyəti dövründə çoxlu kimyaçı yetişdirmiş Tehran Nağıyevaya ithaf etdiyini deyən müəllif Qənirə Paşayeva vurğulayıb ki, anamın Nobel mükafatı almış qadınlar haqqında danışdığı sirli və maraqlı məlumatlar məndə bu oçerkləri yazmağa maraq oyadıb. Onun Nobel mükafatı almış qadınlar haqqında söhbətlərinin ana xəttində duran “Bütün uğurlar böyük zəhmət, əziyyət bahasına, bəzən sağlamlığını, həyatını qurban vermək hesabına başa gəlir” kimi müdrik fikirlər məni də zəhmətə, yorulmaz fəaliyyətə və insanları sevməyə, onları dəyərləndirməyə sövq edib.
Q.Paşayeva kitaba ön söz yazmış Qustaf Nobelin Azərbaycan qadınlarına verdiyi yüksək qiyməti diqqətə çatdırıb: “Azərbaycanda da qadınların siyasi, sosial və iqtisadi fəaliyyətlə dərindən məşğul olduqları haqda məlumatım vardır. Onlardan bir çoxu parlament üzvləridir, bəziləri isə hökumətdə, özəl sektorda çalışır. Sadə insanlara, qaçqınlara kömək göstərilməsi, evlərin, məktəblərin və xəstəxanaların tikilməsi sahəsində saysız-hesabsız işlər görən Azərbaycanın birinci xanımı, ölkə həyatında əhəmiyyətli yer tutan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva yuxarıda göstərilənlərə bariz nümunədir. O, sədaqətin və vətənpərvərliyin həqiqi timsalıdır”.
Kitabı yazmaqda məqsədinin gənc nəslin, xüsusilə də gənc qızların bu qadınları yaxından tanıması və öyrənməsi olduğunu bildirən müəllif vurğulayıb ki, arzuların, idealların arxasınca çətinliklərdən qorxmadan, yorulmadan, geri çəkilmədən getmək, özünü təsdiq edə bilmək, millət, Vətən, bəşəriyyət, gələcək, sülh və inkişaf üçün çalışmaq lazımdır.
Bu kitabın kişilərin də oxumasını arzulayan Qənirə Paşayeva söyləyib ki, onlar bununla qadınların dünənimiz, bu günümüz və gələcəyimiz üçün nə qədər böyük töhfələr verdiklərini və verə biləcəklərini görə, hiss edə və düşünə biləcəklər.
Müəllif deyib ki, hamımızın böyük arzusu bu mükafatı alanlar arasında Azərbaycan vətəndaşlarını görməkdir.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulub, nəfis tərtibatlı, 465 səhifəlik bu kitab “Elm və Təhsil” nəşriyyatında çap edilib.
“Nobel mükafatlı qadınlar” kitabı yaxın vaxtlarda ingils dilində də işıq üzü görəcək.


Paylaş:
Baxılıb: 1227 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30