Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Tapılan hər bir abidə və maddi-mədəniyyət nümunəsi yazısız tariximizin yeni-yeni səhifələrinin yazılması üçün ilk mənbədir

Tapılan hər bir abidə və maddi-mədəniyyət nümunəsi yazısız tariximizin yeni-yeni səhifələrinin yazılması üçün ilk mənbədir

31.10.2009 [11:23]

Maisə Rəhimova: Son vaxtlar arxeoloji tədqiqatların miqyasının genişlənməsi ilə yanaşı, kütləvi informasiya vasitələri tərəfindən arxeoloji abidələrin təbliğinə marağın da yüksəldiyi hiss olunur
AMEA-nın Arxeologiya və Etnoqrafıya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova qəzetimizə müsahibə verib:
- Maisə xanım, son vaxtlar Azərbaycan arxeoloqlarının əldə etdiyi yeni-yeni tapıntılar barədə xəbərləri tez-tez eşidirik. Bu nə ilə əlaqədardır, arxeoloqlarımızın fəallığı, yoxsa bu sahəyə ictimai maraq artıb?
- Bu gün tariximizə, keçmiş nəsillərin yadigarı olan abidələrə maraq daha da artıb. Onların tədqiqinə, mühafizəsinə və təbliğinə dövlət qayğısı da əhəmiyyətli dərəcədə yüksəlib. Bilirsiniz ki, Prezident İlham Əliyevin Sərəncamı ilə arxeoloji abidələrin tədqiqi üçün 1 milyon manat vəsait ayrıldı. Həmçinin, dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitin miqdarı da ilbəil artırılmaqdadır. Bu isə aparılan arxeoloji tədqiqatların miqyasını və müddətini artırmaq baxımından çox önəmlidir. Təsəvvür edin, bu il institutumuz tərəfindən respublikanın ayrı-ayrı bölgələrinə 40-a yaxın arxeoloji ekspedisiya ezam edilmişdir. İlin sonunadək daha bir neçə ekspedisiyanın da çöl-tədqiqat işlərinə qatılacağı gözlənilir. Onu da qeyd edim ki, Qəbələ, Şəmkir, Göytəpə, Xaraba-Gilan, Mil-Qarabağ ekspedisiyalarının da hər biri ayrı-ayrı sahələrdə müstəqil tədqiqat aparan iki-üç dəstədən ibarətdir. Müqayisə üçün bildirim ki, arxeoloji tədqiqatların geniş miqyas aldığı sovet dönəmində belə Azərbaycanda ən çoxu 14-15 ekspedisiya işləyirdi. 80-ci illərin sonu 90-cı illərin əvvəllərində isə arxeoloji tədqiqatlar demək olar ki, tam dayanmışdı. Etiraf edim ki, son vaxtlar arxeoloji tədqiqatların miqyasının artması ilə yanaşı, kütləvi informasiya vasitələri tərəfindən arxeoloji abidələrin təbliğinə marağın da artdığı hiss olunur. Mətbuat orqanları radio və televiziyalar bu mövzuya kifayət qədər geniş yer ayırırlar.
- İstərdik ki, ilkin elmi nəticələr barədə oxuculara məlumat verəsiniz. Məsələn, paleolit ekspedisiyası bu il harada işləyir və ilkin elmi nəticələr nədən ibarətdir?
- Əvvəlcə, onu deyim ki, bir qayda olaraq hər il çöl-tədqiqat işlərinin yekunları müvafiq şöbələrdə nəzərdən keçirilərək ətraflı təhlil olunur, institutun Elmi Şurasında və Akademiyanın Rəyasət Heyətində xüsusi nailiyyətləri olan ekspedisiyaların hesabatları dinlənilir və nəhayət, elmi-praktiki konfrans keçirərək nəticələri işgüzar şəraitdə müzakirə edirik. O ki qaldı builki nəticələrə, doğrusu, uğurlar və nailiyyətlər həqiqətən çoxdur. Baxmayaraq ki, ekspedisiyaların əksəriyyəti çöl-tədqiqat mövsümünü hələlik başa vurmayıb. Elə paleolit ekspedisiyaları da hələ ki, çöl şəraitində axtarışları davam etdirir. Azad Zeynalovun rəhbərlik etdiyi paleolit ekspedisiyası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda, Mənsur Mənsurovun rəhbərlik etdiyi ekspedisiya isə Azərbaycanın qərb bölgəsində tədqiqatlar aparır. Artıq Ağstafa və Qazax rayonları ərazisində alt paleolit, üst paleolit və mustye dövrünə aid bir neçə yeni düşərgə aşkar edilib.
- Eşitdiyimizə görə, bu il neolit və eneolit dövrü abidələrində aparılan qazıntılar zamanı xüsusilə maraqlı və mühüm tapıntılar əldə olunub.
- Bəzi ekspedisiyaların nəticələrini, hətta sensasiya kimi də dəyərləndirmək olar. Məsələn, gənc arxeoloq Fərhad Quliyevin rəhbərliyi ilə Tovuz rayonunun Aşağı Quşçu kəndi yaxınlığında neolit dövrünə aid edilən Göytəpə abidəsində aparılan tədqiqatlar zamanı çox maraqlı tapıntılar əldə olunmuşdur. Belə ki, 200 kvadratmetr ərazidə 3 metr qalınlığında neolit dövrünə aid mədəni təbəqə təmizlənərkən orada dairəvi planlı memarlıq üslubuna, həm də bir-birinə sıx bağlı olan bina qalıqları aşkar edilmişdir. çiy kərpicdən hörülmüş binalar həyət və ocaq yerlərindən ibarətdir. Hələlik bu cür 15 tikili aşkar olunmuşdur. Qazıntılar zamanı çoxlu sayda obsidian və daşlardan ibarət əmək alətləri, keramika nümunələri tapılmışdır. Göytəpə neolit yaşayış yerindən aşkar olunan unikal materiallar arasında heyvan sümüyündən hazırlanmış müxtəlif tipli balta və çəkiclər mühüm elmi əhəmiyyət kəsb edir. Ağstafa rayonunun ərazisində e.ə. VII minilliyin ikinci yarısı - VI minilliyin əvvəllərinə aid Həsənsu yaşayış yerində arxeoloq Nəcəf Müseyiblinin rəhbərliyi ilə aparılan qazıntılar zamanı da bölgənin neolit dövrü insanlarının təsərrüfatını, məişətini əks etdirən çoxsaylı maddi-mədəniyyət qalıqları əldə edilmişdir. Bunlar ilk növbədə, erkən əkinçilik mədəniyyətini əks etdirən zəngin daş məmulatıdır. Obsidiandan (xalq arasında dəvəgözü daşı adlandırılan vulkanik şüşə) hazırlanmış yüzlərlə kəsici alət - lövhəşəkilli bıçaqlar, qaşovlar, oraq dişləri və s. aşkar edilmişdir. Axtarışlar zamanı taxılın üyüdülməsi üçün istifadə olunan dən daşları, sürtgəclər və döyün alətləri, sümükdən hazırlanmış onlarla biz və sancaqlar tapılmışdır. Həsənsu abidəsindəki qazıntılara qədər Azərbaycanda və bütövlükdə Cənubi Qafqazda ən qədim əkinçilik mədəniyyəti hələ keçən əsrin 60-cı illərində Ağstafa rayonu ərazisində öyrənilmiş Şomutəpə və onunla eyni qəbildən olan abidələri özündə birləşdirən Şomutəpə arxeoloji mədəniyyəti hesab edilirdi. Keramika ilə müşayiət edilən bu abidələrin memarlığı dairəvi planlı tikililərdən ibarətdir. Həsənsu yaşayış yerində mədəni təbəqənin üst qatı Şomutəpə mədəniyyətinə aid olub keramika ilə müşayiət olunur və bu qatdakı bütün tikililər Şomutəpədə olduğu kimi dairəvi planlıdır. Həsənsu abidəsindəki qazıntıların mühüm nəticəsi ondan ibarətdir ki, burada alt qatda keramika məmulatı aşkar edilməmişdir və buradakı tikililər düzbucaqlı plana malikdir. Bununla yanaşı, alt qatda erkən əkinçilik məmulatları ilə birgə daha qədim dövrlərin - mezolit və erkən neolit dövrlərinin daş məmulatının xüsusiyyətlərini özündə saxlamış əmək alətləri aşkar edilmişdir. Bütün bunlar isə onu deməyə əsas verir ki, Azərbaycanda, o cümlədən, Cənubi Qafqazda bu günədək elmə məlum olmayan, erkən əkinçiliyə aid keramikayaqədərki neolit mədəniyyəti mövcud olmuş və keramika mərhələsinə aid Şomutəpə mədəniyyəti məhz bu mədəniyyətin bazasında meydana çıxmışdır.
Tarix elmləri doktoru Tufan Axundovun rəhbərlik etdiyi Muğan neolit-eneolit ekspedisiyasının nəticələri də uğurlu olmuşdur. Cəlilabad rayonu ərazisindəki Polutəpə və Alxantəpə abidələrində tədqiqatlar davam etdirilərkən orada e.ə. V minilliyin sonu - IV minilliyə aid tikinti qalıqları və rəngarəng çeşidli maddi-mədəniyyət nümunələri tapılmışdır. Hansı ki, bu tapıntılar 6-7 min il bundan öncə ərazidə baş vermiş təbii-iqlim və etno-mədəni prosesləri öyrənmək baxımından çox əhəmiyyətlidir.
Eneolit abidələrinin tədqiqi sahəsindəki uğurlardan bəhs edərkən Mil-Qarabağ ekspedisiyası tərəfindən Ağcabədi rayonundakı Kamiltəpə abidəsində aparılan qazıntıları xüsusi olaraq qeyd etmək istərdim. Xatırladım ki, orada V minilliyin ortalarına aid aşkar edilmiş mürəkkəb quruluşa malik çiy kərpic düzümü və platforma, boyanaxışlı keramika nümunələri, daş və sümükdən əmək alətləri, gildən sapand daşları elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdır.
Neolit dövrünə aid daha bir abidə Ağdam rayonu ərazisində aşkarlanmışdır. Professor Hidayət Cəfərovun rəhbərlik etdiyi Qarabağ arxeoloji ekspedisiyası Eyvazlı kəndi yaxınlığındakı “Əhəd təpəsi”ndə yoxlama qazıntıları apararkən eneolit dövrünə aid möhrdən tikilmiş dairəvi planlı binanın qalıqlarını və “samanlı keramika” nümunələrini aşkar etmişdir. Qarabağ ekspedisiyasının Ağdam ərazisindəki Palıdlı nekropolunda apardığı axtarışlar zamanı isə XII-XI əsrlərə aid maddi-mədəniyyət nümunələri aşkar edilmişdir. Xatırladaq ki, bu, Qarabağ ərazisində son tunc və ilk dəmir dövrünə aid aşkar edilən ilk torpaq qəbir abidəsidir. Maraqlıdır ki, Palıdlı nekropolunda dəfn olunan insanlar sosial keyfiyyətləri baxımından fərqli durumda olmaları ilə diqqəti cəlb edirlər.
Son tunc - ilk dəmir dövrünə aid daha bir maraqlı abidə arxeoloq Şamil Nəcəfov tərəfindən Qazax rayonu ərazisində öyrənilmişdir. Bu, Sarvantəpə abidəsidir. Ərazisi 1,5 hektara yaxın olan yaşayış yerində qazıntı aparılarkən orada 1 metrə yaxın qalınlığı olan mədəni təbəqə qeydə alınmışdır. Axtarışlar davam etdirilərkən orada tikinti qalıqları, dulus kirəsi, ocaq yerləri və irihəcmli təsərrüfat küpləri aşkar edilmişdir.
- Bildiyiniz kimi, Azərbaycanın bütün bölgələri müxtəlif dövrlərə aid arxeoloji abidələrlə olduqca zəngindir. Bu mənada qədim Naxçıvan diyarının arxeoloji abidələri barədə yəqin ki, xüsusi təqdimata ehtiyac var...
- Mübaliğəsiz deməliyəm ki, Naxçıvan torpağının hər qarışı bir tarixdir. ötən onilliklər ərzində Naxçıvan ərazisinin arxeoloji cəhətdən öyrənilməsi istiqamətində çox sanballı işlər görülmüşdür. Müsbət haldır ki, Naxçıvan abidələri bu gün də intensiv surətdə öyrənilməkdədir. Hazırda orada AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarından ibarət 8 ekspedisiya işləyir. AMEA-nın müxbir üzvü V.ƏIiyevin, professor Q.İsmayılzadənin, t.e.d. A.Seyidovun, təcrübəli arxeoloqlar S.Aşurovun, B.İbrahimlinin, Q.Ağayevin, Ə.Bədəlovun və digərlərinin rəhbərlik etdiyi bu ekspedisiyalar Babək, Ordubad, Şərur, Kəngərli rayonları ərazisindəki abidələrdə tədqiqat aparır. Nəzərə alaq ki, Naxçıvan Elm Mərkəzinin alimləri tərəfindən də genişmiqyaslı arxeoloji tədqiqatlar aparılmaqdadır.
- Maisə xanım, son olaraq, builki arxeoloji tədqiqatlar Azərbaycan tarix elminə nə verdi?
- Məlum olduğu kimi, qədim tariximizə dair yazılı nümunələr olduqca azdır. Olan yazılı məlumatların da xeyli hissəsi ziddiyyətlidir. Odur ki, qədim və orta əsrlər tarixini arxeologiyasız öyrənmək qeyri-mümkündür. Bu mənada tapılan hər bir abidə və hər bir maddi-mədəniyyət nümunəsi yazısız tariximizin yeni-yeni səhifələrinin yazılması üçün ilk mənbədir. özü də yazılı mənbələrdən fərqli olaraq, bu mənbələrdə heç bir ziddiyyət və dolaşıqlıq yoxdur. Sadəcə, həmin abidə və materialları axtarıb tapmaq, düzgün və hərtərəfli tədqiq etmək gərəkdir.
- Müsahibə üçün çox sağ olun

Paylaş:
Baxılıb: 1381 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31